Pedaqoji şura: idarəetmə
və əlaqələndirmə forması
Qələm məhsuluna özümlə bağlı sətirlərlə başladığım üçün oxuculardan üzr istəyirəm.
Bakının Əzizbəyov
(indiki Xəzər) rayonundakı 181 nömrəli orta məktəbdə
pedaqoji fəaliyyətə başlamışdım. Ali
məktəbi təzə bitirmiş
müəllim kimi hər şey
mənim üçün qeyri-adi
idi. Pedaqoji praktika dövründə təcrübəçi
tələbələrə çox az şey öyrədildiyini
burada dərk etdim. Əmrimi
noyabr ayında vermişdilər, IX və X siniflərdə dərs deyirdim. Şagirdlərimlə aramda
cəmi 4-5 yaş fərq vardı.
Dərslərarası boş vaxtlarda direktor müavinlərinin işini müşahidə
edir, müəllimlərlə
söhbətlərindən nə isə öyrənməyə çalışırdım. Bir neçə
dərsdən sonra direktor Muxtar Hüseynzadə (dünyasını
dəyişib, qəbri
nurla dolsun) IX sinifdə "Aşıq
Ələsgər" mövzusunda
dərsimdə iştirak
etdi. Dərs qurtaranda təbəssümlə
dediyi:
- Sağ
olun, müəllim, - sözlərindən, sinif
rəhbəri S.Allahverdiyevanın
münasibətindən başa
düşdüm ki, dərsdən razı qalıb. Əsl həqiqəti pedaqoji şurada bildim.
Həyatımda iştirak etdiyim ilk pedaqoji şurada sədr və katib seçildi. İkinci
rübdə keçirilən
iclasda metodbirləşmə
sədrlərinin, sinif
rəhbərlərinin, ayrı-ayrı
müəllimlərin məlumat
və hesabatları dinlənildi, Maarif Nazirliyinin hansısa əmri müzakirə olundu, məktəbin iş planına iki bənd əlavə
edildi... Direktor dinlədiyi bir
neçə dərslə
bağlı müşahidələrinin
nəticələrini, təəssüratlarını
şura üzvləri
ilə bölüşdü.
Müzakirə olunan məsələlərlə
bağlı qərarlar səsə qoyulub
qəbul edildi.
Sonrakı bir pedaqoji şurada
da iştirak etməli oldum. Ötən iclasda
qəbul olunmuş qərarların icrası məsələsinə xüsusi
diqqət yetirildi.
Pedaqoji şuranın həqiqi mənada rolunu onda dərk etdim.
***
Pedaqoji şura orta
ümumtəhsil müəssisələrində kollegial rəhbərlik
orqanı sayılır. Bu orqan öz fəaliyyətini Təhsil
Nazirliyinin müvafiq əsasnaməsi üzrə təşkil
edir. Kollektivdə 3 nəfərdən artıq müəllim
olanda pedaqoji şura yaradılır; şuraya direktor rəhbərlik
edir; rübdə bir (bəzən növbədənkənar
iclas keçirilə bilər) dəfə keçirilən
iclasda müəllimlərin, sinif rəhbərlərinin, metodbirləşmələrin
fəaliyyəti haqqında məlumat dinlənilib müzakirə
olunur.
Pedaqoji şuranın iclasları xüsusi, qaytanlanıb məktəb möhürü ilə təsdiqlənən protokol kitabında sənədləşdirilir, sədr və katib tərəfindən imzalanır.
Qəribə və təzadlı faktlar müşahidə olunur. Məktəb var ki, pedaqoji şuranın tərkibi bütün dərs illəri üçün sabit qalır: başqa müəllimlər üzv olmaq xoşbəxtliyinə həsrət qalırlar (onlar rəhbərlik yanında "etibar" qazana bilmirlər); müqayisə aparanda hər il, demək olar ki, eyni məsələlər müzakirə edilir, az qala çıxış edənlər, hesabat verənlər də eyni adamlar olurlar; pedaqoji və qrammatik səhvlərlə naxışlanan protokolların yazılışında rəsmi-əməli üslub tələblərinə əməl olunmur. Bəzən bu protokollar heç keçirilməyən şura iclaslarının "izi" olur, yaxud 15-20 dəqiqəlik başdansovdu, şura üzvlərinin üçdə ikisi yox, heç üçdə biri iştirak etməyən iclaslar keçirilir.
Dünya təhsilinə inteqrasiyanın genişlənib vüsət aldığı, təhsilin dövlət siyasətinin başlıca tərəflərindən biri kimi daim gündəmdə olduğu, təhsildə İKT-nin tətbiqinin aktuallaşdığı, təhsilin inkişafında innovativ təcrübə faktlarının mühüm faktora çevrildiyi bir vaxtda müzakirə olunmalı mövzu, problem və məsələlər bolluğu şəraitində döyənək mövzularda çıxışlar, trafaret məruzələr, məktəbdə təlim və tərbiyənin keyfiyyəti, səviyyəsi barədə analitik təhlil olmayan məlumatlar kimə lazımdır?
Bəzi məktəb rəhbərləri işlərini ehtiyatlı tutur, gözəlxətli, savadlı, üzüyola katiblərin əli ilə hazırlanmış pedaqoji şura protokollarının yerində olmasını (eləcə də başqa sənədlərin) nümayiş etdirir, idarəetmədə səriştəli olmalarının göstəricisi kimi görüntü edə bilirlər.
Və bu sənədlərə görə, guya hər şey yerli-yerindədir. Olsun, bəs mərkəzləşdirilmiş qaydada imtahanların nəticələri ilə bağlı məsələlər pedaqoji şura iclaslarında nə vaxt mövzuya çevriləcək, geniş müzakirə olunacaq? Qabaqcıl müəllimlərin həvəsləndirilməsi, pedaqoji prosesin effektliliyi naminə çalışmayanların cəzalandırılması necə?..
Dərs ili başlayacaq, düşünməyə, dönüş yaratmağa, işə vicdan və vətəndaşlıq parametrlərindən baxmağa dəyər. Bu, Qloballaşmalar dövründə, Təhsil əsrində vacib və zəruridir...
Ş.MƏMMƏDOV
Azərbaycan müəllimi.- 2010.- 27 avqust.- S.5.