İnformasiya Texnologiyaları İnstitutunda
rusiyalı
mütəxəssislərlə İKT-nin tətbiqi məsələləri
müzakirə olundu
Son illər
ölkəmizdə milli ənənələri qorumaqla Avropa
təhsil məkanına inteqrasiya prosesinin
sürətləndirilməsi, inkişaf etmiş
dövlətlərin bu sahədəki təcrübəsinin
öyrənilərək yayılması, orta ümumtəhsil
məktəblərində, ali təhsil
müəssisələrində informasiya- kommunikasiya
texnologiyalarının (İKT) geniş tətbiqi
istiqamətində kompleks tədbirlər həyata
keçirilir. Sevindirici haldır ki, ölkəmiz İKT
sektorunun inkişaf etdirilməsi üzrə regionda lider
dövlətə çevrilmişdir. Bu liderliyi qoruyub saxlamaq,
inkişaf etdirmək üçün informatikanın
öyrənilməsi, həmin
sahəyə diqqətin artırılması
zəruridir. Yaşadığımız
dövrün vacib şərtlərindən biri də məhz
insanlarda məntiqi və alqoritmik təfəkkür
tərzini, məsələlərin səmərəli
həlli üsullarının seçilməsinə
yönəlmiş yaradıcı və əməli
düşünmə qabiliyyətini formalaşdırmaq,
həmçinin onların gündəlik
qarşılaşdıqları problemlərin həlli ilə bağlı tələb
olunan zəruri informasiyaları kompüter vasitəsilə ala
bilmələri üçün texniki bacarıq və
vərdişlərin aşılanmasıdır.
İnformatika zehnin inkişafına kömək edir, məntiqi təfəkkürün formalaşmasında, mühakimə və dərketmə qabiliyyətinin yüksəldilməsində, elmi, praktik biliklərin genişlənməsində, yeni ixtisaslara yiyələnməsində əhəmiyyətli rol oynayır. Dəqiq və humanitar elm sahələrinin inkişafında, texnika, müasir texnologiyaların təkmilləşdirilməsi prosesində ortaya çıxan problemlərin həllində insanların yaxın köməkçisinə çevrilir. Bu baxımdan əksər dünya ölkələrinin təhsil sistemində informatikanın ən mühüm və vacib fənlərdən biri kimi öyrənilməsinə xüsusi diqqət yetirilir.
Elə bu günlərdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda Rusiya Federasiyası Prezidenti mükafatı laureatı, professor Vladimir Kiryuxin və İnformatika üzrə Rusiya Olimpiada Mərkəzinin direktoru, pedaqoji elmlər namizədi Marina Svetkova ilə keçirilən görüşdə də məhz həmin məsələlər ətrafında fikir mübadiləsi aparıldı, informatika üzrə beynəlxalq olimpiadalarda uğurların əldə olunması üçün hazırlıq mərhələləri, yüksək səviyyəli kadr hazırlığı ilə bağlı bir sıra təkliflər dinlənildi, bu sahədə beynəlxalq təcrübədən bəhrələnməyin zəruriliyi qeyd edildi.
Tədbirdə Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov, Bakı Dövlət Universitetinin dosenti, fizika-riyaziyyat elmləri namizədi Ramin Mahmudzadə, tanınmış alim və mütəxəssislər, bir sıra ümumtəhsil müəssisələrinin informatika müəllimləri, ötən il informatika üzrə keçirilən beynəlxalq olimpiadada ölkəmizi təmsil edən məktəblilər iştirak edirdilər.
Görüşdən əvvəl rusiyalı qonaqlar
yaxınlarda institutda
istifadəyə veriləcək ən son
texnologiyalarla təchiz olunan yeni Tədris-İnnovasiya
Mərkəzinə baş çəkdilər. Burada distant
təhsilin, xüsusi proqramların
reallaşdırılması üçün yaradılan
şəraitlə, tədrisin keyfiyyətinə nəzarət
sistemləri, informatika fənni üzrə ümumrespublika
olimpiadalarının, elmi konfrans və seminarların,
"dəyirmi masa"ların keçiriləcəyi otaqlarla
Tədbiri İnformasiya
Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir
üzvü Rasim Əliquliyev açaraq Azərbaycanda
informasiya cəmiyyəti quruculuğunun dövlət siyasətinin
tərkib hissəsinə çevrildiyini, ölkə
başçısı cənab İlham Əliyevin rəhbərliyi
altında bu siyasətin ardıcıl və
məqsədyönlü şəkildə həyata
keçirildiyini bildirdi.
