Həyat enerjisini tükənməyə qoymayan məhəbbət

 

Ömür payını hamıya qadir Allah verir. Lakin onu hərə bir cür yaşayır. Xoşbəxt o kəslərdir ki, öz ağlı, əməli, zəhməti, ədəb-ərkanı ilə ona verilmiş həyatı daha da gözəlləşdirir, onu nəinki özü, həm əhatəsində olduğu insanlar, doğmaları, yaxınları üçün sevinc mənbəyinə, səadət çeşməsinə çevirirlər. Mənalı yaşanan belə ömürdən onun sahibi , ailəsi, doğmaları da, ətrafdakılar da həmişə iftixar fəxarət hissi keçirir, qürur duyurlar.

Bu ömrün sahibi müəllim olduqda isə onun cəmiyyətə müsbət təsiri daha çox olur. Çünki neçə-neçə yetirməsi onu özü üçün ideal seçir, ona bənzəməyə, onun kimi yaşamağa, fəaliyyət göstərməyə, cəmiyyətdə hörmət nüfuz qazanmağa, sevilməyə can atır. Belə mənalı zəngin omür sahiblərindən biri 80 yaşı bu günlərdə tamam olan, tanrının verdiyi bu ömür payının 60 ilini təhsilimizə, balalarımızın təlim-tərbiyəsinə həsr edən bu yolda böyük xidmətlər göstərən fransız dili müəllimi, Bakı Dövlət Universitetinin baş müəllimi Firuzə Rzayevadır.

Müəllimlik müqəddəs peşədir. Bu peşəyə mükəmməl yiyələnmək, onun sayəsində ucalmaq, hörmət-izzət sahibi olmaq üçün pedaqoji təhsil almaq, müəllimlik fəaliyyətinə əsas verən diploma yiyələnmək azdır. Bunun üçün həm də sənətə, şagirdlərlə, tələbələrlə işə böyük məhəbbətin olmalıdır, onları sevməyi, öz fənnini onlara sevdirməyi bacarmalısan. Firuzə müəllim uzun illik pedaqoji fəaliyyəti dövründə məhz bu keyfiyyətləri ilə seçilən, müəllim adını tam mənası ilə  doğruldan, bu sənətə şərəf gətirən pedaqoqlardandır. Əlamətdar yubileyi münasibəti ilə haqqında yazı hazırlamaq üçün görüşdüyüm həmkarı, uzun illər Firuzə xanımla çiyin-çiyinə işləmiş BDU-nun ingilis dili kafedrasının müdiri, dosent Abbas Abbasov da onun məhz bu keyfiyyətlərini - işinə, tələbələrinə sonsuz məhəbbətini, işlədiyi uzun illər ərzində onlara bir ağır söz belə deməməsini, yüksək peşəkarlığını, tədris etdiyi fransız dilini mükəmməl bilməsini, tədris prosesində ən müxtəlif metodiki üsulpriyomlardan bacarıqla istifadə etməsini xüsusi qeyd etdi, onda sanki müəllimliyə anadangəlmə bir fitri istedad olduğunu söylədi. Onun müəllimliyi özününmü, ya valideynlərininmi istəyi ilə seçdiyini bilmədiyini deyən Abbas müəllim, əslində bu seçimin çox böyük ustalıqla, qabiliyyətlə, uzaqgörənliklə edildiyini, məhz bu seçim sayəsində pedaqoji ictimaiyyətimizin Firuzə xanımın timsalında elmə, təhsilə, dövlətçiliyə münasibətdə çox sanballı bir örnək əldə etdiyini, onun fəaliyyətinin çox nadir hallarda təkrarlanan bir fəaliyyət olduğunu vurğuladı.

Sadə, lakin sadə olduğu qədər də zəngin və mənalı müəllim ömrü yaşamış Firuzə Butay qızı Rzayeva 1930-cu ildə qulluqçu ailəsində anadan olub. Bakıdakı 189 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Xarici Dillər İnstitutunun fransız-alman dili fakültəsində ali təhsil alıb. İnstitutu başa vurduqdan sonra isə vaxtilə bitirdiyi 189 nömrəli orta məktəbdə və eyni zamanda Azərbaycan Dövlət Universitetinin xarici dillər kafedrasında saathesabı müəllim işləməyə başlayıb. 1961-ci ildə universitetdə tam ştata keçən F.Rzayeva o vaxtdan indiyədək burada çalışır. Hazırda universitetin alman və fransız dilləri kafedrasının baş müəllimidir.

Təcrübəli müəllimin peşəkarlığını səciyyələndirən  əsas cəhətlər fənnini, habelə tədris etdiyi fransız dilini dərindən və yaxşı bilməsi, yüksək metodik hazırlığa malik olmasıdır. Onun metodikası sadə bir həqiqətə söykənir: tələbələri mümkün qədər çox maraqlandırmaq, fənni, onlara sevdirmək. Təcrübəli pedaqoq yaxşı bilir ki, yalnız davamlı maraq idrak qapılarını daim açıq saxlamağa, öyrənilən materialı qavramağa kömək edir.

