Heydər Əliyev ideyaları müasir
təhsil quruculuğunun əsasıdır
Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla
iştirak etmək üçün insan müasir
tələblərə uyğun olan təhsilə malik
olmalıdır. Təhsil də daim təkmilləşdirilməlidir.
Heydər ƏLİYEV
Azərbaycan xalqının böyük oğlu, dünya azərbaycanlılarının milli lideri Heydər Əliyev tarix baxımından cismən bizdən uzaqlaşdıqca millətimiz üçün bu əvəzsiz itkinin ağırlığı daha çox duyulmaqdadır. Mübaliğəsiz demək olar ki, bu qüdrətli şəxsiyyət, nadir zəka sahibi yaşadığı, fəaliyyət göstərdiyi dövrün canlı əfsanəsidir. Tarixə nəzər salsaq, çox az dövlət xadimi göstərmək olar ki, öz xalqının, vətəndaşı olduğu ölkənin ictimai-siyasi, sosial-iqtisadi, milli mənəvi tərəqqisindəki xidmətlərinə görə ulu öndərimiz səviyyəsinə yüksələ bilsin.
İnkarolunmaz həqiqətdir ki, ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin dirçəlişi və dinamik inkişafı, eləcə də dövlət müstəqilliyinin möhkəmləndirilməsi, qısa bir zamanda Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanması bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndərin genişmiqyaslı, çoxcəhətli fəaliyyətində təhsilin inkişafına diqqət və qayğı prioritet sahə kimi mühüm yer tuturdu. Təhsilin aktual problemlərini və perspektivlərini incəliklərinə qədər dərindən bilən, təhsilin cəmiyyətdə rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin təhsillə bağlı dəyərli mülahizə və müddəaları, sözün əsl mənasında, müasir pedaqoji fikir tariximizin nadir incilərindəndir. Cəsarətlə demək lazımdır ki, güclü məntiqə və qibtə olunası uzaqgörənliyə əsaslanmış həmin mülahizə və müddəalar, tarixi tövsiyələr həm keçmiş SSRİ dövründə, eləcə də müstəqillik illərində Azərbaycan təhsilinin inkişaf yolunun proqramına çevrilmişdi. Bu böyük şəxsiyyətin hələ sovet ideologiyasının hökm sürdüyü illərdə təhsil sahəsi ilə bağlı irəli sürdüyü fikirləri bu gün üçün müasir səslənən ideyalarla müqayisə etdikdə onun zamanı necə və hansı səviyyədə qabaqladığına heyran olmaya bilmirsən. Aparılan araşdırmalar göstərir ki, ulu öndər özünün nitq və çıxışlarında, pedaqoji ictimaiyyətlə görüşlərində təhsilin bütün pillələrini əhatə edən ən zəruri, aktuallığı ilə hamını düşündürən məsələlərə toxunmuş, təhsilin məzmunu, idarəolunması, təlim-tərbiyə prosesinin mahiyyəti, cəmiyyətdə müəllimin rolu barədə konseptual müddəalar irəli sürməklə təhsil sistemi işçiləri qarşısında dayanan ən ümdə vəzifələrə aydınlıq gətirmişdir.
Gənc nəslin müasir tələblər zəminində təhsillənməsi, gənclərin bilik və intellektual səviyyəsinin yüksəldilməsi, onların gələcəkdə kamil mütəxəssis və ləyaqətli vətəndaşlar kimi yetişməsi ulu öndərimizi daim düşündürürdü. Bu mənada hələ 35 il bundan əvvəl, 1975-ci il avqustun 28-də Azərbaycandan kənarda təhsil almağa göndərilən tələbələrlə görüşündə söylədiyi "Siz bu əsrin axırıncı onilliklərində və gələn əsrin əvvəllərində işləyəcəksiniz. O zaman elmi-texniki tərəqqi üfüqlərinin necə cazibədar olacağını bu gün təsəvvür etmək mümkündür. Sabahkı gün sizə yeni, yüksək tələblər verəcəkdir. Əgər mütəxəssis həqiqətən yaradıcı şəxsiyyətdirsə, o, sadəcə olaraq, zamanla ayaqlaşmalı deyil, həmişə zamanı bir qədər qabaqlamalıdır. Bu isə o deməkdir ki, daim öyrənmək lazımdır, buna görə də bilik, bacarıq, vərdiş bünövrəsi möhkəm olmalıdır" fikri hazırkı dövrün tələbləri və müasir yanaşmalarla necə də həmahəng səslənir. Həmin nitqində gənclərə müraciət edərək irəli sürdüyü "İqtisadi və mədəni quruculuq sürəti də, gələcəkdə respublikamızın ictimai həyatının səviyyəsi də nəticə etibarı ilə sizdən, gənclərin bütün indiki nəslindən, onların bacarığından, qabiliyyətindən, biliyindən asılı olacaqdır", "Siz elmi-texniki inqilabı irəli aparmalı, elm və mədəniyyəti inkişaf etdirməli, cəmiyyətin yeni maddi və mənəvi sərvətlərini yaratmalı olacaqsınız" müddəaları ilə isə ümummilli liderimiz əslində müəllimlərin, bütövlükdə təhsil müəssisələrinin fəaliyyətinin nəticələrini xüsusi olaraq diqqətə çatdırmaqla təhsil sisteminin ən zəruri vəzifəsini müəyyənləşdirmişdir.
Cəsarətli və uzaqgörən siyasətçi, müdrik dövlət rəhbəri olan Heydər Əliyev Azərbaycanın müstəqillik üfüqlərini hələ sovet hakimiyyəti illərində respublikaya rəhbərlik etdiyi dövrlərdə yaxşı görürdü. O əmin idi ki, gələcək müstəqil dövlətin bünövrəsinin möhkəm qurulması üçün təhsilin inkişafına indidən güclü təkan verilməlidir. 1977-ci il avqustun 27-də keçirilmiş tələbələrin respublika fəalları ilə görüşündə gənclərə "Bu gün sizin başlıca vəzifəniz oxumaqdan, müstəqil işləmək vərdişləri əldə etməkdən, həqiqəti axtarmaq və ona nail olmaq bacarığına yiyələnməkdən, yəni kamil mütəxəssis olmaq, cəmiyyətimizə daha çox fayda vermək üçün zəhmətlə, səylə, əzmlə, gündən-günə misilsiz bilik, mədəniyyət, ictimai vərdiş ehtiyatı toplamaqdan ibarətdir" müraciəti, 18 may 1978-ci ildə keçirilən Azərbaycan müəllimlərinin VI qurultayındakı nitqində "Biz bu gün də, gələcəkdə də gənclərimizi təhsilə, biliyə cəlb etməliyik, təhsilin keyfiyyətini artırmalıyıq, təhsil sahəsini daha da mükəmməlləşdirməliyik" deməsi, şübhə yoxdur ki, məhz həmin qənaətdən irəli gəlirdi.
