Azərbaycanın Milli
Qəhrəmanları
Əsədov Rəfael Əvəz
oğlu
1952-ci il oktyabrın 27-də Gəncə şəhərində anadan olmuşdu. 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilleriya Məktəbinə daxil olmuşdu. Rəfael 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Leninqrad Hərbi Artilleriya Akademiyasında davam etdirmişdi. O, burada təhsilini başa çatdırdıqdan sonra SSRİ Silahlı Qüvvələrinin tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq etmişdi.
R.Əsədov 1991-ci ildən Ağdam, Goranboy, Tovuz və Gədəbəy bölgələrində erməni işğalçılarına qarşı hazırlanmış hərbi əməliyyatların fəal iştirakçısı olmuşdu. Cəsur komandir 1992-ci il noyabrın 12-də Ağstafa bölgəsində növbəti əməliyyata hazırlıq zamanı döyüş bölgəsinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olub.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 nömrəli Fərmanı ilə Əsədov Rəfael Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn olunub.
Əsgərova Gültəkin Məlik
qızı
1960-cı il noyabrın 20-də Bakı şəhərində anadan olmuşdu. 1978-ci ildə paytaxtın Nərimanov rayonundakı 200 nömrəli orta məktəbi əla qiymətlərlə bitirmişdi. O, 1983-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olmuş, 1989-cu ildə təhsilini uğurla başa çatdırmışdı. 1992-ci il aprelin 4-də Gültəkin könüllü olaraq Qarabağa - cəbhə bölgəsinə yollanmışdı. Əvvəlcə Turşsuda, sonra Şuşa, Laçın və Qubadlıda erməni işğalçılarına qarşı gedən döyüşlərdə fədakarlıqla iştirak etmişdi.
G.Əsgərova 1992-ci il iyunun 20-də Aranzəmin - Naxçivanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən həlak olub.
Ailəli idı. Bir övladı var.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 nömrəli Fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı 200 nömrəli orta məktəbə Milli Qəhrəmanın adı verilib, orada büstü qoyulub. Xəzər dənizində üzən gəmilərdən biri onun adını daşıyır, gəmidə muzeyi yaradılıb.
Əsgərova Salatın Əziz
qızı
1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olmuşdu. 1979-cu ildə Bakının Yasamal rayonundakı M.Müşfiq adına 18 nömrəli orta məktəbi bitirmişdi. O, həmin il Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olmuşdu. Amma Salatın jurnalist kimi fəaliyyət göstərmişdi. Elə Qarabağın döyüş bölgələrinə də bir jurnalist kimi getmişdi. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya gələrkən Qaladərəsi kəndi yaxınlığında Salatının getdiyi maşın ermənilər tərəfindən yaxın məsafədən aramsız atəşə tutulmuşdu. Həmin gün tanınmış jurnalist, "Molodyoj Azerbaydjana" qəzetinin əməkdaşı S.Əsgərova erməni faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilmişdi.
Ailəli idi. Bir övladı var.
Azərbaycan Respublikası
Prezidentinin 6 noyabr
1992-ci il tarixli 294 nömrəli Fərmanı ilə Əsgərova Salatın Əziz qızı ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında
dəfn olunub. Bakı
şəhərində adına küçə
var. Bakı buxtasındakı
gəzinti kateri onun adını daşıyır. Təfəkkür Universitetində büstü
qoyulub. Yaşadığı binaya barelyefi
vurulub. Yaxınlığında həlak olduğu
Qaladərəsi kəndi
indi "Salatınkənd"
adlanır.
Əhədov Elşad Saday oğlu
1968-ci il martın 4-də Masallı rayonunun Təzə Alvadı kəndində anadan olmuşdu. 1982-ci ildə kənddəki orta məktəbin yeddinci sinfini bitirmiş, C.Naxçıvanskı adına hərbi liseyə daxil olmuşdu. Elşad sonra Ukraynanın
Kamenets-Podolsk Ali Komandirlər
Məktəbində təhsilini
davam etdirmişdi.
O, 1989-cu ildə baş
leytenant rütbəsi
almış və təyinatla Volqoqraddakı
hərbi hissələrdən
birinə rota komandiri təyin edilmişdi. Bir müddət sonra
Vətənə dönərək
əvvəlcə Bakının
Güzdək qəsəbəsində,
sonra isə Lənkəran rayonunda rota komandiri kimi fəaliyyət göstərmişdi. Erməni
işğalçılarının doğma Qarabağımıza
hücumları zamanı
Füzuli, Daşburun,
Nərgiztəpə, Aşağı
Veysəlli, Şişqaya
və Beyləqanda gedən döyüşlərdə
qəhrəmanlıqla vuruşmuşdu.
E.Əhədov 1993-cü il dekabrın 11-də
"Ağdaş" yüksəkliyi
uğrunda gedən döyüşdə qəhrəmancasına
həlak olub.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası
Prezidentinin 14 dekabr
1993-cü il tarixli Fərmanı ilə Əhədov
Elşad Saday oğlu ölümündən
sonra "Azərbaycan
Bayrağı" ordeni
ilə təltif edilib, 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı
ilə Azərbaycanın
Milli Qəhrəmanı
adına layiq görülüb.
Təzə Alvadı kəndində dəfn olunub. Təzə Alvadı
kənd orta məktəbi və park onun adını daşıyır.
Əhmədov Əsəd Cəlal
oğlu
1970-ci il iyulun 15-də Qərbi Azərbaycanın
Pəmbək mahalının
Saral kəndində anadan olmuşdu. Doğulduğu kənddə orta
məktəbi bitirdikdən
sonra Bakıdakı 5 nömrəli texniki peşə məktəbində
oxumuşdu. 1989-cu ildə hərbi xidmətə çağırılan
Əsəd Almaniyada
tank qoşunlarında qulluq
etmişdi. Əsgəri xidmətini başa çatdırdıqdan sonra
Vətənə qayıdaraq
Bakıda tikinti idarələrindən birində
çalışmışdı. O,
erməni təcavüzkarlarının
doğma Qarabağımıza
hücumlarına dözə
bilməmiş, 1992-ci ildə
könüllü olaraq
Milli Ordu sıralarına qoşulmuşdu.
Əsəd Şuşanın
Zarıslı, Salatınkənd,
Turşsu məntəqələrındə,
Laçın ətrafında,
Ağdam rayonunun Şelli, Abdal-Gülablı,
Güllücə, Papravənd,
Naxçıvanik kəndlərı
uğrunda döyüşlərdə iştirak
etmişdi.
Ə.Əhmədov 1992-ci il iyulun 31-də Papravənd kəndi ətrafında gedən döyüşdə qəhrəmancasına
həlak olub.
Subay idi.
Azərbaycan Respublikası
Prezidentinin 5 fevral
1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə Əhmədov Əsəd Cəlal oğlu ölümündən sonra
Azərbaycanın Milli
Qəhrəmanı adına
layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında
dəfn olunub. Paytaxtın Yasamal rayonundakı küçələrdən biri
onun adını daşıyır.
Milli Qəhrəmanlar
Beynəlxalq İnformasiya
Mərkəzinin materialları
əsasında hazırladı:
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2010.- 13 avqust.- S.4.