Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan tarixi fənni kurikulumu (V-XI siniflər)

  

GİRİŞ

 

Azərbaycan tarixi  fənni kurikulumu və onun xarakterik cəhətləri. Azərbaycan tarixi  fənni kurikulumu ümumtəhsil məktəblərində Azərbaycan tarixi fənninin fəlsəfəsini, bu fənnin təlimi sahəsində fəaliyyətləri əks etdirən konseptual sənəddir. Bu sənəddə fənnin məzmunu (məzmun standartları), fəndaxili və fənlərarası inteqrasiya, müəllim və şagird fəaliyyətinə dair texnologiyalar, şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələləri əhatə olunmuşdur.

Qədim tarixə malik olan Azərbaycanın tarixi keçmişi bir-birini izləyən və tamamlayan, dinamik şəkildə biri digərini əvəz edən fakt və hadisələrlə zəngindir. Bu fakt və hadisələr Azərbaycan xalqının tarixi yaddaşında ən xarakterik abidələr kimi qalmaqdadır. Bu gün tarix özünün müasirliyi ilə yeni həyatı quranlar, gələcəyin perspektivlərini yaradanlar üçün bünövrə rolunu oynayır. Azərbaycanda insanların tarixi yaddaşının, milli mentalitetinin formalaşmasına təsir göstərir. Həm tarixi müstəvidə, həm də müasir zamanda sosial, iqtisadi, mədəni inkişaf baxımından  müqayisə və təhlillər aparmağa imkan yaranır.

Bütün bunlar Azərbaycan tarixi üzrə biliklərin, ilk növbədə, tarixi xronoloji ardıcıllıqla müəyyən olunmasını və məzmun standartlarında nəzərə alınmasını  tələb etmişdir. Həmin biliklər seçilmiş, ümumiləşdirilərək tarixi məkan, tarixi zaman, dövlət, şəxsiyyət, mədəniyyət məzmun xətləri üzrə qruplaşdırılmışdır.

Azərbaycan tarixinə dair məzmun standartları müəyyənləşdirilərkən şagirdlərin öyrənəcəkləri tarixi biliklərin, eləcə də bu fənn üzrə konkret təlim fəaliyyətlərinin (idrak, hissi, psixomotor) əhatə olunması diqqət mərkəzində saxlanılmışdır. Şagirdlərin təlim nailiyyətlərinin nəticələri müəyyən olunaraq kurikuluma daxil edilmişdir.

Məzmun standartlarında Azərbaycan tarixinə dair deklarativ biliklərlə yanaşı, şagirdlərə prosedural və kontekstual biliklərin verilməsi də nəzərdə tutulmuşdur. Bununla şagirdlərin praktik fəaliyyətə yönəldilməsi, xəritə üzrə işə, tədqiqatçılığa, qrafik və cədvəllər hazırlamağa istiqamətləndirilməsi, onların yaradıcı işə cəlb olunması üçün imkan yaradılmışdır.

Məzmun standartları, təlim strategiyaları və qiymətləndirmə mexanizmləri hazırlanarkən şagird şəxsiyyətinin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmışdır. İlk növbədə, onların meyil və maraqları, əqli və fiziki imkanları mühüm tələblər kimi əsas götürülmüşdür.

Azərbaycan tarixi fənni kurikulumu hazırlanarkən cəmiyyətdə gedən aşağıdakı sosial, iqtisadi, mədəni dəyişikliklər də nəzərə alınmışdır:

- iqtisadiyyatda elm, təhsil və xidmətin üstün rol oynaması;

- cəmiyyətin sosial, siyasi və mənəvi həyatında, iqtisadiyyatın bütün sahələrində informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar texnoloji yeniliklərin fasiləsizliyi;

- əhalinin peşə məşğuliyyətinin strukturunun dəyişməsi, informasiyaların istehsalı, yayılması, mühafizəsi və ötürülməsi ilə əlaqədar olan əhali qruplarının cəmiyyətdə üstünlük (çoxluq) təşkil etməsi;

- təhsil səviyyəsinin şəxsiyyətin, sosial təbəqələrin sosial strukturunu müəyyən edən əsas amil rolu oynaması;

- cəmiyyətin gündəlik həyatında kütləvi informasiya vasitələrindən, video məhsullardan, reklamlardan və s. asılılığın getdikcə artması.

Bütün bunlara Azərbaycan tarixi fənni kurikulumunun xarakterik cəhətləri kimi diqqət yetirilmişdir.  

 

Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri

 

Azərbaycan tarixi ölkəmizin ərazisində uzaq və yaxın keşmişdə yaşamış insanların həyatını, onların həyatında baş verən hadisələri, həmin hadisələrin səbəb və nəticələrini öyrənən elmdir. Onun bir fənn kimi ümumtəhsil məktəblərində öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan tarixinin ümumtəhsil məktəblərində tədrisi dərin və əhatəli biliyə, bacarıq və vərdişlərə, yüksək intellektə, geniş dünyagörüşə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmağa, öz soykökünü, adət-ənənələri, milli mənəvi dəyərlərə əsaslanan, şərəfli tarixi keçmişinə dərindən yiyələnən, ailəsini, vətənini, millətini sevən və onu daim ucaltmağa çalışan vətəndaş tərbiyə etməyə xidmət edir.

Azərbaycan tarixi fənni şagirdlərdə ünsiyyət qurmaq və əməkdaşlıq etmək kimi yüksək mənəvi keyfiyyətlərin, mühakimə yürütmək, qoyulmuş problemə fərqli baxış nümayiş etdirmək, öz nöqteyi-nəzərini əsaslandırmaq, hüquqlarını qorumaq, başqalarının hüquqlarına hörmətlə yanaşmaq, dövlət, cəmiyyət və xalq qarşısında vəzifələrinə məsuliyyətlə yanaşmaq bacarığının formalaşmasına xidmət edir. 

Azərbaycan tarixi fənn kurikulumunun əsas cəhətlərindən biri kimi  nəticəyönümlülük şagird fəaliyyətinin ardıcıl izlənilməsini, onun nailiyyətlərindəki irəliləyişlərin müntəzəm qiymətləndirilməsini təmin edir. Şagirdlərə gündəlik həyatda lazım olan zəruri bacarıqların aşılanmasını və onun ardıcıl olaraq inkişaf etdirilməsini ön plana çəkir. Təlim prosesi ilə gözlənilən nəticə arasında qarşılıqlı əlaqə üçün zəmin yaradır.

