Almaniyada keçirilən Azərbaycan

Elm və Mədəniyyət Həftəsi başa çatıb

 

Tədbirlərdə təhsil naziri Misir Mərdanovun rəhbərlik

etdiyi nümayəndə heyəti də iştirak edib.

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti 2010-cu ilin 29 noyabr n 5 dekabr tarixlərində Almaniyanın Berlin şəhərində keçirilən Azərbaycan Elm və Mədəniyyət Həftəsi və bu tədbir çərçivəsində Humbolt Universitetində Azərbaycan tarixi kafedrasının açılış mərasimində iştirak etmək üçün Almaniyada səfərdə olub.

Təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə nazirliyin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova daxil idilər.

Tədbirin ilk günü Humbolt Universitetində Azərbaycan tarixi kafedrasının açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Humbolt Universitetinin prezidenti Jan-Hendrik Olbertz, Almaniyanın Federal təhsil naziri xanım Annete Şavan, Azərbaycan tarixi kafedrasının müdiri seçilmiş xanım Eva-Mariya Aux və Azərbaycanın Almaniyadakı səfiri cənab Pərviz Şahbazov çıxış ediblər. Çıxışlarda yeni açılmış kafedranın Azərbaycan ilə Almaniya arasında hərtərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyəti və bu istiqamətdə yeni imkanlar açdığı vurğulanıb. Mərasimə həmçinin Humbolt Universitetinin tələbə və elmi işçiləri, eləcə də ölkəmizlə əməkdaşlıqda maraqlı olan müxtəlif səviyyəli qonaqlar da qatılıblar.

Səfər zamanı kafedranın kitabxana resurslarının və maddi-texniki bazasının formalaşmasına yardım göstərmək məqsədilə Təhsil Nazirliyinin adından Azərbaycanın tarixi, mədəniyyəti, sosial-iqtisadi həyatı və incəsənətinə dair müxtəlif dillərdə 65 adda kitab, həmçinin xəritə və materiallar, eləcə də əlavə vəsaitlər kafedraya təqdim edilib, təhsil naziri Misir Mərdanov kafedranın iş şəraiti ilə yaxından tanış olub.

Noyabrın 30-da Humbolt Universitetində "Azərbaycan tarixi beynəlxalq araşdırmalarda: müasir vəziyyət və perspektivlər" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Humbolt Universitetinin Tarix İnstitutunun professoru Yorq Baberovskinin moderatorluğu ilə gerçəkləşən konfransda Almaniya, Azərbaycan və bir sıra başqa ölkə alimləri iştirak ediblər.

Konfransda Humbolt Universitetinin Tarix İnstitutunun direktoru, professor Tomas Mergel, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Cəmil Həsənli, Mərkəzi Asiya İnstitutunun direktoru, Stokholm Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun həmtəsisçisi Svante Kornell, Con Hopkins Universitetinin "İpək yolu" tədqiqat proqramının rəhbəri, professor Frederik Star, professor Tamara Draqadze (London), Türkiyənin Giresun Universitetinin prorektoru, professor Aygün Əttah, Rumıniyanın Azərbaycandakı keçmiş səfiri, Babes Boyyai Universitetinin professoru Tasin Cəmil, Humbolt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri Eva-Mariya Aux, Berlin Etnologiya Muzeyinin əməkdaşı İnqrid Şindelberq, Frayburq Universitetinin (Almaniya) professoru Yorq Ştadelbauer və Marburq Universitetinin (Almaniya) professoru Udo Ştaybaxın məruzələri dinlənilib.

Məruzələrdən sonra keçirilən müzakirələrdə AMEA-nın müxbir üzvü, AMEA Tarix İnstitutunun Tarixi coğrafiya şöbəsinin müdiri, Azərbaycan Aviasiya Akademiyasının humanitar elmlər kafedrasının müdiri Fəridə Məmmədova, BDU-nun professoru Cəmil Həsənli, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov, Bonn Universitetinin professoru Əhəd Rəhmanzadə, Berlin Azad Universitetinin doktorantı Rail Səfiyev, Mayns Universitetinin doktorantı Vüqar Aslanov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin şöbə müdiri Rizvan Nəbiyev və bir sıra digər iştirakçılar fikirlərini bildirib, müvafiq təkliflərini irəli sürüblər.

Dekabrın 1-də "Azərbaycan və Almaniya Ali Məktəbləri Günü" Gənclər forumu keçirilib.

