"Elm Çində də olsa, onun
dalınca gedin"
Məhəmməd Əleyhissəlamın bu məşhur kəlamı
xarici ölkələrə
gedib mükəmməl
elm və təhsil almaq istəyən hər bir kəs
üçün ülvi
bir tövsiyədir. Eləcə
də "Təhsil millətin gələcəyidir"
- söyləyən ümummilli
lider Heydər Əliyev ölkəmizə
rəhbərlik etdiyi bütün zamanlarda savadlı kadrların hazırlanıb yetişməsini,
gənclərin xaricdə
təhsil alıb Azərbaycana lazım olan peşəkar kadr kimi formalaşmalarını
diqqət mərkəzində
saxlamış, onlara həmişə qayğı
göstərmişdir.
Təhsilimizin bugünkü inkişafı,
tərəqqisi, qloballaşan
dünyada özünəməxsus
yer tutması buna əyanı sübutdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı"
təsdiq edilmişdir. Qürur
hissilə deyə bilərik ki, bu gün azərbaycanlı
tələbələr dünyanın
ən inkişaf etmiş ölkələrinin
nüfuzlu ali
məktəblərində təhsil
alırlar. Belə tələbələrdən biri də 1988-ci ildə Bakı şəhərində anadan
olmuş Orxan Salmanlıdır. O, Bakıdakı
96 nömrəli orta məktəbdə beşinci
sinfə kimi oxuduqdan sonra, 1998-ci ildə Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyində təhsilini davam etdirmişdir. 2005-ci ildə liseyi əla qiymətlərlə
bitirən Orxan
sənədlərini ikinci
qrupa verərək qəbul imtahanından 697
bal toplamışdır. Qeyd
edək ki, bu imtahanlar test üsulu ilə keçirilməyə başlanandan
bəri ən yüksək bal idi. Orxan həmin
balla Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasında
oxumaq şansı qazansa da, onun
arzusu xaricdə
təhsil almaq olmuşdu. Odur ki, o, Türkiyə
Orta Doğu Texniki Universitetinə qəbul olur. Həmin günləri xatırlayan Orxan bildirdi ki, "Türkiyəyə təhsil
almağa yola düşəndə Bakı
Əyləncə Mərkəzində
tələbələrlə görüşən təhsil
nazir Misir Mərdanov bizə xeyir-dua verdi,
uğurlar arzuladı.
Bu yolu uğurla
başa vuracağıma
çox əmin idim. Elə də oldu, bu
il təhsilimi
fərqlənmə diplomu
ilə başa çatdırdım. Bu münasibətlə
universitetdə iyun ayında keçirilən yığıncaqda
bütün tələbələr
adından çıxış
üçün mənə
söz veriləndə
böyük qürur hissi keçirdim. Onu da deyim kı,
həmişə təhsilimizə
öz diqqət və qayğısını
əsirgəməyən Heydər
Əliyev Fondu bu yığıncaqda, fərqlənən məzun
olduğum üçün,
məni Fondun döş nişanı ilə təltif etdi. Bütün bu qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, təhsil naziri Misir Mərdanova,
Azərbaycanın Türkiyədəki
səfirliyinin təhsil
atteşesi Nəcibə
Nəsibovaya öz dərin minnətdarlığımı bildirirəm"...
Sonda onu da qeyd edək
ki, bu il
təhsilini başa vuran Orxan Salmanlı
sənədlərini magistraturaya
verərək dünyanın
ən nüfuzlu ali məktəblərinə
London İqtisadiyyat Universiteti
(LSE), Paris Biznes Universiteti
(HEC), ABŞ-ın Duke Universiteti,
İngiltərənin Varvik
Universitetinə qəbul
olmuşdur.
Orxan Avropanın ən
yaxşı iqtisad universiteti kimi tanınan London İqtisadiyyat
Universitetində oxumağı planlaşdırıb. Buranı
bitirdikdən sonra isə arzusu doktoranturaya qəbul olmaqdır.
O, elmin ən yüksək zirvəsini fəth etmək istəyi
ilə yaşayır. Orxana bu çətin və şərəfli
yolda uğurlar diləyirik.
Ədalət DAŞDƏMİRLİ
Azərbaycan müəllimi.- 2010.- 20 avqust.- S.3.