Ümumtəhsil məktəblərində Azərbaycan tarixi fənninin əsas məqsədi məktəblilərdə vətənpərvərlik, fəal vətəndaşlıq mövqeyi, digər xalqlara, ümumbəşəri humanist dəyərlərə hörmət, ənənəvi və mədəni nailiyyətlərə əsaslanan əqidə prinsipləri, dövlətçilik ənənələrinə sədaqət hissi formalaşdırmaq üçün onlarda keçmiş və müasir dövrün hadisələrini sərbəst təhlil etmək, faktları ümumiləşdirmək, əldə olunan biliklərdən cəmiyyətin müasir vəziyyətinin qiymətləndirməsində istifadə, tarixi mənbə, müxtəlif fikir və konsepsiyaları təhlil etmək, başqalarının fikirlərinə hörmət etmək, eləcə də sərbəst nəticə çıxarmaq və kollektivdə işləmək bacarıq və vərdişləri aşılamaqla informativ-kommunikativ və hüquqi mədəniyyət formalaşdırmaqdan ibarətdir.

Bu məqsədin reallaşdırılması üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi məqsədəmüvafiq hesab edilir:

- tarixi hadisələrin, həmçinin müasir həyatda baş verən ictimai hadisələrin dərk, təhlil və təsnif edilməsi;

- milli mənəvi dəyərlərdən, mədəni irsdən  istifadə etməklə daxili potensialın zənginləşdirilməsi və onların gələcək nəsillərə ötürülməsi;

- dövlətçilik ənənələrinə istinad olunması, ölkəmizin müstəqil dövlət quruculuğunda şüurlu və məsuliyyətli vətəndaş kimi iştirak etməsi;

- vətənin tarixində baş vermiş hadisələr nəzərə alınmaqla milli mənafe və maraqların qorunması;

- müxtəlif mənbələri təhlil etməklə onlardan nəticələrin çıxarılması, sosioloji məlumatlar üzərində işin təşkili, sosial, iqtisadi, mədəni problemlərin tarixi baxımından inkişafının digər fənlərlə əlaqədə izlənilməsi;

- tarixi hadisələrin qarşılıqlı əlaqələrini təhlil etməklə məntiqi və yaradıcı təfəkkürün inkişaf etdirilməsi.

Müəyyən  edilmişdir  ki, ümumtəhsil  məktəblərində  Azərbaycan tarixinin  tədrisi  vasitəsilə:

 ümumi orta təhsil səviyyəsində Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olması, dövlətçilik ənənələri, Azərbaycan xalqının, onun milli, sosial, əxlaqi-mənəvi dəyərlərinin təşəkkülü və formalaşması, geosiyasi məkanda mövqeyi və rolu, bəşər sivilizasiyasının inkişafına təsiri, Azərbaycanın məruz qaldığı təcavüzlər və onlara qarşı mübarizə, müasir dünyada mövqeyi, ölkənin ümumi inkişafı, tarixi şəxsiyyətləri, maddi və mənəvi mədəniyyət abidələri haqqında sistemli məlumatların mənimsənilməsi təmin olunur, şagirdlərdə tarixi hadisələri təhlil etmək və onlara münasibət bildirmək, əlavə faktlar toplamaq və sistemləşdirib təqdim etmək, tarixi mənbələrlə işləmək bacarıqları formalaşdırılır, onlara vətənpərvərlik, milli iftixar hissləri aşılanır.

 tam orta təhsil səviyyəsində ümumi orta təhsil pilləsində nəzərdə tutulmuş fəaliyyətləri genişləndirməklə sivilizasiyalı inkişaf şəraitlərində yürüdülən siyasi xəttin Azərbaycanın ərazi bütövlüyünə, milli mənəvi dəyərlərinə təsiri, bu dövrlərdə sosial-iqtisadi, mədəni inkişaf tendensiyaları, milli azadlıq hərəkatı, dövlətçiliyin bərpası, qorunması, inkişafı, müasir dövrdə Azərbaycanın dünyadakı mövqeyi, ölkənin ümumi inkişafını şərtləndirən amillər haqqında məlumatlar mənimsənilir, demokratik cəmiyyət şəraitində şagirdlərdə sosial-siyasi və tarixi hadisələrə münasibət bildirmək və qiymətləndirmək bacarıqları formalaşdırılır.

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq icbari təhsil doqquzuncu sinif bazasında tamamlandığından  respublikanın ümumtəhsil məktəblərində Azərbaycan tarixi üzrə təlimin məzmunu əvvəlki dövrlərdən fərqli olaraq konsentrik prinsipə əsasən aşağıdakı kimi qurulmuşdur.

Ümumi orta təhsil bazasında:

 V sinifdə Vətən tarixinin qədim zamanlardan bu günədək ən mühüm tarixi hadisə, proses və təzahürləri barədə ilkin təsəvvürlərin yaradılması istiqamətində təlim fəaliyyətinin qurulması;

 VI-IX siniflərdə sivilizasiyalı inkişaf nöqteyi-nəzərindən müvafiq bölmələr üzrə xronoloji ardıcıllıq gözlənilməklə Azərbaycan tarixinin ən qədim dövründən bu günə qədərki hadisə, proses və təzahürlər üzərində təlim fəaliyyətinin qurulması;

 X-XI siniflərdə (tam orta təhsil bazasında) Azərbaycanın tarixi keçmişini və müasir dövrünü, sivilizasiyaların inkişafında rolunu, qlobal problemlərin həllində mövqeyini dəyərləndirməyə imkan verən təlim materialları üzərində fəaliyyətlərin qurulması. 

 

1. Fənn üzrə təlimin məzmunu

 

1.1.  Fənn üzrə ümumi təlim nəticələri

 

Ümumi orta təhsil səviyyəsində  şagird:

- tarixi hadisələri xronoloji əsasda təsvir edir, onlar arasındakı səbəb və nəticə əlaqələrini izah edir;

- sivilizasiyaların formalaşmasında dünya mədəniyyətinin, incəsənətinin inkişafında Azərbaycanın rolu və mövqeyi barədə mülahizələrini bildirir;

- tarixi fakt və hadisələrə, tarixi şəxsiyyətlərə və onların fəaliyyətinə münasibət  bildirir, onları müvafiq dövr baxımından qiymətləndirir.

