Məktəblilərin fənn

olimpiadalarının rayon (şəhər)

mərhələsinin I turu keçirildi

 

Dekabrın 5-də ölkənin bütün şəhər və rayonlarında məktəblilərin ənənəvi fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin birinci turu keçirildi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən aldığımız məlumata görə, paytaxtda keçirilən bilik yarışında 310 məktəbdən 7400 şagird iştirak edib. Ümumilikdə 13 məntəqədə təşkil olunan olimpiadada VII-XI sinif şagirdləri 9 fənn - Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, riyaziyyat, informatika, coğrafiya və xarici dil üzrə biliklərini sınayıblar. Qeyd edək ki, ilk turun nəticələrinin yoxlanılması yaxın günlərdə başa çatacaq.

Bu turun qalibləri gələn il yanvarın 9-da keçiriləcək ikinci turda iştirak edəcəklər.

 

***

 

Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə uyğun olaraq məktəblilərin fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin I turu dekabrın 5-də Qusar rayonunda da yüksək səviyyədə keçirilib. Qusar RTŞ-dan aldığımız məlumatda bildirilir ki, şəhərin 6 nömrəli orta məktəbində təşkil olunan fənn olimpiadalarında rayonun 431 nəfər VII-XI sinif şagirdi iştirak edib. Azərbaycan dili və ədəbiyyatdan 80, riyaziyyatdan 97, Azərbaycan tarixindən 41, rus dili və ədəbiyyatdan 34, fizikadan 37, kimyadan 25, biologiyadan 39, coğrafiya 37, xarici dil 33 və informatikadan 8 nəfər şagird biliyini nümayiş etdirib. Şagirdlərin cavabları komissiya tərəfindən dərhal yoxlanılaraq  fənn olimpiadasının I turunun qalibləri müəyyən olunub.

Olimpiadada şəhər 1, 2, 3 və 6 nömrəli tam orta, Həzrə, Balaqusar, Yasab, Piral kənd məktəblərinin şagirdləri xüsusi fərqləniblər.              

 

***

 

Respublikamızın bütün ümumtəhsil məktəblərində olduğu kimi, Lənkəranda da fənn olimpiadalarının rayon (şəhər) turu keçirilib. Lənkəran ŞTŞ-dan verilən məlumatda bildirilir ki, olimpiadanın yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. Həmin gün Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, xarici dil, coğrafiya fənləri üzrə şəhər 1 nömrəli, fizika, riyaziyyat, kimya, biologiya və informatika fənləri üzrə isə şəhər 4 nömrəli məktəblərdə keçirilmiş bilik yarışlarında VII-XI sinif şagirdləri öz intellektual səviyyələrini nümayiş etdiriblər.

Fənn olimpiadalarında rayonun ümumtəhsil məktəblərinin 1064 şagirdi iştirak edib.

Artıq II turda iştirak edəcək şagirdlərin adları məlum olmuşdur.

 

Rəşad ZİYADOV,

Ədalət DAŞDƏMİRLİ

Azərbaycan müəllimi.- 2010.- 10 dekabr.- S.8.