Azərbaycan müəllimi
innovativ
müəllimlərin dünya müsabiqəsində
iştirak edib
Xəbər verdiyimiz
kimi, Bakıdakı 8 nömrəli orta məktəbin riyaziyyat müəllimi İlhamə
Əkbərova "Microsoft" şirkətinin keçirdiyi
"İnnovativ müəllimlər"
müsabiqəsinin ölkə
üzrə qalibi olaraq növbəti mərhələyə - Avropa
müsabiqəsinə qatılmışdır.
Həmin yarışmada həmyerlimiz
ilk səkkizliyə düşərək, dünya
müsabiqəsində iştirak
etmək imkanı qazanmışdır. İnnovativ
müəllimlərin dünya
müsabiqəsi 2010-cu il
oktyabrın 25-dən 30-dək Cənubi Afrika Respublikasının Keyptaun
şəhərində keçirilmişdir.
Əməkdaşımız İ.Əkbərova ilə
görüşərək, ondan səfər təəssüratlarını oxucularımızla
bölüşməsini xahiş etmişdir. O, demişdir:
- "Microsoft" şirkəti 2003-cü ildən etibarən innovativ müəllimlərin forumunu keçirərək ən yaxşı layihələri üzə çıxarır. Bu forumlarda müəllimlər oz layihələrini nümayiş etdirərək, ixtiraları və ideyaları ilə bölüşür və gələcək layihələr üçün ilham alırlar. Bu il mən də müsabiqəyə qatıldım və ölkə, qitə müsabiqələrində qalib gələrək dünya müsabiqəsinə vəsiqə qazandım. Keyptaundakı müsabiqə zamanı biz 5 gün ərzində müxtəlif məruzəçiləri dinləmək, işgüzar iclas və seminarlarda iştirak etmək, həmçinin orta məktəblərdə olaraq Afrika müəllimləri ilə təcrübə mübadiləsi aparmaq imkanı əldə etdik. Foruma dünyanın 60 ölkəsindən 500-ə yaxın müəllim qatılmışdı.
İştirakçılar dostluq mühitində bir-birləri ilə ideyalarını bölüşür, həmçinin təhsil sahəsindəki yeniliklər, xüsusilə də İKT-nin təhsildə rolu barədə fikir mübadiləsi aparırdılar.
Mənim layihəmin məqsədi şagirdlərin fənnə
maraqlarını stimullaşdırmaqdan
ibarət idi. Tədris
real həyat və real obyektlərlə
bağlı olduqda uşaqların fənni qavraması daha da asanlaşır.
Şagirdlər real həyatdan və əşyalardan götürülmüş
çoxlu sayda çoxüzlülərlə bağlı
nümunələr tapırdılar.
Bundan savayı, ən maraqlı tapıntı o oldu ki, biz
iş prosesində
"Photosynth Microsoft"
proqramının köməyi
ilə çoxüzlü
formalarını kompüter
texnologiyalarında da aşkar etdik. Bu proqram özündə
əyani şəkildə
planimetriyadan keçidi
əks etdirir ki, bunu da
şagirdlər 10-cu sinfə
qədər stereometriyada,
başqa sözlə,
fəza həndəsəsində
öyrənirlər. Layihəmin
məzmunu ilə
http://school8.tech.officelive.com/ saytında tanış olmaq olar.
Səyahətdən sonra təəssüratlarım çoxdur. Bu gün informasiya texnologiyaları çox böyük sürətlə inkişaf edir. Artıq inkişaf etmiş ölkələrdə biliyə əsaslanan iqtisadiyyat formalaşır. Biz tədrisimizə İKT-ni tətbiq etməklə, cəmiyyətimizin innovativ inkişafını təmin etmiş oluruq.
Qələmə aldı:
Y. ƏLİYEV
Azərbaycan
müəllimi.- 2010.- 3 dekabr.- S.7.