Müasir təhsilin konseptual problemlərinə dair dəyərli
vəsait
Ötən əsrin 90-cı illərinədək
SSRİ-nin tərkibində olan Azərbaycan Respublikası
müstəqillik, suverenlik əldə etdikdən sonra
dünyada, dünya siyasətində özünün geosiyasi
yerini müəyyənləşdirməyə başladı. İndi Azərbaycan dövləti öz
xarici siyasətini, iqtisadi, mədəni, hərbi sahədə
münasibətlərini özü müstəqil şəkildə,
həm də geosiyasi vəziyyəti nəzərə almaqla həyata
keçirir. Biz bir tərəfdən
inkişaf etmiş dünya dövlətlərinə
inteqrasiyaya, digər tərəfdən milli xüsusiyyətlərimizi,
adət-ənənəmizi, soy-kökümüzü qoruyub
inkişaf etdirməyə çalışırıq. Təbii
ki, bu deyilənlərin həyata keçirilməsində təhsil
sistemi müstəsna rol oynayır.
Ümummilli
lider Heydər Əliyev bu proseslərin həyata keçirilməsində,
xalqın, cəmiyyətin inkişaf etdirilməsində təhsilin
müstəsna rol oynadığını dönə-dönə
qeyd etmişdir. Bununla bağlı demişdir: "Azərbaycan müstəqil
dövlət kimi yeni iqtisadi, siyasi yolla gedərək,
dünyanın bütün ölkələrinin, xüsusən
Qərb ölkələrinin təcrübəsindən istifadə
etməyə çalışır və təhsilin də təkmilləşdirilməsində
bu təcrübədən istifadə etmək
lazımdır".
Bununla belə,
təbii ki, təhsil sistemində nəzərə
alınması zəruri hesab edilən amillərdən biri də
milliliyin qorunması, inkişaf etdirilməsi ilə
bağlıdır. "Dövlət müstəqilliyinin
xalqımıza bəxş etdiyi nemətlərdən biri də
odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin
tarixinə, mənəviyyatına, ənənələrinə
uyğun qururuq" (Heydər Əliyev).
Təhsilin inkişaf istiqamətləri
ilə bağlı tövsiyə və tələb edilən
bu fikirlərin həyata keçirilməsi, ilk baxışdan
göründüyü kimi, o qədər də asan və sadə
bir proses deyil. "Doğrudur, bu proses çox mürəkkəb
prosesdir. Bu proses qısa müddətdə başa çata
bilməyəcəkdir. Bu gün təhsil sahəsində
çalışan bütün vətəndaşlara, müəllimlərə,
təhsil müəssisələrinin rəhbərlərinə
müraciət edərək xahiş edirəm ki, onlar tezliklə
təhsil sistemində işlərin müstəqil Azərbaycanın
prinsipləri əsasında qurulmasına nail olsunlar" (Heydər
Əliyev).
Təhsilin
yeniləşməsi, onun dövlətin təhsil siyasətinə
uyğun olaraq qurulması üçün kifayət qədər
işlər görülüb və görülməkdə
davam edir. 19
may 2005-ci il tarixdən Azərbaycan Boloniya
prosesinə qoşulmuş, həqiqi üzv
seçilmişdir. Bunların həyata keçirilməsi
üçün Təhsil Nazirliyi, eləcə də ali təhsil müəssisələri tərəfindən
ciddi islahatlar aparılır və müasir tələblərə
cavab verən elmi-metodiki işlər görülür. "Təhsil haqqında" Azərbaycan
Respublikasının qanunu, Azərbaycan Respublikasında
ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu), eləcə
də onlarla digər normativ-hüquqi sənədlər qəbul
olunmuşdur. Əlbəttə, bu deyilənlərin,
qoyulan tələblərin həyata keçirilməsinin elmi-nəzəri
əsasları işlənilməlidir. Hesab
edirəm ki, pedaqoq, psixoloq və metodistlərimiz təhsilin
elmi-nəzəri əsaslarının işlənməsi,
onların həyata keçirilməsi yollarının müəyyənləşdirilməsi
baxımından müəyyən qədər passivlik göstərirlər.
Bəziləri sadəcə
olaraq kənarda dayanıb tənqidçiliklə məşğul
olur, bəziləri "keçmişdə daha yaxşı
olduğunu" söyləməklə kifayətlənirlər.