Moderatoru Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauzer olan forumda təhsil naziri Misir Mərdanov, gənclər və idman naziri Azad Rəhimov, Bundestaqın üzvü Andreas Şokkenhof, Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov və ölkəmizin Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev, hər iki ölkəni təmsil edən alimlər, eləcə də Almaniya ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Forum iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov 200 ildən artıq tarixə malik və Avropanın ən nüfuzlu ali təhsil ocaqlarından olan Humbolt Universitetində Azərbaycan tarixi kafedrasının açılmasını ölkələrimiz arasındakı əməkdaşlıq münasibətlərində yadda qalacaq hadisə kimi dəyərləndirib. Nazir bildirib ki, bu kafedranın açılması ölkələrimiz arasında təhsilin gələcək inkişafı baxımından mühüm rol oynayacaq və təbii ki, alman ziyalıları arasında Azərbaycan, onun tarixi, siyasi və sosial-ictimai həyatı haqqında daha geniş məlumatların yaranmasına öz töhfəsini verəcəkdir.

Azərbaycanla Almaniya Federativ Respublikası (AFR) arasında təhsil sahəsində əlaqələrin hələ 1918-ci ildə, Azərbaycan Demokratik Respublikası zamanı yarandığını söyləyən Misir Mərdanov həmin dövrdə Avropanın müxtəlif ölkələrinə təhsil almaq üçün göndərilən tələbələrdən 63 nəfərin Almaniya ali təhsil müəssisələrini seçdiyini nəzərə çatdırıb. Nazir qarşılıqlı təhsil əlaqələrinin inkişafında Alman Akademik Mübadilə Xidməti Təşkilatının (DAAD) rolunu xüsusi olaraq qeyd edib, 1997-ci ilin fevral ayında Bakıda DAAD-ın nümayəndəliyinin təsis olunduğunu, 2003-cü ildə DAAD-ın sabiq prezidenti cənab Teodor Barxemin dəvəti ilə Təhsil Nazirliyinin nümayəndə heyətinin Almaniyaya səfərindən sonra ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın prioritet istiqamətlərini müəyyən etmək imkanının yarandığını vurğulayıb. Almaniyanı ali təhsil və elmi-tədqiqatlar sahəsində Azərbaycanın sıx əlaqələrə malik olduğu əsas ölkələrdən biri kimi səciyyələndirən təhsil naziri DAAD-ın hər il Azərbaycana ayırdığı 70-ə yaxın təqaüd proqramında tədqiqat səfərləri, yay kursları, illik təqaüdlər və qrup səyahətlərinin üstünlük təşkil etdiyini, 1998-ci ildən bu günə qədər 800-dən artıq azərbaycanlının DAAD-ın təqaüdlərindən bəhrələndiyini bildirib.

Təşkilatın vasitəçiliyi ilə ölkələrimizin bir sıra ali təhsil ocaqlarının səmərəli əməkdaşlığından bəhs edən nazir Azərbaycan Dövlət Neft Akademiyası ilə Zigen Universiteti, Azərbaycan Dillər Universiteti ilə Boxum Universiteti, Azərbaycan Texniki Universiteti ilə Köln Ali Məktəbi, Bakı Dövlət Universiteti ilə Hamburq Universiteti arasında olan əlaqələri buna misal kimi göstərib.

Təhsil naziri Almaniya ilə universitetlərarası əməkdaşlığın yalnız bunlarla məhdudlaşmadığını, Azərbaycanın ayrı-ayrı dövlət və özəl ali məktəblərinin Almaniyanın Azad Berlin Universiteti, Bonn Universiteti, Berlin Texniki Universiteti, Fridrix Aleksandr adına Erlangen Nürnberq Universiteti, Münhen Texniki Universiteti kimi çoxsaylı ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqələr yaratdığını bildirib.

Ali məktəblərimizin, həmçinin Avropa Birliyinin TEMPUS proqramı çərçivəsində 1995-ci ildən xarici ölkələrin bir sıra ali təhsil ocaqları ilə sıx əməkdaşlıq etdiyini vurğulayan nazir Azərbaycanın partnyor ali təhsil müəssisələri sırasında Almaniyanın Leypsiq, Zigen, Oldenburq, Hohenheim və Köln Tətbiqi Elmlər universitetlərinin adlarını çəkib.

Misir Mərdanov Azərbaycanın müasir qloballaşma prosesində fəal şəkildə iştirakından, ölkəmizin sürətli iqtisadi inkişafı şəraitində yüksək ixtisaslı kadr hazırlığına duyulan ehtiyacdan söz açaraq bildirib ki, məhz bu faktoru əsas tutaraq 2006-cı ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidentinin müvafiq qərarına əsasən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" qəbul olunub. Ölkəmizin mühüm təbii sərvəti olan neftdən əldə olunan gəlirin insan kapitalının inkişafına yönəldilməsi və xaricdə təhsil alan tələbələrin Azərbaycanın qüdrətlənməsi baxımından güclü amilə çevrilmələrini təmin etmək məqsədlərinə toxunan təhsil naziri Dövlət Proqramı çərçivəsində bu günə qədər 700-dən artıq tələbənin xarici ölkələrin müxtəlif nüfuzlu ali təhsil müəssisələrində təhsil aldığını, bu rəqəmin 2015-ci ilə qədər 5000-ə çatdırılmasının nəzərdə tutulduğunu söyləyib.

