Fəal müəllimlər üçün
"Həmkara dəstək"
proqramı
Azərbaycan təhsil sisteminin informasiyalaşdırılmasında
müəllimlərin rolu
olduqca böyükdür. Məhz müəllim
məktəbdə informasiya
texnologiyalarının əsas
istifadəçisi kimi
çıxış edərək
yeni alətlər vasitəsilə tədrisin
effektivliyini təmin etmiş olur. Buna görə də onların texnoloji hazırlığı
son dərəcə mühüm əhəmiyyət
kəsb edir. Faktiki olaraq, təhsilin informasiyalaşdırılmasının
uğuru müəllimlərin
İKT sahəsində biliklərindən
və bu biliklər vasitəsilə
təhsili yeni formatda qurmasından asılıdır.
"Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)" çərçivəsində "Mədəd" təşkilatının keçirdiyi treninqlərdə müəllimlər İKT-nin tədrisdə istifadəsi üzrə zəruri bilikləri alırlar. Lakin hər kəs yeni bacarığı eyni səviyyədə qavramır və treninqlərdə əldə edilmiş biliklərdən tədris prosesində tam olaraq istifadə edə bilmir. İKT-ni məktəbdə tətbiq edən müəllimlərdə bir çox suallar yaranır və onlar ya treninq üzrə təlimçilərinə ya da başqa mütəxəssislərə müraciət edərək bu suallara cavab axtarırlar.
Bütün bunları nəzərə alan "Mədəd" təşkilatı "Microsoft" korporasiyasının qlobal layihəsi olan və artıq dünyanın bir sıra ölkələrində tətbiq edilən "Həmkara dəstək" proqramının Azərbaycanda da başlanmasının təşəbbüskarı kimi çıxış edib.
Müəllimlər üçün
nəzərdə tutulmuş
"Həmkara dəstək"
layihəsi Təhsil Nazirliyi və "Microsoft
Azərbaycan"
arasında imzalanmış
"Təhsildə əməkdaşlıq"
Anlaşma Memorandumu çərçivəsində reallaşdırılacaq. Layihənin əsas
məqsədi hər bir məktəbdə
İKT-nin təhsildə
tətbiqi üzrə
dərin biliklərə
malik olan bir müəllimin hazırlanmasıdır.
"Mədəd" təşkilatının icraçı direktoru Elbrus Zərbəliyevin məlumatına görə, "Həmkara dəstək" proqramı məktəblərdə fəal müəllimlərin təlimçi rolunu yerinə yetirmələrinə və həmkarlarına dəstək göstərmələri məqsədilə yeni bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəlmişdir. Təlim prosesi Azərbaycanda "Həmkara dəstək" proqramının reallaşdırılması ilə məşğul olan "Mədəd"in təşkilatçılığı ilə həyata keçiriləcək. Bu proqram çərçivəsində fəaliyyət göstərən təlimçi-müəllim məktəblərdə çalışan digər müəllimlərə informasiya texnologiyalarının tədrisdə tətbiqi üzrə praktik məsləhətlər verəcək. Hər bir məktəbdə belə təlimçi-müəllimin olması pedaqoji heyətin tədrisdə İKT-dən istifadəsini asanlaşdıracaq.
Proqramda iştirak etmək üçün informasiya-kommunikasiya texnologiyalarını tədrisdə daha effektiv və geniş tətbiq edən metodist-müəllimlər və ya təcrübəli müəllimlər cəlb olunacaqlar. "Həmkara dəstək" proqramı çərçivəsində təlimçi-müəllim kimi fəaliyyət göstərəcək pedaqoji heyətin üzvləri üçün "Mədəd" təşkilatı tərəfindən xüsusi treninqlərin təşkili də nəzərdə tutulur. Treninqlərin "Microsoft" korporasiyasının təqdim etdiyi ekspert tərəfindən aparılması gözlənilir.
Hicran ƏKBƏROVA
Azərbaycan
müəllimi.- 2010.- 3dekabr.- S.5.