Lakin, sözün həqiqi mənasında, təhsilin
müasir problemlərinin elmi-nəzəri, pedaqoji-psixoloji,
metodiki problemlərinin araşdırılması, həyata
keçirilməsi sahəsində ciddi işlər görən
alimlərimiz də az deyildir. Onlar, sözün həqiqi mənasında, fədakarcasına
axtarışlar aparır, qabaqcıl dünya dövlətlərinin
təhsil sistemini, onun həlli yollarındakı təcrübələri
öyrənir, milli xüsusiyyətlərimiz, dövlətimizin
təhsil siyasəti nəzərə alınmaqla təhsilimizin
inkişafı üçün cidd-cəhdlə
çalışırlar. Azərbaycan
Respublikasının Təhsil Problemləri İnstitutunun
direktoru, professor Abdulla Mehrabov, sözün həqiqi mənasında,
bütün varlığıyla axtarışda olan, Azərbaycan
təhsilinin inkişafı üçün əlindən gələni
edən alimlərimizdəndir.
Onun Azərbaycan
təhsilinin aktual problemlərindən bəhs edən onlarla məqaləsi,
2007-ci ildə nəşr olunan "Azərbaycan
təhsilinin müasir problemləri" monoqrafiyası
dediklərimizin sübutu kimi qəbul edilə bilər. Bu məqalələrdə
və adını çəkdiyimiz monoqrafiyada A.Mehrabov Azərbaycan
təhsilinin müasir elmi-nəzəri, konseptual məsələlərini
araşdırır, təqdim edir, həmin problemlərin həlli
ilə bağlı yeni yanaşmalar, modellər müəyyənləşdirir.
Bu günlərdə A.O.Mehrabovun Azərbaycan təhsil sistemində
həyata keçirilən islahatın konseptual problemlərindən,
qarşıya çıxan bəzi problemləri doğuran obyektiv
və subyektiv məsələlərdən bəhs edən "Müasir təhsilin konseptual
problemləri" (Bakı: Mütərcim, 2010, 516 səh.)
adlı irihəcmli yeni kitabı işıq üzü
görmüşdür. Təhsilin müxtəlif
problemlərini əhatə edən altı bölmədən
ibarət kitabda təhsil sistemində aparılan islahatlar, təhsilin
pedaqoji-psixoloji məsələləri, təhsil
texnologiyaları, təhsilin keyfiyyət təminatında idarəetmənin
rolu, monitorinq, qiymətləndirmə və sairə problemlərdən
bəhs olunur. Kitabın ümumi qayəsini
təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılması,
təhsilin şəxsiyyətyönümlü və nəticəyönümlü
olmasının elmi-nəzəri məsələləri və
həyata keçirilməsi yollarının müəyyənləşdirilməsi
təşkil edir.
Kitabda təhsilin
modernləşdirilməsi, onun başlıca məqsədi ilə
bağlı irəli sürülən ideya ondan ibarətdir
ki, təhsil şəxsiyyətyönümlü,
koqnitiv-informasion və kreativ olmalıdır. Nəticədə
təhsil alanlarda müstəqil düşüncə qabiliyyəti,
yaradıcı təfəkkür, özünüinkişafa,
özünütəsdiqə meyil, tolerantlıq
formalaşdırılmalıdır. Bununla bağlı
A.Mehrabov yazır: "Qlobal dünyanın informasiya bolluğu
şəraitində məktəbin, təhsilin vəzifələri
dəyişir. Ağılın, intellektin
inkişaf etdirilməsi ön plana keçir. Dünyanın təhsil məkanında sadəcə
bilik və bacarıqlar deyil, dəyərlər, səriştələr
şəxsiyyətin inkişafında mühüm atributlar
kimi qiymətləndirilir və bugünkü təhsilin keyfiyyət
göstəriciləri kimi qəbul edilir".
Müəllif
Azərbaycan təhsilinin getdikcə, pillə-pillə tələbyönümlü
bir təhsil sisteminə çevrildiyini vurğulayır. Göstərir
ki, cəmiyyətin ehtiyac və tələbatlarına uyğun
belə bir təhsil sisteminin qurulmasında demokratikləşdirmə,
humanistləşdirmə, inteqrasiya, diferensiallaşdırma, fərdiləşdirmə,
humanitarlaşdırma mühüm pedaqoji prinsiplər kimi
prioritet olmalıdır. Bütün bunlar
isə öyrənənlərin maraq, arzu, meyil və qabiliyyətlərinin
nəzərə alınması yolu ilə həyata
keçirilməlidir.
