Təhsil Nazirliyi
mətbuat xidmətinin məlumatı
Sentyabrın
1-də təhsil naziri Misir
Mərdanov Azərbaycan Beynəlxalq Universitetinin
fəaliyyətinə verilmiş xüsusi razılığın
(lisenziyanın) qüvvədə olma
müddətinin uzadılmaması barədə əmr
imzalayıb.
Əmrdə qeyd olunur ki, Azərbaycan
Beynəlxalq Universiteti
1997-ci il oktyabrın 17-də Ədliyyə
Nazirliyində dövlət
qeydiyyatına alınıb,
1998-ci ildə Təhsil
Nazirliyinin 04.12.1997-ci il
tarixli 48-11-4058/16 nömrəli
qərarı ilə
ilk dəfə lisenziya
verilib. Universitet 1999-cu
ildə 6 il
müddətinə, 2005-ci ildə
isə 5 il müddətinə yenidən
lisenziya alıb.
Cari ilin iyul ayının 8-də Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə
verilmiş lisenziyanın
müddəti bitdiyi
üçün bu məsələyə yenidən
baxılması, eləcə
də bu ali məktəbdə tədris prosesinin təşkili vəziyyətinin
araşdırılması məqsədi
ilə ekspert qrupu yaradılıb. Ekspert qrupu ali məktəbin maddi-texniki bazası ilə tanış olmaqla, universitet rəhbərliyinin və Təhsil Nazirliyinin müvafiq şöbələrinin
təqdim etdiyi sənədləri təhlil
etməklə araşdırma
aparıb. Araşdırma zamanı məlum
olub ki, 2005-ci illə müqayisədə
Azərbaycan Beynəlxalq
Universitetinin maddi-texniki
bazasının yaxşılaşdırılması
sahəsində müəyyən
işlər görülsə
də, tədris prosesinin təşkilində
normativ sənədlərin
tələblərinə riayət
olunmayıb, hətta daha ciddi pozuntulara
yol verilib. Ekspert qrupunun hazırladığı
arayış Təhsil
Nazirliyi Lisenziya Komissiyasının iclasında
müzakirə olunub.
İclasda universitetin ali kollegial idarəetmə
orqanı olan Elmi Şurasının imkanlarından istifadə edilmədiyi, ali məktəbin strukturuna daxil olan fakültələrin
bir çoxunun mövcud qaydaların tələblərinə zidd
fəaliyyət göstərdiyi,
əksər kafedralar,
xüsusən texniki ixtisaslar üzrə mütəxəssis hazırlayan
kafedralarda zəruri avadanlıqla təchiz edilmiş tədris laboratoriyalarının olmadığı,
kafedraların işinin
düzgün təşkil
edilmədiyi, müəllimlərin
dərs bölgüsündə
müvafiq qaydaların
kütləvi şəkildə
pozulduğu, universitetdə
yüksək ixtisas dərəcəsinə malik
olmayan və alimlik dərəcəsi (elmi adı) olmayan müəllimlərə
mühazirə dərslərinin
verildiyi, mütəxəssis
hazırlığı həyata
keçirilən ixtisasların
tədris planlarının tərtibində qüvvədə
olan normativ sənədlərin tələblərinə
tam riayət olunmadığı,
tədris planlarında bir sıra fənlərin tədrisinə
ayrılan saatların
normativlərdən az
olduğu və ya ümumiyyətlə tədris olunmadığı,
nizam-intizam qaydalarına
riayət edilmədiyi
və tələbələrin
dərslərə davamiyyətində
ciddi nöqsanların
olduğu, qrupların
tədris jurnallarının
formal olaraq doldurulduğu,
bəzən dəyişdirildiyi
və müəllimlərin
imzalarının saxtalaşdırıldığı,
tələbələrin biliyinin
formal qiymətləndirildiyi, fənlərin tədrisinin
pərakəndə şəkildə
(müəllimin istədiyi
kimi) aparıldığı,
universitetdə tələbə
kontingentinin formalaşması,
tələbələrin kursdan
kursa keçirilməsi,
qrup və birləşmələrin təşkilində
ciddi pozuntulara yol verildiyi, universitetin daxilində bir ixtisasdan digərinə və ya digər ali
məktəblərdən tələbələrin
köçürülməsi, tələbələr sırasına
bərpası və xaric olunması zamanı mövcud qanunvericiliyin tələblərinin
ciddi şəkildə
pozulduğu, hətta saxtakarlığa yol verildiyi, köçürülmə
sənədlərinin saxtalaşdırıldığı,
diplom vermə zamanı sənədləşmə
və sənədlərin
icrası mexanizminin kobud şəkildə pozulduğu, universitetin Moskva filialının fəaliyyətinin mövcud
normativ sənədlərə
uyğun təşkil
olunmadığı qeyd
edilib.
Lisenziya Komissiyasının
yekdil qərarı ilə qeyd olunan
nöqsanlar nəzərə
alınaraq Azərbaycan
Respublikası Təhsil
Nazirliyi tərəfindən
Azərbaycan Beynəlxalq
Universitetinin fəaliyyətinə
verilmiş 30.06.2005-ci il tarixli 003283 N-li xüsusi razılığın (lisenziya)
müddətinin uzadılmaması
barədə qərar
qəbul olunub. Eləcə də universitet rəhbərliyinə
01.09.2010-cu il tarixə qədər ali məktəbdə təhsil alan, təhsili başa çatan, hazırda müxtəlif səbəblərdən
təhsilində fasilə
yaranan şəxslər
barədə məlumatı
10 gün müddətində
hazırlayıb Təhsil
Nazirliyinə təqdim
etmək tapşırılıb.
Həmçinin Təhsil
Nazirliyinin müvafiq şöbə və struktur rəhbərlərinə
mövcud qanunvericiliyin
tələbləri gözlənilməklə
bu ali
məktəbə qəbul
olunub hazırda təhsil alan və ya təhsili
müəyyən səbəblərdən
yarımçıq qalmış
tələbələrin gələcək
təhsilləri ilə
bağlı təkliflər
hazırlamaq barədə
tapşırıq verilib.
Azərbaycan müəllimi.- 2010.- 3 sentyabr.- S.2.