Latın Amerikasından ilk qonaq
Braziliyanın Azərbaycandakı fövqəladə
və səlahiyyətli
səfiri Paulo Antonio Pereira Pinto Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində
Naxçıvan Dövlət
Universitetində də
olmuşdur. Universitetin rektoru, akademik
İsa Həbibbəylinin
qəbulunda olan səfir Azərbaycan və Naxçıvan haqqında xoş təəssüratlarını bölüşmüşdür.
Görüş zamanı 1993-cü ildə
qurulan Azərbaycan və Braziliya arasındakı diplomatik münasibətlərin inkişafından,
2009-cu ildə açılan
Braziliya səfirliyinin
bu istiqamətdə atdığı addımlardan
danışılmışdır. Millət
vəkili, akademik İsa Həbibbəyli Braziliyanın neytral siyasət yürüdən,
çoxmədəniyyətli və zəngin tarixə malik ölkə olduğunu vurğulamış, Naxçıvanın
qədim tarixindən,
mədəniyyətindən, ermənilər tərəfindən
uzun illər mühasirədə olmasına
baxmayaraq, misligörünməmiş
inkişafından söz
açmışdır. Rektor
universitetin strukturu, maddi-texniki bazası,
professor-müəllim heyəti və tələbə kontingenti,
elm və tədrisin inkişafında qazandığı
uğurlar haqqında da ətraflı məlumat vermişdir.
Braziliyalı diplomat öz ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, milli mənəvi dəyərlərinə hörmətlə yanaşdığını diqqətə çatdırmışdır.
Görüş zamanı elmin, təhsilin inteqrasiyası məqsədi ilə tərəfdaşlığın əhəmiyyəti vurğulanmış, universitetlərarası əməkdaşlığın yaradılması haqqında razılıq əldə olunmuşdur.
Səfir Paulo Antonio universitetin struktur bölmələri, tədris korpusları ilə tanış olmuş, Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində, Olimpiya idman mərkəzində, İdman muzeyində olmuş, konservatoriyada mini konsert proqramını izləmişdir.
Mehriban SULTAN
Azərbaycan müəllimi.- 2010.- 3 sentyabr.- S.1.