2010-2011-ci tədris
ilində respublikanın ümumtəhsil məktəblərində
olan vakant yerlərə
müəllimlərin işə qəbulu ilə bağlı reqlament
1. Təhsil Nazirliyinin www.edu.gov.az saytında "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsində respublikanın ümumtəhsil məktəblərində olan vakant yerlər, elektron ərizə forması, vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı reqlament yerləşdirilmişdir. Reqlamentdə göstərilən tələblərə riayət edilməsi zəruridir.
2. Reqlamenti oxuduqdan sonra vakant yerlərin siyahısı ilə tanış olmaq lazımdır. Axtarış səhifəsinə müvafiq məlumatları daxil etməklə axtarılan vakansiyanı tapmaq mümkündür. Seçilmiş vakant yerlərin kodları yadda saxlanılmalıdır, çünki həmin kodlar elektron ərizə formasına daxil ediləcəkdir.
3. Vakant yerlərə namizədlərdən elektron ərizələr 2010-cu il avqust ayının 20-dən 27-dək qəbul edilir. Ərizə doldurularkən yalnız bir ixtisas seçilə və ən çoxu 4 vakant yerin kodları siyahıdan daxil edilə bilər. Ərizədə (*) işarəsi olan sahələr mütləq doldurulmalıdır. Əks halda ərizə qeydiyyatdan keçməyəcəkdir. Ərizəsinə yanlış məlumatlar daxil edən nəmizədlər müsabiqəyə buraxılmır.
4. Ərizəyə bütün məlumatları daxil etdikdən sonra namizəd "Qeydiyyat" düyməsini sıxaraq ərizəsini qeydiyyatdan keçirir. Namizəd qeydiyyata alınan ərizəsini bir daha diqqətlə yoxlamalı və məlumatların düzgünlüyünə əmin olduqdan sonra "Təsdiq edirəm" düyməsini sıxmalıdır. Hər bir namizəd yalnız bir dəfə ərizə doldura və onu təsdiqləyə bilər. Namizəd ərizəni təsdiqlədikdən sonra "Çap etmək" düyməsini sıxaraq ərizəni çap etməlidir.
5. Ərizə təsdiq edildikdən sonra proqram tərəfindən namizədə şəxsi kod və parol təyin olunur. Unutmayın: təyin edilən kod və parol mütləq yadda saxlanılmalı və ya çap edilməlidir. Sonradan şəxsi kod və parolu www.edu.gov.az saytının "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsinə daxil etməklə namizəd "Şəxsi kabinet"ə daxil ola bilər. "Şəxsi kabinet"də hər bir namizədə aid olan və onun üçün nəzərdə tutulan bütün məlumatlar yerləşdirilir. Namizəd əvvəlcədən ərizəsini çap edə bilməyibsə, "Şəxsi kabinet"ə daxil olmaqla ərizəsini çap edə bilər. Diqqət! "Şəxsi kabinet" vasitəsilə namizəd müsahibə və ya test imtahanının keçirilmə vaxtı və yeri, müsabiqənin nəticələri və s. haqda məlumatlandırılacaqdır.
6. Namizədlər 23-28 və 30-31 avqust 2010-cu il tarixlərdə elektron ərizəsinin çap olunmuş variantını və digər müvafiq sənədləri (kadrların şəxsi uçot vərəqi, diplom, diploma əlavə, ali məktəbi son 3 ildə bitirənlər üçün təyinat vərəqəsi və ya müstəqil işə düzəlməyə icazə verən arayış, əmək kitabçası, şəxsiyyət vəsiqəsinin və ərizə formasındakı göstəriciləri təsdiq edən digər sənədlərin surətləri) Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinə təqdim etməlidir. Sənədlərin qəbulu hər gün saat 10.00-dan 18.00-dək nazirliyin qəbul otağında aparılır. Müəyyənləşdirilmiş müddət bitdikdən sonra sənədlərin qəbulu dayandırılır.
7. Müəllimlərin işə qəbulu üzrə müsabiqə 2 mərhələdə keçirilir. I mərhələdə vakant yerlərə ərizə vermiş namizədlərin göstəriciləri müəyyənləşdirilmiş meyarlar əsasında, kompüter proqramı vasitəsilə qiymətləndirilir.
