"Orta
ümumtəhsil məktəbin idarə edilməsinin əsas
istiqamətləri"
Şagirdləri demokratik, hüquqi dövlətdə yaşamağa hazırlamaq, cəmiyyətin prinsipləri ruhunda tərbiyə etmək əsas məqsədi sayılan ümumtəhsil məktəbinin idarə olunması, özü də elmi-pedaqoji əsasda idarə olunması çoxşaxəli və müxtəlifistiqamətli, dünyaya inteqrasiya təyinatlı təhsilimizdə islahat uğurlarının başlıca şərtlərindəndir.
İdarəetmə nədir? Pedaqoji elmlər namizədi, dosent Sirac Rəsulovla Azərbaycan Müəllimlər İnstitutunun Əlavə təhsil üzrə prorektoru Rahim Əzizovun "Orta ümumtəhsil məktəbin idarə edilməsinin əsas istiqamətləri" adlı vəsaitlərində (redaktoru AMİ-nin kafedra müdiri, professor F.Xalıqov, rəyçilər AMİ-nin kafedra müdiri, professor R.Məmmədzadə, TPİ-nin şöbə müdiri, professor V.Xəlilov və dosent T.Paşayevdir) termin məqsədəuyğun qərarlar qəbul etməyə, idarə olunan obyekti təşkil etməyə, ona nəzarət etməyə, tənzimləməyə yönəlmiş fəaliyyət, düzgün informasiya əsasında işin təhlili və onun yekunlaşdırılması kimi şərh olunmuşdur.
Çoxillik pedaqoji təcrübə və bilavasitə təhsili idarəetmə sahəsində bacarıqlara əsaslanmaqla, zəngin elmi-pedaqoji, məktəbşünaslıq sahəsində ədəbiyyatdan istifadə yolu ilə yaradılmış vəsait (Bakı: Müəllim, 2010. 210 s.) altı fəsildən ibarətdir. İlk fəsildə məktəbi idarəetmənin ümumi məsələləri və direktorun fəaliyyətinin əsas istiqamətləri təsvir və şərh olunmuşdur.
İkinci fəsil təhsil iştirakçılarının hüquq, vəzifə və sosial müdafiələri ilə bağlı idarəetmənin əsas komponentlərinin tədqiqinə həsr olunmuşdur. Müəlliflər təhsili ümummilli inkişafın prioritet sahəsi kimi səciyyələndirmiş, idarə edilmənin subyektlərini təsvir etmiş, müəllim-şagird əməkdaşlığını təhsilin demokratikləşdirilməsində əsas amil kimi dəyərləndirmişlər.
Pedaqoji proses iştirakçılarının fəaliyyətinin öyrənilməsi və qiymətləndirilməsi üçüncü, məktəbdə yarana biləcək münaqişələr, bunların səbəbləri və aradan qaldırılması yolları dördüncü, məktəbin idarə edilməsində kollegial idarəetmə orqanlarının fəaliyyəti və onların əlaqələndirilməsi beşinci fəsildə araşdırılmışdır.
Məktəbi idarə edənlər üçün ən faydalı və lazımi elmi-pedaqoji fikirləri oxucular altıncı fəsildən öyrənə bilərlər. Burada məktəb sənədləri barədə ümumi məlumat verilib: tədris ocaqlarında kargüzarlıq sənədləri və sənədlərin dövriyyəsi uçotu mövzuları "Sənədləşmə, hesabatlar və kargüzarlıq" adlı VI fəsildə müfəssəl şərh olunmuşdur. Faydalı təkliflər verən müəlliflər çıxardıqları nəticələri əsaslandırmışlar.
Rəhbər pedaqoji kadrlar, ixtisasartırma və yenidənhazırlanma təhsilinin dinləyiciləri, ümumiyyətlə təhsil işçiləri üçün nəzərdə tutulmuş vəsait məktəbşünaslıq sahəsində son dövrdə yazılmış dəyərli kitabdır.
Ş.HƏTƏMOĞLU
Azərbaycan müəllimi.- 2010.- 27 avqust.- S.8.