Şagirdlərdə idarəetmə
vərdişlərinin formalaşdırılmasında sinifdənxaric və məktəbdənkənar
tədbirlərin əhəmiyyəti
Şagirdlərin elmi və bədii təfəkkürünün
inkişafı çətin,
həm də uzun proses olduğu
üçün onu yalnız dərslə məhdudlaşdırmaq olmaz.
Təcrübə göstərir
ki, sinifdənxaric tədbirlər (xüsusilə
Azərbaycan dili və ədəbiyyat fənləri üzrə)
şagirdlərin təlimə
marağını artırmaqla
yanaşı, həm də onların nitq mədəniyyətinə
qüvvətli təsir
göstərir.
Düzdür, sinifdənxaric və məktəbdənkənar tədbirlər
məktəbin tədris
proqramına daxil deyil, könüllülük
prinsipinə əsaslanır
və bir növ sinifdə aparılan işlərin davamı olur. Deməli, sinifdənxaric
və məktəbdənkənar
tədbirlər yalnız
öz formasına görə tədris prosesindən fərqlənir,
məzmununa görə
isə bu proseslə birləşir.
Ona görə də biz müəllimlər bu işə ciddi əhəmiyyət verməliyik.
Qeyd etmək lazımdır ki, bəzi müəllimlər sinifdənxaric və məktəbdənkənar tədbirlərə az fikir verir və yaxud çox səthi yanaşırlar. Sinifdənxaric iş planlı və müntəzəm olaraq müəllimlərin iş planında özünə layiqli yer tutmalıdır. Əks təqdirdə hərtərəfli insan tərbiyəsindən söhbət gedə bilməz.
Məktəblərdə sinifdənxaric tədbirlər müxtəlif formalarda aparılır ki, bunları da kütləvi tədbirlər və fərdi iş kimi qruplaşdırmaq olar.
Kütləvi tədbirlərə bütün sinfi və ya bir neçə sinfi, yaxud bütün məktəbi əhatə edən oxucu konfransları, bədii, elmi-kütləvi məruzələr, müəyyən ədəbi-bədii gecələr, kinolar, rəsm sərgiləri, ekskursiyalar, divar qəzetlərinin çıxarılması və s. daxildir. Fərdi iş təlim materiallarını müstəqil surətdə mənimsəyən və kütləvi tədbirlərdə sərbəst iştirak etməyənlərlə aparılır. Bu isə həm tək-tək şagirdlərlə, həm də qrup halında aparıla bilər.
Sinifdənxaric və məktəbdənkənar tədbirlər müəllimin özünə müsbət təsir edir, onun müəllimə proqrama ciddi əməl etməklə, şagirdləri maraqlandıran əlavə ədəbiyyat oxutmaqda, teatra, kinofilmlərə, tarixi abidələrə, muzeylərə baxmağı məsləhət görməkdə sərbəstlik verir. Eyni zamanda əgər dərsdə 1 siniflə iş aparılırsa, burada iş həm bir, həm də bir neçə siniflə, hətta bütün məktəblə aparılır. Sinifdənxaric tədbirdə şagirdlərin fəallığına, müstəqilliyinə, yaradıcılığına daha geniş yer vermək mümkün olur. Sinifdənxaric tədbirlərlə nəinki bütün şagirdləri əhatə etmək olar, həm də təfəkkürü zəif olanlarla fərdi məşğul olmaq mümkündür (unutmayaq ki, belə şagirdlər tədbirlərdə daha çox fəallıq göstərirlər).
Bu tədbirlər şagirdlər üçün də mühüm əhəmiyyətə malikdir. Belə ki, şagirdlər sinifdənxaric və məktəbdənkənar tədbirlərin fəal iştirakçısı və yaxud bilavasitə icraçısı olduqlarından tədbir onların nitq mədəniyyətinə qüvvətli təsir göstərir.