Ümummilli liderimiz təhsil məsələlərinə toxunarkən onun inkişafyönümlü xarakterini, təhsilin cəmiyyətin, dövlətin, hər bir şəxsin məhz inkişafına, tərəqqisinə xidmət etməli olduğunu dönə-dönə vurğulayır, təhsil xidmətlərinin birmənalı olaraq həmin istiqamətə yönəldilməsini vacib sayırdı. "Məktəb elə bir prosesdir, orqanizmdir ki, burada hamı-şagird də, tələbə də, müəllim də, bütün kollektiv də inkişafdadır" (1997-ci il sentyabrın 1-də Bakıdakı 18 nömrəli məktəbdə keçirilmiş görüşdəki nitqindən) deməklə ulu öndərimiz əslində məktəbdəki inkişafın bilavasitə burada həyata keçirilən təhsilin nəticəsi olduğunu diqqətə çatdırırdı.
Son illər belə bir fikir
tez-tez səslənir ki, hər hansı bir ölkənin maddi
ehtiyatları, yeraltı və yerüstü
sərvətləri nə qədər çox olsa belə,
təhsil sahəsində irəliləyişləri yoxdursa,
orada inkişaf sürəti də zamanın tələbindən
geridə qalacaqdır. Bununla əlaqədar tarixilik baxımından
yanaşsaq, ulu öndərimiz bu mülahizəni neçə
illər bundan əvvəl "Cəmiyyət təhsilsiz
inkişaf edə bilməz" (2001-ci il sentyabrın 1-də
Bakıda ilk özəl ümumtəhsil məktəb
kompleksinin açılışı mərasimindəki nitqindən)
müddəası ilə çox lakonik və sərrast
şəkildə ifadə etmiş, təhsilin cəmiyyətdəki roluna bir daha aydınlıq
gətirmişdir.
Öz Vətəninin
ləyaqətli övladı olan, ölkəmizə
rəhbərlik etdiyi dövrdə gərgin və
məqsədyönlü fəaliyyəti ilə
millətimizə şərəf və
başucalığı gətirmiş Heydər Əliyev
"Azərbaycan xalqı yüksək elmə, yüksək
biliyə, savada malik olan bir xalqdır. Bunlar hamısı
uzun illər-keçmişdən indiyə qədər
Azərbaycanda yaranmış təhsil sisteminin
fəaliyyətinin əməli nəticələri,
Azərbaycan müəllimlərinin, alimlərinin gərgin
fəaliyyətinin nəticəsidir" (1996-cı il
sentyabrın 2-də Bakının Nərimanov rayonunda yeni orta
ümumtəhsil məktəbinin
açılışı mərasimindəki nitqindən)
deməklə xalqının intellektual səviyyəsinə,
təhsildə qazanılmış uğurlara böyük
qiymət verirdi. Onun 1997-ci il avqustun 29-da
keçirilmiş Azərbaycan və xarici ölkələrin
ali məktəblərinə qəbul olunmuş
tələbələr və onların valideynləri ilə
görüşdəki yekun nitqində gənclərə
"XXI əsr sizin əsriniz, sizin dövrünüz
olacaqdır. Siz və sizin kimi Azərbaycan
gəncləri, yeniyetmələri, yüksək təhsilli
insanları həmin əsrdə müstəqil, azad
respublikamızı yaşadacaqsınız, inkişaf
etdirəcəksiniz. Biz bu işləri sizin
öhdənizə buraxacağıq" tarixi müraciəti
həm ölkəmizin işıqlı sabahına, həm
də bu işıqlı sabaha doğru qətiyyətlə
addımlayan o dövrün gənclərinə dərin
inamından irəli gəlirdi.
Ulu öndərimizin orta
məktəb təhsilinin məqsədləri,
ümumtəhsil məktəbinin əsas vəzifələri
haqqında qiymətli fikirləri bu gün də
hamımız üçün aparıcı istiqamət,
əsas ideya mənbəyi olmalı, xüsusilə son
illər göstərilən məsələlər
ətrafında aparılan mübahisələrə, fikir
ayrılıqlarına, nəhayət ki, son qoymalıdır. Hələ
32 il bundan əvvəl, 1978-ci il mayın 18-də
keçirilmiş Azərbaycan müəllimlərinin VI
qurultayında "Çox uzun bir müddət ərzində
məktəbin işinə yalnız bir göstəriciyə,
əsas hesab edilən göstəriciyə görə
qiymət verilirdi: məktəbin nə qədər məzunu
tələbə olmuş, ali məktəb diplomu
almışdır. Bu nöqteyi-nəzəri
dəyişdirmək vaxtı gəlib
çatmışdır. Bilikli, bacarıqlı,
əməksevər adamlar yetişdirmək məktəbin
ən birinci borcudur. Məzun əməyə
hazırdırmı-bu gün məktəbin işinin,
bütün xalq maarifi sisteminin səmərəliliyi, bax bu
meyarla müəyyən edilir", - deyən ümummilli
liderimiz 21 il sonra bu tarixi mülahizəni daha da
dolğunlaşdıraraq "İnsan təhsilinin
əsasını orta məktəbdə alır...
Əgər 11 il müddətində uşaq I sinifdən
başlayaraq sona qədər köklü təhsil almasa, yaxşı
hazırlaşmasa, o gedib universitetə imtahan verə
bilməz. Heç
lazım da deyil ki, hər bir orta təhsil alan
getsin universitetə imtahan versin. Bu, mümkün
də deyildir. Bu, keçmişdə də mümkün
olmayıbdır, bu gün də mümkün deyildir-ancaq ola bilər, ondan sonra gedib universitetdə ali
təhsil almasa da, həyatda yaşayacaqdır, həyatda
fəaliyyət göstərəcəkdir,
cəmiyyətdə olacaqdır. Əgər onun
fundamental, köklü orta təhsili varsa, o,
cəmiyyətdə özünə yer tapacaq,
çalışacaq, özünü, ailəsini
yaşadacaqdır. Amma ən vacibi də
odur ki, cəmiyyətimizin qürurlu üzvü
olacaqdır", "İndi bizim təhsilimizin məqsədi
gənc nəslə, uşaqlara təhsil verib
gələcəyə hazırlamaqdır. Amma bununla
yanaşı, ən böyük məqsədi Azərbaycan
vətəndaşı hazırlamaqdır, Azərbaycan
cəmiyyətinin ləyaqətli üzvünü
hazırlamaqdır" (1999-cu il avqustun
31-də respublika təhsil işçiləri və ali
məktəblərə daxil olmuş
tələbələrlə görüşdəki
nitqindən) müddəalarını irəli
sürürdü.
