Fəal təlim yaradıcı
axtarışlar tələb edir
Son illər təhsilimizdə baş verən yeniliklər, təlimin təşkilinə
innovativ yanaşma, onun forma və
üsullarının təkmilləşdirilməsi istiqamətində
atılan addımlar müəllimlərin fəallığını
artırmış, yaradıcı axtarışlarını
gücləndirmişdir. Hazırda təhsil
müəssisələrimizdə getdikcə daha
çox tətbiqini tapan
fəal təlim, müasir, interaktiv təlim metod və
üsulları, qeyri-ənənəvi dərs formaları və bir çox digər innovasiya elementləri məhz həmin
axtarışların nəticələridir. İndi
dərslərini fəal təlimin prinsipləri və tələbləri
əsasında quran, pedaqoji
fəaliyyətinə yaradıcı yanaşan
müəllimlər çoxdur. Belə
müəllimlərdən birinin -
Bakıdakı 283 nömrəli məktəb-liseyin Azərbaycan
dili və ədəbiyyat müəllimi Xuraman Yusifkənanın "açıq dərs"ində
iştirak etdik.
"Açıq dərs"in mövzusu istedadlı şairimiz Əli Kərimin "Qaytar ana borcunu" şeiri idi. Dərsin məqsədi kimi şagirdlərdə anaya qarşı hörmət hissinin tərbiyə olunması, ana mövzusunun ədəbiyyatımızda mükəmməl işlənməsi barədə onlara biliklərin verilməsi, ana borcunu qaytarmaq üçün hər kəsin üzərinə düşən mənəvi məsuliyyət hissini aşılamaq nəzərdə tutulmuşdu.
Seçilmiş resurslar - dərslik, lent yazıları, tapşırıqlar yazılmış vərəqlər, ekranda nümayiş üçün slaydlar, krossvord-plakat və s. də kifayət qədər çeşidli olub mövzunun dərindən öyrədilməsinə yönəldilmişdi. Dərsin təşkili mərhələsində müəllim verdiyi suallarla motivasiya yaratdı. O, "Ana torpaq", "Ana Vətən", "Ana dili", "Ana sözü" adlandırılmış qrupların üzvlərinə müraciət edərək nə üçün qrupları bu cür adlandırdıqlarını soruşdu. Cavablarda ana sözünün məna tutumu, həyatda bizə ən əziz varlığın bu sözlə ifadə olunması, digər bir çox varlıqların müqəddəslik və bizə yaxınlıq dərəcəsini artırmaq üçün bu sözdən bəzi söz birləşmələrində istifadə edildiyi (ana vətən, ana dili, ana torpaq və s.) diqqətə çatdırıldı. Bu məqamda müəllim dərsin mövzusunun müqəddəs varlıq olan ana ilə bağlı olduğunu, ötən dərsdə keçdikləri Əli Kərimin "Qaytar ana borcunu" şeirini təhlil edəcəklərini vurğuladı.
Əvvəlcə müəllimin təklifi ilə hər qrupdan şagirdlər şeiri hissə-hissə intonasiya ilə həzin musiqinin müşayiəti ilə söylədilər. Eyni qayda ilə şeirin məzmunu da nəql olundu və məzmun üzrə işin qiymətləndirilməsi aparıldı. Hər qrup öz cavablarına qiymət verdi.
Sonra şeir təhlil olundu. Şagirdlər müəllimin təklifi və yönəldici sualları ilə öncə ana obrazını səciyyələndirdilər. Ananın fədakarlığı, övladını böyütməsi üçün böyük əzab-əziyyət çəkməsi, oğlu ilə fəxr etməsi, onun cəmiyyətin layiqli üzvü olması üçün təhsil almasına çalışması, oğlunu sevməsi, ən çətin məqamlarında belə onun haqqında pis bir şey düşünməməsi və s. qeyd olundu.
Sonra oğul səciyyələndirildi. Şagirdlər ananın gözəl, boy-buxunlu, həmişə məhəbbətlə oxşadığı oğulun həqiqətən də gözəl, "qızların ağlını başından alan", təhsildə çalışqan bir gənc olduğunu, lakin eyni zamanda anasına qarşı çox laqeydlik göstərdiyini, onunla maraqlanmadığını, məktublarına cavab vermədiyini qeyd edib, onu nankor övlad kimi səciyyələndirdilər. Şairin oğula qarşı münasibəti barədə müəllimin sualı da şagirdlər tərəfindən cavablandırıldı, ana borcunu qaytarmağın heç vaxt mümkün olmaması barədəki qənaətində şairin haqlı olduğu ifadə edildi.
"Açıq dərs"də fənlərarası əlaqə də müəllim tərəfindən ustalıqla yaradıldı.
Sonra 2 şagirdin ifasında kiçik bir səhnə nümayiş olundu: Ana övladını qulluğa göndərmək istəyir, uşaq müxtəlif bəhanələr gətirib qulluğa getməkdən boyun qaçırır. Uşağın bu hərəkəti şagirdlər tərəfindən təhlil olunub mənfi qiymətləndirildi, övlad hər zaman ata-anasının qulluğunda durmalı, sözlərindən çıxmamalıdır fikri irəli sürülüb təsdiqləndi.
Sonra mövzu ətrafında tədqiqatlar aparması üçün söz oyunu keçirildi. Şagirdlər lövhədən asılmış cibciklərdən sualları götürərək cavablandırdılar. Həmin cavablar əsasında ananın portreti tamamlandı. Bu qənaətə gəlindi ki, bizi böyüdən analar fədakardırlar, beşiyimiz başında laylay deyən analarımız həm bəstəkar, həm də şairdirlər və s.
Müəllim "Ana haqqında daha hansı şeirləri bilirsiniz" sualı ilə fəndaxili əlaqəni də qurdu və şagirdlər həmin sualın cavabı olaraq digər bir sıra şairlərin şeirlərinin adını çəkdilər və beləliklə, ədəbiyyatdan kifayət qədər məlumatlı olduqlarını təsdiqlədilər.
Müəllim bütün qrupları mövzu ilə bağlı "Krossvord"
üzərində işlətdi, qruplar bir-birinə suallar verdilər.
Olduqca canlı və
maraqlı keçən "açıq dərs"
qrupların və onların hər bir üzvünün fəaliyyəti,
dərsdə iştirak səviyyəsi müəllimin
müvafiq müdaxilələri və istiqaməti ilə
şagirdlərin özləri tərəfindən qiymətləndirilməsi
və evə ana haqqında esse yazmağın tapşırılması ilə
başa çatdı.
Dərsdə iştirak
edən 283 nömrəli orta məktəbin direktoru
Şükufə Axundova, 83, 100, 115, 135, 244 nömrəli məktəblərin
dil-ədəbiyyat müəllimləri, Bakı Şəhəri
üzrə Təhsil İdarəsi Metodkabinetinin Nəsimi-Binəqədi
metodik bölməsinin müdiri Həvva Əsgərova
"açıq dərs"i yüksək qiymətləndirib,
müəllim və şagirdlərin dərsdəki fəaliyyətlərinin
müasir dərsə verilən tələblər
baxımından qənaətbəxş olduğunu, müəllimin
istiqaməti ilə şagirdlərin apardıqları tədqiqatlar,
dərsdə beyin həmləsi, krossvord, söz oyunu, qruplarla
iş və s. kimi müasir təlim üsullarından istifadə
nəticəsində mövzunun dərindən öyrənildiyini,
dərsin qarşısına qoyulmuş bütün məqsədlərin
əldə edildiyini vurğuladılar.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 27 avqust.- S.6.