Sinifdənxaric tədbirlər şagirdin idarəetmə vərdişlərinin formalaşdırılmasına, elmi dünyagörüşünün genişləndirilməsinə, onda əsl azərbaycanlıya xas olan yüksək mənəvi və əxlaqi keyfiyyətlərin formalaşdırılmasına imkan yaradır. Şagirdin asudə vaxtının səmərəli təşkilini təmin etməklə yanaşı, sinifdə müəyyən fənlərdən verilmiş biliyi dərinləşdirir, şagirdlərin meyil və qabiliyyətini müəyyənləşdirib üzə çıxarır.
Sinifdənxaric tədbirdə şagird müəyyən vəzifəni yerinə yetirmək üçün ona tapşırılan iş üzərində axtarış aparır, bunun üçün o, müstəqil çalışmağa səy edir, bu cəhət şagirdi məsələnin mahiyyətini dərindən dərk etməyə doğru istiqamətləndirir. Şagird daha müstəqil olur, söhbət və mübahisələrə qoşulur və bu iş onun məntiqi təfəkkürünü inkişaf etdirir, nitqini zənginləşdirir.
Sinifdənxaric işlərin formaları çox müxtəlif və rəngarəngdir. Lakin yadda
saxlamaq lazımdır
ki, sinifdənxaric işlərin bu və ya digər
formasını seçərkən,
mövzuları müəyyənləşdirərkən
yerli şəraiti, məktəbin tələbatını,
şagirdlərin marağını,
yaş və bilik səviyyəsini və bir sıra
digər məsələləri
mütləq nəzərə
almaq lazımdır.
Bundan əlavə, sinifdənxaric
tədbirlərdə müvəffəqiyyət
qazanmaq üçün
müəllim hər şeydən əvvəl,
könüllülük prinsipinə,
şagirdlərin istək
və arzularına, dünyagörüşlərinə fikir verməlidir. Bəzən də şagirdi maraqlandırmayan, onun zövqünü oxşamayan
tədbirlərin keçirilməsi
dinləyici və tamaşaçı tərəfindən
qəbul olunmur. Bir şeyi də nəzərə almaq lazımdır ki, eyni bir şagirdin
müxtəlif fənlər
üzrə sinifdənxaric
işlərlə yüklənməsinə
yol vermək olmaz. Belə olan təqdirdə
həmin şagirddə
keçirilən tədbirə
qarşı məhəbbət
əvəzinə, nifrət
yaranır.
Sinifdənxaric şəraiti öyrənmək və şagirdlərin maraqlarını müəyyənləşdirmək yalnız işin ilkin mərhələsidir. Əsas məsələ isə sinifdənxaric işlərin təşkili və buna daha çox şagirdin cəlb olunması və bu işlərin keyfiyyətinin yüksəldilməsidir. Belə ki, məktəblərdə keçirilən müxtəlif fənlər üzrə gecələr, diskussiyalar, görkəmli şəxsiyyətlərlə görüşlər, respublikamızın müxtəlif görməli yerlərinə ekskursiyalar artıq ənənə halını almışdır. Ancaq bu ənənə bəzən mənasız, yadda qalmayan tədbirlərin keçirilməsinə, ona baxanların isə həm vaxt itkisinə, həm də yorulmasına səbəb olur. Mən söylənilən müddəalara əsaslanıb təklif etmək istərdim ki, bu tədbirlər ya bütünlüklə metodbirləşmələrə, ya da məktəbdə fəaliyyət göstərən müxtəlif dərnək və maraq məşğələlərinə həvalə edilsin. Yəni tədris ili ərzində hər bir kafedranın, dərnək və maraq məşğələlərinin qoyduğu tədbirlər hesabat xarakterli olsun. Mənə elə gəlir ki, belə tədbirlər daha keyfiyyətli olar və uzun müddət yaddaşlardan silinməz.
Yeganə HAQVERDİYEVA
Azərbaycan müəllimi.- 2010.- 27 avqust.-S.5.