Onlar ali məktəblərə builki
qəbul imtahanlarında 700 bal toplayıblar
Artıq dördüncü ildir ki, ali
məktəblərə qəbul imtahanlarında ən yüksək-
700 bal zirvəsi fəth olunur. Bu il isə estafeti
İsmayıl Kazımov, Nəriman Məmmədli, Esmira
Baxşəliyeva, İlkin Məsimov, Aygül Tanrıverdiyeva,
Günel Abdullayeva və Aydan Həsənova davam etdirmişlər.
Tələbə adını qazanmış bu yeddi gənc 700
ballıq nəticə ilə imtahan verdikləri qrupların və
bütövlükdə builki abituriyentlərin liderlərinə
çevrilmişlər.
Həmin gənclər haqqındakı yazıları
oxucularımıza təqdim edirik.
Kazımov İsmayıl Əkbər oğlu
1992-ci il oktyabrın 20-də
Mingəçevir şəhərində ziyalı ailəsində
anadan olub. 1999-cu ildə Mingəçevir şəhər N.Gəncəvi
adına 8 nömrəli orta məktəbin ənənəsinə
görə I sinfə qəbul olan şagirdlərin qavrama qabiliyyətini yoxlayan məktəbin
direktoru Adil Kərimov
İsmayılda qeyri-adi bir istedad olduğunu hiss edib. Elə
həmin ildən məktəbin bütün müəllim
kollektivi onun gələcəkdə böyük uğurlar
qazanacağına inanıb.
Həqiqətən də
İsmayıl öz fitri istedadı, bilik və
bacarığı, intellektual səviyyəsi ilə həmyaşıdlarından
fərqlənib. O, yaxşı oxumaqla bərabər yüksək
mədəniyyətə, tərbiyəyə malik bir şagird
olub. Təhsil aldığı müddətdə məktəbin
ictimai işlərində yaxından iştirak edib, təhsil
ocagında fəaliyyət göstərən "Uşaq
parlamenti" və "Ekoloji iş" üzrə komissiyasının sədri
olub. Altıncı sinifdən başlayaraq o, bir çox bilik
yarışlarında, olimpiadalarda iştirak edərək,
yüksək nəticələr əldə edib. Müxtəlif fəxri fərmanlara, mükafatlara
layiq görülüb.
O, on birinci sinfə qədər
"Dərs əlaçısı", "İlin ən
yaxşı şagirdi" adlarını daşıyıb.
Şəklı daim məktəbin "Şərəf
lövhəsi"ni bəzəyib.
2010-cu ildə oxuduğu məktəbi əla qiymətlərlə başa
çatdıran İsmayıl ali məktəbə qəbul
olunmaq üçün sənədlərini II ixtisas qrupuna
verib və yüksək bilik nümayiş etdirərək 700
bal toplayıb. Qafqaz Universitetinin Sənayenin təşkili və
idarə olunması ixtisasına qəbul olunaraq arzusuna
qovuşub. Sevimli müəllimləri Çimnaz
Mustafayevanın, Səidə Babayevanın və Nübar
İsmayılovanın etimadını doğruldub.
İsmayılın arzusu ali
təhsilini uğurla başa çatdırdıqdan sonra
bacarıqlı bir mütəxəssis kimi müstəqil Azərbaycana
layiqincə xidmət etməkdir.
Məmmədli Nəriman İsmixan oğlu
1992-ci il dekabrın 21-də
Bakı şəhərində hərbiçi ailəsində
anadan olub. 1999-cu ildə paytaxtdakı 175 nömrəli orta məktəbin
birinci sinfinə gedərək, dördünci sinfə kimi
burada oxuduqdan sonra Türkiyə Diyanət Vəqfi Bakı
Türk Liseyində təhsilini davam etdirib.
Nəriman bu liseydə
oxuduğu 7 il ərzində yüksək biliklə
yanaşı, nümunəvi əxlaqi keyfiyyətlər də
qazanıb. Liseydə mövcud olan güclü nizam-intizam,
şagirdlər arasında sağlam rəqabətin
yaranmasına imkan verib. Sözsüz ki, bu rəqabət
verilmiş dərs materiallarının yüksək səviyyədə
mənimsənilməsinə şərait yaradıb. Təsadüfi
deyildir ki, o, IX-X siniflərdə oxuyarkən "Araz"
kursunun keçirdiyi bilik yarışlarında iştirak edərək
birinci yeri tutub. Burada oxuduğu illər ərzində
keçirilmiş sınaq imtahanlarında o, həmişə
680-700 bal toplayıb. Əlbəttə, bu uğurun
qazanılmasında ona dərs deyən müəllimlərin əməyi
əvəzsizdir. Onların hər biri böyük səylə
çalışır ki, şagirdləri yüksək nəticələr
əldə etsinlər. Elə bunun nəticəsidir kı,
2010-cu ildə liseyi fərqlənmə attestatı ilə bitirən
Nəriman ali məktəbə qəbul olunmaq
üçün sənədlərini I ixtisas qrupuna verib və
yüksək bilik nümayiş etdirərək 700 bal
toplayıb. Qafqaz Universitetinə daxil olan Nəriman burada
İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
ixtisasına yiyələnəcək.
