Gənc ifaçıların

müsabiqəsi başa çatıb

 

Xəbər verdiyimiz kimi, 1-3 dekabr 2010-cu il tarixlərində Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində gənc ifaçıların müsabiqəsi keçirilib. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş müsabiqədə sözügedən Musiqi Kolleci ilə yanaşı, Sumqayıt Musiqi Kollecinin, Bakıdakı Əfrasiyab Bədəlbəyli adına 23 nömrəli Uşaq Musiqi Məktəbinin tələbə şagirdləri iştirak ediblər. Müsabiqənin ilk turu dekabrın 1-də, ikinci turu isə dekabrın 3-də baş tutub. İştirakçılar Üzeyir Hacıbəylinin dünya bəstəkarlarının klassik musiqi əsərlərini ifa ediblər. İfalar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Müsabiqənin proqramına daxil edilmiş musiqi nömrələrini daha yaxşı ifa edən 6 iştirakçı qalib hesab olunub. Qaliblərdən 2 nəfəri - Musiqi Kollecinin III kurs tələbəsi Abbas Abdullazadə (müəllimi D.Zəkiyeva) IV kurs tələbəsi Sərxan Xəlilov (müəllimi S.Babazadə) I dərəcəli, 2-si - Musiqi Kollecinin II kurs tələbəsi Aysel Rzayeva (müəllimi, əməkdar müəllim E.Paşayeva) Bakıdakı Əfrasiyab Bədəlbəyli adına 23 nömrəli Uşaq Musiqi Məktəbinin VIII sinif şagirdi Kamilla Heydərova (müəllimi R.Cəfərova) II dərəcəli, 2 nəfəri - Musiqi Kollecinin III kurs tələbəsi Fəriqə Məmmədova (müəllimi S.Əsgərova) I kurs tələbəsi Nuray Rzayeva (müəllimi S.Babazadə) isə III dərəcəli diploma layiq görülüblər.

Musiqi Kollecinin III kurs tələbəsi Tatyana Byakova (müəllimi G.Əhmədzadə) diplomla mükafatlandırılıb. Sumqayıt Musiqi Kollecinin IV kurs tələbəsi Aytən Tahirova (müəllimi N.Nəbiyeva) isə müsabiqədə iştirakına görə təşəkkürnamə alıb.

Müsabiqənin "Ü.Hacıbəylinin əsərinin ən yaxşı ifaçısı" nominasiyasında Musiqi Kollecinin III kurs tələbəsi Abbas Abdullazadə fərqlənib. O, "Cəngi"nin ifasına görə xüsusi mükafata layiq görülüb.  

 

Y.ƏLİYEV

Azərbaycan müəllimi.- 2010.- 10 dekabr.- S.12.