Musiqi Kollecində gənc
ifaçıların müsabiqəsi
keçirilir
Azərbaycan Milli Konservatoriyasının nəzdində
Musiqi Kollecində dahi bəstəkarımız
Üzeyir Hacıbəylinin
125 illik yubileyinə həsr olunmuş gənc ifaçıların
müsabiqəsi keçirilir. 3 günlük
proqram üzrə təşkil olunan müsabiqənin açılışı
dekabrın 1-də Musiqi
Kollecinin böyük zalında oldu. Mərasimi Musiqi Kollecinin
direktoru, Azərbaycan Respublikasının əməkdar
incəsənət xadimi,
professor Nazim Kazımov açaraq müsabiqə iştirakçılarını
və qonaqları salamladı, Azərbaycan Prezidentinin sərəncamına
əsasən bu il 125 illiyi bütün
ölkədə geniş
qeyd olunan Üzeyir Hacıbəyliyə
həsr etdikləri növbəti tədbirə yığışdıqlarını
bildirdi.
N.Kazımov diqqətə çatdırdı ki, Musiqi Kollecinin kollektivi indiyədək dahi bəstəkarın yubileyi münasibəti ilə iki böyük tədbir keçirib. Kollecin tələbələri bu ilin aprelində Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin adını daşıyan Simfonik Orkestrin müşayiəti ilə konsert veriblər. May ayında isə Rəşid Behbudov adına Mahnı Teatrında kollecin tələbələrinin Ü.Hacıbəyliyə həsr olunmuş konserti olub. Açılışına toplaşdıqları gənc ifaçıların müsabiqəsi bu silsilədən üçüncü tədbirdir.
Kollecin direktoru klassik musiqimizin banisi, Azərbaycan musiqi elminin əsasını qoyan, bəstəkar, dirijor, müəllim, publisist Üzeyir Hacıbəylinin musiqi mədəniyyətimizin inkişafındakı böyük rolundan söz açaraq, Azərbaycan musiqisinin yüksək səviyyəyə çatmasında, dünya miqyasında diqqətəlayiq nailiyyətlər əldə etməsində Üzeyir Hacıbəylinin misilsiz xidmətləri olduğunu söylədi.
Ü.Hacıbəylinin Azərbaycanda
milli musiqi kadrlarının hazırlanmasına
böyük önəm
verdiyini xüsusi qeyd edən professor N.Kazımov onun bu sahədə yorulmadan çalışdığını,
müxtəlif illərdə
iki dəfə Musiqi Kollecinə rəhbərlik
etdiyini, kollecin direktoru olduğu dövrlərdə onun maddi-texniki bazasının
möhkəmləndirilməsi, milli kadrlarla təmin olunması və buraya istedadlı azərbaycanlı
gənclərin cəlbi
istiqamətində məqsədyönlü
tədbirlər həyata
keçirdiyini vurğuladı.
N.Kazımov çıxışının
sonunda müsabiqəyə
qoşulmuş gənc
ifaçılara uğurlar
arzuladı.
Mərasimdə kollecin musiqi nəzəriyyəsi
ixtisası üzrə müəllimi,
sənətşünaslıq namizədi, dosent Xatirə Həsənzadə
Üzeyir Hacıbəylinin
həyat və yaradıcılığı haqqında
məlumat verdi.
Ulu öndərimiz Heydər Əliyevin hər bir xalqın özünəxas xüsusiyyətlərini təcəssüm etdirən mədəniyyətin ölkəmizdə inkişafına böyük diqqət və qayğı göstərdiyini, bu siyasətin onun varisi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən X.Həsənzadə böyük sənətkarımız Üzeyir Hacıbəylinin 125 illik yubileyinin də məhz Prezidentin sərəncamı ilə ölkəmizdə geniş qeyd olunduğunu, bu məqsədlə silsilə tədbirlər keçirildiyini diqqətə çatdırdı. Həmin tədbirlər arasında Musiqi Kollecinin tədbirlərinin xüsusi yeri olduğunu bildirdi.
X.Həsənzadə Ü.Hacıbəylinin musiqi
incəsənətimizin inkişafı
üçün gördüyü
işlərdən danışdı,
onu böyük tədqiqatçı alim,
musiqi xadimi və ictimai xadim kimi səciyyələndirdi,
yubileyi ilə bağlı keçirilən
müsabiqəni ən
önəmli tədbirlərdən
biri adlandırdı. Məruzəçi çıxışının sonunda müsabiqənin gənc ifaçıların
taleyində yeni səhifə olacağına
əminliyini ifadə etdi, tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.
Sonra Musiqi Kolleci tələbələrinin müsabiqənin açılışına həsr edilmiş konserti oldu. Müxtəlif kurslarda təhsil alan tələbələrin, onlardan ibarət skripkaçılar ansamblının ifa etdikləri Ü.Hacıbəylinin "Arazbari", Ş.Qardeninin "Sehrli bağın melodiyası", xalq mahnısı "Sarı gəlin", C.Hacıyevin "Ballada", habelə "Dilkəş ahəngi" və b. musiqi nömrələri mərasim iştirakçıları tərəfindən maraqla izlənildi və alqışlandı.
Konsertdən sonra müsabiqədəki
çıxışların sıra ardıcıllığını
müəyyənləşdirmək üçün püşkatma
keçirildi.
Məlumat üçün bildirək
ki, təsdiq olunmuş proqrama əsasən müsabiqə
iki turda təşkil olunub. Birinci
tur dekabrın 1-də
açılış mərasimindən
sonra keçirilib. İkinci tur isə bu gündür.
Müsabiqə
iştirakçılarının
çıxışları Bakı Musiqi Akademiyasının
dosenti Məmməd Quliyevin rəhbərlik etdiyi
münsiflər heyəti tərəfindən
qiymətləndiriləcək, qaliblərə müvafiq diplom
və hədiyyələr təqdim olunacaq.
Müsabiqənin açılış
mərasimində Azərbaycan
Milli Konservatoriyasının
prorektoru, professor Akif Quliyev, respublikanın əməkdar müəllimi
Elmira Paşayeva, paytaxtın,
Sumqayıtın musiqi
kollecləri və məktəblərindən qonaqlar
iştirak edirdilər.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2010.- 3 dekabr.- S.7.