Hələ vaxtilə
V.A.Suxomlinski yazırdı: "Təhsil müəllim və
şagirdin özünütərbiyəsi və özünütəsdiqi üçün imkan
və şərait yaratmalıdır. Müəllim insanın mənəvi həyatının yaradıcısı, ruhlandırıcısı olmalıdır".
Kitabda
qarşılıqlı münasibətlərin
qurulmasının pedaqoji-psixoloji əsasları
qırmızı xətt kimi keçir. Əsərdə
bu sahədə ümumiləşdirilmiş başlıca
ideya belədir ki, təhsilə yalnız çətinliklərin
öyrənilməsi və onun dəf olunması kimi
baxılmamalıdır. Pedaqoji priyomlar o
vaxt səmərəli olur ki, məktəbdə öyrədən
və öyrənənlər arasında hörmət və tələbkarlıq
olsun. Təhsil alanların bütün
xüsusiyyətləri nəzərə alınsın, onlara
hörmətlə yanaşılsın. Bu
mənada A.Mehrabovun fikirləri məşhur pedaqoq A.A.Kumanevin
fikirləri ilə üst-üstə düşür.
A.A.Kumanev yazır: "Dərin emosional tərbiyəyə əsaslanmayan
bilik heç vaxt insanı xoşbəxt edə bilməz".
A.Mehrabova
görə, təhsil açıq, özünü inkişaf
etdirən sistem olmalıdır. İdarəetmə
prosesində şəxsiyyətin inkişaf qanunları nəzərə
alınmalıdır. Təhsil son nəticədə
şəxsiyyətin sosiallaşmasının effektiv təminatçısı
olmalıdır. Bunun üçün isə
çoxistiqamətli, bir-birindən kəskin fərqlənən
modellər yox, vahid bir strateji xətt olmalıdır. Müəllif əsaslı fakt və dəlillərlə
sübut edir ki, belə kəskin fərqlərin aradan
qaldırılmasında "Kurikulum modelinə müraciət
olunması onların bir məcraya gətirilməsinə, bir xətt
üzrə qurulmasına imkan yaratmışdır".
Ön söz əvəzi
və 6 bölmədən ibarət olan kitabın hər bir
bölməsi təhsilin müxtəlif sahələrini,
problemlərini əhatə etsə də, onların
arasında bir bağlılıq var, biri digərini
tamamlayır.
Kitabın
"Müasir təhsilin məzmununun pedaqoji-psixoloji məsələləri"
adlanan I bölməsində XXI əsrdə təhsilin
inkişafının əsas istiqamətləri, təhsilin
konseptual məsələləri, təhsilin məzmunu və fəaliyyət,
şəxsiyyətin formalaşdırılmasının
pedaqoji-psixoloji məsələləri
araşdırılır.
Alimlərin,
dövlət xadimlərinin fikrinə görə, eləcə
də inkişaf etmiş dünya dövlətlərinin təcrübəsinin
təhlili göstərir ki, XXI əsrdə əsas kapital təbii
ehtiyatlar, zəngin təbii sərvətlər deyil, insan
kapitalı, onun intellektual zənginliyi, biliyidir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yazır:
"Biz öz imkanlarımızdan səmərəli istifadə
edərək maddi kapitalı insan kapitalına çevirməliyik".
A.Mehrabova görə, intellektual potensialın
formalaşması üçün təhsilin modernləşdirilməsi
aşağıdakı prioritet istiqamətlər üzrə
aparılmalıdır:
- millilik
və bəşərilik;
- qabaqlayıcı
təhsilvermə;
- universal
biliklərə yiyələnmə;
- bütün
həyatı boyu təhsilalma;
- yeni
maliyyələşdirmə modelinə keçid.
A.Mehrabov
müasir dövrdə təhsil müəssisəsinin
qarşısında duran ən vacib məsələlərdən
birinin ayrı-ayrı fənlər üzrə biliklərin
verilməsi yox, biliklərin toplanması yollarının mənimsədilməsi
olduğunu göstərir. Qeyd edir ki, təlim
prosesində şagirdlər hazır biliklərə deyil, nəzəri
və tənqidi təfəkkürə sahib
olmalıdırlar.
