Münhen Texniki Universiteti

 

Yerləşir:                                            Almaniya FR, Bavariya vilayəti, Münhen şəhəri   

Yaranma tarixi:                               1868-ci il 

Tipi:                                                   Dövlət     

İşçi heyətinin ümumi sayı:               460 nəfər professor, 4160  nəfər akademik heyət,

                                                            2801 nəfər inzibati heyət 

Tələbələrin ümumi sayı:                   25000 nəfər

Rəsmi saytı:                                       www.tum.de

 

 Münhen Texniki Universiteti (almanca Technische Universitat München) Almaniya Federativ Respublikasında, Bavariya vilayətinin Münhen şəhərində yerləşir və Avropanın ən nüfuzlu elmi-tədqiqat mərkəzkərindən biridir. Universitet dəqiq və texniki elmlər üzrə ixtisaslaşıb. Bu ali təhsil ocağının məzunlarından 16 nəfər Nobel mükafatına layiq görülüb.

Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Münhen Texniki Universiteti 100 ən yaxşı ali məktəb arasında 55-ci yerdə olub. 2010-cu ildə dünyanın ən nüfuzlu universitetləri arasında, "Times Higher Education World University Rankings"in açıqlamasına əsasən, Münhen Texniki Universiteti 101-ci, "QS World University Rankings"in açıqlamasına əsasən isə 58-ci yerdədir.

Münhen Texniki Universiteti Avropa və Asiya universitetlərini birləşdirən LAOTSE tələbə və müəllimlərin beynəlxalq təşkilatının, TIME (Avropanın Top Sənaye Müəssisələri) şəbəkəsinin üzvüdür.

 

Tarixi

 

1868-ci ildə Bavariya kralı II Lüdviq politexnik məktəbi yaradılması haqqında sənəd imzalayır. 1877-ci ildə bu təhsil müəssisəsi rəsmi olaraq Bavariya Kral Texniki Ali Məktəbi adlandırılır. 1901-ci ildə ali məktəbdə dissertasiya şurası fəaliyyətə başlayır və elmi dərəcələr verilməyə başlanır. 1930-cu ildə Kənd Təsərrüfatı Ali Məktəbi və "Veyenştefan" pivə zavodu məktəbə birləşdirilir. 1937-ci ildə Maksim Şmidt Nimfenburqda universitetin binasını yaratmaq layihəsini hazırlayır, lakin II Dünya müharibəsi onun planlarını yarıda qoyur.

II Dünya müharibəsi zamanı ali məktəb fəaliyyətini dayandırır, məktəbin 80%-i dağıntıya məruz qalır. Məktəbdə dərslər 1946-cı ildən başlayır, universitetin  yeni binaları, kitabxanası tikilir. 1957-ci ildə Qarxinq şəhərində universitet şəhərciyi tikilir. 1967-ci ildə universitetin tibb fakültəsi açılır, İzar çayının sağ sahilində klinika istifadəyə verilir.

1970-ci ildə ali məktəbə Texniki Universitet adı verilir. 1995-ci ildə kimyaçı professor Volfqan German Münhen Texniki Universitetinin prezidenti təyin edilir. Onun rəhbərliyi altında universitet sürətlə inkişaf edir. 2000-ci ildə Münhen Texniki Universitetində Veyenştefan Həyat və Qida Elmləri, Torpaq istifadəsi və Ətraf mühit Mərkəzi yaradılır. İki il sonra Sinqapurda universitetin Alman Elm və Texnologiya  İnstitutu fəaliyyətə başlayır. 2004-cü il martın 2-də Hans Mayer-Leybnits adına Forschungsreaktor Münhen II aparıcı neytron mənbəyi olan tədqiqat mərkəzinin açılışı baş tutur. 2009-cu ildə Münhen Texniki Universitetinin Təhsil Məktəbi yaradılır.   

2006-cı ilin noyabrından başlayaraq Münhen Texniki Universiteti Karlsrue, Lüdviq və Maksimilian Elit universitetləri ilə birgə "Gələcək konsepsiyası" proqramının iştirakçısıdır. Bu konsepsiyaya əsasən universitet 2011-ci ilədək hər il 30 milyon avro məbləğində dövlət yardımı alacaq.

