Berlindəki Humbold Universitetində "Azərbaycan
tarixi
beynəlxalq araşdırmalarda -
müasir vəziyyət və perspektivlər"
mövzusunda beynəlxalq elmi konfrans
keçirilib
Almaniyada Azərbaycan Elm və Mədəniyyət Həftəsi
çərçivəsində məşhur Humbold Universitetində "Azərbaycan
tarixi beynəlxalq araşdırmalarda - müasir
vəziyyət və perspektivlər" mövzusunda
beynəlxalq elmi konfrans keçirilmişdir.
AFR, Azərbaycan
və bir sıra başqa ölkələrin alimlərinin
iştirak etdiyi konfransın moderatoru Humbold Universitetinin Tarix İnstitutunun professoru Yorq Baberovski idi.
Azərbaycanın təhsil naziri Misir Mərdanov elmi forumun iştirakçılarını salamlamışdır. Nazir öz çıxışında bu cür tədbirlərin aktual əhəmiyyət kəsb etdiyini vurğulayaraq demişdir: "Mənim tələbəlik dövrüm keçən əsrin 60-cı illərinə təsadüf etmişdir. O vaxt ali məktəblərdə Azərbaycan tarixi praktiki olaraq öyrənilmirdi. Yalnız son kurslarda bu barədə epizodik formada məlumat verilirdi. Demək olar ki, bizim öz tariximizi öyrənmək imkanımız yox idi, çünki bu fənnin tədrisinə ciddi əhəmiyyət verilmirdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra vəziyyət kökündən dəyişmişdir. Bu gün Azərbaycan tarixi əsas məcburi tədris edilən fəndir və dövlətimiz onun tədrisinə çox böyük diqqət yetirir". Nazir vurğulamışdır ki, müstəqillikdən əvvəlki illərdə Azərbaycan xalqı Humbold Universiteti kimi nüfuzlu ali məktəbdə "Azərbaycan tarixi" kafedrası açılmasını heç xəyalına da gətirə bilməzdi, halbuki ermənilər bütün dünyaya səpələndikləri üçün öz lobbiçilərinin vasitəçiliyi ilə bir sıra ölkələrin dövlət və elmi dairələrinə təsir göstərmək və dünyanın bir sıra elmi mərkəzlərində ermənişünaslıq kafedraları açmaq imkanına malik idi. "Bu gün Azərbaycan xalqı vaxtilə itirilmiş imkanın əvəzini çıxır və bu, ilk növbədə, dövlət müstəqilliyi sayəsində mümkün olmuşdur" - deyən M.Mərdanov professor Eva-Mariya Auxa onun başçılıq etdiyi "Azərbaycan tarixi" kafedrasının işində böyük uğurlar arzulamışdır.
Humbold Universitetinin Tarix İnstitutunun direktoru, professor Tomas Mergel çıxışında azərbaycanlı nazirin təbriklərinə qoşulmuşdur. Onun sözlərinə görə, bu gün Azərbaycanın bir sıra məsələlər üzrə qazandığı uğurlar avropalılar üçün nümunə ola bilər. Avropalılar azərbaycanlılardan həqiqətən çox şey öyrənə bilərlər: tolerantlıq, polietniklik, açıqlıq və çox sahələrdə səmimilik. Professor Mergel demişdir: "Azərbaycan tarixi" kafedrasının fəaliyyəti həqiqətən qarşılıqlı faydalı olacaqdır. Azərbaycan öz zəngin tarixini Avropada populyarlaşdıra biləcək, bizim isə qazancımız bu olacaqdır ki, həmin tarixi, necə deyərlər, yaxın məsafədən öyrənmək imkanı yaranacaqdır. Biz sizin üçün şərait yaradırıq ki, siz bizə öz tarixinizi öyrədəsiniz. Qarşılıqlı fayda da bundan ibarətdir". O xatırlatmışdır ki, nasizm illərində Humbold Universitetinə ciddi zərər dəymişdir. Görkəmli professorların çoxu həbs olunmuş və məhv edilmiş, elmi muxtariyyətə son qoyulmuşdu. Universitet əməkdaşlarının çoxu ya könüllü şəkildə, ya da məcburən gestapo ilə əməkdaşlıq edirdi, onlar millətçi-sosialist partiyasının üzvləri idi. Bu gün hər sahədə vəziyyət o müdhiş illərdəkindən tamamilə fərqlidir. Humbuld Universitetinin əsas fərqli cəhəti burada elmin azad olmasıdır. Məhz bu fakt sayəsində Universitet dünyanın ən nüfuzlu ali məktəbləri siyahısına daxil olmuşdur. Professor Mergel təbrik nitqinin sonunda bu universitetdə "Azərbaycan tarixi" kafedrasının yaradılmasında iştirak edənlərə təşəkkürünü bildirmişdir.
