Xalqın sevgisini qazanmış sənətkar

 

Bioqrafiyasından sətirlər

 

Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci il avqust ayının 16-da Şəki şəhərində anadan olmuşdu.

Yeddi yaşı olmamış məktəbə gedən Vahabzadənin ailəsi 1934-cü ildə Bakıya köçmüş, Bəxtiyar Vahabzadə təhsilini paytaxt məktəbində almış, 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdu.

Buradakı təhsil illərində o, yazıçı-alim Mir Cəlal Paşayevin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olmuşdu.

"Ağac altı, yaşıl çəmən, bir də ki tünd çay" şeiri ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş, Yazıçılar İttifaqının sədri Səməd Vurğunun zəmanəti ilə o, 1945-ci ildə hələ tələbə ikən ittifaqa üzv olmuşdu.

 Azərbaycan Dövlət Universitetinin aspiranturasını bitirən Vahabzadə "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi.

1964-cü ildə "Səməd Vurğunun yaradıcılıq yolu" mövzusunda dissertasiyasına görə filologiya elmləri doktoru elmi dərəcəsi almışdı.

O, 40 il Azərbaycan Dövlət Universitetində elmi, elmi-pedaqoji fəaliyyət göstərmişdi. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Bəxtiyar Vahabzadə, hər şeydən əvvəl, qüdrətli şair idi, nüfuzlu ictimai xadim idi.

 

Yaradıcılıq yollarında

 

Bəxtiyar Vahabzadənin ilk mətbu əsəri "Ədəbiyyat qəzeti"ndə 1943-cü ildə çap olunmuş "Ana və portret" şeiridir.

Şairin əsərlərindən ibarət ilk kitab - "Mənim dostlarım" 1948-ci ildə nəşr olunmuşdur. Sonrakı illərdə Vahabzadə elmi axtarışları ilə paralel bədii istiqamətdə də fəaliyyətini genişləndirmişdir.

Professor Pənah Xəlilov 60-cı illərdə yazırdı ki, illər keçdikcə Bəxtiyar Vahabzadənin yaradıcılığı məzmun cəhətdən dərinləşdiyi kimi, sənətkarlıq xüsusiyyətlərinə görə də zənginləşmişdir.

Sonrakı illərdə Bəxtiyar Vahabzadənin əsərləri kitab şəklində çapdan buraxılmışdır. Belə ki, 1950-ci ildə onun "Bahar", 1953-cü ildə "Dostluq nəğməsi", bir il sonra "Əbədi həyat", "Çinar" və "Sadə adamlar" kitabları işıq üzü görmüşdür. "Aylı gecələr" kitabı 1958-ci ildə oxucuların istifadəsinə verilmişdir.

1962-ci il Bəxtiyar Vahabzadə üçün çox uğurlu olmuşdur. Belə ki, həmin ildə şairin "Etiraf" və "Şəbi-hicran" adlı kitabları nəşr edilmişdir.

Sənətkara şöhrət gətirən kitablardan biri - "İnsan və zaman" 1964-cü ildə böyük tirajla buraxılmışdır. İllər ötdükcə onun əsərlərinin mövzu və motivləri genişlənmişdir. Bu cəhət ədəbi tənqidin nəzərindən yayınmamışdır.

Professor Pənah Xəlilov yazır ki, Bəxtiyar Vahabzadənin ilk əsərlərində məktəb mövzusu, şair-müəllim, tələbə-müəllim arasındakı səmimi münasibətlər çox yer tutmuşdur. Bunun bir səbəbi bir tərəfdən şairin məktəbdən yenicə ayrılması, onun xoş təəssüratı ilə yaşaması idisə, o biri tərəfdən də hələ onun həyat təcrübəsinin çox az olması idi.

Müəllif fikrini açıqlayaraq qeyd edir ki, şagirdlik və tələbəlik illərinin şirin xatirələri, canlı müşahidə Bəxtiyar Vahabzadəni hər an söz deməyə, məktəb haqqında fikir söyləməyə təşviq edirdi. Şagird dostları, tələbəlik illərinin sirdaşları sanki yeni libasda, yeni görkəmdə gəlib onun qarşısında dayanır və şairi qələmə sarılmağa, duyub yaşadıqlarını qələmə almağa çağırırdı.

