Uşaqların gigiyenası: sağlamlığın
vacib şərti
Çox vaxt mənə
analar deyirlər ki, siz həmişə uşaq və yeniyetmələrin
təlim-tərbiyə müəssisələrində
olmağını məsləhət bilirsiniz, amma uşaq evdə
sağlam olur, bağçaya, məktəbə gedəndə
çox vaxt xəstələnir. İnsanın sağlam olması üçün o,
uşaqlıdan sağlam həyat tərzində böyüməlidir.
Uşağın orqanizminin müqaviməti
yüksək olmalıdır. Payız-qış
fəsillərində iqlimin soyuqlaşması təlim-tərbiyə
ocaqlarında uşaq və yeniyetmələrin bir-biri ilə
yaxın təmasda olması, bəzən immunitetinin zəifliyi,
otaqların sıxlığı, əks epidemik rejimin tam
gözlənilməməsi ilə əlaqədar tənəffüs
yollarının kəskin infeksion xəstəliklərinə səbəb
olur.
İnfeksion xəstəliyə
tutulmuş inkubasiya vaxtında, ya da xəstəliyi
yüngül keçirən uşaq özündəki
bakteriyaları otağın havasına ötürür, bu
halda sağlam uşaq da xəstəliyə yoluxur.
İnfeksion xəstəliyin 3 mənbəyi var: infeksiya mənbəyi
(xəstə, ya da mikrob daşıyıcısı);
mikrobları ötürən yollar; immuniteti zəif olan insan.
Bu halları nəzərə
alaraq uşaq və yeniyetmələrin infeksiyalara qarşı
müqavimətini artırmaq üçün onların
rasional qidalanması, gigiyenik gün və dərs rejimi, təlim-tərbiyə
ocaqlarında və evdə daim optimal şərait rejimi, təlim-tərbiyə
ocaqlarında və evdə daim optimal şərait təmin
olunması vacibdir.
Xəstəliyi
keçirən uşaqlar həkim nəzarətində
olmalıdırlar. Hər gün uşaqlar profilaktik
baxışdan keçirilməli və xəstəliyə
şübhəli olanlar dərhal təcrid edilməlidirlər.
Çox vacibdir ki, əhalinin sanitariya-gigiyenik
bilikləri daha da artırılsın, çünki mədəni,
sağlam həyat tərzində yaşamaq insanın
sağlamlığında əsasdır.
Uşaqlar üçün
yeni dərs ili fərəhləndirici, həyəcanlı,
sevincli bir gündür. Birinci tədris ili
hər bir uşaq üçün həm psixi, həm də
fiziki cəhətdən gərgin keçir. Uşaq
böyük və yeni kollektivin üzvünə çevrilir.
Əgər uşaq məktəbə
bağçadan sağlam gəlirsə, o, tədris illərində
olan çətinlikləri asanlıqla dəf edə bilir.
Uşaq
orqanizminin möhkəmliyi nisbidir, belə ki, tədris illəri
dövründə onlardakı inkişaf prosesləri hələ
də davam edir. Yeni, gələcək nəslin fiziki cəhətdən
möhkəm, sağlam olması üçün ölkəmizdə
hər yeni dərs ilinə təlim-tərbiyə müəssisələrində
lazımi optimal şərait, yeni
sağlamlaşdırıcı gigiyenik tədbirlər təmin
olunur. Tibb və təhsil
orqanlarının işçiləri uşaqların
sağlamlığı və yaxşı oxumaları
üçün əllərindən gələnləri əsirgəmirlər.
Mütəşəkkil
kollektivlərdə olan uşaq və yeniyetmələrin
sağlamlığını qorumaq və
yaxşılaşdırmaq üçün hər yeni dərs
ilinin ilk aylarında onlar dar ixtisas həkimlərinin
iştirakı ilə tam dərin tibbi müayinələrdən
keçirilir.
Bu hərtərəfli müayinələrə, birinci növbədə,
dispanser qeydiyyatında olanlar, xüsusi idman qrupuna aid olanlar,
idman seksiyalarında iştirak edənlər, fiziki
inkişafı aşağı səviyyədə olanlar və
il ərzində tez-tez xəstələnənlər
cəlb olunurlar.