Onun metodikasının səciyyəvi cəhətlərindən biri də auditoriyada fəal öyrənmə mühiti yaratmaq, tələbələri fəallaşdırmaq, dərsdə onların hamısının işə qoşulmasını təmin etməkdir. Bu məqsədlə F.Rzayeva müasir dərsə verilən tələbləri daim diqqət mərkəzində saxlayır, dərslərində fəal təlim metodlarından, xüsusən də dil öyrənməkdə daha səmərəli nəticə verən interaktiv metodlardan geniş istifadə edir. Ona görə də onun dərslərində işsiz qalan, ancaq dinləyici rolunda çıxış edən tələbə görməzsən. Müəllimin bacarıqlı istiqamətləndirməsi nəticəsində onlar hamısı fərdi  tapşırıqlar vasitəsilə dərsdə fəal iştirak edirlər.

Zəngin təcrübəsinə baxmayaraq, Firuzə müəllim hər dərsinə diqqətlə hazırlaşır. Tələbələrlə qrup və fərdi şəkildə aparmaq üçün müxtəlif təlim materialları, tapşırıqları hazırlayır. Universitetdə tez-tez onun "açıq dərs"ləri təşkil olunur ki, bu dərslərdə də gənc müəllimlər Firuzə Rzayevanın qabaqcıl təcrübəsini öyrənir, onun maraqlı metodik yanaşmalarına yiyələnirlər.

Öz fəaliyyətində müəllim-tələbə münasibətlərinə xüsusi diqqət yetirən F.Rzayeva onlarla münasibəti pedaqoji əməkdaşlıq, qarşılıqlı hörmət və tələbkarlıq zəminində qurur, tələbələrinə böyük hörmət və sayğı göstərir. Tələbələr və həmkarları onu həm də yüksək əxlaqi keyfiyyətlərə malik, sadə, təvazökar, alicənab, olduqca ədalətli, kristal, təmənnadan, neqativ hallardan uzaq, qayğıkeş bir insan və müəllim kimi tanıyır və sevirlər. Dərs dediyi, fransız dilini öyrətdiyi yüzlərcə yetirməsi onu heç vaxt unutmur, tez-tez çalışdığı kafedraya gələrək müəllimləri ilə görüşür, ondan məsləhətlər alırlar. Bu tələbələr arasında professorlar, akademiklər də var. Onlar "Firuzə xanım bizim müəllimimiz olub" sözlərini həmişə böyük iftixar hissi ilə dillərinə gətirirlər ki, müəllim üçünbundan böyük qiymət yoxdur.

Firuzə müəllim yaşının çoxluğuna baxmayaraq təhsildəki, fənni, onun metodikası ilə bağlı yenilikləri daim izləyir, öyrənir və tətbiq edir, öz təcrübəsini gənc müəllimlərə öyrətmək üçün mətbuatda təcrübi və metodik yazılarla çıxış edir. 2009-cu ildə BDU-nun 90 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfransın materiallarına həsr olunmuş kitabda onun iri həcmli məqaləsi dərc olunub.

F.Rzayevanın təhsilimiz qarşısındakı xidmətləri, qüsursuz pedaqoji fəaliyyəti dəfələrlə yüksək qiymətləndirilib. O, müxtəlif illərdə "Əmək veteranı" medalı və fəxri fərmanlarla təltif olunub. 2009-cu ildə ona Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Səmərəli elmi-pedaqoji fəaliyyətinə görə" Fəxri fərman verilib.

Firuzə müəllim böyük hərflə yazılan müəllim olduğu kimi həm də mehriban ana, nümunəvi ailə başçısıdır. 4 qız övladına mükəmməl ali təhsil verib. Nəvələrinin əhatəsində olmaq ona həmişə sevinc gətirir.

80 yaşlı pedaqoq sevib-seçdiyi sənətində bu gün də böyük enerji ilə çalışır, universitetdə tədris işini davam etdirir. Təqaüdə getmək istəsə də işlədiyi  kafedrada buna razı olmurlar. Uzun müddət onun kafedra müdiri olmuş, həmkarı   Firuzə xanım haqqında çoxlu xoş sözlər deyən Abbas müəllim     F.Pzayevanın enerjisinin hələ də çox olmasını onun sənətinə, tələbələrinə sonsuz məhəbbəti ilə əlaqələndirərək "Məhəbbət olan yerdə enerji sönməz olur", - dedi.

Veteran müəllimi anadan olmasının 80 illiyi münasibəti ilə biz də təbrik edir, ona cansağlığı və həyat enerjisinin heç vaxt tükənməməsini arzulayırıq.

        

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2010.- 20 avqust.- S.4.