Sabah bu gündən
başlanır
Görkəmli Azərbaycan
maarifçisi, alimi, ictimai xadimi A.A.Bakıxanov yazırdı:
"Var-dövlət və
vəzifə puç
olacaq, əldən gedəcəkdir. Dünyada əbədi olacaq
bir şey varsa, o da elm və bilikdir".
Uşaqlarımıza həmin
elmi və biliyi verəsi Azərbaycan məktəbi bütün
çətinliklərə rəğmən, inkişafının
mühüm mərhələsinə
qədəm qoyub. Çətinliklər sözünü elə-belə işlətmədim.
Təsəvvür edin ki, məktəb və maarif yeganə sahədir ki, burada qapalı heç nə yoxdur. Axı elə bir ev, elə bir ailə tapa
bilməzsən ki, məktəbdə ya oxuyanı, yaxud işləyəni olmasın.
Demək, istəsə
belə, bura qapalı ola
bilməz. Cəmiyyətə tam açıq olan
məktəbin və maarifin başında isə elə məktəbin özü qədər cəmiyyətə,
mediyaya açıq olan Təhsil Nazirliyi dayanır. Yalnız peşəkarların deyil,
hamının görə
biləcəyi bu münasibətin kökündə
müəllimliyin özündən
gələn bir ədalət prinsipi var. Axı müəllim yeganə peşə adamıdır ki, danışdığı mövzunu
hamıya eyni tərzdə çatdırır
- yağış torpağın
bütün yerlərinə
eyni cür yağdığı kimi,
Günəş işığını
hər yerə bərabər payladığı
kimi.
Bax, bir az əvvəl
dediyim çətinlik
göz qabağında
olmaqdır. Nə qədər yaxşı
işləsən də,
göz qabağında
olduğuna görə,
həmişə "döyülən"
də sən olursan. Elə bilirəm ki,
bu "döyülmək"
özü də irəliləməyə xidmət
etməlidir. Təəssüf ki, həmişə belə olmur.
İş prosesimə görə həftənin bir neçə gününü
məktəblərdə oluram. Hərdən bağçalara da yolum düşür.
İstedadlı, bacarıqlı uşaqlarla
söhbət edir, müsahibə alır, radiomuzun efirində səsləndirirəm. Bəzən isə
bizim uşaq verilişlərini aparası
uşaqları seçib
studiyaya dəvət edirəm. İnanın ki, dərs demək qədər çətin olan bu prosesdə müəllimlər və
direktorlar mənimlə
bərabər bu əziyyəti çəkirlər.
Uşaqlar efirdə ürəyimiz
istəyən kimi çıxış edəndə
bütün əziyyətlər
unudulur. Mən qabaqcıl müəllimlərin
sevincdən axan göz yaşlarını
görmüşəm! Bu anı lentə alası bir rejissora bu gün
çox böyük ehtiyac var məncə.
(Təəssüf ki, məktəb həyatından bəhs edən bədii filmlərimiz yox dərəcəsindədir.)
Yaxşı
müəllimlərin,
elə yaxşı
repetitorların da
(məncə,
daha bu termini biz şəstlə
işlətməkdən çəkinməməliyik) üzünü ağ edən istedadlı
uşaqları - sabahın tələbəsini və mütəxəssisini cəmiyyət qorumalı
və fərqləndirməlidir.
Bu sahədə bir
sıra nazirliklərin qabaqcıl təcrübəsi öyrənilməli
və yayılmalıdır. O cümlədən Təhsil Nazirliyinin.
Yaxşısı budur ki, faktlarla
danışaq. Ötən il qızım
ali məktəbi bitirmiş və azad təyinat almışdı. Təhsil Nazirliyinə
müraciət etdim.
Mənə bildirildi ki,
bu ildən (ötən ildən) nazirlik müəllimlərin
işə qəbulunu
testlə həyata keçirəcək. Buyurun,
qızınıza deyin,
elektron ərizə ilə müraciət etsin, imtahanlarda iştirak etsin. Gərək
düzünü deyim:
bir qədər inamsız
qarşıladım bu sözləri.
Başqa yol da yox
idi zatən. Ona görə də evdə kompüterin qarşısında əyləşərək elektron ərizəni İnternetlə
doldurub Təhsil Nazirliyinin saytına göndərdik. Bizə bildirdilər ki,
lazım olan vaxt sizi çağıracaqlar.
Doğrudan da, çağırdılar
və qızım təklif olunan 25 sualın 22-nə düzgün
cavab yazaraq istədiyi məktəbə
işə qəbul olundu. Bizim qohumlardan biri də (ibtidai sinif müəllimi) qızımla bəhsə
girərək imtahanda
iştirak etdi və lazımi balı toplayaraq
işə qəbul olundu.
Eşitdim ki, bu il də Təhsil Nazirliyində işə qəbul eyni qaydada - testlə olacaq, özü də bütün respublika üzrə. Bir şeyə təəssüf edirəm ki, ötən il də, bu il də bu faydalı və müqəddəs iş (halallıq olan hər şeyə müqəddəs kimi baxmaq gərəkdir) mediada və elektron KİV-də lazımınca işıqlandırılmadı. Bəlkə də elə bu yazını o səbəbdən yazdım.
Hə, az qala unutmuşdum. Bəzi direktorlar bu nəcib təşəbbüsdən əndişələnsələr də, bir çoxları ürək açıqlığı ilə qarşıladılar. Elə qızımın işlədiyi 155 nömrəli orta məktəbin direktoru Zöhrə Qaraqızı kimi. O, gənc müəllimi kollektivə təqdim edəndə demişdi: "Təhsil Nazirliyində halal biliyi ilə test imtahanı verib işə qəbul olan yeni müəllimi sizə təqdim etməkdən qürur duyuram".
Mən uzun illər təhsil sahəsində çalışmışam, müəllim, məktəb direktoru işləmişəm. İndiki işim də məktəblə, təhsillə, uşaqla sıx bağlıdır. Zöhrə xanımın sözünə qüvvət, mən də bir qələm adamı kimi bu sətirləri yazmaqdan qürur duydum. Zatən məni tanıyanlar tərifdə çox xəsis olduğumu bilirlər. Halallıq olan yerdə xəsislik geri çəkilir.
Doğru söz, yenilik məlhəm kimidir - müalicə edir, fəqət acı dadır. Babalarımız da
gözəl deyib: yüz acını bir şirinin xatirinə yeyərlər. Bu gün novatorluğa hamımız qucaq açmalıyıq. Bu gündən başlanası
sabahımızın xatirinə.
O sabaha isə yalnız yüksək bilik və halallıqla
çatmaq olar.
Azad QARADƏRƏLİ
Azərbaycan müəllimi.- 2010.- 27 avqust.-S.3.