 

Büdcəsi və təhsil haqqı

 

2006-cı il mayın 18-də Bavariyada "Ali təhsil haqqında" qanuna dəyişikliklər edilib. 2006-cı ilin 1 iyun tarixindən isə qanun qüvvəyə minib. Həmin qanunun 101-ci maddəsinə əsasən, 2007-ci ildən başlayaraq təhsil ödənişli olub.

2009-2011-ci illərdə Münhen Texniki Universitetində tələbələrin təhsil haqqı bir semestr ərzində 500 avro təşkil edir. Qeydiyyatdan keçmək üçün isə tələbə 42 avro ödəməlidir. 2009-cu ilədək burada tələbələrdən 50 avro dəyərində inzibati ödəniş tələb olunurdu, lakin həmin il aprelin 1-dən bu ödəniş ləğv edilib.

Münhen Texniki Universitetində tələbələrə müxtəlif təqaüd təklif edilir. Təqaüdün məbləği orta hesabla bakalavrlar üçün 580 avro, magistrant və doktorantlar üçün isə 1050 avro təşkil edir.

Münhendə yaşayış yeri tapmaq tələbələr üçün xüsusilə oktyabr və noyabr aylarında,  çətindir. Tələbələr, əsasən, xüsusi evlərdə kirayədə qalırlar. Tələbə xidməti idarələri gənclərə bir sıra yataqxanalar təklif edir. Burada otaqların aylıq qiyməti 300-600 avro arasında dəyişir. 

 

Universitet bu gün

 

Münhen Texniki Universiteti Münhen şəhərində İzar çayının və A9 avtobanının yaxınlığında yerləşir. Universitetin korpuslarını Münhen U-Bahn, Qarxinq-Hoxbrük, Qarxinq və Qarxinq-Forshunqzentrum metro stansiyaları birləşdirir. Münhen füsunkar gözəlliyə malik sakit və təhlükəsiz şəhərdir. Demək olar ki, şəhərin gecə həyatı mövcud deyil. 

Bir çox alman universitetləri kimi, Münhen Texniki Universitetinin də kampusu yoxdur. Lakin Qarxinq şəhərində yerləşən universitetin ərazisi gündən-günə böyüyür və kampusu xatırladır. Münhen Texniki Universitetinin əsas binası Münhen şəhərinin mərkəzindədir. Münhendə həmçinin ali məktəbin tibb kampusu, Veyenştefan ərazisində Həyat və Qida Elmləri Mərkəzi yerləşir.

Münhen Texniki Universitetində 133 proqram təklif edən 13 fakültə mövcuddur. Bunlar riyaziyyat, fizika, kimya, iqtisadiyyat, inşaat və geodeziya, memarlıq, maşınqayırma, elektrotexnika və hesablama texnikası, kompüter elmləri, tibb, idman, təhsil fakültələri, Veyenştefan Həyat, Qida Torpaq İstifadəsi və Ətraf Mühit Mərkəzidir. Sadalanan fakültələrlə yanaşı, universitetdə FRM-II Reaktor tədqiqatları, Texnika və yarımkeçiricilər fizikası departamenti (Valter Şottki İnstitutu), Avropa Cənub Rəsədxanasının qərargahı, Maks Planka institutları (atrofizika, fəza, plazma, kvant optikası), Valter Maysner (aşağı temperatur fizikası), Leybnits Rexenzentrum institutları, Bavariya Tətbiqi Energetik Tədqiqatlar, Reaktorların təhlükəsizliyi, Qlobal tədqiqatlar və digər elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərir.

