Tokio Texnologiya İnstitutu

 

Yerləşir:                                     Yaponiya, Tokio şəhəri   

Yaranma tarixi:                        1881-ci il

Tipi:                                            Dövlət 

İşçi heyətinin ümumi sayı:        1710 nəfər

Tələbələrin ümumi sayı:           9986  nəfər

İllik gəlirləri və xərcləri:          47983000000 yapon yeni

                                                    (90 yapon yeni təxminən 1 ABŞ  dollarına bərabərdir) 

Rəsmi saytı:                                www.titech.ac.jp.

 

Tokio Texnologiya İnstitutu (Tokyo Institute of Technology) dünyanın ən nüfuzlu elmi tədqiqat mərkəzlərindən biridir və Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşir. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə əsasən, Tokio Texnologiya İnstitutu Münhen Texniki Universiteti ilə birgə 100 ən yaxşı ali məktəb arasında 55-ci yerdə olub. 2010-cu ildə "Times Higher Education World University Rankings"in açıqlamasına əsasən Tokio Texnologiya İnstitutu dünyanın ən nüfuzlu universitetləri arasında 112-ci yerdə, "QS World University Rankings"in açıqlamasına əsasən isə 60-cı yerdədir.

Tokio Texnologiya İnstitutu Avropa və Asiyanın aparıcı universitetləri arasında tələbə və alim mübadiləsi həyata keçirən LAOTSE beynəlxalq şəbəkəsinin üzvüdür.

 

Tarixi

 

1881-ci il mayın 26-da, Meydzi hakimiyyəti bərpa edildikdən 14 il sonra Tokio şəhərində Tokio Texniki Peşə Məktəbi yaradılır. 1890-cı ildə məktəb Tokio Texnikumu, 1901-ci ildə isə Tokio Ali Texniki Məktəbi adlandırılır. Meydzi hökuməti dövlətin inkişaf səviyyəsi üzrə Qərbi ötüb keçmək üçün, ilk növbədə, ölkədə modernləşmiş mühəndis və sənətkar hazırlığına diqqət ayırır. İlk vaxtlar məktəb Tokio şəhərinin şərqində Kuramae ərazisində yerləşir. Lakin 1923-cü ildə baş vermiş Böyük Kanto zəlzələsi zamanı məktəbin binaları dağıntıya məruz qalır. 1929-cu ildə məktəb Tokionun cənubundakı Ookayama ərazisinə köçürülür və Milli Universitet statusu qazanır. 

II Dünya müharibəsindən sonra, 1949-cu ildə Yaponiyada yeni təhsil sistemi qəbul edilir. Ali məktəbin Tokio Milli Universiteti adı Tokio Texnologiya İnstitutu ilə əvəz olunur. Müharibədən sonrakı bərpa və yenidənqurma dövründə institut sürətlə inkişaf etməyə başlayır, yüksək səviyyədə ixtisaslaşmış mühəndis, alim, iş adamları yetişdirir. İnstitutun nəzdində yeni məktəblər, elmi-tədqiqat laboratoriyaları açılır. 1971-ci ildə institutun Səhiyyə Xidməti, 1975-ci ildə Fənlərarası Elm və Texnika Məktəbi, 1976-ci ildə Hesablama Mərkəzi, 1988-ci ildə Kusatsu-Şirane Vulkan Tədqiqatları Rəsədxanası və əcnəbi tələbələr üçün Təhsil Mərkəzi, 1990-cı ildə Biologiya Elmləri və Biotexnologiya Məktəbi, 1994-cü ildə İnformatika və Texnika Məktəbi, 1997-ci ildə Radioizotop Tədqiqat Mərkəzi, 1999-cu ildə Qabaqcıl Maliyyə Texnologiyaları Tədqiqatları Mərkəzi və digər müəssisələr yaradılır.

2004-cü ilin aprelindən Tokio Texnologiya İnstitutu müstəqil inzibati müəssisə kimi "Tokio Texnologiya İnstitutu Milli Universitet Korporasiyası" adı altında fəaliyyət göstərməyə başlayır. İnstitut 2011-ci il mayın 26-da yaranmasının 130 illiyini qeyd etməyə hazırlaşır. 