Bütün bunlarla
yanaşı, ulu öndər biliklərə əzmlə
yiyələnməyi, daha çox bilik əldə etməyi,
əsas diqqəti biliklərə əsaslanan cəmiyyətin
qurulmasına yönəltməyi ən aktual
vəzifələrdən biri hesab edir, bu prosesdə orta
təhsilin roluna böyük qiymət verirdi. Çox əlamətdar
haldır ki,
ümummilli liderimizin təhsillə bağlı
nitq və çıxışlarındakı hər hansı
bir istiqamət üzrə konkret fikir məqsədli
mahiyyət daşıyaraq illər ötdükcə məzmun
etibarı ilə daha da zənginləşdirilir, bir-birini
tamamlayır və nəticədə konseptual xarakterli
müddəaya çevrilir. Azərbaycanda siyasi
hakimiyyətə qayıdışından təxminən bir il sonra 1994-cü il avqustun 31-də Bakı
şəhərinin təhsil işçiləri ilə
görüşündəki nitqində dahi rəhbərimiz
"Müasir texnikanı, müasir bazar iqtisadiyyatının
bütün yollarını mənimsəmək, respublikada
tətbiq etmək üçün gələcək nəsli
hazırlamaq və keçmiş dövrə nisbətən
bir çox yeni ixtisaslar üzrə kadrlar hazırlamaq
lazımdır. Şübhəsiz ki, bütün bunlar ali təhsil səviyyəsində olacaqdır. Ancaq bunların əsası orta təhsil
illərində qoyulmalıdır. Yəni
gənclərin bu istiqamətdə təhsilinin
artırılmasının təməli qoyulmalıdır.
Bunu iqtisadiyyatımızın bu günü və
gələcəyi tələb edir"
söyləməklə həm ölkənin yaxın
gələcək üçün aktual sayılan vəzifəsini
müəyyənləşdirir, eyni
zamanda həmin fikrin məntiqi açıqlanması kimi
"Bu günün tələbləri gələcəyin tələbləri
baxımından dünyanın hər yerində, bütün
ölkələrdə inkişaf etmiş iqtisadiyyatı,
texnologiyanı, texnikanı mənimsəmək, onları
respublikada tətbiq etmək, ölkəmizin iqtisadiyyatını,
mədəniyyətini, təhsilini, elmini dünya
standartları səviyyəsinə qaldırmaq
üçün gənclərimizə lazım olan
fənlərin tədrisini gərək yaxşı
təşkil etsinlər. Beləliklə də
bizim gənclərimiz gərək bütün əvvəlki
nəsillərə nisbətən daha yüksək təhsil
almış olsunlar" müddəasını irəli
sürürdü.
Sosial-iqtisadi
sahələrdə inkişafı dünya standartları
səviyyəsinə qaldırmaq üçün nə
tələb olunur?! Nələrə nail olmaq lazımdır?! Bu suallara da ulu öndər "Müasir həyat
və dünyanın gələcəyi insanlardan daha çox
bilik tələb edir. Gələcək
bilikli, elmli insanların çiyinləri üstündə
qurulacaqdır" (Azərbaycanın və xarici
ölkələrin ali məktəblərinə qəbul
olunmuş tələbələrin bir qrupu və onların
valideynləri ilə görüşdəki yekun nitqindən,
29 avqust 1997-ci il), "Hər bir xalqın səviyyəsini
onun bilik səviyyəsi müəyyən edir. Bilik
səviyyəsinə də nail olmaq üçün təhsil
daim mövcud olmalıdır və o, ardıcıl
surətdə inkişaf etməlidir. Biz
gələcəkdə Azərbaycanın təhsilinin daha da
təkmilləşməsinə, keyfiyyətinin yüksəlməsinə
nail ola biləcəyik" (Yeni dərs ilinin başlanması
münasibətilə Bakıdakı 18 nömrəli
məktəbdə keçirilmiş mitinqdəki nitqindən, 1
sentyabr 1997-ci il) deməklə əsaslandırılmış
cavab verir.
Ümummilli liderimizin orta
məktəblərdə fənlərin tədrisinin
təşkili ilə əlaqədar vurğuladığı
tələbi diqqətə çatdırarkən bir amili də
qeyd etməyi lazım bilirik ki, bu məsələ ulu
öndərimizi bütün vaxtlarda daim
düşündürmüşdür. O, fənlərə
sadəcə olaraq şagirdlərə müəyyən
çərçivədə müvafiq məlumatlar,
nəzəri biliklər mənimsədən vasitə kimi
deyil, hər şeydən əvvəl, şəxsiyyətin
formalaşdırılmasını təmin edən, onlara
həyatda müstəqil yaşayıb fəaliyyət
göstərmək üçün zəruri həyati
bacarıqlar aşılayan mühüm amil kimi baxırdı.
Biz haqqında söhbət gedən həmin
məsələləri yalnız indi diqqət
mərkəzinə gətiririksə, ulu öndərimiz
bütün bunlar barədə hələ çox
əvvəllər qiymətli fikirlər söyləmişdi.
Onun 1975-ci il avqustun 28-də Azərbaycandan kənarda təhsil
almağa göndərilən tələbələrlə
görüşündə "Yeniliyi dərindən
mənimsəmək, yaradıcılıqla
düşünməyi bacarmaq, özünə
çalışqanlıq, axtarış bacarığı,
tədqiqat məharəti aşılamaq lazımdır",
"...Əməyin elmi təşkili prinsiplərini
yaxşı öyrənmək, kollektiv təcrübəni
qiymətləndirməyi, başqalarının rəyinə
qulaq asmağı, tənqiddən qorxmamağı, öz
işinə tənqidi yanaşmağı bacarmaq
lazımdır" kimi gənclərə
ünvanladığı dəyərli tövsiyələr
hazırda ümumi təhsilin başlıca məqsədlərindən
birinə çevrilmişdir. Ulu rəhbərin 1978-ci ildə
Azərbaycan müəllimlərinin VI qurultayında irəli
sürdüyü "Məktəbdə ana dilinin və
ədəbiyyatın tədrisi formalarını və
metodlarını daim təkmilləşdirmək, uşaqlarda
sözə, obrazlı təfəkkürə
məhəbbət hissi aşılamaq, onları
mədəniyyət nailiyyətləri ilə, dünya və
Azərbaycan poeziyası və nəsri klassiklərinin
yaradıcılığı ilə, ədəbiyyatın
qızıl fonduna daxil olmuş görkəmli
əsərlərlə tanış etmək lazımdır.
Ana dilini, doğma xalqın ədəbiyyatını,
mədəniyyətini dərindən bilmək elmli adam
üçün zəruri keyfiyyətdir,
vətəndaşın şəxsiyyətinin
hərtərəfli inkişafı üçün
şərtdir", "Bizim məktəb şagirdlərin
riyaziyyat, fizika, kimya, biologiya və başqa fundamental
fənlər sahəsində möhkəm biliklərə
yiyələnməsini təmin etməlidir. Gənclər
elmi işçilərin sırasına daha fəal
qoşulmalı, elmi-texniki tərəqqinin tətbiq
edilməsinin önündə getməlidirlər.