Tam orta təhsil səviyyəsində şagird:

- Azərbaycanın tarixi keçmişi və müasir dövrü haqqında zəruri biliklərə malik olduğunu nümayiş etdirir;

- tarixi hadisə və proseslərin mahiyyətini konkret dövrün xüsusiyyətləri baxımından izah edir və ona münasibət bildirir;

- tarixi informasiyaları toplayır, sistemləşdirir, təhlil edir və nəticələr  barədə  təqdimatlar hazırlayır;

- tarixi hadisələrlə bağlı fərziyyə  və mülahizələr irəli sürür,  proqnozlar verir;

- debatlarda, diskussiyalarda, müzakirələrdə ictimai rəy formalaşdıran məsələlər ətrafında təkliflərlə çıxış edir, hüquqi-siyasi dəyərlərin (demokratiya, şəxsiyyət, azadlıq və s.) həyatda reallaşmasına münasibət bildirir.

 

1.2.    Fənnin məzmun xətləri və onların əsaslandırılması

 

Məzmun xətləri  fənn üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün müəyyən edilən məzmunun zəruri hissələridir. Bu hissələr bir-biri ilə həm məntiqi, həm də xronoloji cəhətdən bağlı olur, məzmunun bütöv və əhatəli ifadə olunmasını təmin edir.  

Azərbaycan tarixi fənni üzrə məzmun xətləri ümumi təhsilin səviyyələri üzrə  bütün şagirdlər üçün vacib olan məzmunu əhatə etməyə, hər bir şagirdin Vətən tarixindən öyrənə biləcəyi və öyrənməli olduğu məsələləri müəyyənləşdirməyə imkan yaradır. Onlar siniflər üzrə özlərinə məxsus əsas və alt-standartları ehtiva etməklə  fərqlənir .

Azərbaycan tarixi fənni üzrə məzmun standartları siniflər üzrə sistemləşdirilmişdir  və aşağıdakı beş məzmun xətti üzrə qruplaşdırılır:

1. Tarixi zaman

2. Tarixi məkan

3. Dövlət

4. Şəxsiyyət 

5. Mədəniyyət

Azərbaycan tarixi fənni üzrə məzmun xətlərinin vacibliyi aşağıdakı zərurətdən irəli gəlir.

 

1. Tarixi zaman

 

Bütün hadisə və təzahürlər tarixi zaman daxilində baş verir. Bu hadisə və təzahürlərin zaman daxilində baş verməsinin və inkişafının ardıcıllığı onlar arasında qarşılıqlı əlaqə və təsirləri müəyyənləşdirməyə imkan yaradır. Tarixi zamanda mövqe hadisə və təzahürlərin hansı tarixi şəraitdə baş verdiyini göstərir. Eyni zamanda bu şəraitin ona necə təsir göstərdiyini, həmin hadisə və  təzahürün səbəbi, yaxud da nəticəsi olub-olmadığını müəyyən etməyə imkan verir.

Tarixi zaman daxilində hadisələrin və təzahürlərin dəyişməsinin izlənməsi şagirdlərin tarixi hadisələri zaman baxımından müəyyənləşdirməsi, əlaqələndirməsi, təhlil etməsi və dəyərləndirməsində, xronologiyaya dair bacarıqların mənimsənilməsində əhəmiyyətli rol oynayır.

 

2. Tarixi məkan

 

İnsanların və cəmiyyətin həyatı, onların inkişafı və dəyişməsi müəyyən tarixi məkan çərçivəsində baş verir. Həmin məkanın təbii-coğrafi şəraiti insanların həyat tərzlərinə, məşğuliyyətlərinə, təsərrüfat həyatlarına, ictimai münasibətlərinə, mədəni inkişaf xüsusiyyətlərinə böyük təsir göstərir. Ona görə də bu şəraitin öyrənilməsi təsərrüfatın, mədəniyyətin,  dövlət quruluşunun, ictimai həyatın, daxili və xarici siyasətin inkişaf məntiqini izləməyə və onların gələcək inkişaf perspektivlərini proqnozlaşdırmağa imkan verir. Azərbaycan tarixində təbii-coğrafi amillərlə bağlı bilik və bacarıqların aşılanması şagirdlərin cəmiyyətin inkişafının ətraf mühitdən, təbiətdən, geosiyasi amillərdən asılılığını dəyərləndirməsinə şərait yaradır.

 

3. Dövlət

 

Müxtəlif dövlət quruluşu formaları, qanunlar və onlara əməl olunması, dövlətlər arasında və dövlətlə vətəndaşlar arasında olan münasibətlər insanların həyatına və tarixin gedişinə güclü təsir göstərmişdir. Müxtəlif tarixi dövrlərdə mövcud olmuş Azərbaycan dövlətlərinin quruluşu, yeritdikləri sosial-iqtisadi və xarici siyasət inkişaf edərək dəyişmiş, müasir səviyyəyə gəlib çatmışdır. Şagirdlər bu dəyişiklikləri izləməklə Azərbaycan dövlətçiliyinin tarixinə dair biliklər qazanır, onun tarixi inkişaf yolunu izləməklə, müvafiq materiallar toplamaqla, təhlillər aparmaqla elmi dünyagörüşünə, idrak bacarıqlarına yiyələnirlər.

 

4. Şəxsiyyət

 

Ayrı-ayrı şəxsiyyətlərin fəaliyyəti bu və ya digər dərəcədə tarixin gedişinə təsir göstərir. Tarix  şəxsiyyətlərin fəaliyyətindən xeyli dərəcədə asılı olur.  Onların fəaliyyətlərinin əsasının başa düşülməsi və nəticələrinin düzgün qiymətləndirilməsi, eyni zamanda, bir sıra tarixi hadisələrin səbəb-nəticə əlaqələrini müəyyənləşdirməyə və gələcəkdə baş verə biləcək digər  hadisə və təzahürləri proqnozlaşdırmağa imkan yaradır. Buna görə də şagirdlərin keçmişdə və həmçinin müasir zamanda insan cəmiyyətinin inkişafında ayrı-ayrı şəxsiyyətlərin rolunu düzgün başa düşməsi və dəyərləndirməsi üçün onlara Azərbaycan tarixi ilə bağlı şəxsiyyətlərin fəaliyyəti barədə araşdırmalar aparmaq, müqayisələr və təhlillər əsasında fikir söyləmək imkanı verən bacarıqların aşılanması zəruri hesab edilir.

