Arxeoloqun, vətəndaşın həyat salnaməsindən sətirlər

 

Alimlik bəşəriyyətə xidmətdir. Məsələ budur ki, elmin elə sahəsi var dünyəviliklə xəlqiliyi, milliliyi özündə üzvi şəkildə birləşdirir. Bu mənada tarixşünasarxeoloqlar qeyri-adi tale sahibləridir. İ.Cəfərzadə, Ə.Ələkbərov, S.Qazıyev, O.Həbibullayev, V.Əliyev və başqaları torpağın qoynunda saxlanmış qədim mədəniyyəti öyrənib üzə çıxarmış əsl vətəndaşlar sayılırlar. Bu sıraya tarix elmləri doktoru, professor Qüdrət İsmayılzadənin də adını-soyadını əlavə etmək ədalətli olar.

Nəinki Azərbaycanda, eləcə də xarici ölkədə arxeoloji qazıntılarda əməyi, rolu olmuş alimin Xəzər Universiteti nəşriyyatının çapdan buraxdığı "Arxeoloqun çöl gündəliyindən" (Bakı, 2009, 200 s.) kitabı (redaktoru Nigar İsmayılzadədir) həm tarixi-mədəni, həm arxeoloji abidələr haqqında elmi-kütləvi, həm də bədii-publisistik dəyərləri ilə diqqəti çəkir. Kitabı ağ göyərçinlərə dönüb göylərə tələsmiş Samirə, Tural və Lalənin xatirəsinə ithaf etmiş alim əslində onların ruhu dolaşan qədim və zəngin Azərbaycanın əsrarəngiz dünəninə və nurlu gələcəyinə sözdən uçulmaz, unudulmaz bir abidə qoyub.

Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı orijinal elmi-publisistik üslubda yazdığı "Arxeoloji poema" və ya "Arxeoloqun çöl gündəliyindən" adlı ön sözdə müəllifi səciyyələndirən, onun vətəndaş vicdanı, həssas təbiəti, içindəki məsuliyyəti dəyərləndirən çox qiymətli fikir və münasibətlərini ifadə edib.

Bakı Dövlət Universiteti Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, "Azərbaycan arxeologiyası" jurnalının (jurnalın nəşrini Xəzər Universiteti nəşriyyatı öz üzərinə götürüb) baş redaktoru, professor Qsmayılzadənin kitabı dörd bölmədən ibarətdir. "Nağıllar aləminə gedən yol" adlanan bölmədə həcmcə kiçik, lakin tarixi məzmunlu, bədii-publisistik üslubda 15 yazı verilib. Əməkdar müəllim Q.İsmayılzadənin təqdimində Ovçu dərəsi, Baba-Dərviş abidəsi, yurdun çinar adlı təbiət atributları, igidlik, vüqar və əzəmət timsalı olan dağların daş salnamələri, sahilləri qovuşdurub görüşdürən, həsrət ağrısına son qoyan körpülər haqqında söhbətlərə çayların nəğməsinə bənzər nitq axarında qulaq asırsan.

Sən demə, dağlardan boyca balaca olan təpələrin də öz dünyası varmış. Bu təpələr hansısa bir igid, hansısa bir şahzadə haqqında özündə kitaba sığacaq məlumat, informasiya qoruyurmuş. Sadəcə olaraq bu torpaq yadigarına, torpaq yaddaşına hörmətlə yanaşmaq, ululara ehtiram və sayğı ilə əl vurmaq lazımmış. Şair demiş, hər saxsı parçasında bir tarix yaşayır. Kitabdakı ikinci bölmə "Təpələr sirrini vermir" adlanır. Oxucu müəllifin təhkiyəsində hadisələr, faktlar aləminə daxil olur, tariximizi öyrənir.

Qüdrətli şairlərdən misra və beytlərin epiqraf kimi verildiyi müxtəlif həcmli yazılara daxil edilmiş poetik parçalar ümumilikdə kitabın tarixi-mədəni dəyərini artırıb.

Sələflərə və müasirlərə hörmət, onların əməyini tarixilik və müasirlik parametrlərində bugünkü nəsillərə təqdim etmək, əslində, elmdə varisliyə əməl etmək, ənənələri qoruyub yaşatmaq, insan əməyinə hörmətlə yanaşmaq deməkdir.

Professor Qüdrət İsmayılzadə "Biz gəldi gedərik, sən yaşa, dünya!" adlı bölməyə Azərbaycanın 4 böyük arxeoloqu - İ.Cəfərzadə, Ə.Ələkbərov, S.Qazıyev və O.Həbibullayev barədə oxunaqlı, zəngin informasiyalı məqalələr daxil etməklə xələflərinə layiqli nümunə göstərib.

"Abidələr, düşüncələr" bölməsindəki yazılar müəllifin tarixi-mədəni dəyəri olan abidələr barədə şəxsi, lakin obyektiv fikirlərinin ifadələridir.

Arxeoloji tapıntıların, təbiət ilmələrinin şəkilləri ilə təqdim olunan kitab bir alim, bir vətəndaş, bir insan oğlunun vətən duyğularını özündə birləşdirən, maraqla oxunan və oxuculara dünənimiz barədə zəngin məlumat çatdıran dəyərli bir əsərdir.

 

 

Ş.MƏMMƏDOV

 

Azərbaycan müəllimi.- 2010.- 13 avqust.- S.4.