8. Müsabiqənin II mərhələsində namizədlərlə müəyyən olunmuş vaxtda müsahibə və ya test imtahanı keçirilir.
9. 3-5 sentyabr 2010-cu il tarixdə namizədlər kod və parolu vasitəsilə "Şəxsi kabinet"dən müsabiqəyə buraxılması, müsahibə və ya test imtahanının keçirilmə vaxtı və yeri barədə məlumat əldə edirlər. Hər hansı bir səbəbdən göstərilən vaxtda müsahibə və ya imtahanda iştirak etməyənlər üçün təkrar müsahibə və imtahan təşkil edilmir və onların şikayətlərinə baxılmır.
10. Fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı, rəsmxət, təsviri incəsənət, musiqi və nəğmə fənlərindən vakant yerlərə işə qəbul nazirliyin müsabiqə komissiyası tərəfindən müsahibə formasında aparılır, müəyyənləşdirilmiş meyarlar əsasında qiymətləndirmə aparılır və nəticələr kompüter proqramına daxil edilir.
11. Digər fənlərdən (dil və ədəbiyyat, riyaziyyat, informatika, fizika, kimya, biologiya, tarix, coğrafiya, xarici dil), həmçinin ibtidai sinif müəllimi ixtisası üzrə vakant yerlərə müsabiqə test imtahanı yolu ilə aparılır. İmtahanda hər namizədə fərdi olaraq kompüterdə uyğun ixtisaslar üzrə məktəb proqramı əsasında tərtib edilmiş 25 test tapşırığı verilir və bunun cavablandırılmasına 40 dəqiqə vaxt ayrılır. Hər bir düzgün cavab 1 bal ilə qiymətləndirilir və verilmiş vaxt ərzində icra olunduqdan dərhal sonra ümumi bal kompüterdə göstərilir. Test tapşırıqlarının 80 və daha yüksək faizinə düzgün cavab vermiş namizədlər keçid balını toplamış hesab olunurlar.
12. Qiymətləndirmənin I və II mərhələlərinin nəticələri nəzərə alınmaqla namizədlərin yekun qiymətləndirilməsi kompüter proqramı vasitəsilə həyata keçirilir.
13. Yekun qiymətləndirmədən sonra vakant yerlərə yerləşdirmə kompüter proqramı vasitəsilə ən yüksək bal toplamış namizəddən başlamaqla həyata keçirilir. Hər hansı ixtisas üzrə bir vakant yerə 2 və daha artıq sayda eyni bal toplamış namizədlər olduqda, müsabiqə komissiyası bütün halları araşdırmaqla və onlarla aparılan müsahibənin nəticələrinə uyğun qərar qəbul edir.
14. Müsabiqənin nəticələrinə əsasən işə qəbul edilən müəllimlərin siyahısı nazirliyin İnternet saytında yerləşdirilir, siyahı və şəxsi işlər rəsmi məktubla aidiyyəti üzrə yerli təhsili idarəetmə orqanlarına göndərilir.
15. Yerli təhsili idarəetmə orqanlarının məktubuna əsasən məktəb direktoru ilə işə götürülən müəllim arasında əmək müqaviləsi bağlanılır və işə qəbul mövcud qanunvericiliyə uyğun rəsmiləşdirilir.
16. Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə müsabiqələr tam başa çatdıqdan sonra, bir həftə ərzində baxılır.
Qeyd: Bakı şəhərinin ümumtəhsil məktəblərində olan vakant yerlərə namizədlərin sənədlərinin qəbulu zamanı onların Bakı şəhərinə qeydiyyatının və ali pedaqoji təhsilinin olması nəzərə alınır.
2010-2011-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində olan vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı reqlament
2010-2011-ci dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu üzrə vakant yerlər haqqında məlumat
2010-2011-ci dərs ilində respublikanın digər şəhər və rayonlarının ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu üzrə vakant yerlər haqqında məlumat
Azərbaycan
Respublikası Təhsil Nazirliyi
Azərbaycan
müəllimi.- 2010.- 20 avqust.- S.6.