Azərbaycan Respublikası
Təhsil Nazirliyinin 19
noyabr
2010-cu il tarixli, 1486 nömrəli
əmri ilə təsdiq edilmişdir
Ümumi təhsil müəssisəsinin
Pedaqoji
Şurası haqqında Əsasnamə
I. Ümumi
müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı
ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartları
və proqramları (kurikulumları)" sənədinin
3.6-cı bəndinə əsasən
hazırlanmışdır.
1.2. Pedaqoji Şura
ümumi təhsil müəssisələrində ali
idarəetmə orqanı
hesab olunur, öz fəaliyyətində
bu Əsasnaməni rəhbər tutur.
1.3. Ümumi təhsil
müəssisəsində Pedaqoji
Şura pedaqoji kollektivin hər bir üzvünü müəssisənin idarəolunmasına
fəal cəlb etməklə demokratik şəraitdə qarşıda
duran aktual məsələləri müzakirə
edib kollegial qərarlar qəbul etmək məqsədilə
yaradılır.
1.4. Pedaqoji Şura ən azı 3 nəfərdən ibarət pedaqoji kollektivi olan ümumi təhsil müəssisəsində təşkil olunur.
II. Pedaqoji Şuranın
tərkibi və fəaliyyətinin təşkili
2.1. Pedaqoji Şuranın tərkibinə "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 31.0.2-ci bəndində müəyyən olunmuş aidiyyəti pedaqoji işçilər, müəssisənin həkimi və ictimai əsaslarla fəaliyyət göstərən VMA-nın (valideyn komitəsinin) sədri daxil edilirlər.
2.2. Müəssisənin direktoru Pedaqoji Şuranın sədri olur. Şuranın katibi hər dərs ili
üçün ilk şura
iclasında onun üzvləri arasından seçilir.
2.3. Pedaqoji Şuranın
illik fəaliyyət planı şuranın ilk iclasında müzakirə
olunduqdan sonra müəssisənin illik ümumi Fəaliyyət planının tərkibində
təsdiq edilir.
2.4. Müzakirə olunan
məsələlərlə bağlı zərurət
yarandığı hallarda
Pedaqoji Şura iclaslarında müəssisə
rəhbərinin dəvəti
ilə bilavasitə müəssisədə yaradılmış
ictimai əsaslarla fəaliyyət göstərən
digər özünüidarə
orqanlarının (məktəb
şurası, qəyyumlar
və himayəçilər
şuraları, uşaq
parlamenti), habelə valideynlərin nümayəndələri məşvərətçi
səs hüququnda iştirak edə bilərlər.
2.5. Dərs ili ərzində müəssisədə keçirilən
Pedaqoji Şura iclaslarının sayına
məhdudiyyət qoyulmur.
Şura iclaslarının keçirilməsi zərurəti müzakirəyə
çıxarılan aktual
məsələlərdən, pedaqoji kollektivin üzvlərinin, habelə
özünüidarə orqanlarının
təkliflərindən, qaldırılan
məsələlərdən asılı olaraq müəssisənin direktoru
tərəfindən müəyyən
edilir.
2.6. Üzvlərinin üçdə
ikisi iştirak etdikdə Pedaqoji Şura səlahiyyətli hesab olunur. Şura qərarları
adi səs çoxluğu ilə qəbul edilir.
2.7. Pedaqoji Şura
qərarlarının icrasına
nəzarət bilavasitə
müəssisənin direktoru
tərəfindən həyata
keçirilir.
2.8. Pedaqoji Şuranın
qərarları məktəb
direktorunun müvafiq əmrləri ilə rəsmiləşdirilir.
III. Pedaqoji Şuranın
vəzifələri
3.1. Pedaqoji Şuranın vəzifələrinə daxildir:
3.1.1. Ümumi təhsillə bağlı Azərbaycan dövləti və hökumətinin qərar və sərəncamlarının, Təhsil Nazirliyinin kollegiya qərarlarının, əmr, sərəncam və təlimatlarının, habelə digər aidiyyəti normativ-hüquqi sənədlərin məzmunu və mahiyyəti ilə kollektiv üzvlərini tanış etmək, müəssisənin fəaliyyətinin dövlət siyasətinin tələbləri əsasında qurulması üçün səmərəli iş sistemi yaradılmasına hərtərəfli köməklik göstərmək.