Aydın məsələdir
ki, bütün dövrlərdə şəxsiyyətin
formalaşdırılması psixoloq və pedaqoqların tədqiqat
obyekti olmuş, təhsilin qarşısında duran vacib vəzifələrdən
biri kimi səciyyələndirilmişdir. Lakin burada bir
məsələni unutmaq olmaz ki, hər bir ictimai quruluş,
ideoloji sistem öz tələblərinə cavab verən, onu həyata
keçirə bilən şəxsiyyətlərin
formalaşdırılmasını vacib hesab etmiş, ona
çalışmışdır. A.Mehrabova
görə, müasir Azərbaycan təhsili şəxsiyyətin
formalaşdırılmasında mənəviyyata,
özünütəşkilə, özünütəsdiqə,
özünüreallaşdırmaya əsaslanmalıdır.
Şəxsiyyət tamlığının təmin
olunması üçün insan təbiətinin dərk
olunması, təhsilin şəxsiyyətyönümlü
olması, mənəvi-gedonist, metakoqnitiv prinsiplərə əməl
olunmalıdır. Həm də bunlar
ayrı-ayrılıqda, bir-birindən təcrid olunmuş
şəkildə deyil, vəhdət halında
götürülməlidir.
Kitabda maraq
doğuran, diqqəti cəlb edən məsələlərdən
biri də təhsilin humanistləşdirilməsi və
humanitarlaşdırılması probleminə yanaşma ilə
bağlıdır. Bu problem bir də ona görə diqqəti
cəlb edir ki, təhsilin humanistləşdirilməsi və
humanitarlaşdırılması ilə bağlı bir
sıra fərqli yanaşma və mövqelər mövcuddur.
Bir çoxları bu anlayışları
humanitar fənlərin sayının və nisbətinin
artırılmasında görürlər. Hesab edirlər ki, şagirdlərin humanistləşdirilməsi
yalnız humanitar fənlərin tədrisi zamanı
mümkündür. Fizika, riyaziyyat, kimya və s. təbiət
elmləri şagirdlərdə bu keyfiyyətləri
formalaşdıra bilməz. Təbii ki, bu,
tamamilə yanlış bir yanaşmadır. Humanistləşdirilmə ayrı-ayrı fənlərin
yox, bütövlükdə təhsilin qarşısında
qoyulan tələbdir, vəzifədir. Bu məsələdə
təbiət fənləri ilə humanitar fənlər eyni
çəkiyə malikdir.
Biliklərin
humanitar və qeyri-humanitar bölgüsü, ilk növbədə,
mədəni dəyərlə bağlı biliklərə
aiddir. Başqa sözlə, əgər bilik insan
üçün şəxsi məna kəsb edirsə, onun
daxili aləmini zənginləşdirirsə, sosiomədəni
keyfiyyətlər aşılayırsa, həmin biliyin humanitar
mahiyyət daşıdığını söyləyə
bilərik. Hansısa bir bədii əsərdəki
surətlərin, süjet xəttinin sadəcə olaraq öyrənilməsi
bilik səviyyəsində qalırsa, şəxsi məna kəsb
etmirsə, mənəvi zənginliyə xidmət göstərmirsə,
bu biliyi qeyri-humanitar bilik adlandırmaq olar. Təbiət elmlərindən sayılan fizikanın
tədrisi zamanı fiziki hadisələr, alimlərin həyatı,
ətraf aləmin dərk olunması öyrənilirsə və
bu, insanın idrak imkanlarını dərinləşdirir,
şəxsi əhəmiyyət kəsb edirsə, onda fizikadan
öyrənilənləri də eyni zamanda humanitar biliklər
adlandırmaq olar.
"Humanitarlaşdırma
təlimin məzmunu əsasında, onun səviyyəsindən
və formasından asılı olmayaraq, insanın xoşbəxtliyi
və inkişafı naminə əsas sosial məsələlərin
həllinə hazır olan, müxtəlif millətlərin və
xalqların peşə və ixtisas nümayəndələri
ilə sərbəst ünsiyyət qurmaq... və nəticə
çıxarmağı bacaran insanın formalaşmasına
geniş imkan açır".
Kitabda
haqqında bəhs etdiyimiz problem barədə A.Mehrabovun
mövqeyi belə təqdim olunur və biz bu mövqeyi
doğru və haqlı hesab edirik.