İllər keçdikcə şairin qələmə aldığı mövzuların dairəsi genişlənmişdir. Belə ki, "məktəbə ilk dəfə qədəm qoyan, qar üstündə ilk cığır açan şagird, ağsaçlı müəllim surəti" ilə yanaşı, Vahabzadə əsərlərində yaradıcı ziyalı obrazlarına, Avropa və Şərq ölkələrindəki hadisələrə və onların qəhrəmanlarına rast gəlinir.

Bəxtiyar Vahabzadənin bədii əsərlərinin qəhrəmanlarının bir qismi ədəbi-tarixi şəxsiyyətlərdir. Bunların sırasında özünü "qəm karvanının saribanı" adlandıran Məhəmməd Füzuli, lazım gələrsə sümüyünü də xalqı yolunda əritməyə hazır olan, böyük cəsarət və bədii qüdrət sahibi Mirzə Ələkbər Sabir, eləcə də müdrik Nizami Gəncəvi, Üzeyir bəy Hacıbəyov, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı və başqalarının yaddaqalan obrazları xüsusi yer tutur. Bu baxımdan bir maraqlı məsələni qeyd etmək lazımdır: Bəxtiyar müəllimin əsərlərində Ancelo, Rafael kimi dünya şöhrətli sənətkar obrazlarına rast gəlinir.

Bəxtiyar Vahabzadə fəlsəfi məzmun daşıyan lirik əsərlərlə yanaşı, insan talelərinin güzgüsü olan poemalar, həyati konfliktlər əsasında qurulmuş pyeslər, ədəbiyyatımızın vacib problemlərinə həsr olunmuş monoqrafiya və məqalələr, publisistik yazılar müəllifidir.

Görkəmli filoloq alim Pənah Xəlilov yazır ki, Bəxtiyar Vahabzadənin yaradıcılığı poeziyamızın mütərəqqi ənənələri ilə bağlı olan həyəcanlı, mənalı, ahəngdar yaradıcılıqdır. O, fikir söyləyən, hadisənin mahiyyətinə nüfuz edən surətin daxili aləmini açmağı bacaran, poemada epik təsviri lirik haşiyələr və kəskin dramatik münaqişələrlə üzvi şəkildə bağlamağı sevən şairdir.

Bəxtiyar Vahabzadə irsinin araşdırıcılarından biri - Rahil Ulusel sənətkarla bağlı məqaləsində yazır: Vətən müstəqilliyi ideyasını bir palıd ağacı əkirmiş kimi cücərdib yetişdirən Bəxtiyar Vahabzadənin ictimai-siyasi fəaliyyəti və ədəbi yaradıcılığı son on ildə - Azərbaycanın suverenliyi dövründə öz əvvəlki yanar vətəndaşlıq mövqeyindən və bədii-fəlsəfi məntiqindən qırılmadan daha sərrast milli-ideoloji siqlət, mükəmməl poetik monumentallıq və dərin müdriklik qatı kəsb edir. Şairin poeziyasında ümummilli vəhdət nidası ilə sanki ana Vətən dilə gəlib söyləyir:

 

Dayaq olsun bu gün gərək sol sağa,

Bu vəhdətdən yurdumuza gün doğa.

Bütün millət dönməliykən yumruğa,

Türkün türklə ədavətə haqqı yox.

 

Bəxtiyar Vahabzadənin qələmə aldığı ağrılı mövzulardan biri 20 Yanvar faciəsi ilə bağlıdır.

Şairin "Şəhidlər" poeması bu baxımdan ən dəyərli əsərlərindəndir (Poemadan istifadə yolu ilə musiqi əsəri yaradılmışdır).

Bəxtiyar Vahabzadənin anlamında ömür, yaşamaq aşağıdakı kimi mənalandırılır:

 

Yaşamaq yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır.

Şam əgər yanmırsa, yaşamır demək,

Onun da həyatı yanmağındadır.

 

Deməli, ömrü fəaliyyətsiz keçirmək günahdır. Yaşamalısan: iş görməli, yaratmalı, qurmalı, ya da ki, qurulanı qorumalısan. Yanmaq əməlinlə başqalarının yoluna nur salmaqdır.

Vahabzadə də qələmdaşları kimi Vətən, Azərbaycan mövzusunda əsərlər yazıb. Təbii ki, şairin Vətən haqqında düşüncələri, anlamı tamam başqa məzmundadır: Vətəni seçmək azdır, onun yolunda həyatından keçməyə hazır olmalısan:

 

Vətəni sevirəm deyən çox olar,

Deməyə nə var ki, dil yorulmasa.

