Sənət adamları
məktəblilərin qonağı
oldular
Dekabrın 4-də Bakıdakı 151 nömrəli orta ümumtəhsil məktəbində xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllibova, Rəfael Dadaşov, Azərbaycan Dövlət Dram Teatrının ədəbi hissəsinin müdiri, teatrşünas Atababa Hacıbabayev və teatrın direktor müavini Azər Mirzəyevlə görüş keçirildi.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Kifayət Tanrıverdiyeva açaraq
şagirdlərin sənət
adamları ilə görüşünü əlamətdar
hadisə kimi qiymətləndirdi. Qonaqlara pedaqoji kollektiv adından minnətdarlığını
bildirərək qeyd etdi ki, məktəbdə
belə görüşlərin gələcəkdə tez-tez keçirilməsi nəzərdə
tutulub.
Tədbirin aparıcıları sənət
adamları barədə
iştirakçılara geniş
məlumat verdilər. Sonra
onların həyat və yaradıcılığı
haqqında film nümayiş olundu.
Şagirdlər sənət adamlarının
ifa etdikləri rollardan səhnəciklər
göstərdilər. Aktyorlar
həyat və yaradıcılıqları barədə
suallara cavab verdilər.
Məktəbin 10-cu sinif şagirdi Fatimə Şirəliyevanın
ifasında bir-birindən
maraqlı mahnılar tədbir iştirakçıları
tərəfindən rəğbətlə
qarşılandı.
Şagirdlərdən Fərhad və Növrəstənin təqdimatında
Hüseyn Cavidin "Qız məktəbi" şeirindən bir parça səsləndirildi.
Tədbirin sonunda şagirdlər sənət adamları ilə birlikdə xatirə şəkli çəkdirdilər.
Rəşad ZİYADOV
Azərbaycan
müəllimi.- 2010.- 10 dekabr.- S.12.