Hər il dərin tibbi
baxışlarda mütləq bütün uşaq və
yeniyetmələr diş, göz, cərrah və b. həkimlər
tərəfindən müayinə olunmalı, vərəm və
qurd xəstəliklərinin olub-olmaması yoxlanılmalı,
idman və sağlamlıq qruplarına bölünməlidirlər.
Əgər həkimlər tərəfindən patologiyalar
aşkar olunarsa, onların aradan götürülməsi
vaxtında mümkün ola bilər.
Keçirilmiş
tibbi müayinələrin göstəriciləri ötən
illərlə düzgün müqayisə edilərkən,
uşaqların sağlamlığı qiymətləndirilməlidir. Ehtiyacı
olanlara müvafiq müalicə-profilaktik tədbirlər
aparılması üçün pediatr tərəfindən zəruri,
konkret aylıq planlar tərtib edilməli, onlar
vaxtlı-vaxtında tam yerinə yetirilməlidir.
Ümumi və
yoluxucu xəstəliklərin strukturu, qeydiyyatı, səbəbləri,
əks epidemik rejimin gözlənilməsinin səviyyəsi
daim diqqət mərkəzində olmalıdır.
Yeni dərs
ilinin əvvəlində və hər tətildən sonra tibb
bacısı müəllim və ya tərbiyəçilərlə
birlikdə 2-3 gün ərzində bütün uşaq və
yeniyetmələri profilaktik baxışdan keçirməlidirlər
(ümumi vəziyyət, dəri, saç və s.). Xəstə olanlar
təcili həkimə göstərilməli, direktorluq və
sinif (qrup) rəhbərinə xəbər verilməlidir.
Yeni qəbul olunanlar və uzun müddət
kollektivə gəlməyənlər də tezliklə həkim
qəbuluna getməlidirlər.
Həkim uşaq və
yeniyetmələrin səhhəti və görülən
işlər barədə pedaqoji şuraya və poliklinikaya da
məlumat verməlidir.
Uşaq və yeniyetmələrin
səhhətini və kliniki göstəricilərini nəzərə
alaraq həkim lazım bilirsə, onlar üçün rəhbərlikdən
əlavə istirahət günü tələb etməlidir. Bütün
uşaq və yeniyetmələrin sağlamlığına aid
olan tədbirlərə tibb işçiləri, pedaqoq və
tərbiyəçilər daim nəzarət edib, yüksək
məsuliyyətlə yerinə yetirməlidirlər. Gələcək
nəslin sağlamlığını qorumaq və
yaxşılaşdırmaq üçün öz vəzifə
borcları tam yerinə yetirilməli və bütün
imkanlardan istifadə edilməlidir.
Uşaq və yeniyetmələrin
müqaviməti yüksəldilməlidir, çünki II
sağlamlıq qrupuna aid olanlar da "risk" qrupuna aiddir,
onlar tez-tez xəstələnir və immuniteti zəif olan
uşaqlardır. Bu uşaqların xroniki xəstəliklərə
düçar olmamaları üçün onlar daim diqqətdə
saxlanılmalıdırlar. III, IV, V sağlamlıq qruplara aid
olanlar müxtəlif dar ixtisaslı həkimlərin nəzarətində
müalicə olunmalı və qoruyucu rejimdə
yaşamalıdırlar. Təlim-tərbiyə müəssisələrində
tərbiyə alan uşaqların, dişlərində kariyes xəstəliyi,
dayaq-hərəkət sisteminin patologiyası, yastı pəncəlilik,
qurd xəstəliyi aşkar olan uşaqlar, xüsusi idman
qruplarına aid olanlar vaxtlı-vaxtında lazımi müalicə-profilaktik
tədbirləri ilə daim təmin olunmalıdırlar.
Müasir zamanda əhalinin
sanitariya mədəniyyəti daha da yüksəldilməlidir. Sanitariya-gigiyenik
tələblər radio, mətbuat, televiziya vasitəsi ilə
gündəlik olaraq əhaliyə
çatdırılmalıdır. Tədris ocaqlarında
informatika və elektron hesablama texnikasından istifadə olunur.
