Təhsil naziri
Almaniya-Azərbaycan Forumunun sədrini və Bundestaqın
deputatını qəbul
edib
Avqustun 25-də təhsil
naziri Misir Mərdanov Almaniya-Azərbaycan
Forumunun sədri, Azərbaycanın Almaniyanın
Ştutqart şəhərindəki
fəxri konsulu Otto Hauzer və Almaniya Bundestaqının deputatı Tomas Barays ilə görüşüb.
Qonaqları səmimi salamlayan təhsil naziri Misir Mərdanov belə bir görüşdən
məmnunluq duyduğunu
ifadə edib. Azərbaycan ilə
Almaniya arasında müxtəlif istiqamətlərdə
mövcud olan əməkdaşlığın son illər daha da inkişaf etdiyini bildirən nazir təhsil sahəsi üzrə səmərəli əlaqələrin
qurulmasında Azərbaycanın
Ştutqart şəhərindəki
fəxri konsulu Otto Hauzerin gördüyü işlərin böyük
önəm daşıdığını
nəzərə çatdırıb.
Ölkələrimiz arasındakı
səmərəli təhsil
əlaqələrinin inkişafı
üçün geniş
imkanların olduğunu
vurğulayan Misir Mərdanov ötən il oktyabrın 25-dən
29-dək Azərbaycan nümayəndə
heyətinin Almaniyaya səfəri çərçivəsində
müzakirə olunan məsələlərin diqqət
mərkəzində saxlanıldığını,
Ştutqart Dual Ali Məktəbində,
Baden-Vürttenberq Torpağı
Elm və Təhsil Nazirliyində və İxtisasartırma Təhsili
Akademiyasındakı görüşlərdə
irəli sürülmüş
təkliflərlə bağlı
müəyyən işlərin
görüldüyünü bildirib.
Respublikamızın ümumtəhsil məktəblərində
alman dilinin tədrisi, bu istiqamətdə həyata
keçirilməli olan
zəruri tədbirlərdən
bəhs edən nazir "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı"
çərçivəsində xaricə göndərilən
tələbələrin sayına
görə Almaniyanın
ilk üçlükdə qərarlaşdığını
söyləyib.
Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri
konsulu Otto Hauzer səmimi qəbula görə təşəkkürünü
bildirib və Almaniyanın bütün sahələrdə, eləcə
də təhsil sektorunda Azərbaycanla münasibətlərin inkişafında
maraqlı olduğunu nəzərə çatdırıb. Müasir
tələblər baxımından
ən çox ehtiyac duyulan ixtisaslar üzrə kadrların hazırlanması
işini təkmilləşdirmək
üçün Azərbaycanda
nümunəvi texniki peşə təhsili müəssisəsinin təşkilinə
yardımçı olmaq
təşəbbüsü ilə çıxış
edən Otto Hauzer bunun ölkəmizə sərmayə qoymaq istəyən alman iş adamlarının axınının güclənməsinə
əlavə təkan verəcəyini qeyd edib. Almaniyada təhsil alan
azərbaycanlı tələbələrlə
görüşlərinə toxunan fəxri konsul onlara yaxşı
təhsil almaqda hər cür kömək etməyə hazır olduqları, həmin gənclərin gələcəkdə ölkələrimiz
arasındakı əməkdaşlığın
daha da dərinləşməsinə
layiqli töhfələr
verə biləcəyi
haqda fikirlərini açıqlayıb. Qonaq alman
mütəxəssislərin Azərbaycan Dövlət Neft Akademiyası ilə əlaqələr yaratmaqda və birgə əməkdaşlıqda
maraqlı olduqlarını
da qeyd edib.
Almaniyada peşə təhsili
sisteminin yüksək səviyyədə inkişaf etdiyini və
ölkənin sosial-iqtisadi tərəqqisində bu amilin
mühüm rol oynadığını nəzərə
çatdıran Misir Mərdanov Azərbaycanda nümunəvi
texniki peşə təhsili müəssisəsinin
yaradılması təşəbbüsünü dəstəklədiyini
bildirib. Nazir qeyd edib ki, irəli sürülən təşəbbüs
gerçəkləşərsə, bu, Azərbaycan-Almaniya təhsil
əlaqələrinin inkişafı yolunda ən əlamətdar
hadisələrdən biri olacaqdır. Azərbaycan Dövlət
Neft Akademiyasının hələ ötən əsrin 80-ci
illərindən Almaniya ali təhsil müəssisələri
ilə əlaqələrinin olduğunu söyləyən
nazir qarşılıqlı əməkdaşlığın
inkişafı üçün geniş imkanların
mövcudluğunu vurğulayıb.
Daha sonra bir sıra digər
məsələlər ətrafında fikir mübadiləsi
aparılıb, Azərbaycanda nümunəvi texniki peşə
təhsili müəssisəsinin yaradılması
üçün birgə işçi qrupunun təşkil
edilməsi, ümumtəhsil məktəblərində alman
dilinin tədrisi səviyyəsinin yüksəldilməsi
üçün müvafiq tədbirlərin görülməsi,
ixtisasartırma təhsili ilə bağlı əməkdaşlığın
davam etdirilməsi qərara alınıb.
Azərbaycan müəllimi.- 2010.- 27 avqust.- S.2.