 

Büdcəsi və təhsil haqqı

 

2009-2010-cu tədris ilində Tokio Texnologiya İnstitutunun illik gəlir və xərcləri 47983000000 yen olub. Gəlirlərin 45%-ni əməliyyat qrantları, 30%-ni sponsorların yardımları, 13,1%-ni təhsil haqqı və s. yığımlar, qalanlarını isə digər vəsaitlər, xərclərin isə 34,2%-ni əməkdaşların əməkhaqqı və digər xidmətlər, 30,3%-ni yardımlar, 13,4%-ni təhsil və tədqiqat, qalanlarını isə başqa məsrəflər təşkil edib.

2010-2011-ci tədris ilində Tokio Texnologiya İnstitutunda təhsil haqqı oxuyanlarını bakalavriat, magistratura və ya doktorantura dərəcələrində oxumalarından asılı olmayaraq 535800 yendir. Buraya tədqiqat aparmaq üçün gələnlər ildə 356400 yen ödəyirlər.

  Tokio Texnologiya İnstitutu tələbələrə 50-dən çox təqaüd proqramı təklif edir. Təqaüd almaq üçün tələbə ərizə ilə instituta müraciət etməlidir. Əsas təqaüd Yaponiya hökumətinin təqdim etdiyi 7 kateqoriyadan ibarət MEXT təqaüd proqramıdır. Bu təqaüdə əsasən bakalavr pilləsində təhsil alanlar ayda 128000, magistratura pilləsində 157000, doktorantura pilləsində isə 158000 yen alırlar. 

 

Universitet bu gün

 

Tokio Texnologiya İnstitutu üç kampusdan ibarətdir. Bunlar Ookayama, Suzukakeday və Tamaçi tələbə şəhərcikləridir. Ookayama kampusu Mequro palatasında (Tokio şəhərində 23 inzibati ərazi)  Ookayama dəmiryolu stansiyasının yaxınlığında, Tamaçi kampusu Minato palatasının Şibaura rayonunda Tamaçi stansiyasının yaxınlığında, Suzukakeday kampusu isə Midori-Ku palatasının (Yokohama şəhərində 18 inzibati ərazidən biri) Naqatsuta-Ço ərazisində yerləşir.

Tokio Texnologiya İnstitutunun nəzdində 3 bakalavr məktəbi, 6 ali məktəb (magistr və doktorantlar, tədqiqatçılar üçün), 3 institut, 5 elmi-tədqiqat laboratoriyası, çoxlu sayda mərkəz fəaliyyət göstərir.

Bakalavr məktəbləri:

Elm Məktəbi Riyaziyyat, Fizika, Kimya, İnformasiya elmləri, Yer və Planet elmləri departamentlərindən, Mühəndislik Məktəbi Metallurgiya, Orqanik və polimer materiallar, Qeyri-orqanik materiallar, Kimya maşınqayırması, Tətbiqi kimya, Polimerlər kimyası, Maşınqayırma mühəndisliyi və elmi, Mexanika və intellektual sistemlər mühəndisliyi, Mexanika-aerokosmik texnikası, İdarəetmə və sistemlər texnikası, Sənaye və sistemlər texnikası, Elektriklik və elektron mühəndislik, Kompüter elmləri, Vətəndaş və ekologiya mühəndisliyi, Memarlıq və inşaat texnikası, Sosial mühəndislik, Beynəlxalq inkişaf mühəndisliyi departamentlərindən, Biologiya və Biotexnologiya Məktəbi Bioelmlər, Biotexnologiyalar departamentlərindən ibarətdir.