Son dövrlərdə
həyatımızın demək olar ki, bütün sahələrində
sürətli yeniləşmə baş verir, dünyanın
inkişaf etmiş ölkələrinin texnologiyaları Azərbaycana
gətirilir. Bu isə eyni zamanda münasibətlər sistemində,
düşüncə tərzində köklü dəyişikliklərə
səbəb olur. Təhsil sistemində də
yeni təlim texnologiyaları tətbiq edilir. Təbii ki, bu texnologiyaların tətbiqinin pozitiv və
neqativ tərəfləri vardır. Lakin
biz dünya dövlətlərinə inteqrasiya ediriksə, təhsil
sistemimizi ən azı Avropa təhsil sisteminin tərkib hissəsi
kimi qəbul ediriksə, onda dünyada istifadə olunan təlim
texnologiyalarından istifadə olunması
qaçılmazdır. Bununla belə, İKT-nın təhsilimizə
zərər vurduğu fikrini vurğulayan alimlərimiz, təhsil
işçilərimiz də az deyil. Onlar öz fikirlərini əsaslandırmaq
üçün sovet təhsilinin uğurlarını önə
çəkir, nəzəri materialların öyrədilməsini
vacib amil kimi göstərirlər. Əlbəttə,
sovet təhsilinin uğurlarını, nəzəri biliklərin
faydalılığını heç kim
inkar etmir. Lakin biz artıq təhsilimizi yeni
dünyanın tələbləri əsasında qurmalı,
şəxsiyyətləri, şəxsi keyfiyyətləri azad
bazar iqtisadiyyatının normalarına
uyğunlaşdırmalıyıq. Yeni təlim
texnologiyalarının tətbiqi özlüyündə
problemin həlli deyil. Burada tətbiq olunan
metodika və texnologiya arasında vəhdətin
yaradılması vacibdir. "Metodikanın
predmetini təlim metodları və onun müxtəlif
kompozisiyaları müəyyən edir. Təhsilin
texnolojiləşdirilməsi isə təlimin məzmunu, tədris-təlim
prosesi və onun təşkili ilə bağlı bütün
məsələlərin kökündən yenidən
qurulması olub, onun idarəolunması ilə birbaşa
bağlıdır".
Ümumən
bütün dövrlərdə, xüsusilə bir iqtisadi,
siyasi, ideoloji sistemdən digərinə keçdikdə istənilən
sahədə, xüsusən təhsil sistemində təhsilin
metodoloji əsasının müəyyənləşdirilməsi
zəruri şərtlərdəndir. Metodologiya olmadan nə
təhsilin məzmununu, nə onun istiqamətini, nə də
böyüyən nəslin hansı keyfiyyətlərin
daşıyıcısı olmasını, bir sözlə, nəyi
və necə formalaşdırmaq mümkün deyildir. A.Mehrabovun kitabda araşdırdığı,
mövqe bildirdiyi problemlərdən biri də təhsilin metodoloji
problemləri ilə bağlıdır. A.Mehrabov öz
mövqeyini belə şərh edir: "Müasir
elmşünaslıqda metodologiya elmi idrak fəaliyyətinin təşkilinin
prinsip, forma və metodları haqqında təlim kimi başa
düşülür. Pedaqogikada isə
metodologiyaya pedaqoji gerçəkliyin dərk edilməsi və
dəyişdirilməsi haqqında nəzəri müddəaların
məcmusu kimi baxılır". Deməli,
metodologiya təhsil sistemində tənzimləyici və
normativ funksiyanı yerinə yetirir. Ona
görə də müasir Azərbaycan təhsilinin
başlıca vəzifəsi kimi təhsilin humanistləşdirilməsi,
demokratikləşdirilməsi, öyrənənlərdə nəzəri
və məntiqi təfəkkürün
formalaşdırılması prioritet təşkil etməlidir.
Problemin elmi-nəzəri təhlilini
aparan A.Mehrabov belə bir nəticəyə gəlir ki, təhsil
sahəsində zəruri islahatların, modernləşmənin
istiqamətlərinin düzgün müəyyənləşdirilməsi
üçün birinci növbədə fundamental tədqiqatlar
genişləndirilməli, elmi idrakın formalaşmasında
xüsusi yeri olan öyrənmə və öyrətmə
proseslərinin elmi, pedaqoji-psixoloji əsasları dərindən
təhlil edilməlidir.
İnsanın
həyat və fəaliyyəti yalnız və yalnız
ünsiyyət və münasibətlər üzərində
qurulur. Yerdə qalan nə varsa, hamısı onlardan
yaranır və onlara xidmət edir. Təlim-tərbiyə
prosesi isə bütövlükdə insan-insan münasibətləri
üzərində qurulur və bu qaçılmazdır.