Vətən də bizim tək ölər, yox olar,

Vətənin yolunda ölən olmasa.

 

Bəxtiyar Vahabzadə yaradıcılığında baş mövzulardan biri də dildir, ana dilidir. Dil xalqın varlığının nişanələrindən biri olub, onun ən qiymətli sərvətidir; üstəlik nəsillər silsiləsini birləşdirən, babaların vəsiyyətini nəvələrə çatdıran qüdrətli tərbiyə vasitəsidir. "Ana dili" şeirində oxuyuruq:

 

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil bir-birimizlə əhdi-peymanımızdır.

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,

Bu dil əcdadımızın bizə qoyub getdiyi

Ən qiymətli mirasdır. Onu gözlərimiz tək

Qoruyub nəsillərə biz də hədiyyə verək!

 

Bəxtiyar Vahabzadə həm də publisist kimi tanınır. Onun altı kitabı - "Sənətkar və zaman", "Sadəlikdə böyüklük", "Vətən ocağının istisi", "Dərin qatlara işıq", "Gəlin açıq danışaq"E", "Şənbə gecəsinə gedən yol" vardır. Bu kitablarda onun tənqidi və publisistik məqalələri toplanmışdır.

Poemalar müəllifi, dramaturq Bəxtiyar Vahabzadə həm də çoxlu sayda poemalar müəllifidir: "Etiraf", "Əbədi heykəl", "Gülüstan", "Dörd yüz on altı", "Şəbi-hicran", "Muğam", "Şəhidlər" və s. Mütəxəssislər bu əsərlərin başlıca məziyyətləri sırasında həyat materialının zənginliyini, bu materialların insan talelərinin təsvirinə yönəldilməsini, lirik ricətlərin fəlsəfi çalarını xüsusilə qeyd edirlər.

Xalq şairi "Muğam" poemasında muğam xəzinəmizin - el mənəvi sərvətinin insanın bir şəxsiyyət, ağıl və qəlb sahibi kimi yetişməsində, vətənpərvərlik duyğularının inkişafında, idrak prosesinin sürətləndirilməsində rolunu çox orijinal bir forma və üslubda ifadə etmişdir.

Mütəxəssislər haqlı olaraq vurğulayırlar ki, "Muğam" yalnız muğamat, yaxud musiqi haqqında əsər deyil, xalq ruhu, xalq mənəviyyatı mövzusunda şairin düşüncələr janrıdır. Şair "Muğam" adlı qəzəlində yazır:

 

Nə güman eyləmisən ondakı tilsimləri sən?

Kürü ahilə qurutdu, salı yandırdı muğam.

Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,

Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.

 

Vahabzadə dramaturgiya ilə də məşğul olmuşdur. Onun qələmindən çıxmış "Vicdan", "Yağışdan sonra", "İkinci səs", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Dar ağacı" kimi pyeslər Azərbaycan teatrının repertuarında özünə layiq yer tutur.

Bu əsərlərin qəhrəmanları xeyirxah, nəcib, humanist insanlar, əsl vətəndaşlardır. Mənfi kredolu, bədxah niyyətli adamlara qarşı çarpışan bu obrazlar öz mənəvi-əxlaqi xüsusiyyətləri ilə milli dramaturgiyamızın obrazlar sistemində seçilirlər.

 

 

Müasirləri B.Vahabzadə barədə

 

Bəxtiyar Vahabzadənin əsərləri təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da yayılmış, tamaşaya qoyulmuş, başqa dillərə tərcümə edilmiş, Moskva, Daşkənd, Ankara, Tehran, Berlin və s. şəhərlərdə xarici dillərdə böyük tirajla nəşr olunmuşdur.

Bununla yanaşı, şairin lirikası və poemaları, dram əsərləri barədə qüdrətli sənətkar və alimlərdən ustad Məmmədhüseyn Şəhriyar, alman Əhməd Şmide, rus Yevgeni Yevtuşenko, qırğız Çingiz Aytmatov, qazax Oljas Süleymenov, türk Qaplan, Azərbaycanın xalq şairi Rəsul Rza, akademik Məmməd Arif və başqaları fikir söyləmiş, məqalələr yazmışlar.