 

5. Mədəniyyət

 

Mədəniyyət insanların maddi və mənəvi fəaliyyətinin bütün nəticələrini əhatə edir. Tarixin gedişi ilə sıx bağlı olaraq yaranır və inkişaf edir. Bu fəaliyyət öz növbəsində milli və bəşər mədəniyyətlərini zənginləşdirir. Müəyyən cəmiyyətin mədəniyyətinin öyrənilməsi həmin cəmiyyətdə təsərrüfatın, insanlar arasındakı münasibətlərin, mənəvi dəyərlərin, başqa mədəniyyətlərlə əlaqələrin xüsusiyyətlərini anlamağa və perspektivlərini qiymətləndirməyə imkan yaradır.  Azərbaycan mədəniyyətinin tarixinə dair araşdırmalar şagirdləri düşünməyə, müqayisələr aparmağa sövq edir, onlarda milli qurur, maddi və mənəvi abidələrə məhəbbət hissi oyadır.

 

1.3. Məzmun xətləri üzrə təlim nəticələri

 

Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri

 

1. Tarixi zaman

 Şagird:

- Tarixi hadisələri xronoloji əsasda təsvir edir və qiymətləndirir.

- Tarixi hadisələr arasındakı səbəb-nəticə əlaqələrini izah edir.

- Sivilizasiyaların formalaşmasında, dünya mədəniyyəti və incəsənətinin inkişafında Azərbaycanın rolu barədə mülahizələrini şərh edir.

2. Tarixi məkan

Şagird:

- Tarixi məkana görə sivilizasiyaların formalaşmasında, dünya mədəniyyəti və incəsənətinin inkişafında Azərbaycanın mövqeyini şərh edir, nəticələrini təqdim edir.

3. Dövlət

Şagird:

- Azərbaycanda dövlətçilik ənənələrinin yaranması və inkişafı xüsusiyyətlərini qiymətləndirir.

- Azərbaycan dövlətləri ilə bağlı müxtəlif tarixi mənbələrdən topladığı materialları təqdim edir.

4.Şəxsiyyət

Şagird:

- Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

- Mənbələri araşdırmaqla Azərbaycanın görkəmli şəxsiyyətlərinə dair materiallar toplayır və təqdim edir.

5. Mədəniyyət

Şagird:

- Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini dünya sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətləri ilə müqayisə edir.

- Azərbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırmalar aparır, nəticələrini təqdim edir.

Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri

1.Tarixi zaman

Şagird:

- Mənbələr əsasında Azərbaycanın keçmiş və müasir dövrlərini təhlil edir, onların oxşar və fərqli cəhətlərini izah edir, mülahizələrini təqdim edir.

- Tarixi hadisə, proses və təzahürlərin mahiyyətini konkret dövrün xüsusiyyətləri baxımından qiymətləndirir.

- Tarixi hadisə, proses və təzahürlərlə bağlı fərziyyə və mülahizələr irəli sürür, proqnozlar verir, təqdimatlar edir.

2. Tarixi məkan

Şagird:

- Müxtəlif tarixi hadisə, proses və təzahürlərlə baglı informasiyalar toplayır və qiymətləndirir.

- Aqrar (ənənəvi), sənaye və informasiya cəmiyyətlərini müqayisə edir, Azərbaycan üçün xarakterik cəhətləri izah edir.

3. Dövlət

Şagird:

- Dövlətlərin yaranması və inkişafında konkret dövrün xüsusiyyətlərini dəyərləndirir.

- Mənbələr əsasında Azərbaycanın dövlətçilik tarixinə dair araşdırmalar aparır, nəticələrini təqdim edir.

- Dövlət quruluşları və dövlət idarəetmə formalarına dair təhlillər aparır.

4. Şəxsiyyət

Şagird:

- Tarixi hadisə və proseslərin gedişində şəxsiyyətlərin rolu və fəaliyyətini dəyərləndirir, müqayisələr aparır, mülahizələrini bildirir.

- Görkəmli tarixi şəxsiyyətlər haqqında müxtəlif mənbələrdən materiallar toplayır, təhlillər aparır, mülahizələr əsasında təqdimatlar edir.

5. Mədəniyyət

Şagird:

- Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinin inkişafında rolunu dəyərləndirir.

- Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə verdiyi töhfələrlə bağlı araşdırmalar aparır, nəticələrini təqdim edir.

1.4. Fəaliyyət xətləri

Məzmun standartları müəyyənləşdirilərkən aşağıdakı fəaliyyət xətləri ilə əlaqəlilik nəzərə alınmışdır:

 məlumat mənbələrindən istifadə;

 məlumatın toplanması və sistemləşdirilməsi;

 məlumatın interpretasiyası;

 məlumatın  təhlili və tətbiqi;

 məlumatın təqdim edilməsi;

 məlumatın dəyərləndirilməsi;

 problemin həlli;

 proqnozlaşdırma.

 

1.5. Siniflər üzrə məzmun standartları

 

V SİNİF

 

V sinfin sonunda şagird:

- tarixi zaman anlayışlarını fərqləndirir;

- maddi və yazılı mənbələr əsasında sadə tədqiqatlar aparır;

- insanların həyat tərzindəki dəyişiklikləri öz ailəsi nümunəsində təsvir edir;

- insan və cəmiyyətin inkişafı üçün əlverişli təbii coğrafi amilləri izah edir və mühüm tarixi abidələri xəritədə müəyyənləşdirir;

- Azərbaycan dövlətləri haqqında sadə biliklər nümayiş etdirir və xalqın mənafeyinin qorunmasında dövlətin rolunu dəyərləndirir;

- Azərbaycan tarixində mühüm rol oynamış şəxsiyyətləri müəyyən edir;

- Azərbaycanın maddi mədəniyyət abidələrini və mənəvi dəyərlərini qiymətləndirir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1. Tarixi zaman

Şagird:

1.1. Xronologiya ilə bağlı əsas anlayışları fərqləndirir.

1.1.1. Tarixi zaman anlayışları arasındakı əlaqələri müəyyənləşdirir.

1.1.2. Sadə xronoloji məsələləri həll edir.

1.2. Tarixi mənbələri tanıdığını nümayiş etdirir.

1.2.1. Maddi və yazılı mənbələri fərqləndirir.

1.2.2.  İllüstrasiya, şəkil və sənədli materiallardan istifadə edərək tarixi tədqiqat aparır.

