Təbiəti qoruyaq

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2010-cu ilin ölkəmizdə "Ekologiya ili" elan olunması ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi, diqqət və qayğısı ilə regionda əhəmiyyətli tədbirlər həyata keçirilməkdədir. 

Naxçıvan Dövlət Universiteti də belə tədbirlərin fəal təşkilatçılarındandır. Ekoloji rroblemlərin aradan qaldırılması və ekoloji maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə universitetdə müxtəlif elmi-praktik konfranslar, nəzəri seminarlar, sənədli filmlərə baxış təşkil olunmuş, abadlıq və yaşıllaşdırma, meşəsalma işləri həyata keçirilmişdir. Ali məktəbin 5 hektarlıq əkin sahəsində artıq bir neçə ildir ki, yaşıllaşdırma işi aparılır. Yüzlərlə müxtəlif dekorasiya ağaclarının, bəzək kollarının əkilib becərilməsi ərazinin abadlaşdırılmasına, ətraf mühitin mühafizəsinə xidmət edir.

Bu yaxınlarda Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həmin ərazinin 2 hektarlıq hissəsində əkin işləri aparılmışdır. Əvvəlcədən hazırlanmış əkin sahəsinə ağcaqayın, tut, göyrüş, iydə, yemişan, itburnu kimi ağackol toxumları səpilmişdir. Nazirliyin əməkdaşı Mirməcid Seyidov Naxçıvanda yetişdirilmiş, yerli mühitə uyğunlaşdırılmış bu toxumların əkilməsi, damcı üsulu ilə suvarılması, becərilməsi üçün dövlət vəsaiti hesabına xüsusi şərait yaradıldığını qeyd etmişdir.

Naxçıvan Dövlət Universitetinin Coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri namizədi, dosent Nazim Bababəylinin və Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin torpaq ehtiyatlarının mühafizəsi üzrə aparıcı məsləhətçisi Mübariz Axundov doğma diyarımızın ekologiyasının qorunması məqsədilə görülən məqsədyönlü işlər haqqında məlumat vermişlər. Qeyd olunmuşdur ki, yaşıllaşdırma işləri ekoloji saflığın mühafizəsi, bitki örtüyünün zənginləşdirilməsi, oksigen balansının, torpağın rütubətliliyinin qorunması üçün faydalıdır. Naxçıvan şəhərinin Əliabad qəsəbəsindəki yaşayış massivindən 50 m yaxınlıqda yerləşən bu ərazi 70-75 faiz sürüşməyə meyilli olduğu üçün torpağın eroziyasının qarşısının alınması üçün burada əkin işlərinin aparılmasının xüsusi əhəmiyyəti var.

 

 

Mehriban SULTAN

 

Azərbaycan müəllimi.- 2010.- 27 avqust.- S.6.