3.1.2. Aşağıdakı məsələlər ətrafında müzakirələr keçirib müvafiq qərarlar qəbul etmək:
3.1.2.1. Müəssisənin illik və perspektiv Fəaliyyət planlarının təsdiqi.
3.1.2.2. İllik və yarımillik hesabatların dinlənilməsi*.
3.1.2.3. Fənlərin tədrisi vəziyyətinin öyrənilməsinə dair monitorinqlərin nəticələri.
3.1.2.4. Pedaqoji innovasiyaların, qabaqcıl pedaqoji təcrübə nümunələrinin tətbiqi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması və müəssisənin idarəolunmasının təkmilləşdirilməsi.
3.1.2.5. İstedadlı şagirdlərlə işin təşkili istiqamətləri.
3.1.2.6. Dərs bölgüsünün təsdiqi, dərsdənkənar məşğələlərin təşkili, dərnək, klub, studiya, "Kiçik akademiya" və digər bu kimi şagird birliklərinin fəaliyyəti.
3.1.2.7. Şagird kontingentinin sabit saxlanması, icbari təhsilin yerinə yetirilməsi vəziyyəti.
3.1.2.8. Metodik şuranın və onun nəzdindəki fənn komissiyalarının fəaliyyəti.
3.1.2.9. Müəssisənin iş rejiminin təkmilləşdirilməsi.
3.1.2.10. Şagirdlərin sinifdən-sinfə keçirilməsi, imtahanlara buraxılması, təkrar sinifdə, habelə payız imtahanlarına saxlanması, yay tədris tapşırığı alması.
3.1.2.11. Buraxılış imtahanlarının nəticələri, məzunlara təhsil sənədlərinin verilməsi və s.
3.1.3. Pedaqoji Şura iclaslarında bunlarla yanaşı, zəruri hesab edilən digər məsələlər də müzakirə oluna bilər.
IV. Pedaqoji Şuranın
hüquqları
4.1. Pedaqoji Şura aşağıdakı məsələləri müzakirə edib müvafiq qərar qəbul etmək hüququna malikdir:
4.1.1. Yerli şəraitə uyğun olaraq, müəssisənin iş rejimini müəyyənləşdirmək.
4.1.2. Tapşırılmış iş sahəsində səmərəli fəaliyyəti ilə fərqlənən işçiləri, habelə təlimdə uğurlu nəticələr qazanmış şagirdləri təltifə təqdim etmək, rəğbətləndirmək və mükafatlandırmaq.
4.1.3. Müəssisədaxili intizam qaydalarına və əmək funksiyalarına əməl etməyən işçilər barəsində mövcud qanunvericiliyə uyğun tədbirlər görmək.
4.1.4. İbtidai təhsil səviyyəsində mövcud tədris proqramlarını mənimsəməyən şagirdləri psixoloji-tibbi-pedaqoji müayinəyə göndərmək.
4.1.5. Zəruri hallarda müəssisənin tipini dəyişdirmək, müəssisədə istedadlı şagirdlər üçün təmayüllü siniflər yaratmaq üçün vəsatət qaldırmaq.
4.1.6. Ciddi tərbiyə şəraitinə ehtiyacı olan oğlan şagirdlərin müvafiq təhsil müəssisəsinə göndərilməsi ilə bağlı aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq.
4.1.7. Qanunvericiliklə müəyyən olunmuş digər qərarlar qəbul etmək və s.
V. Pedaqoji Şuranın
kargüzarlığı
5.1. Pedaqoji Şuranın hər bir iclası müəyyən edilmiş kitabda protokollaşdırılır. Müzakirə edilən məsələlərlə bağlı hazırlanan məruzə və hesabatlar ayrıca saxlanılır.
5.2. Pedaqoji Şuranın protokolları kitabı rəsmi məktəb sənədi kimi nömrələnir, qaytanlanır və tabe olduğu yuxarı orqanın rəhbəri və ya aidiyyəti qurum (səlahiyyətli şəxs) tərəfindən təsdiq olunur.
5.3. Pedaqoji Şuranın protokolları kitabı müəssisədə daimi saxlanılır.
* Müəssisənin direktoru və müavinlərinin, həkimi,
kitabxanaçısı və
uşaq birliyi rəhbərinin, metodik şuranın və fənn komissiyası sədrlərinin, VMA (valideyn
komitəsi) sədrinin
və digərlərinin
hesabatları nəzərdə
tutulur.
Azərbaycan
müəllimi.- 2010.- 3 dekabr.- S.7.