Ali məktəblər:

Elm və Texnika Məktəbi Riyaziyyat, Hissəciklər, nüvə fizikası və astrofizika, Sıxlaşdırılmış materiya fizikası, Kimya, Yer və Planet elmləri, Kimya və materialşünaslıq, Metallurgiya və keramika elmləri, Orqanik və polimer materiallar, Tətbiqi kimya, Kimya maşınqayırması, Mexanika elmləri və mühəndisliyi, Mexanika və idarəetmə texnikası, Mexanika-aerokosmik texnikası, Elektriklik və elektron mühəndislik, Fiziki  elektronika, Kommunikasiya və kompleks sistemlər, Vətəndaş mühəndisliyi, Memarlıq və inşaat texnikası, Beynəlxalq inkişaf mühəndisliyi, Nüvə texnikası departamentlərindən, Dəqiq Elmlər üzrə İnteraktiv Tədqiqatlar Mərkəzindən, Təsvir Elmləri və Mühəndislik laboratoriyasından, Biologiya Elmləri və Biotexnologiya Məktəbi Həyat elmləri, Biologiya elmləri, Bioloji informasiya, Biomühəndislik, Biomolekulyar mühəndislik departamentlərindən, Fənlərarası Elmlər və Mühəndislik Məktəbi İnnovativ və ixtisaslaşdırılmış materiallar, Elektron kimya, Material elmləri və texnika, Ekologiya elmləri və texnika, Ətraf mühit quruculuğu, Enerji elmləri, Ekologiya kimyası və mühəndisliyi, Elektronika və və tətbiqi fizika, Mikromexanika mühəndisliyi, Hesablama məlumatı və sistemlər elmi, İnformasiya işlənməsi departamentlərindən, İnformasiya Elmləri və Texnika Məktəbi Riyaziyyat və hesablama elmləri, Kompüter elmləri, Mexanika və iqlim informatikası departamentlərindən, Qərar Elmləri və Texnikası Məktəbi İnsan sistemləri, Dəyər və qərar elmləri, Sənaye mühəndisliyi və idarəetmə, Sosial mühəndislik departamentlərindən, İnnovasiya Menecmenti Məktəbi Texnologiyaların idarəolunması, İnnovasiyalar departamentlərindən ibarətdir.

Tokio Texnologiya İnstitutuna Kimya Resursları, Dəqiqlik və Məlumat, Mikrosistemlər Elmi-Tədqiqat, Material və Konstruksiyalar, Nüvə reaktorları tədqiqatı laboratoriyaları, Birləşdirilmiş Tədqiqat, Qlobal Edge, Məhsuldar Lider İnkubasiyası Platforması institutları, filial kimi fəaliyyət göstərən Tokio Texnologiya İnstitutu Elm və Texnika Ali Məktəbi, Sağlamlıq, Tədqiqat və Təhsil Texnologiyalarının İnkişafı, Qlobal İnformasiya Hesablama, Aşağı Temperatur Fizikası, Fotoqalvanika Elmi-Tədqiqat, Tədris Müəssisələri Elmi, Vulkan Maye Tədqiqatları, Beynəlxalq Tələbə, Kvant Nanoelektronika Tədqiqatları, Yeni Nanomateriallar Tədqiqatları, Xarici dil Tədrisi, Asiya-Afrika Biologiyası, Bioloji Resurslar və İnformatika, Super-Mexaniki Sistemlər, Qabaqcıl Maliyyə Texnologiyaları, Struktur Mühəndislik Tədqiqatları, Beynəlxalq Yüksək Molekulyar Tədqiqatlar, Seysmik Şəhər Tikintisi, Böyükmasştablı İnformasiya Resursları, Layihələşdirmə və İstehsal Əməkdaşlığı və s. mühüm elmi-tədqiqat mərkəzləri daxildir.

Tokio Texnologiya İnstitutunun kitabxana sistemi Yaponiyada ən zəngin elmi və texniki nəşrlərə malik olan kitabxanadır. 1977-ci ildə kitabxana Yaponiya Təhsil Nazirliyi (MEXT) tərəfindən texnologiya sahəsi üzrə Xarici Periodik Nəşrlər Milli Mərkəzi təyinatı alıb, həmin ildən etibarən mühüm beynəlxalq elmi konfrans və tədbirlər səviyyəsində minlərlə elmi iş və digər nəşrlər çap edir. 1998-ci ildə kitabxananın elektron xidməti yaradılıb. Bu xidmət institutun müxtəlif kampuslarında fəaliyyət göstərən beş kitabxananı birləşdirərək istifadəçilərin akademik resursları əldə etmələrini asanlaşdırır, onlara geniş imkanlar yaradır. Hazırda kitabxana sisteminə dəqiq elmlər və texnologiya sahəsinə aid 1 milyona yaxın kitab, 20 minə yaxın jurnal və s. daxildir. Qeyd olunan rəqəmlər mütəmadi olaraq artmaqdadır.   

