"Həyati bacarıqlara əsaslanan
təhsil" fakültativ kursunun tədrisi
barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
Azərbaycanda həyata
keçirilən təhsil islahatlarının əsas istiqamətlərindən
biri məzmun islahatlarıdır. Hazırlanmaqda olan yeni fənn
kurikulumları da şəxsiyyətyönümlü, nəticəyönümlü,
inkişafetdirici xarakter daşımaqla şagirdlərdə həyati
bacarıqların (kompetensiyaların) formalaşmasına xidmət
edir.
Təhsil Nazirliyi məzmun
islahatları istiqamətində bir sıra beynəlxalq təşkilatlarla
birgə layihə və proqramlar həyata keçirir. Belə
layihələrdən biri də Təhsil Nazirliyi və Qlobal
Fond tərəfindən həyata keçirilən "Azərbaycanda
İİV/QİÇS-ə qarşı cavab tədbirlərinin
gücləndirilməsi" layihəsidir. Dünya təcrübəsində
geniş tətbiq olunan bu layihə Azərbaycanda 2006-cı
ilin yanvarından başlanmışdır. Layihə çərçivəsində
ümumtəhsil məktəblərində "Həyati
bacarıqlara əsaslanan təhsil" üzrə
fakültativ kursun tədrisi nəzərdə
tutulmuşdur.
Məzmununa görə inteqrativ
olan bu kursun məqsədi şagirdlərə sağlam həyat
tərzi və yaşamaq bacarıqlarının aşılanması,
bu sahədə müvafiq bilik, bacarıq və vərdişlərin,
effektiv davranış strategiyalarının formalaşdırılmasıdır.
Kursun məzmununa
sağlamlığın qorunması ilə yanaşı, insan
hüquqları, vətəndaşlıq və digər qlobal
sosial problemlər də daxil edilmişdir. Kursun tədrisində
təlimin fəal/interaktiv üsullarından istifadə edilməklə
şagirdlərin qazandıqları zəruri bilik, bacarıq və
vərdişləri həyatda tətbiq edə bilmələri
əsas məqsəd kimi müəyyənləşdirilmişdir.
Layihə çərçivəsində
Təhsil Nazirliyində qabaqcıl müəllimlərdən,
metodistlərdən, alimlərdən ibarət işçi
qrupu yaradılmış və həmin işçi qrupu tərəfindən
"Həyati bacarıqlara əsaslanan təhsil üzrə
Milli Konsepsiya" (Təhsil Nazirliyinin 22.05.2006-cı il tarixli,
366 nömrəli əmri ilə təsdiq edilmişdir), I-IV,
V-IX və X-XI siniflər üçün "Həyati
bacarıqlara əsaslanan təhsil" kursunun
proqramları
hazırlanmış (Təhsil Nazirliyinin 17.07.2006-cı
il tarixli, 571 nömrəli əmri ilə təsdiq
edilmişdir), ibtidai, əsas və orta təhsil pillələri
üzrə müəllimlər üçün "Həyati
bacarıqlara əsaslanan təhsil" adlı tədris vəsaiti
hazırlanmışdır. Tədris vəsaitində hər
bir mövzunun məqsədi, təlim üsulları, qiymətləndirmə
mexanizmi və təlim materialının məzmunu barədə
məlumatlar öz əksini
tapmışdır.
Layihə çərçivəsində
beynəlxalq ekspertlər tərəfindən "təlimçilərin
təlimi" üzrə treninqlər keçirilmiş,
sonrakı mərhələdə isə respublikanın 1987 məktəbində
"Həyati bacarıqlara əsaslanan təhsil" kursunu tədris
edəcək 5142 nəfər müəllim treninqdən
keçirilib, il ərzində treninqlərin keçirilməsi
davam etdiriləcəkdir.
Qeyd olunanları nəzərə
alaraq
ƏMR EDİRƏM:
1.
2010-2011-ci tədris ilindən respublikanın ümumtəhsil məktəblərinin
I-XI siniflərində "Həyati bacarıqlara əsaslanan təhsil"
fakültativ kursunun tədrisinə həftədə 1 saat
ayrılmaqla davam etdirilsin.
2. Naxçıvan
MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi,
rayon (şəhər) təhsil
şöbələrinə:
2.1. Tədris planında
fakültativ, fərdi və qrup məşğələləri
üçün ayrılmış saatlar hesabına "Həyati
bacarıqlara əsaslanan təhsil" kursunun tədrisini təşkil
etsinlər və dərs ilinin sonunda Təhsil Nazirliyinə yazılı
hesabat təqdim etsinlər.
2.2. Fakültativ, fərdi
və qrup məşğələləri üçün nəzərdə
tutulmuş saatlardan kursun tədrisinə ayrılması
mümkün olmayan hallarda dərnək məşğələlərində,
həmçinin fənlər üzrə müvafiq
mövzuların tədrisində nəzərdə tutulmuş vəsaitdən istifadə
olunmasını təmin etsinlər.
2.3. Kursun müvafiq
treninqdən keçmiş müəllimlər tərəfindən
tədris edilməsini nəzərdə tutsunlar.
3. Layihənin
milli əlaqələndiricisi (F.Qədirov) "Həyati bacarıqlara
əsaslanan təhsil" kursunun ümumtəhsil məktəblərində
tədrisi və nəticələr barədə tədris
ilinin sonunda hesabat təqdim etsin və müvafiq təkliflər
hazırlasın.
4. Təhsil
Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) bu əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc
edilməsini təmin etsin.
5.
Təhsil Nazirliyinin Ümumi şöbəsi (A.Nəbiyev) əmrin
çoxaldılaraq bütün rayon (şəhər) təhsil
şöbələrinə çatdırılmasını təmin
etsin.
6. Əmrin icrasına nəzarəti
öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
10 avqust 2010-cu il
Azərbaycan müəllimi.- 2010.- 20 avqust.- S.2.