Dünya Azərbaycanlı Gənclər
Konqresi "Xocalıya
ədalət"
kampaniyasına qoşulub
Dialoq və Əməkdaşlıq
uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) Avrasiya
Regional Mərkəzindən AzərTAc-a bildirmişlər
ki, Almaniyanın
Frankfurt şəhərində keçirilmiş Dünya
Azərbaycanlı Gənclərinin
(DAG) I konqresinin açılış
mərasimində DƏ-İKGF-nin baş katibi,
səfir Elşad İsgəndərov təbrik
nitqi ilə çıxış etmişdir.
E.İsgəndərov xaricdə
təhsil alan
azərbaycanlı tələbələri
və diasporun gənc fəallarını
ölkəmizin milli maraqlarının qorunmasında,
xüsusilə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi haqqında
məlumatların yaşadıqları
və təhsil aldıqları ölkələrin
ictimaiyyətinə çatdırılması
işində fəal iştirak etməyə çağırmışdır.
Baş katib
İKGF-nin mədəniyyətlərarası
dialoq üzrə baş əlaqələndiricisi
Leyla Əliyevanın təşəbbüsü ilə
irəli sürülmüş
"Xocalıya ədalət"
kampaniyasının vacibliyini
vurğulayaraq, azərbaycanlı
gəncləri Xocalı
faciəsinin insanlığa
qarşı cinayət
kimi tanınması üzrə aparılan işlərdə fəal olmağa çağırmışdır.
E.İsgəndərovun sədrliyi
ilə keçirilmiş
"Mədəniyyətlərarası dialoqun inkişafında gənclərin rolu" işçi qrupunda kampaniyanın əlaqələndiricisi,
Kolumbiya Universitetinin məzunu Nicat Məmmədli 2008-ci ildən
etibarən "Xocalıya
ədalət" kampaniyası
çərçivəsində görülmüş işlər
barədə məlumat
vermişdir. İşçi qrupunun iştirakçıları
DƏ-İKGF-nin BMT Sivilizasiyaların
İttifaqı prosesində
rolu, o cümlədən
2011-ci ildə Bakıda
keçirilməsi planlaşdırılan
Qlobal Gənclər Sivilizasiyaların İttifaqı
Uğrunda Hərəkatının
təsis qurultayı ilə bağlı görülən işlər
haqqında danışmışdır.
Tədbirin yekunlarına dair qəbul olunmuş sənəddə "Xocalıya
ədalət" kampaniyasına
dəstək ifadə
olunmuş, xaricdə yaşayan azərbaycanlı
gənclərin kampaniyanın
həyata keçirilməsində
fəal iştirakının
vacibliyi vurğulanmışdır.
Azərbaycan
müəllimi.- 2010.- 3 dekabr.- S.1.