Bakı Dövlət Universitetinin rektoru
İranın yeni səfirini qəbul edib
BDU-nun rektoru,
akademik Abel Məhərrəmov
İran İslam Respublikasının ölkəmizə
yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli
səfiri Məmmədbağır
Bəhramini qəbul edib. BDU-nun yaranma tarixi,
inkişaf mərhələləri,
beynəlxalq əlaqələri
haqqında danışan
rektor universitetin İran İslam Respublikasının ali təhsil ocaqları ilə ikitərəfli əlaqələrindən bəhs
edib. Səfirin həm elm və
təhsil, həm də diplomatiya sahəsində fəaliyyətini
yüksək qiymətləndirən
rektor, bu görüşün ölkələrarası
əlaqələrə, o cümlədən
elm və təhsilin inkişafına xüsusi töhfə verəcəyini
bildirib. Azərbaycanın
İranla dost və qardaş ölkə olduğunu, bu münasibətlərin hər
iki ölkə Prezidenti səviyyəsində
davam etdiyini də xüsusi vurğulayıb.
BDU-da 60 ildən çoxdur ki, fars dili və ədəbiyyatının tədris olunduğunu bildirən A.Məhərrəmov qeyd edib ki, son illərdə doktoranturada təhsil almaq istəyən iranlı tələbələrin sayı artıb. Bu, elmi müstəvidə əməkdaşlığın genişlənməsindən, əlaqələrin formalaşmasından xəbər verir.
Rektor həmçinin Dağlıq Qarabağ problemindən danışıb və münaqişənin həlli istiqamətində müsəlman dövlətlərinin birlik və bərabərliyinin xüsusi əhəmiyyətini qeyd edib.
Səfir M.Bəhrami Azərbaycanla İranın sivilizasiyaya, mədəniyyətə, eyni dinə malik qardaş və dost ölkələr olduğunu bildirib, əlaqələrin, xüsusən elm sahəsində münasibətlərin daha sıx olmasının vacibliyini diqqətə çatdırıb. Səfir Bakı Dövlət Universiteti ilə Tehran Universitetinin daha sıx əməkdaşlığında, tələbə, müəllim mübadiləsində, birgə konfranslar və layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib. Qeyd edib ki, universitetlərarası əlaqələr nə qədər güclü olsa, bu, birlik üçün o qədər əhəmiyyətlidir. Dağlıq Qarabağ münaqişəsindən danışan səfir əlavə edib ki, onun dövləti münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyir.
Rektor, akademik Abel Məhərrəmov səfirin təkliflərinə böyük önəm verdiyini, nanotexnologiya, mikrobiologiya, tibb sahəsində, eləcə də digər sahələrdə əməkdaşlığın daha səmərəli və sıx olmasının vacibliyini qeyd edib.
Sonda səfir akademik Abel Məhərrəmovu, rektor isə, öz növbəsində, Tehran Universitetinin rektorunu ölkələrinə dəvət ediblər. Qərara alınıb ki, həmin görüşlərdə universitetlərarası əməkdaşlıq məsələlərini nəzərdə tutan müqavilə imzalansın.
BDU-nun Mətbuat və informasiya şöbəsi
Azərbaycan müəllimi.- 2010.- 3 dekabr.- S.2.