1.3.  İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.

1.3.1. İnsanların həyat tərzindəki dəyişiklikləri öz ailəsi nümunəsində təsvir edir.

2. Tarixi məkan

Şagird:

2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.

2.1.1. İnsan və cəmiyyətin həyatı üçün əlverişli təbii amilləri təsvir edir.

2.1.2. Xəritələrdə Azərbaycan ərazisini və mühüm tarixi abidələri müəyyənləşdirir.

3.Dövlət

Şagird:

3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1.  Azərbaycan dövlətləri haqqında sadə biliklər nümayiş etdirir.

3.1.2.  Xalqın mənafeyinin qorunmasında dövlətin rolunu dəyərləndirir.

3.1.3.  Kiçikhəcmli tarixi hekayə qurur.

4. Şəxsiyyət

Şagird:

4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

4.1.1. Azərbaycan tarixində mühüm rol oynamış şəxsiyyətləri (İranzu, Cavanşir, Şəmsəddin Eldəniz, Uzun Həsən, Sara xatun, Şah I İsmayıl, Cavad xan, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Heydər Əliyev, İlham Əliyev və b.) müəyyən edir.

4.1.2. Mənbələrə əsasən şəxsiyyətlər haqqında təqdimatlar hazırlayır.

5. Mədəniyyət

Şagird:

5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.

5.1.1. Mədəniyyət abidələrinin əhəmiyyətini izah edir.

5.1.2. Milli mənəvi dəyərləri fərqləndirir.

5.1.3. Azərbaycan mədəniyyəti ilə bağlı sadə təqdimatlar hazırlayır.

 

VI SİNİF

 

VI sinfin sonunda şagird:

- mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyən edir və zaman oxunda təsvir edir;

- maddi mədəniyyət abidələri, illüstrasiya və yaxud muzey eksponatları əsasında tədqiqatlar aparır;

- insanların birgə yaşayış formalarını fərqləndirir;

- qədim insanların həyat tərzini Azərbaycan ərazisinin təbii coğrafi şəraiti ilə əlaqələndirir və ilk insan məskənlərini, dövlət qurumlarını, qədim dövlətləri xəritədə müəyyənləşdirir;

- Azərbaycanda  qədim dövlətlərin yaranmasını, daxili və xarici siyasətini izah edir;

- qədim dövlətlərin yaranması və inkişafında tarixi şəxsiyyətlərin rolunu dəyərləndirir;

- Azərbaycan mədəniyyətinin inkişafını, müxtəlif xalqların mədəniyyətləri ilə qarşılıqlı əlaqələrini izah edir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1.Tarixi zaman

Şagird:

1.1.  Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.

1.1.1. Mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müəyyənləşdirir.

1.1.2.  Mühüm hadisə, proses və təzahürləri zaman oxunda təsvir edir.

1.2.  Mənbələr üzərində  tədqiqat bacarıqları nümayiş etdirir.

1.2.1. Dövrün öyrənilməsində maddi və yazılı mənbələrin rolunu izah edir.

1.2.2. İllüstrasiya və yaxud muzey eksponatları əsasında sadə tədqiqatlar aparır.

1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.

1.3.1. İnsanların birgə yaşayışının müxtəlif formalarını fərqləndirir.

2. Tarixi məkan

Şagird:

2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.

2.1.1. Qədim insanların həyat tərzini və məşğuliyyətini Azərbaycan ərazisinin təbii-coğrafi şəraiti ilə əlaqələndirir.

2.1.2.  Xəritələrdə Azərbaycan ərazisində ilk insan məskənlərini, dövlət qurumları və qədim dövlətləri müəyyənləşdirir.

3. Dövlət

Şagird:

3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. Azərbaycanda dövlət qurumları və qədim dövlətlərin yaranmasını, idarə olunmasını,  sosial-iqtisadi münasibətləri təsvir edir.

3.1.2.  Qədim dövlətlərin daxili və xarici siyasətini izah edir.

3.1.3. Qədim Azərbaycan dövlətləri haqqında mənbələr əsasında məlumatlar toplayır, təqdim edir.

4. Şəxsiyyət

Şagird:

4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

4.1.1. Dövlətlərin yaranmasında, inkişafında tarixi şəxsiyyətlərin (İranzu, Tomris, Atropat, Oroys və b.) rolunu dəyərləndirir.

4.1.2.  Tarixi şəxsiyyətlər haqqında kiçik hekayə qurur.

5. Mədəniyyət

Şagird:

5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.

5.1.1.  Sivilizasiyayaqədərki və sivilizasiya dövrününü mədəniyyətlərini izah edir.

5.1.2. Azərbaycan mədəniyyətinin  müxtəlif xalqların mədəniyyəti ilə qarşılıqlı əlqələrini izah edir.

5.1.3.  Mədəni əlaqələrə dair cədvəllər tərtib edir.

 

VII SİNİF 

 

VII sinfin sonunda şagird:

- mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müqayisə edir, sxem və cədvəllər hazırlayır;

- Azərbaycan ərazisində yaşamış insanların həyat tərzindəki dəyişiklikləri dövrə aid yazılı və maddi mənbələr əsasında müəyyən edir;

- Azərbaycanda təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafını onun təbii-coğrafi şəraiti ilə əlaqələndirir;

- Azərbaycanda feodal dövlətlərinin yaranması, müstəqilliyini itirməsi və bərpası səbəblərini şərh edir, dövlətçilik ənənələrinin inkişafı xüsusiyyətlərini dəyərləndirir;

- tarixi şəxsiyyətlərin oxşar və fərqli cəhətlərini qiymətləndirir;

- mədəniyyətin inkişaf mərhələlərini və milli mənəvi dəyərlərin formalaşmasına dinlərin təsirini dəyərləndirir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1.Tarixi zaman

Şagird:

1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.