Fundamental və texniki fənləri dərindən
mənimsəmək, bu fənlərin tədrisi
səviyyəsinə daim diqqət yetirmək lüzumu bundan
irəli gəlir", "İctimai fənlərin təlimi keyfiyyətinin
böyük
əhəmiyyəti
vardır.
Gənc şəxsiyyətin
təşəkkülündə, gənclərin
dünyagörüşünün
formalaşdırılmasında ictimai fənlərin rolu
xüsusilə böyükdür. İctimai
fənləri yaxşı bilmək hər bir
məktəblidə Vətənə məhəbbət
hissinin, xalqın rifahı naminə fədakarlıqla
çalışmaq əzminin tərbiyə olunmasına
və inkişaf etdirilməsinə kömək edir"
müddəaları hazırda müasir səslənməklə
ümumi təhsil sisteminə daxil olan həmin fənlərin
indiki dövrdə məqsəd və vəzifələrini
aydın ifadə edir. Yeri gəlmişkən, qeyd
etməyi lazım bilirəm ki, təhsil islahatları
çərçivəsində ümumi təhsilin
Konsepsiyası (Milli Kurikulumu) sənədi, ümumtəhsil
fənlərinin kurikulumları hazırlanarkən ümummilli
liderimizin bütün bu fikir və mülahizələri
aparıcı istiqamət olaraq əsas götürülmüşdür.
Azərbaycanda dövlət müstəqilliyinin
bərpasından sonra təhsilimizin inkişafı, qabaqcıl
ölkələrin təhsil sistemlərinə davamlı
inteqrasiyası üçün əlverişli şəraitin
yarandığı bir vaxtda ulu öndər bu tarixi
şansı yüksək qiymətləndirməklə
yanaşı, həm də çox vacib bir məqamı
diqqətə çatdıraraq "Respublikamız
müstəqil dövlət kimi Azərbaycanın öz milli
ideologiya konsepsiyasını yaradaraq, inkişaf etdirərək,
şübhəsiz ki, təhsil sahəsini də milli
məqsədlər, mənafelər əsasında
qurmalıdır" (Bakı şəhərinin təhsil
işçiləri ilə görüşdə yekun
nitqindən, 31 avqust 1994-cü il) vəzifəsini
qarşıya qoyurdu. Təxminən 3 il
sonra ümummilli lider gələcəyə nikbinliklə
baxaraq və irəli sürdüyü həmin
vəzifənin tədricən yerinə yetirildiyinə
inamını ifadə edərək "Dövlət
müstəqilliyinin xalqımıza bəxş etdiyi
nemətlərdən biri də budur ki, biz artıq öz
təhsil sistemimizi xalqımızın, millətimizin
tarixinə, mənəviyyatına, ənənələrinə
uyğun qururuq", - deyirdi (Yeni dərs ilinin başlanması
münasibətilə Bakıdakı 18 nömrəli
məktəbdə keçirilmiş mitinqdəki nitqindən,
1 sentyabr 1997-ci il).
Ulu öndərimiz
təhsilin milli məqsəd və mənafelər
əsasında qurulması zərurətinə toxunarkən,
ilk növbədə, heç şübhəsiz, uşaq
və gənclərin əsl azərbaycanlı, əsl
vətəndaşlıq, milli mənəvi
dəyərlərə sadiqlik ruhunda tərbiyə
olunmasını diqqət mərkəzinə çəkirdi. O qeyd edirdi ki, "Təhsil sahəsi
müqəddəs bir sahədir. Çünki təhsil
sahəsi uşaqları, gəncləri hazırlayıb
gələcəyə əsl vətəndaş, yüksək
səviyyəli mütəxəssis etmək üçün
mövcuddur" (BDU-nun 80 illiyi münasibətilə
görüşdəki nitqindən, 11 fevral 2000-ci il),
"Respublikamızın, xalqımızın milli
xüsusiyyətlərini, milli ənənələrini...
heç vaxt unutmaq lazım deyil və bunu heç bir
şeyə dəyişmək olmaz" (Azərbaycanın
və xarici ölkələrin ali məktəblərinə
qəbul olunmuş tələbələrin bir qrupu və
onların valideynləri ilə görüşdəki yekun
nitqindən, 29 avqust 1997-ci il). Özünün
şəxsi keyfiyyətləri və fərdi
xüsusiyyətləri ilə millətimizə nümunə
olan böyük rəhbərimiz uşaq və gənclərin
tərbiyəsində dini dəyərlərin də rolunu
yüksək qiymətləndirir, bunları insan
mənəviyyatının formalaşmasında əsas amil
hesab edirdi. Onun fikrinə görə,
"Xalqımızın milli mənəvi
dəyərləri, dinimizin adət-ənənələri
və dini dəyərləri-hamısı birlikdə bizim
milli sərvətimizdir. Bizim bütün
milli və dini adət-ənənələrimizin
məqsədi insanları saflığa, düzlüyə,
paklığa dəvət etməkdən, insanları bu
əhvali-ruhiyyədə tərbiyə etməkdən
ibarətdir" (Qurban bayramı münasibətilə
Mirmövsüm Ağanın ziyarətgahında
keçirilən görüşdəki nitqindən, 8 aprel
1998-ci il). Yeri gəlmişkən,
ümumtəhsil məktəbləri üçün
"Həyat bilgisi" fənninin kurikulumuna
"Mənəviyyat" məzmun xətti daxil
edilərkən və onun nəticə standartları
müəyyənləşdirilərkən ulu öndərin
irəli sürdüyü həmin müddəalar ideya
istiqaməti kimi əsas tutulmuşdur.
"Ümumi təhsilimizdə, yəni
məktəblərimizdə bütün dərslər,
bütün fənlər bizim bu günümüzə və
gələcəyimizə həsr olunmalıdır" (Respublika
təhsil işçiləri və ali
məktəblərə daxil olmuş
tələbələrlə görüşdəki
nitqindən, 31 avqust 1999-cu il) vəzifəsini qarşıya qoyan
ümummilli liderimiz, eyni zamanda Azərbaycanın dövlət
müstəqilliyinin, dövlət atributlarının
mahiyyətinin uşaqlara geniş şəkildə izah
olunmasını vacib sayır, bu istiqamətdə
görülən işləri şagirdlərin
vətənpərvərlik tərbiyəsində mühüm
amil hesab edirdi. Bununla yanaşı, ümummilli liderimiz uşaq
və gənclərin kamil şəxsiyyət kimi
formalaşmasında onların həm doğma ana dilinə,
həm də xarici dillərə yiyələnməsinə,
ədəbi irsimizi, tariximizi dərindən
öyrənmələrinə ciddi diqqət yetirilməsini
dönə-dönə vurğulayır, bu işlərin
məqsədyönlü şəkildə həyata
keçirilməsini məktəbin, bütün
müəllimlərin müqəddəs borcu olduğunu
bəyan edirdi. Ulu öndərin
"Azərbaycan dili öz söz ehtiyatına görə,
fikri ifadə etmək imkanlarına görə çox
zəngindir. Ancaq lazımdır ki, Azərbaycan dilinin bu
zənginliyi, bu böyük imkanları orta məktəbdə
ilk təhsilə başlayan hər bir gənc
tərəfindən mənimsənilə bilsin və
gənclərimiz artıq orta məktəbdə öz dilini,
ədəbi dilini, mədəni dilini yaxşı
mənimsəsin, öz dilində yaxşı danışa
bilsin, öz dilində fikrini ifadə edə bilsin",
"Azərbaycan tarixi gərək orta
məktəblərimizdə gənclərimizə yaxşı
aşılansın. Gənclərimiz öz
tarixini, öz tarixi köklərini və öz
keçmişini gərək yaxşı bilsinlər.