Tokio Texnologiya İnstitutunun prezidenti 2007-ci ilin oktyabrından bu vəzifəyə təyin edilmiş texniki elmlər doktoru, professor Keniçi İqadır. K. İqa Tokio Texnologiya İnstitutunda bakalavr, magistr və doktorluq dərəcələri alıb, eləcə də həmin ali təhsil ocağında 30 il dərs deyib və elmi-tədqiqatlar aparıb. İnstitutun əməkdaşlarının ümumi sayı 1710 nəfərdir. Onların 1150 nəfərini akademik, qalan hissəsini isə inzibati heyət təşkil edir.

2009-2010-cu tədris ilində Tokio Texnologiya İnstitutunda ümumilikdə 9986 nəfər təhsilalan qeydə alınıb. Onların 4860 nəfərini bakalavr, 3484 nəfərini magistratura, 1524 nəfərini doktorantura səviyyələrində təhsil alan, 118 nəfərini isə instituta tədqiqat aparmaq üçün gələnlər təşkil edib. İnstitutda dünyanın 100-ə yaxın ölkəsindən 1149 nəfər əcnəbi tələbə təhsil alıb. Əcnəbi tələbələrin əksər hissəsi Çin, Koreya, Vyetnam, İndoneziyadan olan gənclərdir. Dünya üzrə institutun 90000-dən çox məzunu var.

Tokio Texnologiya İnstitutu yetərincə tələbə yerləşdirə biləcək rahat və yüksək şəraitlə təchiz edilmiş yataqxanalara malikdir. Bunlardan Şofu Qakuşa, Senzoku-ike Beynəlxalq, Şofu, Umeqaoka, Komaba Beynəlxalq yataqxanalarını, Tokio Beynəlxalq Mübadilə Mərkəzini qeyd etmək olar. Şofu Qakuşa yataqxanası oğlanlar üçün nəzərdə tutulub. Yataqxananın binaları Ookayama və Suzukakeday kampuslarında yerləşir. Senzoku-ike yataqxanası Ookayama kampusunun yaxınlığındadır, qızlar, eləcə də əcnəbi tələbə və tədqiqatçılar üçün nəzərdə tutulub. Əcnəbi tələbələr üçün Şofu yataqxanasında 46, Umeqaoka yataqxanasında 50,  Komaba yataqxanasında 70, Tokio Beynəlxalq Mübadilə Mərkəzində 22 bir nəfərlik otaq mövcuddur. İnstitutda əcnəbi tələbələrin sayı 1000-dən artıq olduğundan tələbə yalnız bir il yataqxanada qala bilər. Təkcə Komaba yataqxanasında və Tokio Beynəlxalq Mübadilə Mərkəzində iki il eyni otaqda qalmağa icazə verilir. Hər il yeni qəbul olunan tələbələr həmin otaqlarda yerləşdirilir, yuxarı kurs tələbələri isə onlara təklif olunan özəl mənzillərdə otaq tuturlar. Ookayama kampusu yaxınlığındakı özəl mənzillərdə otaqların aylıq qiyməti 60000-70000 yen, Suzukakeday kampusu yaxınlığında isə 50000-60000 yen təşkil edir. Ookayama kampusunda yerləşən Beynəlxalq Ev yalnız tədqiqatçılar üçün nəzərdə tutulub.

