Çoxşaxəli fəaliyyətin istiqamətləri

  

Mehriban Əliyeva: "Təhsil, səhiyyə və mədəniyyət sahəsində son beş il ərzində gördüyümüz işlər Heydər Əliyev Fonduna həm Azərbaycanda, həm də beynəlxalq ictimaiyyət arasında hörmət və ehtiram qazandırmışdır"

 

Qloballaşma prosesinin və çoxqütblü inteqrasiyaların mənfi təzahürlərinin milli mənəvi dəyərlərə, adətnənələrə qarşı yönəldiyi bir zamanda ümummilli lider Heydər Əliyev xalqın özünəməxsusluğunu qorumuş, bütövlükdə milli mənəvi və maddi dəyərlərimizin yaşadılmasına, tariximizin öyrənilməsinə, xalqın yolu keçən təhsilimizin inkişafına böyük önəm vermiş, qayğı göstərmişdir.

Ulu öndərin ənənələri bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İctimai əsaslarla fəaliyyət göstərən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti ictimaiyyət arasında hörmət qazanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 mart 2004-cü il tarixli "Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" Fərmanı ilə bağlı olaraq Heydər Əliyev Fondu, ilk növbədə, ümummilli liderin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasi kursun öyrənilməsi və təbliği, habelə bu ideyaların reallaşdırılması niyyətilə yaradılmışdır. Təşkilat ilk gündən həmçinin elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələrin hazırlanıb həyata keçirilməsi, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək məqsədini qarşıya qoymuşdur.

Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərilməsi, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, elmi tədqiqatların aparılmasına yardım göstərilməsi, ölkənin yaradıcı və elmi potensialının artırılması kimi məqsədlər də Fondun ötən 6 illik fəaliyyətində prioritet istiqamətlər olmuşdur. Bundan əlavə, qurum respublikada məktəb quruculuğunun, uşaq müəssisələrinin infrastrukturlarının, tibbi təsisatların inkişaf etdirilməsi, ekologiya sahəsində mühüm tədqiqatların dəstəklənməsi, sağlam həyat tərzinin təbliği, Azərbaycanın ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarların keçirilməsi, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərinin təşkili sahəsində də uğurlu nəticələr əldə etmişdir. Dini tolerantlığın inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının qorunması kimi məqsədlər də bu sıraya əlavə oluna bilər.

Azərbaycanda mədəni müxtəlifliyin təmin olunmasına, bəşəriyyətin nicatına, insanlığın yüksəlişinə xidmət edən nəcib və humanist dəyərlərin inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri də xüsusi vurğulanmalıdır. Azərbaycanın birinci xanımı xalqın milli varlığının və özünəməxsusluğunun təcəssümü kimi əsrlər boyu formalaşmış zəngin mənəvi irsi, milli düşüncə və dəyərlər sistemini yad təsirlərdən qorumaq, zəngin mədəniyyəti bəşər miqyasında təbliğ etmək kimi çətin və şərəfli vəzifənin öhdəsindən layiqincə gəlir.

Son 6 ildə ulu öndər Heydər Əliyevin ali ideyalarına tapınan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə sanballı töhfəsini verən Heydər Əliyev Fondu Azərbaycan xalqının milli mədəniyyətinin, milli mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətdə saflıq, nəciblik, xeyirxahlıq kimi dəyərlərin təbliğində müstəsna xidmətlərə malikdir. Fond ümummilli liderin xeyirxah və nəcib əməllərini yaşatmaq üçün ictimai həyatın müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir.

Xalqa xidməti həyat kredosuna çevirmiş böyük şəxsiyyətlər bunun müqabilində hər zaman təmənnasız olmuş, dar məqsəd güdməmişlər. Fəqət, belə nəcib və xeyirxah insanların mənəvi yüksəliş və ucalığa xidmət edən çoxşaxəli fəaliyyətinin obyektiv dəyərləndirilməsi bəzən obyektiv tələbat kimi ortaya çıxır. Nəcib və tərəqqipərvər təşəbbüslərinə görə hələ 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülən, 2007-ci ildə "Qızıl ürək" beynəlxalq mükafatı, Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı, "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun Yaqut Xaç ordeni ilə təltif olunmuş Azərbaycanın birinci xanımının dövlət başçısı İlham Əliyevin 2009-cu il 5 may tarixli Sərəncamı ilə "Heydər Əliyev mükafatı"na layiq görülməsi də onun əzmkar fəaliyyətinə verilən adekvat qiymətdir. 2010-cu ildə isə Mehriban xanım Əliyeva Fransanın "Şərəf Legionu" ordeni və YUNESKO-nun "Qızıl Motsart" medalı ilə təltif olunmuşdur.