1.1.1. Mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müqayisə edir.

1.1.2. Tarixi zaman və hadisələr arasında əlaqələrə dair müxtəlif sxem və cədvəllər tərtib edir.

1.2. Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.

1.2.1. Dövrə aid yazılı və maddi mənbələri əlaqələndirir.

1.2.2. Öyrəndiyi dövrə aid yazılı mənbələr üzərində işləyir.

1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.

1.3.1. Azərbaycan ərazisində yaşamış insanların həyat tərzi və məşğuliyyətində baş vermiş dəyişiklikləri müəyyənləşdirir.

2. Tarixi məkan

Şagird:

2.1.Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.

2.1.1.  Azərbaycanın coğrafi mövqeyi və təbii amilləri ilə müxtəlif təsərrüfat sahələri və istehsal münasibətlərinin inkişafı arasında əlaqələri izah edir.

2.1.2. Dövrə aid xəritə və xəritə-sxemlərdəki müxtəlif tarixi hadisə, proses və təzahürlərə dair məlumatları izah edir.

3. Dövlət

Şagird:

3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. Azərbaycan feodal dövlətlərinin inkişafı, müstəqilliyini itirməsi və siyasi müstəqilliyinin bərpası səbəblərini şərh edir.

3.1.2. Azərbaycanda dövlətçilik ənənələrinin inkişafı xüsusiyyətlərini dəyərləndirir.

3.1.3. Feodal dövlətləri ilə bağlı cədvəllər hazırlayır.

4. Şəxsiyyət

Şagird:

4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

4.1.1. Tarixi şəxsiyyətləri (Cavanşir, Babək, Yusif Əbu Sac, Şəmsəddin Eldəniz, I İbrahim Xəlilullah, Qara Yusif, Uzun Həsən və b.) oxşar və fərqli cəhətlərinə görə təhlil edir.

4.1.2.  Tarixi şəxsiyyətlərin oxşar və fərqli cəhətləri ilə bağlı sxem və cədvəllər hazırlayır.

5. Mədəniyyət

Şagird:

5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.

5.1.1. Mədəniyyətin inkişaf mərhələlərini dəyərləndirir.

5.1.2. Milli mədəni dəyərlərin formalaşmasına dinlərin təsirini  dəyərləndirir.

5.1.3. Mədəniyyətin inkişaf mərhələlərini əks etdirən təqdimatlar hazırlayır.

 

VIII SİNİF

 

VIII sinfin sonunda şagird:

- Azərbaycan və dünya ölkələrində baş vermiş mühüm hadisə, proses və təzahürləri əlaqələndirir və tematik sinxron cədvəllər hazırlayır;

- Azərbaycanda insanların həyat tərzində baş vermiş dəyişikliklərin səbəblərini mənbələr əsasında araşdırır, nəticələri təqdim edir;

- Azərbaycanın coğrafi mövqeyi və təbii amillərini ölkənin ictimai, iqtisadi və siyasi vəziyyəti ilə əlaqələndirir;

- mərkəzləşmiş dövlətin inkişaf xüsusiyyətlərini, dövlətlərarası münasibətdə Azərbaycanın mövqeyini dəyərləndirir;

- Azərbaycan dövlətçiliyində mühüm rol oynamış tarixi şəxsiyyətlərin fəaliyyətini dəyərləndirir;

- yeni ictimai iqtisadi münasibətlər şəraitində Azərbaycan mədəniyyətinin inkişafına təsir edən amilləri şərh edir, mədəni nailiyyətləri dəyərləndirir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1. Tarixi zaman

Şagird:

1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.

1.1.1. Azərbaycan və dünya ölkələrində baş vermiş mühüm hadisə, proses və təzahürlərin sinxronluğunu izah edir.

1.1.2. Hadisə və proseslərin zamana görə əlaqələndirilməsinə dair tematik-sinxron cədvəllər hazırlayır.

1.2. Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.

1.2.1. Dövrə aid hadisə, proses və təzahürləri  verilmiş yazılı mənbələrlə əlaqələndirir.

1.2.2. Öyrəndiyi dövrə aid yazılı mənbələri təhlil edir, nəticələrini təqdim edir.

1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.

1.3.1. Azərbaycan ərazisində  yaşamış  insanların  həyat tərzi və məşğuliyyətlərinndə baş vermiş dəyişiklikləri izləyir və onların səbəblərini izah edir.

2. Tarixi məkan

Şagird:

2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.

2.1.1. Azərbaycanın coğrafi mövqeyi və təbii amillərini   təsərrüfatın, ictimai münasibətlətlərin inkişafı və ölkənin  siyasi vəziyyəti ilə əlaqələndirir.

2.1.2. Xəritələrdəki məlumatlara əsasən sxem və cədvəllər  tərtib edir.

3. Dövlət

Şagird:

3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. Mərkəzləşmiş dövlətin yaranması və tənəzzülü, Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda  mübarizənin  xüsusiyyətlərini şərh edir.

3.1.2. Dövlətlərarası münasibətlərdə Azərbaycanın mövqeyini dəyərləndirir.

3.1.3. Dövrlə bağlı mənbələrdən əldə etdiyi məlumatlar əsasında sxem və cədvəllər qurur.

4.Şəxsiyyət

Şagird:

4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

4.1.1. Azərbaycan  dövlətçiliyində mühüm rol oynamış tarixi şəxsiyyətlərin (Şah I İsmayıl, Şah I Təhmasib, Şah I Abbas, Nadir şah, Qubalı Fətəli xan, Hacı Çələbi və b.) fəaliyyətini dəyərləndirir.

4.1.2. Tarixi şəxsiyyətlər haqqında müqayisəli sxem və cədvəllər hazırlayır.

5. Mədəniyyət

Şagird:

5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.

