"Rəssamlıq həyatımın əsas hissəsi, ömrümün mənasıdır"

 

Hər bir rəssam daxilindəki hissləri müxtəlif rəng çalarları və kompozisiyalarıyla ətrafdakılara çatdırmaqla sanki mənəvi varlığını nümayiş etdirir. Belə rəssamlardan biri də Bakı şəhər Nizami rayonu Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinin rəhbəri Nərmin Abdullayevadır. O, 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə İncəsənət Gimnaziyasını bitirdikdən sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olan Nərmin hazırda həmin akademiyanın magistr pilləsində təhsilini davam etdirir.

Hələ kiçik yaşlarından rəsm çəkməyə başlayan Nərminin istedadını görən valideynləri onu Tsmayılov adına Uşaq Yaradıcılıq Mərkəzindəki dərnəyə üzv yazdırırlar. Müəllimi Rəhilə Məmmədzadə onun perspektivini elə ilk gündən görür və üzərində səylə çalışır. Gərgin əmək çox keçmir öz nəticəsini verir. Nərmin istər respublikamızda, istərsə də xaricdə keçirilən rəsm müsabiqələrində bir çox uğurlar qazanır. Onun ən böyük uğuru isə 1999-cu ildə Yaponiyanın Kanakava şəhərində keçirilən müsabiqədə iştirakıdır. Belə ki, Nərmin həmin müsabiqənin qalibi olaraq vətənə qızıl medalla dönmüşdür.

Gənc rəssam hazırda sənətinin sirlərini öz şagirdlərinə öyrətməyə çalışır və bu işdə var-gücünü əsirgəmir. Daim dövlətimizin adını uca tutmağa, üçrəngli bayrağımızı yüksəkliklərə qaldırmağa çalışan rəssam bu işdən zövq aldığını və heç vaxt yorulmayacağını bildirir.

Qeyd edək ki, Nərmin rəssamlıqla bərabər modelyer sənəti ilə də məşğul olur. Hazırda N.Abdullayevaiçəyim" uşaq teatrında modelyer kimi fəaliyyət göstərir və balaca aktyorların geyimlərinə dizayn verir.

Nərminin dediklərindən: "Rəssamlıq həyatımın əsas hissəsi, ömrümün mənasıdır. İlk dəfə doqquz yaşımda fərdi sərgim keçirildi. Həmin gün çox həyəcanlı idim. Çoxlu sayda qonaqlar sərgiyə təşrif buyurmuşdu. Onlar mənim rəsmlərimi bəyəndilər və bu, gələcəkdə rəssam olmağıma əlavə stimul verdi. O gündən məndə özümə inam  yarandı və yaxşı rəssam olmağı qarşıma məqsəd qoyaraq var-gücümlə çalışmağa başladım. Rəsmlərimdə əsasən milli koloritləri əks etdirməyə çalışıram. Bu, mənim ən çox sevdiyim üslubdu. Xalqımızın ən əziz bayramı olan Novruz  və çərşənbələr mövzusundakı rəsmlərim isə mənim üçün çox əzizdir. Ölkəmizdən kənarda olan müsabiqələrdə adət-ənənələrimizi əks etdirən rəsmlərə üstünlük verirəm və çalışıram ki, bu yolla başqa xalqlara zəngin mədəniyyətimizi çatdıram".

 

 

Niyazi RƏHİMOV

 

Azərbaycan müəllimi.- 2010.- 20 avqust.- S.8.