Çünki mənəviyyatımız, gənclərin bu
günü və gələcək mənəviyyatı
bununla bağlıdır", "Ədəbi irsimizin
bütün gənclərə, bu gənclər hansı
istiqamətdə işləyəcək,
çalışacaqlarsa, ondan asılı
olmayaraq-çatdırılması, bildirilməsi, tədris
olunması çox mühüm bir işdir. Buna ciddi fikir
vermək lazımdır", "Lazımdır ki,
gənclərimiz orta məktəbi bitirərkən 2-3 xarici
dil bilsinlər" (Bakı şəhərinin təhsil
işçiləri ilə görüşdə yekun
nitqindən, 31 avqust 1994-cü il), "Gənclərimiz nə
qədər çox dil bilsələr, bir o qədər
zəngin dünyagörüşə malik olacaqlar. Bu, müasir dünyanın
tələbləridir" (Azərbaycanın və xarici
ölkələrin ali məktəblərinə qəbul
olunmuş tələbələrin bir qrupu və onların
valideynləri ilə görüşdəki yekun nitqindən,
29 avqust 1997-ci il) müddəaları orta təhsilin yenidən
qurulmasını, təhsilin məhz müasir insanda
formalaşdırılası dəyərlər sistemi
səviyyəsinə yüksəldilməsini təmin edən
prioritet istiqamətlərdəndir.
Müdrik dövlət xadimi
Heydər Əliyevin müstəqil Azərbaycanın
təhsilinin inkişafındakı
ölçüyəgəlməz və danılmaz
xidməti, heç şübhəsiz, ölkəmizin
ümumi təhsil sistemində əsaslı islahatların
başlanmasının təşəbbüskarı və
ilhamçısı olmasıdır. Vaxtilə
keçmiş Sovet İttifaqının
rəhbərlərindən biri kimi neçə-neçə
strateji əhəmiyyətli sahələrlə yanaşı,
bu super dövlətin təhsili də bilavasitə onun
nəzarətində olmuş, 1984-cü ildə
keçirilən məktəb islahatına rəhbərlik
etmişdir.
Müstəqil Azərbaycanda
təhsil islahatları 1999-cu ildən başlansa da, bu prosesin
zəruriliyi hələ xeyli əvvəl ulu öndərimizin
nitq və çıxışlarında dəfələrlə
vurğulanmışdır. 1994-cü il avqustun 31-də Bakı
şəhərinin təhsil işçiləri ilə
görüşdəki yekun nitqində ümummilli liderimiz
"İndiyə qədər yaranmış təhsil, bilik,
elm potensialından, həm də bütün
ölkələrlə hazırkı əlaqələrdən
istifadə edərək inkişaf etmiş ölkələrin
təcrübəsini təhsil sahəsində tətbiq
etmək mümkündür", - deməklə diqqəti bir
tərəfdən islahatyönümlü işlərin
hansı bünövrə, təməl üzərində
qurulmasına yönəldir, digər tərəfdən
isə Azərbaycanda həmin tədbirlərin uğurla
həyata keçiriləcəyinə inamını ifadə
edirdi.
İslahatların
dövrün tələbinə görə
planlaşdırılması və aparılması
sahəsində böyük təcrübəyə malik ulu
öndərimiz həmin nitqində "İndi bizim təhsil
sistemimiz müstəqil Azərbaycanın gələcək
inkişafını təmin etməlidir. Bu yolda
keçiriləcək islahatlar gərək müstəqil
Azərbaycanın milli mənafelərinin inkişafına
yönəlsin" müddəasını irəli
sürməklə təhsil islahatlarının başlıca
istiqamətini çox aydın şəkildə
göstərmiş, "Biz təhsil sahəsində
bütün yeniliklərin tərəfdarıyıq, dünya
təcrübəsindən səmərəli istifadə
etməyi tələb edirik. Ancaq bu
işlər gərək sistemli olsun. Bu
işləri görərkən, qurarkən siz onların
yaxın və uzaq zamanda nəticələrini mütləq
nəzərə almalısınız" fikri ilə
əslində islahatyönümlü tədbirlərin
konseptual əsasını
müəyyənləşdirmişdir. Ümummilli
liderimizin 26 noyabr 1994-cü ildə BDU-nun 75 illik yubileyinə
həsr olunmuş təntənəli mərasimdəki
nitqində söylədiyi "İslahatlar, xüsusən
təhsil, elm sahəsində islahatlar çox ağıllı,
düşünülmüş şəkildə həyata
keçirilməlidir. İslahat naminə,
dəb naminə aparılmamalıdır. Adını
dəyişdirməklə, bir qədər formasını
dəyişdirməklə ki, yeni bir qiyafəyə girsin,
dəbə düşsün - bunun naminə yox, yalnız
və yalnız əldə etdiyiniz səviyyədən daha
yuxarı qalxmaq üçün, təhsilin
səmərəliliyini, elmin səmərəliliyini
artırmaq üçün aparılmalıdır. Bütün bu islahatlar ancaq bu yolla, bu
istiqamətdə getməlidir, bu məqsədi
daşımalıdır və biz bu məqsədə nail
olmalıyıq" müddəasında isə
nəzərdə tutulan islahatların mahiyyəti və
məqsədləri lakonik surətdə son dərəcə
dəqiq ifadə edilmişdir.
Birmənalı şəkildə demək lazımdır
ki, 1999-cu il iyunun 15-də ulu
öndərimizin sərəncamı ilə təsdiq
olunmuş "Azərbaycan Respublikasının təhsil
sahəsində islahat Proqramı"nın əsasını
məhz böyük rəhbərin təhsilimizin
gələcək inkişafı ilə bağlı
ideyaları, konseptual, proqram xarakterli fikirləri, müddəa
və mülahizələri təşkil etmişdir. İslahat Proqramının iyunun 15-də -
Qurtuluş günündə təsdiq olunması da rəmzi
məna daşıyır. Dahi Heydər Əliyevin
1993-cü ilin həmin tarixi günündə Azərbaycanda
ikinci dəfə siyasi hakimiyyətə qayıdışı
ilə ölkəmiz siyasi, iqtisadi böhrandan,
vətəndaş müharibəsi təhlükəsindən
xilas olmaqla inkişaf yoluna, tərəqqi dövrünə
qədəm qoydu, İslahat Proqramının bu
əlamətdar gündə təsdiq edilməsi isə
təhsil sistemimizdə yeni mərhələnin
başlanğıcı oldu.