5.1.1 Yeni ictimai-iqtisadi münasibətlərin mədəniyyətə təsirini dəyərləndirir.

5.1.2. Azərbaycan mədəniyyətinin inkişafına təsir edən amilləri şərh edir.

5.1.3 Azərbaycanın mədəni nailiyyətlərini əks etdirən cədvəllər hazırlayır.

IX SİNİF

IX sinfin sonunda şagird:

- tarixi inkişafı zaman baxımından qiymətləndirir və xronoloji cədvəllər hazırlayır;

- yazılı mənbələrdəki fərqli yanaşmaları müqayisə edir, təqdimatlar hazırlayır;

- Azərbaycanda insanların həyat tərzində baş vermiş dəyişiklikləri dövr və sivilizasiyalarla əlaqələndirir;

- Azərbaycanın ictimai- iqtisadi, siyasi inkişafı ilə onun coğrafi mövqeyi və təbii şəraiti arasındakı əlaqələri dəyərləndirir;

- müstəmləkə rejimi və müstəqillik şəraitində Azərbaycanın daxili və xarici siyasətini dəyərləndirir;

- dövlətçiliyin möhkəmləndirilməsi və inkişafında tarixi şəxsiyyətlərin rolunu dövr baxımından dəyərləndirir;

- Azərbaycan və dünya mədəniyyətlərini xarakterik əlamətlərinə görə müqayisələr aparır, təqdimatlar hazırlayır.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1.Tarixi zaman

Şagird:

1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.

1.1.1. Mühüm tarixi hadisə, proses və təzahürləri zaman baxımından qiymətləndirir.

1.1.2. Mühüm hadisə, proses və təzahürlərə dair  xronoloji cədvəllər hazırlayır.

1.2. Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.

1.2.1. Eyni  hadisəyə aid  yazılı  mənbələrdəki fərqli yanaşmaları müqayisə edir.

1.2.2. Müxtəlif  mənbələr  əsasında təqdimatlar hazırlayır. 

1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla əlaqələndirir.

1.3.1. Azərbaycan ərazisində  yaşamış  insanların  həyat  tərzindəki  dəyişiklikləri dövrün xüsusiyyətləri  ilə əlaqələndirir.

2. Tarixi məkan

Şagird:

2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.

2.1.1. Azərbaycanın  coğrafi mövqeyi və təbii amilləri ilə müxtəlif  təsərrüfat sahələri və istehsal münasibətlərinin  inkişafı  arasında  əlaqələri dəyərləndirir.

2.1.2. Mühum  tarixi  hadisə    prosesləri  kontur xəritələrdə təsvir edir.

3. Dövlət

Şagird:

3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. Müstəmləkə  rejimi, müstəqillik  şəraitində inzibati, sosial-iqtisadi həyatda baş verən dəyişiklikləri  təhlil  edir.

3.1.2. Xarici  dövlətlərin strateji maraqları ilə bağlı Azərbaycanın  mövqeyini  dəyərləndirir.

3.1.3. Azərbaycan  dövlətləri  ilə  bağlı  müxtəlif  mənbələrdən  topladığı materialları təqdim edir.

4. Şəxsiyyət

Şagird:

4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

4.1.1. Dövlətçiliyin  möhkəmləndirilməsində  və inkişafında tarixi şəxsiyyətlərin (Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Heydər Əliyev, İlham Əliyev və b.) rolunu dəyərləndirir.

4.1.2. Azərbaycanın  görkəmli  tarixi  şəxsiyyətlərinə dair materiallar  toplayır, təqdim edir.

5. Mədəniyyət

Şagird:

5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.

5.1.1. Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini şərh edir.

5.1.2. Azərbaycan sivilizasiyası və mədəniyyətinin xarakterik əlamətlərini dünya sivilizasiyası və mədəniyyətlərinin xarakterik əlamətləri ilə müqayisə edir.

5.1.3.  Azərbaycan xalqının mədəni nailiyyətlərinə dair araşdırmalar aparır, nəticələrini təqdim edir.

 

X SİNİF

 

X sinfin sonunda şagird:

- mənbələr əsasında Azərbaycanın tarixi keçmişini və müasir dövrünü müqayisə edir, xronoloji cədvəllər hazırlayır;

- yazılı mənbənin aid olduğu dövrü və müəllifin mövqeyini müəyyənləşdirir;

- insanların həyat tərzindəki dəyişiklikləri mənbələr əsasında təqdim edir;

- müxtəlif tarixi dövrlərdə Azərbaycanın geosiyasi mövqeyini dəyərləndirir, qrafik və diaqramlar tərtib edir;

- dövlətlərin yaranması və inkişafında müvafiq dövrün xüsusiyyətlərini dəyərləndirir, dövlətlərarası münasibətlərdə Azərbaycanın mövqeyini şərh edir;

- görkəmli tarixi şəxsiyyətlər haqqında referat və təqdimatlar hazırlayır;

- Azərbaycan mədəniyyətinin inkişafını Türk-İslam mədəniyyətinin tərkib hissəsi kimi dəyərləndirir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1.Tarixi zaman

Şagird:

1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.

1.1.1. Mənbələr  əsasında Azərbaycananın tarixi keçmişını  və müasir dövrünü müqayisə edir, təqdimatlar hazirlayır.

1.1.2. Mənbələr  əsasında  Azərbaycanın keçmiş və müasir dövrünə dair xronoloji cədvəllər hazırlayır.

1.2. Mənbələr üzərində  tədqiqat  bacarıqları  nümayiş etdirir.

1.2.1.     Tarixi hadisəyə  aid yazılı mənbənin  müəllifinin mövqeyini müəyyənləşdirir.

1.2.2. Yazılı mənbələrin, yaxud tarixi sənədin aid olduğu dövrü müəyyənləşdirir.

1.3. İnsanların həyat  tərzindəki dəyşiklikləri sivilizasiyalarla əlaqələndirir.

1.3.1. İnsanların həyat  tərzindəki dəyişiklikləri mənbələr əsasında təqdim edir.

2. Tarixi məkan

Şagird:

2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.

2.1.1. Müxtəlif  tarixi dövrlərdə Azərbaycanın  geosiyasi mövqeyini dəyərləndirir.

2.1.2. Müxtəlif tarixi dövrlərdə Azərbaycanın geosiyasi mövqeyinə dair qrafik və diaqramlar tərtib edir.

3. Dövlət

Şagird:

3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. Dövlətlərin  yaranması və inkişafında  müvafiq dövrün  xüsusiyyətlərini dəyərləndirir.