Münhen Texniki Universiteti 140-dan çox ölkənin ali məktəbləri ilə əməkdaşlıq edir, tələbə və müəllim mübadiləsi aparır. Sinqapur Milli Universiteti, Nanyanq Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində universitetin Almaniya Elm və Texnologiya İnstitutu fəaliyyət göstərir. Münhen Texniki Universiteti Danimarka, Vyana, Corciya, Dehli, Sisindorn Beynəlxalq texniki universitetləri, Stenford, İllinoys, Kornell, Tsinxua, Tokio, Melburn və dünyanın digər nüfuzlu universitetləri ilə beynəlxalq əlaqələr qurur, birgə layihələr həyata keçirir.

Münhen Texniki Universitetinin idarə olunması İcra Şurası, Dekanlar Departamenti, Mərkəzi Elmi Müəssisələr İdarəsi tərəfindən həyata keçirilir. Ali məktəbin  prezidenti professor Volfqanq Hermanndır. Ali məktəbdə 460 nəfər professor, 4160 nəfər akademik heyət, 2801 nəfər inzibati heyət çalışır.

Münhen Texniki Universitetində ümumilikdə 25000 nəfər tələbə qeydə alınıb. Onların 4000-nə yaxını dünyanın müxtəlif ölkələrindən gəlmiş əcnəbi tələbələrdir. Münhen Texniki Universitetində də dünyanın digər ali məktəblərində olduğu kimi, müxtəlif tələbə təşkilatları, birliklər, idman komandaları fəaliyyət göstərir, gənclərin dərsdən sonrakı asudə vaxtlarını səmərəli keçirmələri üçün rəngarəng tədbirlər təşkil olunur.

Almaniya təhsil sistemi hər zaman dünyəviliyi, yüksək səviyyədə təşkil olunması ilə seçilib və digər ölkələr üçün nümunə olub. Müxtəlif dövlətlərdə yeni yaradılan dövlət və özəl ali məktəblər alman prinsiplərini üstün tutaraq ona əməl etməyə çalışıb. Münhen Texniki Universiteti alman təhsil sisteminin ən yaxşı cəhətlərini özündə birləşdirən elmi-tədqiqat mərkəzidir. Xüsusilə dəqiq və texniki elmlər üzrə ixtisaslaşmış Münhen Texniki Universiteti dünyaya çoxlu sayda alimlər, dahi şəxslər, eləcə   saysız-hesabsız elmi nailiyyətlər bəxş edib və bu missiyasını layiqincə yerinə yetirməkdə davam edir.  

 

Universitetin məşhur məzunları

 

  Herxard Etl                            kimya üzrə Nobel mükafatı laureatı   

  Volfqanq Ketterel                  kimya üzrə Nobel mükafatı laureatı  

  Rihard Robert Ernst             kimya üzrə Nobel mükafatı laureatı  

  Robert Hyunber                    kimya üzrə Nobel mükafatı laureatı  

  Con Dizenhofer                      kimya üzrə Nobel mükafatı laureatı  

  Ernst Otto Fişer                     kimya üzrə Nobel mükafatı laureatı  

  Hans Fişer                               kimya üzrə Nobel mükafatı laureatı  

  Henrix Otto Viland                kimya üzrə Nobel mükafatı laureatı  

  Ervin Neher                            tibb üzrə Nobel mükafatı laureatı  

  Konrad Emil Bloç                  tibb üzrə Nobel mükafatı laureatı  

  Fedor Linen                            tibb və fiziologiya üzrə Nobel mükafatı laureatı  

  Volfqan Paul                           fizika üzrə Nobel mükafatı laureatı  

  Ernst Ruska                            fizika üzrə Nobel mükafatı laureatı  

  Klaus fon Klitsinq                  fizika üzrə Nobel mükafatı laureatı  

  Rudolf Moblauer                    fizika üzrə Nobel mükafatı laureatı  

  Con Robert Şriffer                 fizika üzrə Nobel mükafatı laureatı  

  Karl Aleksandr Müller          fizika üzrə Nobel mükafatı laureatı  

  Tomas Mann                           ədəbiyyat üzrə Nobel mükafatı laureatı  

 

                                                                        Hazırladı:

Lamiyə ƏLİYEVA

Azərbaycan müəllimi.- 2010.- 3 dekabr.- S.6.