Müstəqil Azərbaycanın
təhsil sistemində, xüsusilə də ümumi təhsil
sistemində islahatların qaçılmaz olduğunu
diqqətə çatdıran ulu öndərimiz, eyni zamanda
təhsil işçilərini islahat prosesinə həssas
və ehtiyatla yanaşmağa çağırırdı. Onun
"Təhsil sahəsi cəmiyyətin xüsusi, intellektual
cəhətini əks etdirən bir sahədir. Belə
halda təhsil sisteminə çox diqqətli yanaşmaq
lazımdır və bu sistemə münasibət çox
həssas olmalıdır", "Əgər iqtisadiyyat
sahəsində islahatları keçirmək bir il, iki il yox,
bir neçə il və ondan da
çox vaxt tələb edirsə, təhsil sahəsində
islahatlar bundan daha çox vaxt
tələb edir. Ona görə də deyirəm ki, burada
inqilabi dəyişikliklər ola
bilməz" (Təhsil sahəsində islahatlar üzrə
Dövlət Komissiyasının iclasındakı yekun
nitqindən, 17 mart 1999-cu il) müddəaları bu gün
də islahatlarla məşğul olan
mütəxəssislərin fəaliyyətinə istiqamət
verən dəyərli ideyalardır. Onu da qeyd etməyi
lazım bilirəm ki, islahatlar prosesinə başlarkən
ümummilli liderimizin həmin nitqində irəli sürdüyü
"Dünya təcrübəsindən
Azərbaycanın milli xüsusiyyətlərinə uyğun
olan prinsiplər, qaydalar təhsil sistemimizə tətbiq
edilməlidir. Biz dünyanın bütün
ölkələrində - Qərbdə də,
Şərqdə də əldə olunmuş
nailiyyətləri dərindən öyrənməli və
onlardan Azərbaycan üçün müsbət xarakter
daşıyan cəhətləri ölkəmizin təhsil
sistemində tətbiq etməliyik" fikrini əsas tutaraq
xarici və yerli mütəxəssislərin iştirakı
ilə xeyli tədqiqatlar və müqayisəli təhlillər
aparılmış, bir çox inkişaf etmiş
ölkələrin təcrübəsi
öyrənilərək yeri gəldikcə onlara istinad
edilmişdir.
Ulu öndərin təhsillə bağlı nitq və
çıxışlarına diqqət yetirdikdə daha bir
maraqlı cəhət özünü büruzə verir:
Müdrik və uzaqgörən dövlət rəhbəri
məqsədli şəkildə müəyyən konseptual
fikri, yaxud fikirləri yalnız bir dəfə deməklə
kifayətlənmir, ayrı-ayrı auditoriyalarda bu fikirlər
müxtəlif nitq çalarlarında
səslənməklə yaddaşlara hakim kəsilir... Həm
də islahatlar barədə danışarkən aydın hiss
olunur ki, ulu öndər bu islahatların
davamlılığında israrlıdır, çünki eyni
tələbləri həm indiki, həm də
gələcək nəsillərə ünvanlayır. Onun
respublikanın təhsil işçiləri və ali məktəblərə daxil olmuş
tələbələrlə 1999-cu ilin 31 avqustunda
keçirilmiş görüşdəki nitqində irəli
sürdüyü "Mənim sizə tövsiyəm ondan
ibarətdir ki, islahatları düşünülmüş
qaydada aparasınız, formalizmə, konyukturaya yol
verməyəsiniz. Azərbaycanın milli
ənənələrinin üzərindən keçməyəsiniz",
"Çalışmaq lazımdır ki, islahat islahat
naminə aparılmasın, təhsil sistemimizi daha da
təkmilləşdirmək, bu günün,
gələcəyin tələblərinə daha da
uyğunlaşdırmaq məqsədi daşısın",
"Əgər biz iqtisadi sahədə
apardığımız islahatlarda bu gün haradasa səhv
ediriksə, sabah həmin səhvi düzəltmək
mümkündür, haradasa ifrata yol veririksə, onun
qarşısını almaq mümkündür... Amma təhsil sahəsi çox həssas sahədir.
Burada cürbəcür kombinasiyalara, manipulyasiyalara yer
verilə bilməz", 2000-ci il sentyabrın 1-də Bilik
Günü münasibətilə Bakının Nərimanov
rayonundakı 82 nömrəli məktəbdə keçirilən
təntənəli toplantıdakı nitqində
söylədiyi "Müstəqil Azərbaycanda son illər
təhsil sahəsində geniş islahatlar aparılır. Bu
islahatlar Azərbaycanın təhsil sistemini, o
cümlədən təhsilin səviyyəsini daha da
təkmilləşdirir, dünya standartlarına uyğunlaşdırır",
2001-ci il sentyabrın 1-də Bakıda ilk özəl
ümumtəhsil məktəb kompleksinin
açılışı mərasimindəki nitqində
vurğuladığı "Son illər Azərbaycan
müstəqil dövlət kimi yeni iqtisadi-siyasi sistem yolu
ilə gedərək dünyanın bütün
ölkələrinin, xüsusən Qərb
ölkələrinin təcrübəsindən
öyrənməyə çalışır və
təhsilin də təkmilləşdirilməsində bu
təcrübədən istifadə etmək
lazımdır" müddəaları dediklərimizə real
əyani sübutdur.
Daha bir maraqlı məqam... Məlumdur ki,
Azərbaycan bu gün haqqında daha çox
danışılan və müzakirələr obyektinə
çevrilən Boloniya Bəyannaməsinə rəsmi olaraq
2005-ci ilin mayında qoşulmuşdur. Lakin çox
əlamətdardır ki, ulu öndərimiz bu
Bəyannamədə təsbit olunmuş əsas
məqsədlərin mahiyyətini hələ 6 il
əvvəl - 1999-cu ilin martında keçirilmiş təhsil
sahəsində islahatlar üzrə Dövlət
Komissiyasının iclasındakı yekun nitqində
"Azərbaycanın təhsil sistemində təhsil alan
insanların və xüsusən ali məktəbləri
bitirənlərin bilik səviyyəsi və onların
biliklərini təsdiq edən sənədlər gərək dünyanın
inkişaf etmiş ölkələrinin ali
məktəblərinin bilik səviyyəsinə
uyğunlaşdırılsın. Onların prinsiplərinə
uyğunlaşdırılsın ki, Azərbaycanda təhsil
almış və mühəndis diplomu almış bir insan
başqa ölkələrdə də həmin diplomla qəbul
edilə və fəaliyyət göstərə bilsin", -
deməklə uzaqgörənliklə dəqiq
açıqlamış və bununla da ölkəmizin ali təhsil sistemi qarşısında dayanan ən
zəruri vəzifəni
müəyyənləşdirmişdir.
