"Sənətkar" jurnalının 40 illik yubileyi qeyd olundu

 

Avqustun 30-da 7 nömrəli Bakı Peşə Liseyinin akt zalında Təhsil Nazirliyinin "Sənətkar" elmi-pedaqojimetodik jurnalının 40 illik yubileyinə həsr olunmuş təntənəli iclas keçirildi. İclasda Təhsil Nazirliyinin rəhbər işçiləri, tanınmış pedaqoq alimlər, ilk peşə-ixtisas təhsili müəssisələrindən və KİV-dən nümayəndələr iştirak edirdilər. 

İclas başlanmazdan öncə təhsil naziri Misir Mərdanov və onu müşayiət edən şəxslər 7 nömrəli Bakı Peşə Liseyinin tədris korpusunu gəzərək burada yüksək səviyyədə aparılmış təmirlə, bunun nəticəsində yaradılmış əlverişli təlim şəraiti ilə tanış oldular, kompüter və dərs otaqlarına, yeməkxanaya baxdılar.

Mərasimi açan təhsil naziri Misir Mərdanov ölkənin ilk peşə-ixtisas təhsili işçilərinin yeganə nəşri olan "Sənətkar" jurnalının 40 illik yubileyi münasibəti ilə jurnalın yaradıcı kollektivini, redaksiya heyətini və tədbir iştirakçılarını təbrik etdi.

Çıxışının əvvəlində 7 nömrəli Bakı Peşə Liseyində gördüklərinə münasibətini açıqlayan nazir burada yüksək səviyyədə aparılmış əsaslı təmir işlərindən razı qaldığını bildirdi, belə şəraitdə keyfiyyətli ümumi təhsil vermək, ibtidai peşə təhsili mütəxəssisi hazırlamaq mümkün olduğunu vurğuladı. Son illər göstərilən cidd-cəhdlər nəticəsində ölkədə artıq 7-8 belə peşə təhsili müəssisəsinin yaradıldığını deyən nazir gələcəkdə Azərbaycandakı bütün peşə məktəbləri və peşə liseylərinin də bu səviyyəyə çatdırılacağını söylədi.

Sonra təhsil naziri yubileyi qeyd olunan jurnalın nəşr tarixinə qısa nəzər salaraq onun 1969-cu ildə fəaliyyətə başladığını, lakin ötən əsrin 80-ci illərinin sonunda ölkədə yaranmış çətin vəziyyətlə əlaqədar bir çox nəşrlər kimi bu jurnalın da öz fəaliyyətini dayandırmağa məcbur olduğunu bildirdi. 10 illik fasilədən sonra jurnalın Təhsil Nazirliyinin əmri ilə 2000-ci ildə yenidən nəşrə başladığını deyən nazir onun nəşrinin bərpasında o vaxt nazirliyin texniki peşə təhsili şöbəsinə rəhbərlik edən Zülfüqar Abdullayevin böyük rolu olduğunu diqqətə çatdırdı.

Jurnalın 40 illik yubileyinin ölkəmizdə peşə təhsilinin inkişaf etməyə başladığı bir dövrdə qeyd olunduğunu söyləyən təhsil naziri son illər, xüsusən də Azərbaycan Prezidenti  İlham Əliyev tərəfindən 2007-ci ildə peşə təhsilinin inkişafı ilə bağlı Dövlət Proqramı təsdiq olunduqdan sonra bu sahəyə  hərtərəfli  diqqət  və  qayğı göstərildiyini,  ictimaiyyət  arasında ilk peşə-ixtisas  təhsilinin  nüfuzunun  yüksəldiyini  vurğuladı.

Bununla belə, nazir sahənin inkişafına mane olan bəzi problemlərin mövcud olduğunu bildirib, proqramda nəzərdə tutulan tədbirlərin ləng həyata keçirildiyini, bəzi peşə təhsili müəssisələrinin rəhbərlərinin yaranmış imkanlardan səmərəli istifadə edə bilmədiklərini qeyd etdi.

"Sənətkar" jurnalını poliqrafik icra baxımından diqqətəlayiq saysa da, onun  məzmunu ilə bağlı aparılmasının zəruriliyini bildirən nazir jurnalın yaradıcı heyətinə peşə təhsilinin problemlərini geniş işıqlandırmağı, onun səhifələrində obyektiv tənqidi materiallar verməyi tövsiyə etdi.

