Üzeyir Hacıbəylinin 125 illik
yubileyi
gimnaziyada qeyd olundu
Dekabrın 2-də Respublika
İncəsənət Gimnaziyasında Azərbaycan musiqisinin klassiki, görkəmli publisist,
opera sənətinin banisi,
dahi bəstəkar Üzeyir Hacıbəylinin
125 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə gimnaziyanın rəsm şöbəsinin şagirdlərinin hazırladıqları Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş rəsmlər nümayiş olundu. Məktəbin akt zalında təşkil olunan tədbirdə gimnaziyanın xor kollektivinin təqdimatında musiqisi dahi bəstəkara aid himnimiz ifa edildi. Tədbiri açıq elan edən aparıcılar dahi bəstəkarın ömür yoluna nəzər saldılar. Bildirildi ki, Üzeyir Hacıbəyli Azərbaycan musiqisi üçün əvəzolunmaz işlər görərək, ölkəmizi dünya miqyasında tanıtmışdır. Dahi bəstəkarın operettaları bu gün dünyada tanınır və həvəslə baxılır. Bir sözlə, Üzeyir Hacıbəylini Azərbaycan musiqisinin korifeyi, banisi kimi qiymətləndirmək olar.
Gimnaziyanın 11-ci sinif şagirdlərinin ifasında Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərindən parça nümayiş olundu. Təhsil ocağının 9-cu sinif şagirdləri "Koroğlu" operasından musiqi parçaları, teatr şöbəsinin şagirdlərinin səhnələşdirdiyi "Leyli və Məcnun", "O olmasın, bu olsun" əsərlərindən səhnələr ifa etdilər. Gimnaziyanın rəqs qrupunun şagirdlərinin ifa etdikləri dahi bəstəkarın musiqilərindən nümunələr tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.
Sonda gimnaziyanın direktoru Mahizər Şabanbəyova tədbirin hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirdi və sözü qonaqlar adından Milli Konservatoriyanın rektoru, xalq artisti, professor Səyavuş Kərimiyə verdi. S.Kərimi təhsil ocaqlarında belə tədbirlərin keçirilməsinin tərəfdarı olduğunu dedi. O, tədbirdə səhnələri özünəməxsus şəkildə ifa edən İncəsənət Gimnaziyasının şagirdlərini təbrik etdi.
Rəşad ZİYADOV
Azərbaycan
müəllimi.- 2010.- 3 dekabr.- S.7.