***
Sevindirici haldır ki, müasir Azərbaycan
dövlətinin banisi, ölkəmizi dünyanın ən
inkişaf etmiş, sivil dövlətləri
səviyyəsinə çatdırmağı həyatının
əsas amalı, qayəsi sayan, özünün böyük
dühası, zəngin idarəçilik təcrübəsi,
dönməz iradəsi ilə bu məqsədin əldə
edilməsinə çalışan ümummilli liderimiz
Heydər Əliyevin ideyaları, təməlini qoyduğu nəhəng
quruculuq işləri böyük öndərin layiqli varisi,
yeni təfəkkürlü siyasətçi,
möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən
böyük qətiyyət və uğurla davam etdirilir.
Ölkə
başçısının genişmiqyaslı
islahatçı fəaliyyəti, müstəsna
təşkilatçılığı, uğurlu,
balanslaşdırılmış xarici və daxili siyasəti
nəticəsində son illər Azərbaycan iqtisadi inkişaf
tempinə görə dünyada lider ölkəyə
çevrilmişdir. Ölkəmizin beynəlxalq aləmdə
yeri və mövqeyi getdikcə daha da möhkəmlənir,
nüfuzu artır, iqtisadiyyatımız böyük
sürətlə inkişaf edir, xalqımızın rifah
halı durmadan yüksəlir. Son 6-7 il
ərzində Azərbaycanın büdcəsi bir neçə
dəfə artmış, iqtisadiyyatın əsas
göstəricisi olan ümumi daxili məhsulun artım
sürətinə görə ölkəmiz dünyada ən
yüksək mövqeyə qalxmışdır.
Son illər
iqtisadiyyatımızda baş verən
sıçrayış, yüksək templi inkişaf digər
sahələrin, o cümlədən təhsilimizin də
yüksələn xətt üzrə inkişafı
üçün mühüm təməl olmuşdur. Əlbəttə,
bu inkişafın əsasında dövlətimizin
təhsilə qayğısı durur. Təhsili
Azərbaycanın davamlı inkişafının əsas
amillərindən biri sayan Azərbaycan Respublikasının
Prezidenti, möhtərəm cənab İlham Əliyev prezident
seçildiyi gündən təhsili özünün daxili
siyasətində prioritet istiqamət kimi
götürmüş və onun inkişafına daim
qayğı göstərməkdədir. Cənab
Prezident çox haqlı olaraq qeyd edir ki, "yüksək
təhsil səviyyəsi olmasa, peşəkarlıq olmasa,
gənclər ən mütərəqqi texnologiyalara
yiyələnməsələr, həqiqətən inkişaf
etmiş dövlət qurmaq mümkün deyildir". Məhz buna görə də təhsilin, elmin
cəmiyyətdəki önəmli rolunun yüksək
qiymətləndirilməsi və onlara göstərilən
ardıcıl diqqət və qayğı sayəsində
Azərbaycan təhsili son illər özünün yeni
inkişaf dövrünə qədəm qoymuşdur. Bu dövrün əsas xüsusiyyəti ondan
ibarətdir ki, təhsilin ayrı-ayrı sahələri deyil,
o, bütövlükdə kompleks şəkildə inkişaf
etdirilir. Təkcə onu göstərmək kifayətdir
ki, son 7 il ərzində təhsil
tariximizdə ilk dəfə olaraq 16
inkişafyönümlü Dövlət Proqramı təsdiq
olunub və uğurla həyata keçirilməkdədir.
Təhsilin ayrı-ayrı sahələrinin inkişafı
üzrə real vəziyyətin təhlili əsasında
hazırlanıb təsdiq edilmiş bu proqramların
reallaşdırılması nəticəsində tədris
müəssisələrinin fəaliyyətinin
qiymətləndirilməsi, infrastrukturun müasir
tələblərə uyğun qurulması, təhsilin
məzmununun yeniləşdirilməsi, yeni dərslik
siyasətinin reallaşdırılması,
təhsilalanların nailiyyətlərinin
qiymətləndirilməsi üzrə yeni model və
mexanizmlərin tətbiqi, əmək bazarının
tələbatına uyğun kadr hazırlığı və
təminatının yaxşılaşdırılması,
təhsil müəssisələrinin informasiya-kommunikasiya
texnologiyaları ilə təmin edilməsi və təhsil
sisteminin informasiyalaşdırılması,
məktəbəqədər, texniki peşə, ali təhsil,
xaricdə təhsil, istedadlı uşaqların
inkişafı, xüsusi qayğıya ehtiyacı olan
uşaqların təhsilinin təşkili,
de-institutlaşdırma və digər istiqamətlərdə
əhəmiyyətli nailiyyətlər əldə olunub.
Ayrı-ayrı təhsil
pillələri və səviyyələrində də ciddi
inkişaf meyilləri özünü büruzə
verməkdədir. Məktəbəqədər təhsilin
uşaqların intellektual, fiziki və psixoloji
inkişafında, onların şəxsiyyətinin
formalaşmasında və məktəbə hazırlanmasında
xüsusi əhəmiyyətə malik olması tədricən
cəmiyyət tərəfindən qəbul edilməyə
başlanıb. Respublikamızda 20 il ərzində
heç bir məktəbəqədər təhsil
müəssisəsi tikilmədiyi halda, 2008-2010-cu
illərdə ilk dəfə olaraq ölkə üzrə 40
yeni uşaq bağçası tikilib istifadəyə verilib,
44 məktəbəqədər təhsil müəssisəsi
əsaslı təmir edilib, müasir avadanlıqlarla təchiz
olunub. Həyata keçirilən tədbirlər
nəticəsində Bakı şəhərində
bağçalara cəlb olunmuş uşaqların sayı 8,6 min nəfər artıb, təhsilin bu
pilləsi üzrə əhatə səviyyəsi 26 faizi
ötüb. Müstəqillik tariximizdə ilk
dəfə olaraq uşaq bağçaları
üçün müasir tələblər
səviyyəsində 151 adda təlim vəsaitləri
hazırlanıb müəssisələrə
çatdırılıb.
Azərbaycanda 2000-dən
çox yeni məktəb binasının tikilməsi,
əsaslı təmiri və müasir avadanlıqlarla, o
cümlədən kimya və fizika laboratoriyaları ilə təmin
edilməsi təhsil tariximizdə ən əlamətdar
hadisələrdəndir.
