"Peşə təhsili və təlimi sahəsində

 islahatlar strategiyası və Azərbaycanın

 seçilmiş rayonunda pilot icrası" layihəsi

 

Dekabrın 1-də 12 nömrəli Bakı Peşə Liseyində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası" (AzVET) layihəsinə  həsr olunmuş tədbir keçirildi. Tədbirdə Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin əməkdaşları, peşə liseyi və peşə məktəblərinin direktorları, AzVET layihəsinin İşçi Qrupunun üzvləri və müəllimlər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan layihənin  rəhbəri Ann Castis  bildirdi ki, Avropa İttifaqının TASİS proqramı çərçivəsində həyata keçirilən "Peşə təhsili və  təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası"(AzVET) layihəsi Britaniya Şurası, "PEM GmbH" və "AaRhus Texniki Kolleci" təşkilatlarından ibarət konsorsium tərəfindən icra olunur.Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir,Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Təhsil Nazirliyinin Texniki  peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov qeyd etdi ki, layihənin ümumi məqsədi Azərbaycanın qeyri-neft  sektorunun rəqabət qabiliyyətinin yüksəldilməsi və  peşə təhsili  məzunları üçün iş imkanlarının artırılmasından ibarətdir. Bu layihədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və  Maliyyə Nazirliyi bizim tərəfdaşlarımızdır. Həm də layihənin vəzifələrindən biri Azərbaycan hökumətinə ilk peşə-ixtisas təhsili üzrə Milli Strategiya və Fəaliyyət Planının hazırlanmasında dəstək olmaqdır.

Burada Milli Strategiyanın formalaşdırılması sahəsində ən müasir metodlar nəzərə alınaraq sübutlar üzərində qurulmuş yanaşmadan istifadə etmək təklif  edilmişdir. Azərbaycanda ilk peşə-ixtisas təhsili sahəsində mövcud  vəziyyət təhlil edilmiş, lazımi məlumatlar əldə etmək və bu barədə müzakirələr aparmaq üçün müvafiq tərəflərlə müntəzəm olaraq görüşlər, iclaslar və seminarlar keçirilmişdir. Bu iş həm də Bakıda və bir sıra  müxtəlif regionlarda icra edilmişdir.

Verilən məlumatlardan sonra Namiq Məmmədov tərəfindən ilk peşə-ixtisas təhsili ilə bağlı geniş formada  təqdimat oldu. Təqdimatla əlaqədar bəzi  suallar da cavablandırıldı.

Təhsil Nazirliyinin baş məsləhətçisi Kamil Ağamalıyev, "Azərsun Holdinq" şirkətinin Tədris və inkişaf mərkəzi şöbəsinin müdiri Şahnaz Aras, Tacirlər və İstehsalçılar Birliyinin prezidenti Sevgim Rəhmanov və başqaları layihə  barəsində öz fikirlərini  dedilər.

Tədbir diskussiya formasında başa çatdı.

 

Şakir CƏFƏROV

Azərbaycan müəllimi.- 2010.- 3 dekabr.- S.3.