Direktor rəhbərlik etdiyi institutda fasiləsiz keyfiyyətli təhsilin təmin edilməsində informasiyalaşdırma, İnternet mühitində sosial şəbəkələr və müstəqil təhsildə onların rolu, proqram mühəndisliyi, informasiya cəmiyyətində təhsil hüququ, informasiya mədəniyyəti, İT ixtisasları üzrə mütəxəssis hazırlığı, distant təhsil nəzəriyyələri və digər istiqamətlərdə aparılan elmi araşdırmalar haqqında ətraflı məlumat verdi. İnstitutun fəaliyyəti və inkişaf perspektivlərindən söz açan R.Əliquliyev "Elektron Azərbaycan" Dövlət Proqramı və "Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)" çərçivəsində innovasiya texnologiyalarının inkişafı, intellektual resurslarının artırılması, İKT-nin müxtəlif problemlərinin tədqiqi, informasiya cəmiyyətinin elmi-nəzəri əsaslarının araşdırılması, regionlarda orta ümumtəhsil məktəblərində informatika fənninin tədrisi və s. istiqamətlərdə həyata keçirilən tədbirlərdən, o cümlədən İTİ-nin Tədris-İnnovasiya Mərkəzində görüləcək işlərdən danışdı.
"Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)"nın əsas məqsədinin təhsilin bütün pillələrində müasir İKT-nin səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması, əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi, habelə ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunması üçün şərait yaratmaq olduğu vurğulandı. Elektron təlim texnologiyalarından istifadə bacarığının mütləq şərtlərdən biri kimi dəyərləndirildiyini bildirən Rasim Əliquliyev yüksək texniki biliklərə malik pedaqoji kadrların hazırlanmasının bu gün Azərbaycan təhsil sisteminin qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edildiyini qeyd etdi. O daha sonra təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirləri görüş iştirakçılarının diqqətinə çatdırdı.
Çıxışında vahid informasiya mühitinin
yaradılması üçün təhsil
müəssisələrinin İnternetə
çıxışının təmin edilməsi, distant
təhsil kurslarının təşkili, milli elektron
resurslarının
yaradılması, virtual pedaqoji cəmiyyətlərin
fəaliyyət göstərməsi, telekonfransların,
forumların təşkilinin vacib şərt olduğunu
vurğulayan direktor keyfiyyətli təhsil sisteminin təmin
edilməsi üçün İKT-nin imkanlarından
səmərəli istifadənin zəruriliyindən
danışdı, bu istiqamətdə informatika üzrə
olimpiadaların keçirilməsinin mühüm
əhəmiyyət kəsb etdiyini söylədi.
Məlumat üçün bildirildi ki, ilk dəfə informatika üzrə beynəlxalq olimpiada YUNESKO-nun təşkilatçılığı ilə 1989-cu ilin mayında Bolqarıstanın Pravets şəhərində keçirilmişdir. O zamandan etibarən hər il məktəblilər arasında informatika üzrə keçirilən beynəlxalq olimpiada (İOİ) dünyada kompüter texnologiyaları üzrə ən nüfuzlu müsabiqə hesab edilir. Bu mötəbər bilik yarışmasında dünyanın 80-dən çox ölkəsi təmsil olunur. Hər bir ölkədən yalnız 4 məktəblinin qatıldığı olimpiadada iştirakçılar alqoritmik məsələlərin həlli, proqramlaşdırma sahəsində öz biliklərini nümayiş etdirirlər. Müsabiqənin qalibinə "Dünyanın ən qabaqcıl kompüter alimi" titulu verilir.1994-cü ildən ölkəmiz də bu olimpiadada iştirak etməyə başlamış, müxtəlif illərdə gümüş və bürünc mükafatlar qazanılmışdır. Qeyd olundu ki, ölkəmizdə beynəlxalq standartlara uyğun informatika üzrə ümumrespublika olimpiadaları isə hər il Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.