Nazir bir məsələyə diqqəti yönəldərək qeyd etdi ki, bütün sahələrdə yüksək inkişaf gedən, yeni-yeni infrastrukturlar yaradılan ölkəmizdə təəssüf ki, bu gün xidmətin səviyyəsi qənaətbəxş deyil bundan tez-tez narazılıqlar edilir. Xidmət sahəsində işləyən insanların məhz peşə təhsili müəssisələrində hazırlanmalı olduğunu söyləyən  təhsil naziri xidmətin səviyyəsini, eyni zamanda ilk peşə-ixtisas təhsilinin nüfuzunu yüksəltmək üçün hökumətin müvafiq diplomu olmayan şəxslərin xidmət sahəsində işə götürülməsini əngəlləyən xüsusi qərarına ehtiyac duyulduğunu, bununla  bağlı  Nazirlər  Kabinetinin  qarşısında məsələ qaldırılmasının zəruriliyini diqqətə çatdırdı.

Təhsil naziri çıxışının sonunda "Sənətkar" jurnalının 40 illik yubileyi münasibəti ilə jurnalın əməkdaşlarını bir daha təbrik edib onlara qələmlərinin iti olmasını arzuladı.

Sonra nazir ilk peşə-ixtisas təhsili müəssisələrinin informasiya metodiki təminatı sahəsindəki xidmətlərinə görə fəaliyyətinin 40 illiyi münasibəti ilə "Sənətkar" jurnalının bir qrup əməkdaşının Təhsil Nazirliyi kollegiyasının qərarı ilə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi"  döş nişanı Fəxri fərmanlarla təltif olunduğunu bildirib, mükafatları sahiblərinə təqdim etdi.

Mərasimdə "Sənətkar" jurnalının baş redaktoru Şahbaz Balakişiyev çıxış edərək jurnalın fəaliyyət yolundan, qarşısında duran vəzifələrdən danışdı. Natiq qeyd etdi ki, "Sənətkar" jurnalı ötən əsrin ortalarında ölkədə mövcud olan peşə təhsili müəssisələrini bir mərkəzdən idarə etmək, onları lazımi metodik materiallarla təmin etmək, ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən peşə tədrisi müəssisələrinin işi ilə tanış etmək üçün informasiya ötürücüsü funksiyasını yerinə yetirən mətbu orqana olan ehtiyacdan yaranmışdır. Nəşrə başladığı 1969-cu ildən 1988-ci ilədək "Gənc fəhlə" adı ilə işıq üzü görən jurnal 2000-ci ildən "Sənətkar" adı ilə öz fəaliyyətini davam etdirmişdir. Hazırda jurnal qarşısında duran vəzifələri şərəflə həyata keçirir.

Ş.Balakişiyev məlumat verərək bildirdi ki, redaksiya jurnalın 40 illiyi ilə əlaqədar ilk peşə-ixtisas təhsili müəssisələri işçiləri arasında "İlk peşə-ixtisas təhsilinin ictimai statusu yüksəlməlidir" mövzusunda müsabiqə keçirib. Müsabiqəyə 59 ilk peşə-ixtisas təhsili müəssisəsi 2 məktəbdənkənar təhsil müəssisəsindən 3 nominasiya üzrə 123 yazı təqdim olunmuş onlar tələbkar münsiflər heyəti tərəfindən dəyərləndirilmişdir. Müsabiqədə 9 nəfər I, 9 nəfər II, 9 nəfər isə III yerə layiq görülmüş, daha 15 nəfər 4-cü, həvəsləndirici yeri tutmuşdur. Qaliblərin adını açıqlayan Ş.Balakişiyev onlara diplomlar təqdim etdi.

Müsabiqədə fəallıq göstərənlər, münsiflər heyətinin üzvləri də diplomlarla mükafatlandırıldılar.

Mərasimdə Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov, pedaqoji elmlər doktoru, professor Vidadi Xəlilov çıxış edərək yubilyar jurnalın yaradıcı heyətini təbrik etdilər, onlara yeni yaradıcılıq uğurları arzuladılar.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2010.- 3 sentyabr.- S.2.