Qurumun 5 illik yubiley mərasimində iştirak edən dövlət başçısı İlham Əliyev qısa müddətdə böyük layihələri uğurla gerçəkləşdirməyə müvəffəq olmuş Heydər Əliyev Fondunun cəmiyyətdə böyük inam və etimad qazandığını razılıqla qeyd etmişdir: "Son beş il ərzində Heydər Əliyev Fondu, sözün əsl mənasında, ümumxalq fondu olmuşdur. Bu Fondun xətti ilə aparılan işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüslər göz qabağındadır. İstər təhsil, istər səhiyyə sahəsində, mədəniyyət sahəsində, mənəvi irsin qorunması işində, Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində, Azərbaycanın olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılması işində Heydər Əliyev Fondunun rolunu çox yüksək qiymətləndirirəm. Bu Fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu Fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən: "Xoş niyyət" - deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük".

Fond qısa müddət ərzində həyata keçirdiyi böyük layihələrlə dövlətin təhsil strategiyası çərçivəsində qarşıya qoyduğu bir sıra vacib planların gerçəkləşdirilməsinə töhfəsini vermişdir. Mehriban xanım Əliyevanın ictimai fəaliyyətinin əsas prioritetləri sırasında elm və təhsilin mühüm yer tutması qətiyyən təsadüfi deyildir. Azərbaycanın gələcəyinin təhsilli insanların çiyinləri üzərində qurulacağını böyük uzaqgörənliklə vurğulamış ulu öndər Heydər Əliyevin ideyalarını əldə rəhbər tutaraq onların gerçəkləşdirilməsinə çalışan Fond 6 illik fəaliyyəti ilə cəmiyyətdə maarifçilik xəttinin güclənməsinə təkan vermişdir.

Elmin, təhsilin dinamik inkişafı, milli mədəni irsin mənfi təsirlərdən qorunması, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bu günün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi yolunda məqsədyönlü işlərin görülməsi, ilk növbədə, həqiqi vətənpərvərlikdən irəli gəlir. Yalnız səmimi vətənpərvərlik hissi, Vətən sevgisindən qaynaqlanan təmənnasız, pak hisslər insanı olduqca çətin, lakin xalqın və dövlətin gələcəyi baxımından müstəsna əhəmiyyətli işləri həyata keçirməyə sövq edə bilər. Bu baxımdan YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın elm və təhsilin tərəqqisinə əlahiddə münasibəti onun fəal vətəndaş mövqeyində dayanmasının, nümunəvi vətənpərvərliyinin əyani ifadəsidir.

Fondun maarifçilik sahəsindəki fəaliyyəti hansısa konkret çərçivə ilə məhdudlaşmır - məktəb tikintisindən tutmuş, YUNESKO ilə konkret təhsil proqramlarının həyata keçirilməsinədək - geniş spektri əhatə edir.

"Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi cəmiyyətdə böyük əks-səda doğurmuşdur.

Məqsəd təhsil sahəsində mövcud problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirmək olmuşdur. Layihə çərçivəsində yalnız 2005-2009-cu illərdə 75 mindən artıq şagird yerlik 283 məktəb binası inşa olunmuş və yenidən qurulmuşdur. Müasir tələblərə cavab verən məktəb binaları müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüterlərlə təchiz olunmuşdur. Heydər Əliyev Fondu belə yüksək göstəricilərə nail olmaqla sübut etdi ki, yüksək əzm və iradə, ən əsası, vətənpərvərlik milli inkişafda son dərəcə vacib amildir. 5 il ərzində Fondun xəttilə 283 yeni məktəbin inşası ağır müharibə şəraitində yaşayan, iqtisadiyyatı yeni inkişaf etməyə başlayan Azərbaycan üçün olduqca böyük nailiyyətdir.