XX əsr Şərqinin, türk-müsəlman dünyasının ən qüdrətli şairi Məmmədhüseyn Şəhriyar Bəxtiyar Vahabzadə yaradıcılığına diqqət yetirmiş, ona xüsusi qardaşlıq münasibəti bəsləmişdir. Bu, aşağıdakı sətirlərdə öz əksini belə tapmışdır:

 

Qardaşların gözündən öp,

Bəxtiyarın üzündən öp,

Səmədin də gözündən öp,

Mən də təkəm, sizə qurban.

Tək canım hamınıza qurban.

 

Xalq yazıçısı, tənqidçi, publisist Mehdi Hüseyn demişdir:

"O, (B.Vahabzadə - Ş.M.) bizim şeirimizdə artıq görkəmli yer tutmuş istedadlı sənətkar kimi tanınmaqda və seçilməkdədir".

Görkəmli şərqşünas alim Əhməd Şmide yaradıcılığını dərindən öyrəndiyi, əsərlərini tərcümə etdiyi Bəxtiyar Vahabzadə barədə yazır: Bir insanın öz xalqını və öz doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini mən Bəxtiyar Vahabzadədən öyrəndim. Bəxtiyar Vahabzadə realist şairdir. Dolaşıq və müəmmalı ifadələr, aydın olmayan tərkiblər və əllaməlik onun sənətinə yaddır.

Azərbaycan kənd ziyalılarının ağsaqqalı olan filologiya elmləri doktoru, əməkdar müəllim İmamverdİ Əbilov 56 illik dostu haqqında qələm məhsulunu belə adlandırmışdır: "Sözünün ağası", "İxtiyarının qulu". Məqalədə şairin şəxsiyyəti belə səciyyələndirilir: "Yaddaşımın aynasında Bəxtiyar sədaqəti, Bəxtiyar mərdanəliyi, Bəxtiyar kövrəkliyi, Bəxtiyar cəsarəti, Bəxtiyar mübarizliyi haqqında çeşid-çeşid lövhələr canlanır". Daha sonra yazıda Bəxtiyar müəllimin vaxtilə ermənilərin məkrli Naxçıvan siyasətini amansızcasına ifşa etmiş qeyrətli və prinsipial vətəndaş, professor Abbas Zamanovu bəladan qurtarması üçün o vaxtlar Azərbaycan KP MK katibi Nazim Hacıyevlə olan telefon söhbəti də qələmə alınıb.

Xalq şairi, akademik Bəxtiyar Vahabzadə nadir yaradıcı simalardan idi. O, sənətin ən müxtəlif janrlarında qələmi sınamaqla yaddaqalan əsərlər yaratmışdı.

"Azərbaycanın xalq şairi", "Əməkdar incəsənət xadimi" fəxri adları alan sənətkar SSRİ-nin və Azərbaycan SSR-in Dövlət mükafatları laureatı idi.

Müstəqil Azərbaycanın "İstiqlal" ordenini ilk alan sənətkarlardan biri B.Vahabzadə olmuşdur.

O, dəfələrlə deputat seçilmiş, millət vəkili kimi fəaliyyət göstərmişdi.

Azərbaycan Yazıçılar Birliyinin xalq şairinin 80 illik yubileyi ilə bağlı təbrikində oxuyuruq: "...əsərlərinizdə Azərbaycan xalqının dünənini, bu gününü əks etdirir, xeyirxahlığı, gözəl və pak duyğuları tərənnüm edirsiniz. Yer üzündə sülh və əminamanlıq, bəşəriyyəti müharibələrdən xilas etmək arzusu vətəndaş şair kimi Sizi daim narahat edir, Siz dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini əks etdirən poema və şeirlərin müəllifi kimi tanınmışsınız. Sizin yaradıcılığınızda əsas meyar vətəndaşlıq duyğusu, azərbaycançılıq və cəsarətdir".

Dünya şöhrətli sənətkar və araşdırıcı, ictimai xadim Oljas Süleymenov yazır ki, Bəxtiyar Vahabzadə bütün ölkədə (keçmiş SSRİ nəzərdə tutulur - Ş.M.) tanınan və seçilən bir şairdir. Onun poeziyasında Şərqə məxsus bütün gözəl keyfiyyətlər əksini tapıb. O, xalq şairidir, laureatdır. Ən böyük mükafatı xalqın sevgisidir.

...Bəxtiyarın həm bədii yaradıcılığı, həm də ictimai fəaliyyəti hər cür hörmətə layiqdir.

 

 

Şamxəlil MƏMMƏDOV

 

Azərbaycan müəllimi.- 2010.- 27 avqust.- S.3.