3.1.2. Müxtəlif dövrlərdə dövlətlərarası  münasibətlərdə Azərbaycanın mövqeyini şərh edir.

3.1.3.Azərbaycanın sosial-iqtisadi inkişafına dair qrafik və diaqramlar tərtib edir.

4. Şəxsiyyət

Şagird:

4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

4.1.1. Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərini (I Axistan, Qara Yusif, Uzun Həsən, Şah I İsmayıl, Şah I Abbas, Cavad xan, Ağa Məhəmməd şah Qacar və b.) dünyanın görkəmli tarixi şəxsiyyətləri ilə müqayisə edir və dəyərləndirir.

4.1.2. Görkəmli tarixi şəxsiyyətlər haqqında topladığı materiallara əsasən  referatlar və təqdimatlar hazırlayır.

5. Mədəniyyət

Şagird:

5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.

5.1.1. Mədəniyyətin inkişafını tarixi şərait və sosial-iqtisadi vəziyyət baxımından dəyərləndirir.

5.1.2. Azərbaycan mədəniyyətini Türk-İslam mədəniyyətinin tərkib hissəsi kimi qiymətləndirir.

5.1.3. Türk-İslam mədəniyyətinin tərkib hissəsi kimi Azərbaycan mədəniyyətinin inkişafına dair araşdırmalar aparır, referatlar və təqdimatlar hazırlayır.

 

XI SİNİF 

 

XI sinfin sonunda şagird:

- mənbələr əsasında Azərbaycanın tarixi keçmişini və müasir dövrünü dəyərləndirir, təqdimatlar hazırlayır;

- tarixi hadisə, proses və təzahürlərin öyrənilməsi üçün müvafiq mənbələri seçir, müxtəlif baxışları dəyərləndirir;

- Azərbaycan xalqının formalaşmasını tarixi dövrlərlə əlaqələndirir;

- Azərbaycanın geosiyasi mövqeyinin əhəmiyyətini dəyərləndirir, təqdimatlar hazırlayır;

- Azərbaycanda müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin dövlətçilk ənənələrinin və sivilizasiyanın inkişafında rolunu dəyərləndirir və proqnozlar verir;

- qlobal problemlərin həllində Azərbaycanın mövqeyini dəyərləndirir;

- tarixi inkişafda şəxsiyyətlərin fəaliyyətini dəyərləndirir və layihələr hazırlayır;

- dünya mədəniyyətinin inkişafında Azərbaycan mədəniyyətinin  rolunu dəyərləndirir;

- Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfələrlə bağlı araşdırmalar aparır, nəticələrini təqdim edir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1.Tarixi zaman

Şagird:

1.1. Xronologiya ilə bağlı tarixi anlayışları mənimsədiyini nümayiş etdirir.

1.1.1. Mənbələr əsasında  Azərbaycanın tarixi kecmişini və müasir dövrlərini dəyərləndirir, təqdimatlar hazırlayır.

1.1.2. Mənbələr əsasında Azərbaycanın tarixi keçmişi və müasir dövrlərinə aid müqayisəli sinxron cədvəllər hazırlayır.

1.2. Mənbələr üzərində tədqiqat bacarıqları nümayiş etdirir.

1.2.1. Mənbələrdəki eyni tarixi hadisə, proses və təzahürlər barədə müxtəlif baxışları dəyərləndirir.

1.2.2.  Tarixi hadisə, proses və təzahürün öyrənilməsi üçün müvafiq mənbələri seçir.

1.3. İnsanların həyat tərzindəki dəyişiklikləri sivilizasiyalarla  əlaqələndirir.

1.3.1. Azərbaycan xalqının formalaşmasının xüsusiyyətlərini tarixi dövrlərlə əlaqələndirir.

2. Tarixi məkan

Şagird:

2.1. Azərbaycan ərazisinin təbii-coğrafi şəraitini tarixi hadisə, proses və təzahürlərlə əlaqələndirir.

2.1.1. Azərbaycanın geosiyasi mövqeyinin əhəmiyyətini dəyərləndirir.

2.1.2. Azərbaycanın geosiyasi mövqeyini nümayiş etdirən təqdimatlar hazırlayır.

3. Dövlət

Şagird:

3.1. Azərbaycan ərazisində dövlətlərin yaranması, inkişafı və tənəzzülü ilə bağlı bilik və bacarıqlar nümayiş etdirir.

3.1.1. Müxtəlif dövrlərdə Azərbaycanda yaranmış dövlətlərin dövlətçilik ənənələrinin və sivilizasiyanın inkişafında rolunu dəyərləndirir.

3.1.2. Qlobal problemlərin həllində Azərbaycanın mövqeyini və apardığı siyasəti dəyərləndirir.

3.1.3.  Mənbələr əsasında Azərbaycanın dövlətçilik tarixinə dair araşdırmalar aparır, proqnozlar verir.

4. Şəxsiyyət

Şagird:

4.1. Tarixi şəxsiyyətləri dövr baxımından qiymətləndirir.

4.1.1. Tarixi hadisə və proseslərin gedişində şəxsiyyətlərin (Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Şeyx Məhəmməd Xiyabani, Nəriman Nərimanov, Əbülfəz Elçibəy, Heydər Əliyev, İlham Əliyev və b.) rolunu və fəaliyyətini dəyərləndirir.

4.1.2. Görkəmli tarixi şəxsiyyətlər haqqında layihələr hazırlayır.

5. Mədəniyyət

Şagird:

5.1. Mədəniyyət və sivilizasiyaları qiymətləndirir.

5.1.1. Dünya mədəniyyətinin inkişafında Azərbaycan mədəniyyətinin rolunu dəyərləndirir.

5.1.2. Azərbaycanın milli mənəvi dəyərlərini Azərbaycan xalqının dünya mədəniyyətinə töhfəsi kimi dəyərləndirir.

5.1.3. Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə verdiyi töhfələrlə bağlı araşdırmalar aparır, nəticələri təqdim edir.

 

 

(Ardı var)

 

Azərbaycan müəllimi.- 2010.- 20 avqust.- S.7.