Nəriman
qazandığı bu uğura görə ilk növbədə
ona dördüncü sinfə kimi dərs demiş sinif rəhbəri Solmaz müəllimə, liseyin
direktoru Kadir Bekdaşoğluna, valideynlərinə ona göstərdikləri
qayğıya görə minnətdarlığını
bildirir.
Ən böyük arzusu
seçdiyi bu ixtisas üzrə xarici ölkə universitetlərinin
birində dövlət xətti ilə təhsil alıb
doğma vətənə qayıdaraq, layiqli bir övlad kimi
müstəqil Azərbaycan Respublikasına qulluq etməkdir.
Baxşəliyeva Esmira Qəhrəman qızı
1993-cü ildə Bakı şəhərində
ziyalı ailəsində anadan olub. 1999-cu ildə Bakı şəhəri
F. Tağıyev adına 72 nömrəli məktəb-liseyin
birinci sinfinə daxil olub. Bu təhsil ocağında oxuduğu
illərdə fənn olimpiadalarında iştirak edərək
qələbələr qazanıb, fəxri fərmanlara,
mükafatlara layiq görülüb. 2010-cu ildə Heydər Əliyev
adına Müasir Təhsil Kompleksinin təşkil etdiyi məktəblilərin
3-cü intellekt olimpiadasında onun da iştirak etdiyi məktəb
komandaları mütləq nominasiya üzrə 1-ci yeri tutub. O,
bilik və bacarığı ilə bərabər yüksək
əxlaqi keyfiyyətlərə malik bir şagird olub. Təhsil
aldığı məktəbin ictimai işlərində daim
fəal iştirak edib.
Esmira 2010-cu ildə
oxuduğu 72 nömrəli məktəb-liseyi fərqlənmə
attestatı ilə bitirərək, ali məktəbə qəbul
olunmaq üçün sənədlərini IV ixtisas qrupuna
verib və bütün suallara düzgün cavab yazaraq 700 bal
toplayıb. Azərbaycan Tibb Universitetinə müalicə
işi ixtisası üzrə qəbul olunub.
O, əldə etdiyi bu
yüksək uğurun qazanılması üçun
yaratdıqları bütün lazımı şəraitə
görə ilk növbədə valideynlərinə borclu
olduğunu söyləyir. Eyni zamanda məktəbdə
oxuduğu illərdə onun yüksək təhsil almasında
əməyi olan təhsil ocağının direktoru Polad Əjdərova,
ilk müəllimi Elmira Məmmədliyə, sinif rəhbəri
Mətanət Əliyevaya, riyaziyyat müəllimi Tofiqə Nəsibliyə
və məktəbin bütün müəllim kollektivinə dərin təşəkkürünü
bildirir.
Esmiranın ən
böyük arzusu ixtisası üzrə Almaniyada təhsil
almaq və Azərbaycana qayıdıb xalqımıza layiqincə
xidmət etməkdir. Arzusunun həyata keçməsində
biz də ona uğurlar diləyirik.
Məsimov İlkin Natiq oğlu
1992-ci ildə Şəki
şəhərində anadan olub. Bir müddət sonra ailəsi
Bakıya köçdüyü üçün 1999-cu ildə
paytaxtdakı 104 nömrəli orta məktəbin I sinfinə
daxil olub. 2001-ci ildən təhsilini 282 nömrəli orta məktəbdə
davam etdirib. 2006-cı ildə Təhsil Nazirliyinin tabeliyindəki
Fizika-riyaziyyat və informatika təmayüllü liseyə qəbul
edilib.
2010-cu ildə qəbul
imtahanlarında bütün suallara düzgün cavab yazaraq 700
bal toplayıb və arzusunda olduğu Qafqaz Universitetinin Sənayenin
təşkili və idarə olunması ixtisasına qəbul
olunub.