Bölgələrdə məktəb tikintisi böyük vüsətlə aparılmışdır. Cəlilabad şəhərində 2007-ci ildə istifadəyə verilmiş 1100 şagird yerlik akademik Zərifə Əliyeva adına orta məktəb, həmin ilin yanvarında açılışı keçirilmiş Lənkəranın Liman şəhərində 1200 şagird yerlik məktəb Fondun iri layihələrindəndir. Bunlarla yanaşı, Fondun təşəbbüsü ilə Lənkəran rayonunda Bürcəli kənd ibtidai məktəbi üçün 100, Abşeron rayonunun Goradil kənd məktəbi üçün 120, Novxanı kənd 2 nömrəli məktəb üçün 240, Balakən rayonundakı Katex kənd 3 nömrəli orta məktəb üçün 240, Pirəhməd kənd orta məktəbi üçün 100, Qazax rayonunda Dəmirçilər kənd orta məktəbi üçün 200, Fərəhli kənd orta məktəbi üçün 100, Quba rayonunda Əlinkənd əsas məktəbi üçün 100, Daşkəsən rayonunda Təzəkənd kənd orta məktəbi üçün 140, Salyan rayonunda Yuxarı Xalac -1 kənd orta məktəbi üçün 220, Yuxarı Xalac - 2 kənd orta məktəbi üçün 100, Zaqatala rayonunun Əliabad qəsəbə 4 nömrəli orta məktəbi üçün 360, Yuxarı Çardaxlar kənd orta məktəbi üçün 200, Qandax kənd orta məktəbi üçün 240, Ağdaş rayonunun Pirkələ kənd məktəbi üçün 200, Oğuz rayonunun Böyük Söyüdlü kənd orta məktəbi üçün 200, Hacıqabul şəhərində 640, Tovuz rayonunun Düz Qırıxlı, Aşağı Öysüzlü və İsakənd kəndlərinin hər birində 240, Şəki şəhər 1 nömrəli orta məktəbi üçün 240, şəhərin Yaramalı adlanan ərazisində 240 şagird yerlik yeni məktəb binaları tikilmişdir. Gədəbəy rayonundakı Slavyanka, Şamaxı rayonundakı Avaxıl kənd, Yardımlı qəsəbə 2 nömrəli orta məktəbləri də 2007-ci ildə Heydər Əliyev Fondundan dəyərli töhfələr almışlar. Həmin məktəblər üçün 120, 240, 360 şagird yerlik binalar tikilmiş və müasir avadanlıqlarla təchiz olunmuşdur. 2007-ci ildə Fondun təşəbbüsü ilə Saatlı, Qusar, Samux, Siyəzən, Şəmkir, Qax rayonlarında da məktəblər üçün yeni binalar tikilmiş və mövcud binalar təmir edilmişdir.

Heydər Əliyev Fondunun fəaliyyətində aparıcı istiqamətlərdən birini xüsusi qayğıya ehtiyacı olan uşaqlara kömək etmək, onların cəmiyyətə layiqli vətəndaş kimi yetişmələrinə, sosial problemlərinin həllinə dəstək göstərmək təşkil edir. Bu sahədə işlər Fondun "Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı" çərçivəsində həyata keçirilir. Son illər həmin proqramın icrası istiqamətində də xeyli iş görülmüş, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 28 internat məktəbdə, bir çox uşaq evlərində yenidənqurma, təmir-tikinti işləri aparılmış, onlar zəruri avadanlıqlarla təmin edilmiş, yeni ədəbiyyatlarla zənginləşdirilmişdir.

Proqramın icrası istiqamətində işlər 2007-2008-ci illərdə də ardıcıl davam etmiş, Bakının Nizami rayonundakı 1 nömrəli uşaq evində 2005-ci ildən başlamış yüksək səviyyədə aparılan təmir işləri başa çatdırılmış, üç min kvadrat metr sahəsi olan uşaq evi bütünlüklə əsaslı təmir olunmuşdur.

Fondun "Təhsilə dəstək" layihəsi də özünün humanist məqsədləri ilə diqqəti çəkir. Heydər Əliyev Fondu hər il layihə çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanda yaşayan azərbaycanlı birinci sinif şagirdlərinə, Qax, Zaqatala, Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə hər il yeni dərslik və tədris ləvazimatları göndərilir. "Təhsilə dəstək" layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də uğurla həyata keçirilir. Layihə çərçivəsində Pakistanda qızlar üçün yeni orta məktəb binasının inşası mühüm yer tutur. Xatırlatmaq lazımdır ki, 2005-ci ildə Pakistanda böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar məktəbi tam yararsız vəziyyətə düşmüşdü. Fondun xəttilə qısa müddətdə inşa edilən 650 şagird yerlik təhsil ocağında müasir tələblərə cavab verən 10 xüsusi sinif otağı, laboratoriyalar, fənn kabinetləri, kompüter otağı, idman meydançası vardır.

"Təhsilə dəstək" layihəsi çərçivəsində Gürcüstanın Dmanisi rayonunda da yeni elmi-tədris mərkəzinin binası inşa edilərək istifadəyə verilmişdir. Bundan əlavə, bir sıra xarici təşkilat və şirkətlərin Fonda hədiyyə etdikləri müxtəlif adda 10 mindən çox kitab ölkənin ali və ümumtəhsil məktəblərinə, uşaq evlərinə, internat məktəblərinə paylanılmışdır.