Sonra tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Cəmil Həsənli "Azərbaycan
tarix elminin müasir vəziyyəti"
mövzusunda məruzə
ilə çıxış
etmişdir. Alim yeni yaradılmış
kafedranın müdiri
Eva-Mariya Auxa nadir arxiv sənədinin - Pişəvərinin "İran
Azərbaycanında demokratik
hərəkatın tarixi"
adlı kitabının
1947-ci ilin iyul ayında güllələnmiş
müəllifin mənzilindən
Xalq Daxili İşlər Komissarlığı
tərəfindən götürülmüş
əlyazmasının surətini
təqdim etmişdir.
Daha sonra Mərkəzi Asiya İnstitutunun direktoru, Stokholm Təhlükəsizlik
və İnkişaf Siyasəti İnstitutunun həmtəsisçisi doktor
Svante Kornell "Azərbaycan tarixi araşdırmaları Avropa
kontekstində", Mərkəzi
Asiya və Qafqaz İnstitutunun direktoru, Baltimor ştatındakı (ABŞ) Con Hopkins Universitetinin "İpək
yolu" tədqiqat proqramının rəhbəri,
professor Frederik Star "ABŞ-da Azərbaycan tarixinin öyrənilməsi",
professor Tamara Draqadze "Azərbaycan
qlobal kontekstdə",
Giresun Universitetinin (Türkiyə) prorektoru,
professor Aygün Əttah
"Türkiyədə azərbaycanşünaslığın
müasir vəziyyəti
haqqında", Babeş-Boyai
(Rumıniya) Universitetinin
professoru Tasil Kamil "Rumıniyada Azərbaycan tarixinin öyrənilməsi", Humbold
Universitetinin "Azərbaycan
tarixi" kafedrasının
müdiri Eva-Mariya Aux
"Azərbaycan tarixi
Şərqi Avropa məsələlərinin tədqiqatı
sahəsində yeni fənn kimi", Berlin Etnologiya Muzeyinin əməkdaşı, doktor
İnqrid Şindelberq
"Avropada Azərbaycan
etnologiyasının öyrənilməsi
haqqında", Frayburq
Universitetinin (Almaniya) professoru Yorq Ştadelbauer "Azərbaycan
dünya coğrafiyasında",
Marburq Universitetinin (Almaniya) professoru Udo Ştaybax "Azərbaycan konfliktologiya məsələlərində" mövzularında məruzələrlə,
habelə Halle-Vitenberq
şəhərindəki Martin-Lüter Universitetinin kafedra müdiri, professor
Volker Adam çıxış etmişlər.
Məruzələrdən sonra keçirilən müzakirələrdə
AMEA-nın müxbir üzvü, Azərbaycanın
əməkdar elm xadimi,
AMEA Tarix İnstitutunun
tarixi coğrafiya şöbəsinin müdiri,
Azərbaycan Aviasiya Akademiyasının humanitar
elmlər kafedrasının
müdiri Fəridə
Məmmədova, BDU-nun professoru
Cəmil Həsənli,
Azərbaycanın AFR-də
fövqəladə və
səlahiyyətli səfiri
Pərviz Şahbazov,
Bonn Universitetinin professoru
Əhəd Rəhmanzadə,
Berlin Azad Universitetinin
doktorantı Rail Səfiyev,
Mayns Universitetinin doktorantı Vüqar Aslanov, Azərbaycan
XİN-in şöbə müdiri
Rizvan Nəbiyev və konfransın bir sıra digər
iştirakçıları çıxış etdilər.
Vüqar SEYİDOV
Azərbaycan müəllimi.- 2010.- 3
dekabr.- S.7.