İlkin Məsimov bu nailiyyətlərin
əldə olunmasında təhsil aldığı liseyin
direktoru Tariyel Talıbovun, riyaziyyat müəllimi Şəmsi
Səfərovun, X və XI siniflərdə dinləyicisi
olduğu "Araz" kursunun böyük rolunu qeyd edir.
2008-ci ildə İlkin
"Xüsusi istedada malik olan uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramının (2006-2010-cu illər)"
icrası ilə əlaqədar riyaziyyat fənnindən
keçirilmiş seçim turunda xüsusi istedadı ilə
fərqlənərək, 2-ci dərəcəli diplomla təltif
olunub. 2009-cu ildə həmin Dövlət Proqramının
riyaziyyat fənni üzrə keçirilən seçim turunda
1-ci dərəcəli diploma layiq görülüb. Yenə həmin
ildə "Çağ" Öyrətim İşlətmələri
"Araz" kursları tərəfindən Novruz bayramı
münasibətilə Bakı şəhəri üzrə IX və
XI sinifdə təhsil alan məktəblilər arasında
keçirilmiş "Bilik yarışı"nda II ixtisas
qrupu üzrə II yeri tutduğuna görə fəxri fərmanla
təltif olunub. Arzusu gələcəkdə savadlı mütəxəssis
kimi yetişmək və xalqına, dövlətinə ləyaqətlə
xidmət etməkdir.
Tanrıverdiyeva Aygül Oqtay qızı
1992-ci ildə Bakı şəhərində
ziyalı ailəsində anadan olub. 1999-cu ildə paytaxtın Nərimanov
rayonundakı 212 nömrəli məktəbin birinci sinfinə
gedib, dördüncü sinfə kimi bu məktəbdə
"5" qiymətlərlə oxuyub. Sonra müəyyən səbəblərdən
Bakının Binəqədi rayonundakı 115 nömrəli
orta məktəbdə təhsilini davam etdirib. Bu məktəbdə
də "5" qiymətlərlə oxumaqla yanaşı, təhsil
ocağının ictimai işlərində də həmişə
fəal iştirak edib. O, bir çox bilik
yarışlarında, əsasən riyaziyyat və tarix fənlərindən
olimpiadalarda iştirak edərək mükafatlara layiq yerlər
tutub. Birinci sinifdən on birinci sinfə kimi əla qiymətlərlə
oxuyub. 2010-cu ildə Aygül ali məktəbə qəbul
olunmaq üçün sənədlərini IV ixtisas qrupuna
verib və bütün sualları düzgün
cavablandıraraq 700 bal toplayıb. Azərbaycan Tibb Universitetinə
müalicə işi ixtisası üzrə daxil olub.
Aygül qazandığı
bu uğura görə valideynlərinə, ilk ibtidai sinif
müəllimi Məleykə, Nəcibə və sinif rəhbəri Nəzirə
müəllimə, riyaziyyat fənnindən ona dərs
demiş Qədim müəllimə öz dərin təşəkkürünü
bildirir.
Ən böyük arzusu
universiteti bitirdikdən sonra təhsilini
davam etdirərək elmi mövzular üzərində işləmək,
layiqli bir alim, mütəxəssis kimi xalqına xidmət etməkdir.
Abdullayeva Günel Eldar qızı
1992-ci il iyunun 19-da Şəki
rayonunun Kiçik Dəhnə kəndində anadan olub. 1998-ci
ildə Kiçik Dəhnə kənd 2 nömrəli orta məktəbinin
I sinfinə qəbul olub. 2009-cu ildə həmin məktəbi əla
qiymətlərlə başa vuran Günel I ixtisas qrupu üzrə
qəbul imtahanlarına sənəd verib. Lakin həmin il
elektron ərizəsini vaxtında təsdiq etdirmədiyinə
görə qəbul imtahanlarında iştirak edə bilməyib.
Buna baxmayaraq, ruhdan düşməyən Günel Abdullayeva
2010-cu ildə qəbul imtahanlarında yenidən iştirak etmək
üçün sənədlərini I ixtisas qrupuna verib. Test
imtahan suallarının hamısına düzgün cavab yazaraq
700 bal toplayıb və arzusunda olduğu Qafqaz Universitetinə
kimya mühəndisliyi ixtisası üzrə qəbul olunub.