Tokio Texnologiya İnstitutunda 80 klub və gənclər təşkilatı, eləcə də mədəni və idman birlikləri ("Los Guaracheros" latın caz qrupu, "Şin-qi-tay" (ruh-texnika-fiziki güc) karate, velosport klubu, "Chor Kleines" qarışıq xor qrupu, xizəkçilər qrupu, "Çağırış və yaratmaq" adlı (təyyarə və elektromobil yaradıcıları dəstəsi və s.) mövcuddur. Bu təşkilatlar həftənin üçüncü gününü çıxmaqla ödənişli fəaliyyət göstərir. Təşkilatlar yeni üzvləri aprel ayında qəbul edir, köhnə üzvlər üçün isə hər zaman açıq olur. Gənclərin dərsdən sonrakı həyatının səmərəli keçməsi üçün institutda bir çox tədbirlər görülür.

Tokio Texnologiya İnstitutu yüksək intellektə malik gənc kadrlar hazırlayan elm və texnologiya mərkəzidir. Burada saysız-hesabsız elmi tədqiqatlar  həyata keçirilir, dünyanın müxtəlif aparıcı universitetləri ilə layihələr hazırlanır. İnstitutun daha sürətli inkişafını təmin etmək məqsədi ilə bu təhsil ocağında ümumi təhsili genişləndirmək, tələbələri ən yeni texnologiyalarla təchiz etmək, gənclərdə yüksək etik hisslər aşılamaq, problemləri tez aşkarlamaq və həll etmək bacarıqlarını, müstəqil yaradıcılıqla məşğul olmaq və tədqiqatlar aparmaq keyfiyyətlərini gücləndirmək və s. üzrə yeni-yeni proqramlar qəbul edilir. İnstitutun missiyası qlobal insan potensialının inkişafına yönəldilib.

Tokio Texnologiya İnstitutunun prezidenti Keniçi İqa 2010-2011-ci tədris ilinin açılışında çıxış edərkən rəhbərlik etdiyi elm ocağı haqqında deyib: "Tokoday (Tokio Texnologiya İnstitutu) Yaponiyanın ən böyük milli elm və texnologiya universitetidir. 2011-ci ildə biz 130 illik yubileyimizi qeyd edəcəyik. Bizim məqsədimiz hər zaman cəmiyyətin inkişafına fayda vermək, yeni dəyərlər yaratmaqdan ibarət olub. Biz azadlıq və sərbəstliyə hörmət edir, haqq-ədalətin tərəfində durur, dünyanın inamını qazanmağa çalışırıq. Dünya dəyişir və insan həyatının keyfiyyətini yüksəldən daha yeni texnologiyalara tələbat yaranır. Bu isə bizim, Tokio Texnologiya İnstitutunun dünyada yerini daha da möhkəmləndirir. İndi bizim zamanımızdır. Gəlin cəmiyyətimizin rifahı yolunda birgə səylə çalışaq və bəşəriyyətə fərqli və yüksək səviyyəli elmi nailiyyətlər bəxş edək!" 

 

Universitetin məşhur məzunları

 

  Naoto Kan                               Yaponiyanın Baş naziri  

  Toşio Doko                              Yaponiya Biznes Federasiyasının sabiq sədri  

  Satoru İvata                            "Nintendo" şirkətinin baş direktoru  

  Tosio İkeda                             "Fujitsu" şirkətinin sabiq icraçı direktoru  

  Hideki Sirakava                      kimya üzrə Nobel mükafatı laureatı  

  Keniçi Omae                            biznesmen və analitik, ilk noutbukun

                                                    prototipini yaradan şəxs  

  Takaaki Yoşimoto                   şair, filosof, ədəbiyyat tənqidçisi  

  Shiqeo Hirose                          robot texnologiyasının yaradıcılarından biri  

  Takeşi Takei                            ferrit maqnitlərini kəşf etmiş alim  

  Tosikadzu Sunadı                    məşhur riyaziyyatçı  

  Saburo Tanaka                       "Kinema Junpo" film jurnalının yaradıcısı  

 

                                                                        Hazırladı:

Lamiyə ƏLİYEVA

 

Azərbaycan müəllimi.- 2010.- 10 dekabr.- S.10.