Azərbaycanın Milli Qəhrəmanları

 

Məmmədov Seymur Qəhrəman oğlu

 

1971-ci il sentyabrın 18-də Füzuli rayonunda anadan olmuşdu. 1988-ci ildə  rayonlarındakı 2 nömrəli orta məktəbi bitirmişdi. Elə həmin il Azərbaycan Politexnik İnstitutunun elektrotexnika fakültəsinə daxil olmuşdu. O, qiyabi təhsil almaqla yanaşı, həm Füzuli şəhər rabitə şöbəsində çalışmışdı. Seymur 1991-ci ildə hərbi xidmətə çağırılaraq Vladimir vilayətinin Kovrov şəhərində artilleriya kursu keçdikdən sonra Almaniyaya göndərilmişdi. Bir müddət sonra isə xidmətini Ukraynanın Çerniqov şəhərində davam etdirmişdi. Hərbi xidmətini başa çatdırdıqdan sonra Vətənə qayıdaraq özünümüdafiə batalyonuna yazılmışdı. Qarabağda erməni işğalçılarına qarşı gedən qanlı döyüşlərdə çətin əməliyyatlarda fəal iştirak etmişdi.

S.Məmmədov 1992-ci il aprelin 1-də Məlikcanlı kəndinin erməni işğalçılarından təmizlənməsi uğrunda gedən qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 11 avqust 1992-ci il tarixli 131 nömrəli Fərmanı ilə Məmmədov Seymur Qəhrəman oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı orta məktəb onun adını daşıyır.

 

Məmmədov Səfəralı Qurban oğlu

 

1963-cü il oktyabrın 16-da Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdu. 1981-ci ildə doğma kəndlərində orta məktəbi bitirmişdi. Həmin il hərbi xidmətə çağırılmışdı. Minsk şəhərində xidmətini başa çatdırdıqdan sonra ordudan tərxis olunaraq, Krasnodar şəhərinə getmişdi. Burada müəssisədənkənar mühafizə şöbəsində milis nəfəri kimi fəaliyyətə başlamışdı. 1988-ci ildə xidməti nəzərə alınaraq Bakı Xüsusi Orta Milis Məktəbinin qiyabi şöbəsində təhsil almağa göndərilmişdi. 1990-cı ildə məktəbi bitirərək öz istəyi ilə Ağdam rayon DİŞ- post-patrul xidmətində vzvod komandiri təyin olunmuşdu. Elə ilk günlərdən döyüş meydanında fəallıq göstərən Səfəralı Fərruxda, Ağbulaq fermasında, Qarakənd kəndində xeyli erməni girov götürmüşdü.

S.Məmmədov 1992-ci il fevralın 16-da Xocavənd rayonunun Qaradağlı kəndində gedən döyüşdə düşmənə sarsıdıcı zərbələr endirərkən qəlpələrdən biri  kəmərindəki qumbaraya dəyərək, onun həyatına son qoyub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 nömrəli Fərmanı ilə Məmmədov Səfəralı Qurban oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Masallı rayonunun Sərçuvar kəndində dəfn olunub. Masallı şəhərindəki küçələrdən biri vaxtilə təhsil aldığı Sərçuvar kənd orta məktəbi onun adını daşıyır.

 

Məmmədov Xanoğlan Sadıq oğlu

 

1975-ci il fevralın 13-də Neftçala rayonunun Qaraqaşlı kəndində anadan olmuşdu. Kəndlərindəki məktəbdə səkkizinci sinfi bitirdikdən sonra rayondakı 104 nömrəli texniki peşə məktəbində təhsilini davam etdirmişdi. 1993-cü il aprelin 13-də Neftçala rayon Hərbi Komissarlığı tərəfindən əsgəri xidmətə çağırılmışdı. Xanoğlan topçu kimi əvvəlcə Səngəçalda, sonra isə Çuxanlı, Pirəküşkül Qaladakı hərbi hissələrdə təcrübə məqsədilə xüsusi xidmət keçmişdi. Daha sonra torpaqlarımızı erməni işğalçılarından müdafiə etmək üçün Murovdağa göndərilmişdi. Düşmənə qarşı gedən döyüşlərdə, keçirilən çətin əməliyyatlarda mətinliyi, şücaəti ilə fərqlənən Xanoğlanın 1995-ci ilin martında dövlət çevrilişinə cəhdin qarşısının alınmasında da müstəsna xidməti olmuşdu.