Məktəbin I sinfinə qədəm
qoyduğu gündən istedadı və fitri qabiliyyəti ilə
yaşıdlarından fərqlənən Günel sonralar əlaçı
şagird kimi yoldaşları və
müəllimləri tərəfindən sevilib, şəkli
həmişə məktəbin "Şərəf lövhəsi"ni
bəzəyib.
Orta məktəbdə təhsil
aldığı müddətdə rayon, şəhər və
respublika səviyyəsində keçirilən müxtəlif
fənn olimpiadalarında
iştirak edib, diplom və fəxri fərmanlara layiq görülüb.
2010-cu ildə isə Xəzər Universitetinin keçirdiyi I
ixtisas qrupu üzrə Respublika Olimpiadasında göstərdiyi
nəticələrə görə I yerə layiq
görülüb.
Ən böyük arzusu qəbul
olduğu Qafqaz Universitetini əla qiymətlərlə başa
vurduqdan sonra nüfuzlu dünya universitetlərinin birində təhsilini
davam etdirmək və yetkin mütəxəssis kimi doğma vətənə
qayıdıb müstəqil Azərbaycan Respublikasına xidmət
etməkdir.
Həsənova Aydan Aydın qızı
1993-cü il avqustun 20-də
Bakı şəhərində ziyalı ailəsində anadan
olub. Birinci sinfə paytaxtın 281 nömrəli məktəbində
gedib.
Təhsil almağa
başladığı ilk illərdən Aydan yüksək
bilik səviyyəsi ilə həmişə
yaşıdlarından seçilib. 2003-cü ildə Türkiyə
Diyanət Vəqfinin Bakı Türk Liseyinin qəbul
imtahanında uğur qazanıb və V sinifdən təhsilini
bu liseydə davam etdirib.
Aydan burada da biliyi və hazırlığı ilə
fərqlənib. Ona dərs deyən qabaqcıl təcrübəyə
malik müəllimləri sayəsində tədris olunan
bütün fənləri eyni dərəcədə sevib və
dərindən mənimsəyib. Bütün sinifləri əlaçı
kimi başa vuran Aydan mərkəzləşdirilmiş qaydada
keçirilən buraxılış imtahanlarını da
müvəffəqiyyətlə verib və liseyi fərqlənmə
attestatı ilə bitirib.
Ali təhsil almaq
üçün IV ixtisas qrupunu seçən Aydan qəbul
imtahanlarında ən yüksək nəticəni göstərməyə
nail oldu. Artıq o, Azərbaycan Tibb Universitetinin tələbəsidir.
Aydan deyir ki, anam mənim həkim
olmağımı arzulasa da, əvvəllər özüm
heç vaxt bu fikirdə olmamışdım. Amma
biologiyanı, xüsusən də insanın
anatomiyasını öyrənməyə başlayandan sonra məndə
bu sahəyə böyük maraq oyandı.
"Qəbul imtahanlarında
bu uğuru əldə edəcəyinə əmin idinmi"
sualına Aydan belə cavab verdi:
- Düzü, o qədər
də inanmırdım. Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının keçirdiyi sınaq
imtahanlarında ən yüksək nəticəm 690 bal
olmuşdu. Bu inamı məndə sinif yoldaşlarım,
müəllimlərim yaratdı. Onların etimadı mənim
məsuliyyətimi daha da artırdı, daha ciddi
çalışmağa ruhlandırdı. Bəlkə də
bunun nəticəsidir ki, imtahanda heç bir həyəcan hiss
etmədim. Amma biləndə ki, 700 bal toplamışam, nədənsə çox
böyük həyəcan keçirdim.
Aydan bilik sınağında
qazandığı nailiyyətə görə ona hər zaman
mənəvi dəstək göstərən anası Sevinc
xanıma, dostlarına və yoldaşlarına minnətdar
olduğunu bildirdi və onların ümidini doğrultduğu
üçün çox sevindiyini dedi.
Türkiyə Diyanət Vəqfinin
Bakı Türk Liseyinin məzunu olması ilə qürur
duyduğunu söyləyən Aydan təhsil
ocağının müdiri Kadır Bektaçoğluya, sinif
rəhbəri Yusif Səfərova, müəllimləri Kəmalə
Bədəlova, Yəhya Şərifov, Balakişi
Bağmanlı və başqalarına təşəkkürünü
bildirdi.
Aydan gələcəkdə
təhsilini Almaniyada davam etdirmək, Vətənə qayıdıb
xalqına ləyaqətlə xidmət etmək niyyətindədir.
Bu yolda Aydana uğurlar arzulayırıq.
Azərbaycan müəllimi.- 2010.- 20
avqust.- S.3.