Tələbə elmi cəmiyyətinin

altıncı konfransı

 

Bakalavriat pilləsində təhsil alan gənclər sabahın magistrantı, doktorantı olacaqlar. Onlar elə bu illərdə tədqiqat aparmalı, hər hansı bir sahə üzrə mütəxəssis kimi hazırlanmalıdırlar.

Sumqayıt Dövlət Universitetində bu istiqamətdə görülən işlər Tələbə Elmi Cəmiyyətində (TEC-in sədri, dosent T.Hüseynovdur) əlaqələndirilir, istiqamət verilir. Ali məktəbdə artıq altı ildir ki, TEC-in elmi konfransı keçirilir.

Builki elmi konfrans dekabrın 2-də universitetin akt zalında açılmışdır.

Tədbiri giriş sözü ilə SDU-nun rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Nadir Qəhrəmanov açaraq ənənəyə çevrilmiş elmi məclisin tələbə gənclərin yaradıcılıq potensialının aşkara çıxarılması, dünyagörüşlərinin genişləndirilməsi, ümumiləşdirmə bacarıqlarının, nitq mədəniyyətinin inkişafı baxımından əhəmiyyətli rolunu qeyd etmişdir.

Konfrans riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya ekologiya, yeni informasiya texnologiyaları, elektroenergetika, ümumi tarix, Azərbaycan tarixi, sosiologiya, filologiya iqtisadiyyat bölmələri üzrə öz işini sonrakı günlərdə davam etdirmişdir.

Qonaqların ali məktəb müəllimlərinin iştirak etdikləri bölmələrdə bu il 518 tələbə çıxış etmişdir. Halbuki 2005-ci ildə keçirilmiş elmi yığıncaqda cəmi 239 nəfər olmuşdu. Bu il 7 fakültə üzrə iştirakçılar sırasında tarix fakültəsinin tələbələri çoxluq təşkil edirdilər.

Dekabrın 6-da yekun iclası keçirilmiş, bölmə rəhbərlərinin hesabatları dinlənilmiş, ən fəal tələbə-məruzəçilər ali məktəbin Fəxri fərmanlarına layiq görülmüşlər.

Konfransı yekunlaşdıran elmi işlər üzrə prorektor, professor Yadigar Hüseynov qeyd etmişdir ki, bölmələrdə ən maraqlı mövzularda çıxış edənlər tələbələrin Ümumrespublika konfransında iştirak etmək hüququ qazandılar, konfrans materialları universitetin saytında yerləşdiriləcəkdir.

 

Ş.ELNUR

Azərbaycan müəllimi.- 2010.- 10 dekabr.- S.12.