X.Məmmədov elə həmin ilin mart hadisələri zamanı bir dəstə hakimiyyət hərisinə qarşı aparılan mübarizədə əsl qəhrəmanlıq nümunəsi göstərir. Lakin həmin  silahlı toqquşmada qarşı tərəfdən atılan güllə onun həyatına son qoyur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Məmmədov Xanoğlan Sadıq oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Rayonun Qaraqaşlı kəndində dəfn olunub. Neftçala rayon mədəniyyət evi onun adını daşıyır.

 

Mansurov Bəhruz Qəhrəman oğlu

 

1975-ci il martın 13-də Yardımlı rayonunun Telavar kəndində anadan olmuşdu. Orta təhsilini doğma kəndlərindəki məktəbdə almışdı. Az sonra Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin sərhəd qoşunları fakültəsinə qəbul olmuşdu. Bəhruz da 1995-ci ilin məlum mart hadisələri zamanı - Azərbaycanın başı üstünü qara buludlar alanda  bir qeyrətli vətən oğlu kimi əlinə silah alaraq vətənin azadlığı uğrunda ayağa qalxmışdı.  Həmin vaxt çağırışa tabe olmayan bu dəstə öz çirkin əməllərini həyata keçirmək üçün silahlı əməliyyata başladı. Bəhruz cinayətkarlara qarşı aparılan əməliyyatda fəal iştirak edir, yaralıların döyüş meydanından çıxarılmasında əsl qəhrəmanlıq nümunəsi göstərirdi.

B.Mansurov dövlət çevrilişinə cəhdin qarşısını alarkən  qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Mansurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Yardımlı rayonunun Telavar kəndində dəfn olunub. Təhsil aldığı orta məktəb onun adını daşıyır.

 

Məhərrəmov Asif Yusif oğlu

 

1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. 1969-cu ildə Ağdam şəhər 1 nömrəli orta məktəbi bitirmiş, rayondakı Dəzgahqayırma Zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlamışdı. 1971-ci ildə hərbi xidmətə getmişdi. 1991-ci il noyabrın 15-də Ağdamda könüllü özünümüdafiə taboru yaradaraq torpaqlarımızın müdafiəsində yaxından iştirak etmişdi. Asif 1992-ci il martın 7-də 859 nömrəli hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilmişdi. 1992-ci ildə Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhraz, Xramort, Xanabad, Fərrux, Sırxavənd, Canyataq, Gülyataq, Qarakənd kəndləri düşməndən azad edilmişdi. Naxçıvanik uğrunda gedən döyüşdə ağır yaralanan Asif müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıtmışdı.

A.Məhərrəmov 1993-cü ildə Şelli uğrunda gedən döyüşdə iştirak etmiş, səhhəti ağırlaşdığından hərbi hissəni təhvil verərək, müalicə məqsədilə Yalta şəhərinə gedib 1994-cü il iyulun 1-də dünyasını dəyişib.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə Məhərrəmov Asif Yusif oğlu Azərbaycanın  Milli Qəhrəmanı adına layiq görülüb.

Bakı səhərində 2-ci Şəhidlər xiyabanında dəfn olunub. Bakı şəhərində adına küçə var.

 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya

Mərkəzinin materialları əsasında

hazırladı: Ədalət DAŞDƏMİRLİ

Azərbaycan müəllimi.- 2010.- 3 dekabr.- S.8.