Çünki tərəflərin hər birində
insan dayanır. Öyrədən də,
öyrənən də insandır. Lakin
sadəcə olaraq zaman-zaman münasibətlər, onun əsasında
isə mövqelər dəyişir. Əgər
son vaxtlara qədər öyrədən və öyrənənlər
arasında münasibətlər subyektin obyektə münasibəti
kimi qurulurdusa və şagird yalnız öyrədilənləri,
lazım bilinənləri öyrənməli idisə və
burada əks əlaqə yaranmırdısa, indi münasibətlər
subyektin subyektə münasibəti kimi qurulmalıdır.
Çünki əks halda nə düşünən,
nə yaradıcı təfəkkürün
daşıyıcısı olan azad, humanist keyfiyyətlərə
sahib olan şəxsiyyətdən danışmaq mümkün
deyil.
Subyektin subyektə
münasibəti hər iki tərəfdən
dözümlülük, xeyirxahlıq,
qarşılıqlı inam və hörmət tələb
edir. Bununla belə, praktikada bəzən bu xüsusiyyətlər
düzgün başa düşülmür. Düzgün pedaqoji ünsiyyət öyrənənin
və öyrədənin özünütəsdiqi,
özünüreallaşdırması, mənəvi zənginləşmə
üçün yaradılan psixoloji mühit, şəraitdir.
Kitabda irəli
sürülən, əsaslandırılan başlıca
ideyanın məzmunu belədir. Bütün bunlar isə
keyfiyyətli idarəetmə nəticəsində reallaşa
bilər. A.Mehrabova görə, idarəetmə
müxtəlif təbiətli (bioloji, sosial, texniki) sistemlərin
elementi və funksiyası olub, onların müəyyən
strukturunun saxlanılmasını, fəaliyyət rejiminin
mühafizəsini, məqsədin reallaşmasını təmin
edir. Təhsilin keyfiyyəti isə təhsil
nəticələrinə uyğun olaraq əvvəlcədən
müəyyən edilmiş normativlərə (standartlara)
müvafiq, təhsil alanların səviyyəsi, ümumi halda
isə təhsil sisteminin durumu ilə müəyyən edilir.
Burada yalnız bilik deyil, həm də
dünyagörüşü, şəxsi keyfiyyətlər
prioritet götürülməlidir.
Kitabda eyni
zamanda peşə-ixtisas təhsilinin problemləri, təhsildə
innovasiyalar, informatlaşdırma problemləri, əlavə təhsilin
modernləşdirilməsinin psixoloji-pedaqoji əsasları
geniş şəkildə araşdırılaraq təhlil olunur.
Kitabda ali
peşə-ixtisas təhsil sisteminin müasir problemlərinin
verilməsi xüsusi aktuallıq kəsb edir. İlk növbədə,
ona görə ki, ali təhsil sistemi pedaqoq
və psixoloqlarımızın bu vaxtadək az diqqət
yetirdiyi sahələrdəndir. Artıq neçə illərdir
ki, respublikamız Boloniya prosesinə qoşulmuş, ali təhsillə bağlı bir sıra
dövlət sənədləri qəbul olunmuşdur. Demək
olar ki, ali təhsilin bir sıra vacib
problemləri məhz bu kitabda öz əksini tapmış,
onlara münasibət bildirilmişdir.
A.Mehrabovun
"Müasir təhsilin konseptual problemləri" adlı 516
səhifəlik kitabını təhsil sisteminin müxtəlif
sahələrini əhatə edən fundamental elmi-nəzəri
əsər hesab etmək olar. Təhsilin pedaqoji,
psixoloji, metodiki və metodoloji məsələlərini
özündə vəhdət halında birləşdirən
bu kitabı Azərbaycan pedaqoji-psixoloji elminin son dövrlərdəki
ən böyük uğurlarından biri kimi qəbul etmək
olar. Pedaqoji ictimaiyyət, məktəb rəhbərləri,
müəllimlər və magistrlər, pedaqoji sahədə
çalışan tədqiqatçılar və təhsillə
maraqlanan digər peşə sahibləri üçün nəzərdə
tutulan bu kitab inanırıq ki, onların stolüstü
kitabına çevriləcək, ondan istifadə edənlər
Azərbaycan təhsilinin inkişafı yolunda faydalı biliklər
əldə edəcəklər.
Ramiz ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 20
avqust.- S.4.