Yeni ümumtəhsil məktəblərinin tikintisi,
mövcud məktəblər üçün əlavə
korpusların inşası, onların əsaslı təmiri,
müasir avadanlıqlarla, laboratoriyalarla təminatı, istilik
sisteminin bərpası nəticəsində ümumilikdə
ölkə üzrə 1 milyondan çox şagirdin, yəni
bütün şagirdlərin 80 faizinin təlim şəraiti
yaxşılaşdırılıb. Məktəb tikintisi
sahəsində həyata keçirilən proqramlar
nəticəsində ikinövbəli məktəblər 73
faizdən 44-ə, ikinci növbədə təhsil alan
şagirdlər 34,5 faizdən 21-ə enib.
Dövlətimizin başçısı
ölkədə, cəmiyyət həyatının əsas
inkişaf yolunun ali təhsildən,
elmdən, yüksək ixtisaslı
mütəxəssislərin yetişdirilməsindən
asılı olduğunu və onların inkişafına
xüsusi önəm verilməsinin vacibliyini
çıxışlarının birində çox
sərrast olaraq belə ifadə etmişdir: "Neft, qaz
Tanrıdan verilən böyük nemətdir, biz bundan
uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər
tükənəcək və bilik, zəka, səviyyə
isə ölkəmizin dayanıqlı inkişafını uzun
illər bundan sonra təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin
təcrübəsinə baxsaq görərik ki, o
ölkənin inkişafında aparıcı rol oynayan neft, qaz
deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni
texnologiyalardır". Bununla da
dövlət başçısı neft gəlirlərinin
insan kapitalına çevrilməsinin aydın formulunu
vermişdir.
Neft gəlirlərinin insan
kapitalının inkişafına yönəldilməsi
baxımından "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində
həyata keçirilən tədbirlər xüsusilə
diqqəti cəlb edir. 2007-2010-cu illərdə 700-dən artıq istedadlı
azərbaycanlı gənc dünyanın müxtəlif
ölkələrinin nüfuzlu ali
məktəblərində təhsil almağa göndərilib.
Onlar Azərbaycan üçün zəruri olan
tibb, təbabət elmləri - genetika, mikrobiologiya,
mühəndislik, kompüter elmləri kimi ixtisaslar
üzrə təhsil alırlar.
Dünyanın aparıcı
universitetlərində müxtəlif mənbələr
hesabına 10000-dən çox azərbaycanlı gənc
təhsil alır. Azərbaycanın ali təhsil
müəssisələrində təhsil alan
əcnəbilərin sayı isə 7000-i ötüb.
Məktəblərin
infrastrukturunun yeniləşdirilməsi sahəsində
Heydər Əliyev Fondunun müstəsna xidmətlərini
xüsusilə qeyd etməliyik. Fondun
təşəbbüsü ilə 2005-2010-cu illərdə
300-dən çox yeni məktəb, uşaq
bağçası, uşaq evi, internat məktəbi binası
tikilib istifadəyə verilib, əsaslı təmir və
bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib. "Bugünkü gənclərin təhsilinə
ölkədə çox böyük imkanlar
açılır və bizim məqsədimiz
ölkəmizdə dünyada ən yüksək standartlara
cavab verən təhsili təmin etməkdir" - deyən
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban
xanım Əliyeva təhsilimizə qayğını Fondun
fəaliyyətinin ən prioritet istiqamətinə
çevirmişdir. Onun rəhbərliyi altında Fondun
həyata keçirdiyi "Yeniləşən Azərbaycana
yeni məktəb" layihəsi, "Uşaq evləri və
internat məktəblərinin inkişaf proqramı",
"Təhsilə dəstək" layihəsi təhsil
sahəsində mövcud problemlərin həllində,
ölkə miqyasında müasir standartlara cavab verən
təhsil komplekslərinin yaradılmasında, xüsusi
qayğıya ehtiyacı olan uşaqlara kömək
göstərilməsində, onların cəmiyyətə
layiqli vətəndaş kimi yetişmələrində,
beynəlxalq əməkdaşlıq çərçivəsində
humanizm prinsiplərinə uyğun ayrı-ayrı
ölkələrdə təhsilin inkişafına
dəstək verilməsində çox böyük rol
oynayır. Möhtərəm Prezidentimiz cənab İlham
Əliyev məhz bu baxımdan bu yaxınlarda keçirilən
Fondun 5 illik yubileyi mərasimindəki
çıxışında Heydər Əliyev Fondunun
cəmiyyətdəki rolunu yüksək
qiymətləndirərək demişdir: "Son beş il ərzində Heydər Əliyev Fondu,
sözün əsl mənasında, ümumxalq Fondu
olmuşdur. Bu Fondun xətti ilə aparılan
işlər, görülən tədbirlər, irəli
sürülmüş təşəbbüslər göz
qabağındadır. İstər təhsil, istər
səhiyyə sahəsində, mədəniyyət
sahəsində, mənəvi irsin qorunması işində,
Azərbaycanın dünya birliyində təbliğ edilməsi
işində, Azərbaycanın olduğu kimi təqdimatı
işində, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin geniş mənada dünya
birliyinə düzgün şəkildə
çatdırılması işində Heydər Əliyev
Fondunun rolunu çox yüksək qiymətləndirirəm. Bu Fond sübut etdi ki, əgər istək olarsa,
əgər iradə olarsa və əgər xoş niyyət
olarsa, istənilən sahədə istənilən
məsələ həll oluna bilər. Bu Fondun
çoxşaxəli fəaliyyətini əgər bir
sözlə xarakterizə etmək mümkündürsə,
mən: "Xoş niyyət" - deyərdim. Çünki
bütün sahələrdə biz bunu görürük".
Şübhəsiz, bir məqalə
çərçivəsində dahi şəxsiyyət
Heydər Əliyevin təhsillə bağlı proqram
müddəalarının mahiyyətini, bunlarda ifadə
olunmuş konseptual ideyaların məna tutumu baxımından
miqyasını açıqlamaq və təhlil edib müvafiq
nəticələr çıxarmaq, onun ölməz
ideyalarının və əməllərinin müasir
şəraitdə ölkəmizdə necə
vüsətlə həyata keçirildiyini açıb
göstərmək qeyri-mümkündür. Heydər
Əliyevin bizlərə və gələcək
nəsillərə ərməğan etdiyi zəngin irsi
qiymətli bir xəzinədir. İllər
ötəcək, nəsillər bir-birini əvəz
edəcək, lakin Azərbaycan xalqının iftixarı olan
Heydər Əliyevin işıqlı
təfəkküründən süzülüb gəlmiş
nadir fikir inciləri uğurlu gələcəyə gedən
yollarımızda əbədi məşəl kimi daim
şölələnəcəkdir.
Misir MƏRDANOV,
Azərbaycan
Respublikasının təhsil naziri
Azərbaycan
müəllimi.- 2010.- 10 dekabr.- S.2-3.