Çıxış üçün söz alan BDU-nun dosenti Ramin Mahmudzadə gənclərin İKT biliklərinin təkmilləşdirilməsi, informatika, proqramlaşdırma sahəsində istedadlı tələbə və məktəblilərin aşkara çıxarılması, onlara dəstək məqsədi daşıyan informatika üzrə olimpiadaların müasir dövrdə böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Bu sahədə bilik və təcrübəsini azərbaycanlı həmkarları ilə bölüşmək üçün ölkəmizə gələn rusiyalı həmkarlarına gələcək fəaliyyətlərində uğurlar arzuladı.
İnformatika üzrə Rusiya Olimpiada Mərkəzinin
direktoru, pedaqoji elmlər namizədi Marina Svetkova elm və
texnologiyanın inkişafının, qabaqcıl innovasiya
sisteminin nəzəri, metodoloji və tətbiqinin elmi
əsaslar üzərində formalaşdırılmasının
vacibliyini qeyd etdi. "E-Rusiya" Dövlət Proqramı
çərçivəsində vahid e-təhsil sisteminin
rəqəmsal məktəblərin inkişafı
istiqamətində 2007-2010-cu illərdə həyata
keçirilən layihələr haqqında məlumat verən
çıxışçı innovasiya
texnologiyalarının dinamik inkişafının yeni məzun
modelinin hazırlanmasını zəruriləşdirdiyini dedi.
Rusiyada son 5 ildə məktəblərdəki İKT
resursları vasitəsilə informatika sahəsində distant
təhsilin həyata keçirildiyini görüş
iştirakçılarının diqqətinə
çatdıran qonaq müasir tələblərə
müvafiq olaraq informasiya mühitinin
formalaşdığını, şəbəkə
müsabiqə və olimpiadalarının reallaşdırıldığını söylədi. Qeyd olundu ki, müxtəlif profilli siniflərin
mövcud olduğu informatika təmayüllü
məktəblərdə informasiya mərkəzinin
təşkilinə xüsusi önəm verilir, region məktəblərində
şəbəkə profilli biliklərin formalaşmasına, məktəb
saytlarında olimpiada bölməsinin yer almasına diqqət
yetirilir. Ölkəmizdə İKT
sahəsində əldə olunan
müvəffəqiyyətlərin onları sevindirdiyini
deyən Marina Svetkova bura
gəlişlərinin əsas səbəbinin
respublikamızın qabaqcıl elm və təhsil
müəssisələri ilə
əməkdaşlıqlarının
genişləndirilməsi və öz
təcrübələri ilə azərbaycanlı
həmkarlarını tanış etmək olduğunu bildirdi.
AMEA İnformasiya
Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya
Mərkəzində yaradılan innovativ mühitin
müzakirə edilən problemlərin həlli
istiqamətində əhəmiyyətli rolu olduğunu qeyd
edən professor Vladimir Kiryuxin institutda elmlə təhsilin
vəhdəti istiqamətində görülən
işləri yüksək qiymətləndirdi.
O, Rusiyanın
orta ümumtəhsil məktəblərində
informatikanın tədrisi metodiki sisteminin əsas
komponentlərinin və onların tədris prosesində
qarşılıqlı əlaqəsinin öyrənildiyini
deyərək İKT-nin tətbiqi ilə bağlı
hazırlanmış proqram və dərsliklərdən
söz açdı. İnformatika
üzrə olimpiadaların istedadlı tələbə
və məktəblilərin aşkara
çıxarılması, onlara dəstək
verməsindən əlavə beynəlxalq yarışların
qaliblərinin ali məktəblərə imtahansız
qəbulu baxımdan da əhəmiyyətli olduğunu bildirdi.
Beynəlxalq olimpiadalarda qalib olmaq
üçün mərhələli şəkildə
mükəmməl hazırlıq keçməyin vacibliyini
diqqətə çatdıran professor V.Kiryuxin bununla
bağlı 20 illik təcrübəsindən
danışdı, beynəlxalq yarışlara həsr
etdiyi kitablar haqqında
maraqlı açıqlamalar verdi.
Görüşdə həmçinin informatika
fənninin fundamental
anlayışları, informatika dərslərinin
inteqrasiyası prosesində şagirdlər
tərəfindən dərsin əsas mahiyyətinin
qavranılması, tədris prosesində
adıçəkilən fənnə diqqətin
artırılması, kadr hazırlığı
istiqamətində mövcud problemlər və s. mövzular
ətrafında geniş fikir
mübadiləsi aparıldı, suallar
cavablandırıldı.
Samirə
KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2010.- 3 dekabr.- S.5.