Buna görə də əmək, tədris və istirahət
rejiminin düzgün təmin olunmasına daha da diqqət
artırılmalıdır. Kompüter zalında, otaqlarda, evdə
kompüterdən istifadə olunur. Ona görə də bir daha
gigiyena normalarını, tələblərini yada salmaq və
onları gözləmək vacibdir.
Kompüterlə məşğulluq
uşaqların həvəsini, biliyini artırır. Lakin uzun
müddət hər dəfə kompüterlə məşğul olanda otağın
mikroiqlimi: temperatur, rütubət, səs-küy, elektrik və
radiasiya sahəsi dəyişir, hava bakteriyalarla zənginləşir.
Belə mikroiqlimdə qalmaq uşaq və yeniyetmələrdə
müəyyən dərəcədə əqli, emosional,
görmə funksiyalarını dəyişir. Statik vəziyyət,
tez yorulma uşaqda inkişaf edir. Uzun müddət belə
mikroiqlimdə qalmaq uşaq və yeniyetmələrin vacib
funksiyalarından biri olan maddələr mübadiləsinə
də mənfi təsir edir. Onların müdafiə sistemi zəifləyir,
patologiya və yoluxucu xəstəliklərə qarşı
müqaviməti azalır. Uşaq və yeniyetmələrin
sağlamlığına, onların zehnini yormayan yüksək
qavrayışa və aktiv olmağa yalnız gigiyena tələblərinə
əməl edilməsi ilə nail olmaq mümkündür.
Bir displeydə 2 və
çox uşağın işləməsi qadağandır,
çünki bu halda uşaq və yeniyetmələrin görmə
qabiliyyəti pozulur və gözləri yorulur.
Əgər uşaq və
yeniyetmə gözlərinə eynək taxırsa, o, displeylə
məşğul olanda da eynəkdən istifadə etməlidir.
İş vaxtı onların nə qədər və hansı
yaxınlıqda əyləşməsi də həkimin
göstərişi ilə olmalıdır.
Ekranda təsvirlər
stabil, aydın olmalıdır. Gözləri zəif
olanların gün ərzində neçə saat və
hansı rejimdə elektron hesablama texnikasından istifadə etmələri
həkimin məsləhətinə uyğun qurulmalıdır.
Ekran
uşaqların gözlərindən 55-65 sm aralı və
göz həddindən 5-10 dərəcədən
aşağı olmalıdır. Otaqlarda, ya da
kompüter zallarında işləyən zaman orada hava tez-tez və
lazımi qədər dəyişdirilməlidir. Səs-küyün səviyyəsi 50 desibaldan
yüksək olmamalıdır. Nisbi rütubət 40-60% və
havanın hərəkət sürəti isə saniyədə
0,25 m2-dək olmalıdır.
Otaqlarda mexaniki
ventilyasiya və kondisionerlər səsudan qurğularla təmin
edilməlidir.
Kompüter olan
otaqlar, zallar kifayət qədər təbii
işıqlandırılmalıdır. Təbii işıq pəncərədən
səviyyəsi 1-ci cərgədəki olan stolun səthinə
qədər 600 lk, süni
işıqlanmanın səviyyəsi isə iş yerində
500 lk olmalıdır.
Kompüter olan otaqda, ya zalda
hər bir uşaq və ya yeniyetmə üçün fərdi
5 m2 hesablanaraq, rahat iş yerləri olmalıdır. Burada displey ekranının işıqlanması isə
200-250 lk-dan artıq olmamalıdır.
Displey
ekranından istifadə edərkən 15-25 dəqiqədən
bir, 8-10 dəqiqə istirahət etmək üçün
uşaqlar, yeniyetmələr fasilə edərək idmanla məşğul
olmalıdırlar. İdman kompleksi hər ayda bir dəfə
dəyişdirilməlidir.
Displeyin
bütün bərpa və təmir işləri uşaqlar
olmayan vaxt aparılmalıdır, arxa qapağı
çıxarılmış displeyin istifadəsi qəti
qadağandır.
