Ümumi orta təhsil səviyyəsində icbariliyin tətbiq edilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda (19.14-cü maddə)  ümumi orta təhsilin icbariliyinin təsbit olunması ilə əlaqədar bu  sahədə  müvafiq  tənzimləmə  tədbirlərinin həyata keçirilməsi zərurətini nəzərə alaraq

 

ƏMR EDİRƏM:

 

1. Ümumi orta təhsilin icbariliyinə keçid mərhələsi I siniflərdən yeni fənn kurikulumlarının tətbiqinə başlanmış 2008-2009-cu dərs ili hesab edilsin.

2. İcbari ümumi orta təhsil üzrə şagirdlərin ilk buraxılışının 2016-2017-ci dərs ilində olacağı nəzərə alınsın.

3. Nazirlik Aparatının rəhbəri İ.Pirməmmədov, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq olunmuş "Ümumi təhsil pilləsinin dövlət standartları proqramları (kurikulumları)" sənədində ümumi orta təhsil səviyyəsi üçün (V-IX siniflər) müəyyən edilən həftəlik dərs dərsdənkənar məşğələ saatları əsasında ümumi orta təhsil üzrə tədris planlarının layihəsini hazırlayıb baxılmaq üçün rəhbərliyə təqdim etsinlər.

4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə olunsun.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

30 avqust 2010-cu il

 

Azərbaycan müəllimi.- 2010.- 3 sentyabr.- S.2.