Fondun təhsil sahəsində beynəlxalq əməkdaşlığı da bu sahədə uğurlu nəticələrin əldə olunmasını təmin etmişdir. Bütün dünyada elm və təhsilin, mədəniyyətin hamisi kimi çıxış edən, sivilizasiyalararası dialoq təşəbbüsünü ələ alan mötəbər beynəlxalq təşkilatla - YUNESKO ilə əməkdaşlıq münasibətləri bu baxımdan xüsusi vurğulanmalıdır. 2004-cü il iyulun 6-da Fondun təşəbbüsü ilə Parisdə YUNESKO-nun iqamətgahında "Davamlı inkişaf üçün Azərbaycanda təhsil islahatları" mövzusunda beynəlxalq konfrans keçirilmiş, 2005-ci ilin avqust ayında isə Bakıda "YUNESKO-Azərbaycan: Azərbaycanın təhsil problemləri və perspektivləri" mövzusunda konfrans təşkil olunmuşdur. Konfransda çıxış edən Azərbaycanın birinci xanımı milli təhsilin problemlərindən söz açmış, həyata keçirilən islahatlar barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir. Konfrans milli təhsilimizin ümumi vəziyyəti ilə bağlı YUNESKO nümayəndələrində tam təsəvvür yaratmaq, onları hərtərəfli məlumatlandırmaq, habelə perspektivdə müştərək layihələrlə çıxış etmək baxımından uğurlu nəticələrlə yadda qalmışdır.

Fondun humanitar sahədə həyata keçirdiyi layihələrdən biri də kitabxanaların yenidən qurulması ilə bağlıdır. Fondun bu sahədəki ardıcıl fəaliyyəti onlarca qəsəbə və kənd kitabxanasının yenidən qurulmasına, müasir avadanlıqlarla təmin olunmasına, zənginləşməsinə imkan yaratmışdır. Fondun xətti ilə əsaslı təmir olunmuş Mərdəkan kitabxanası 2006-cı ilin may ayında oxucuların ixtiyarına verilmişdir.

Heydər Əliyev Fondu, eyni zamanda Azərbaycan oxucusu üçün əhəmiyyətli sayıla biləcək bir sıra xarici nəşrlərin dilimizə tərcüməsi sahəsində uğurlu layihələr həyata keçirmişdir. Türkçülük, azərbaycançılıq məfkurəsinin təbliği sahəsində dəyərli nəşrlərdən biri olan Murad Adcinın "Türklər və dünya: munis tariximiz" adlı kitabı Azərbaycan dilində nəşr edilmişdir.

2007-ci il aprelin 27-də Heydər Əliyev Fondu ilə İSESKO arasında protokol imzalanmışdır. Məhz bu əməkdaşlığın nəticəsidir ki, Bakıda YUNESKO-nun "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək" mövzusunda regional konfransı, İslam ölkələrinin ali təhsil və elm nazirlərinin IV konfransı keçirilmişdir. Hər iki konfransın təşkilatçılarından biri məhz Heydər Əliyev Fondu olmuşdur.

Fondun dəstəyi ilə 2007-ci il oktyabrın 28-dən noyabrın 3-dək Bakıda "Gənclər sivilizasiyaların alyansı naminə" təşəbbüsü çərçivəsində beynəlxalq konfrans keçirilmişdir.

Heydər Əliyev Fondunun Moskva filialının rəhbəri Leyla xanım Əliyeva da təhsil sahəsində həyata keçirilən layihələrə fəal dəstək verir. Məhz Leyla xanım Əliyevanın təşəbbüsü və fəal rəhbərliyi ilə son illərdə Rusiyanın müxtəlif şəhərlərində Azərbaycan dilində bazar günü məktəbləri açılmışdır. Fondun Moskva filialı bu cür məktəblərin açılmasını təşviq edir və onların tədris ədəbiyyatı, kompüterlərlə təchiz olunmasına kömək göstərir. Fond indiyə qədər İvanovo, Tula, Tver və Surqut şəhərlərindəki bazar günü məktəblərinə kömək etmişdir...

Böyük xeyriyyə məqsədlərini reallaşdırmaq yolunda uğurları ilə dünya miqyasında tanınmış Heydər Əliyev Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ulu öndərin strateji siyasət kursunu müvəffəqiyyətlə həyata keçirməkdə öz əməli köməyini davam etdirməkdədir.

 

 

Azərbaycan müəllimi.- 2010.- 27 avqust.- S.1, 3.