Uşaq və yeniyetmələrin
sağlamlığı və iş davamiyyətinə mənfi
təsir edən mühüm amillərdən biri də onların
həddən çox yüklənməsidir. Ona görə dərs
və istehsalat təcrübəsi rejimi, dərs prosesindən əlavə
evdə, digər zallarda informatika və elektron hesablama
texnikasından istifadə zamanı gigiyena tələblərinə,
optimal mikroiqlimin təmininə, uşaqların səmərəli
və təhlükəsiz qidalanmasına nəzarət daha da
gücləndirilməli, uşaqlar sağlam həyat tərzinə
daim cəlb olunmalıdırlar.
Rasional və
vaxtlı-vaxtında qidalanma uşaqların səhhətini və
həmahəng inkişafını təmin edən ən vacib
və təsirli, ilkin şərtlərdən biridir. Qidalanma
beyinin, uşaq idrakının, mərkəzi sinir sisteminin
funksional vəziyyətinə xeyli təsir göstərir.
Düzgün qidalanma müxtəlif xəstəliklərə
qarşı orqanizmin davamlılığını
artırır.
Uşaq və yeniyetmələr
hər gün meyvə, tərəvəz, vitaminlərin
daşıyıcıları olan göy soğan, müxtəlif
göyərtilər, ağ turp, kələm, əti əvəz
edən və yerini verən pendir, kəsmik yeməlidirlər.
Fiziki tərbiyə
hormonik fiziki inkişafa təkan verir,
dözümlülüyü tənzimləyir, baş-beyin
tonusunu yüksəldir, insanda yaxşı emosiyalar yaradır.
Uşaqlar və yeniyetmələrin
hər bir günü səhər 15-20 dəqiqəlik
gimnastika ilə başlanmalıdır. Dərs və dərnəklərdə
məşğul olanda pəncərələr açıq
olmaq şərti ilə, uşaqlar 1-2 dəqiqə idman hərəkətlərini
etməlidirlər. Tənəffüs vaxtlarında bunların
davamı olaraq, uşaqların təmiz havada aktiv hərəkətlərinin
təmini çox vacibdir. Sağlamlığın fizioloji təsirinin
effektliliyi hərəkətlərin mütəmadi və
güclü olmasından asılıdır. Fiziki tədbirlər
uşağın yaşına, sağlamlıq xüsusiyyətlərinə
uyğun olmalıdır, əks halda onun səhhətinə zərər
olur.
Möhtərəm
Prezidentimiz İlham Əliyev insanlar üçün daha da
yaxşı şərait olması üçün daim
çalışır, bir sıra dövlət proqramları
yerinə yetirilir. Uşaqların
sağlamlığını qorumaq üçün ən
vacib olan, ən əsas olan aşağıdakı gigiyenik tədbirlərin
təmin olunmasıdır: uşaq və yeniyetmələrin
gözlərinin mühafizəsi üçün bütün
otaqlarda, laboratoriyalarda, kabinetlərdə gigiyena normalarına
uyğun təbii və süni işıqlanma; otaqların,
kabinetlərin havasını kifayət qədər dəyişmək
üçün lazımi həcmdə nəfəsliklər və
otaqlarda çox vacib olan mexaniki ventilyasiya və kondisionerlərin
sazlığı; kifayət qədər soyuq və isti
gigiyena tələblərinə uyğun suların təminatı
və ehtiyat su çənlərinin istifadəyə
hazırlığı; ayaq yollarının mexaniki
yuyulması üçün qurğuların, orada olan əlüzyuyanların
kifayət qədər olması və sazlığı;
qızdırıcı sistemin sazlığı və s.
Ətraf mühitin idarə
olunması uşaq və yeniyetmələrin
sağlamlığının qorunması və
yaxşılaşdırılmasında gigiyenik təhsil
böyük rol oynayır və çox vacib amillərdən
biridir. Hər bir insanın xarici mühiti qoruması onun vətəndaşlıq
borcudur.
F.YAQUBZADƏ
Azərbaycan müəllimi.- 2010.- 27
avqust.- S.6.