Dövlət Proqramı üzrə kadr hazırlığı nəzərdə tutulan ali təhsil müəssisələri arasında Almaniya universitetlərinin sayına görə ikinci yerdə qərarlaşdığını önə çəkən Misir Mərdanov Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq siyahıda AFR-in 72 ali təhsil müəssisəsinin yer alması, 2007-ci ildən etibarən 114 nəfər azərbaycanlı gəncin təhsilin müxtəlif səviyyələri üzrə Almaniyanın ali məktəblərinə göndərilməsi və artıq onlardan 13 nəfərin məzun olması haqda məlumat verib. Nazir deyib ki, Azərbaycan gəncləri Almaniyada əsasən iqtisadiyyat və idarəetmə, eləcə də tibbin müxtəlif sahələri üzrə təhsil almaqda maraqlı olsalar da, kənd təsərrüfatı, tikinti, təbabət elmləri və mədəniyyət kimi ixtisasları da seçirlər. Almaniyaya təhsil almaq üçün göndərilmiş tələbələrin yarısının ali təhsilin magistratura pilləsində olduğunu söyləyən təhsil naziri say baxımından sonrakı yerləri isə bakalavr, ordinatura-rezidentura və doktorantura pillələrində təhsil alan tələbələrin bölüşdüyünü vurğulayıb.

Azərbaycan üçün AFR ali təhsil müəssisələrində kadr hazırlığı nəzərdə tutulan prioritet istiqamətlər arasında əsasən tibb, mühəndislik, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, mədəniyyət və incəsənət, eləcə də musiqi ixtisaslarını qeyd edən təhsil naziri bununla bağlı ölkəmizin Almaniya ilə konkret əməkdaşlıq proqramları və layihələr həyata keçirmək niyyətində olduğunu nəzərə çatdırıb, DAAD-ın bu istiqamətdə göstərdiyi səyləri yüksək qiymətləndirib.

Son illərdə azərbaycanlı tələbələr arasında Almaniya ali təhsil ocaqlarının cəlbediciliyinin daha da artmasının müşahidə edildiyini söyləyən Misir Mərdanov, eyni zamanda Almaniya vətəndaşlarının Azərbaycanın müxtəlif ali məktəblərində təhsil almaq məqsədi ilə ölkəmizə gəlməsini müsbət hal kimi səciyyələndirib.

Təhsil sahəsində əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və birgə tədbirlərin əhəmiyyətini xüsusi olaraq diqqətə çatdıran nazir bu baxımdan mühüm işlər görən DAAD, Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyi və digər müvafiq qurumlar tərəfindən səmərəli iş aparıldığını bildirib.

Sonra çıxış edən Bundestaqın üzvü Andreas Şokkenhof Almaniya ilə Azərbaycan arasında genişlənən elm və təhsil əlaqələrinin iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf dinamikasına müsbət təsir göstərəcəyinə əmin olduğunu nəzərə çatdırıb.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Almaniyanın ən nüfuzlu ali məktəbində Azərbaycan tarixi kafedrasının açılması münasibətilə forum iştirakçılarını təbrik edib və bu elmi mərkəzin işinin səmərəli olacağına inandığını bildiri

DAAD-ın Bakı ofisinin direktoru Andrey Hötze Azərbaycanda olarkən qarşılaşdığı səmimi qonaqpərvərlikdən söz açaraq rəhbərlik etdiyi qurumun ölkəmizdə həyata keçirdiyi layihələr barədə məlumat verib. Bu il təqribən 50 təqaüd ayırmaq niyyətində olduqlarına diqqət çəkən Andrey Hötze hazırda Almaniya ali məktəblərində aparılan islahatlara baxmayaraq, təqaüdlərin sayının azalmaması üçün səylə çalışdıqlarını vurğulayıb.

Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev rəhbərlik etdiyi ali məktəblə Maynts Universiteti arasında həyata keçirilən müştərək layihələrdən danışıb. O, birgə tədbirlərin əhəmiyyətinə toxunaraq 10 il müddətində hər iki ildən bir "Mədəniyyətlərin dialoqu" layihəsi çərçivəsində simpoziumlar keçiriləcəyini qeyd edib. Kamal Abdullayev bildirib ki, həmin simpoziumların məqsədi qədim türk dastanı "Kitabi-Dədə Qorqud"u Almaniyada və "Niberlunqlar haqqında nəğmə" eposunu isə Azərbaycanda məşhurlaşdırmaqdır.

Humbolt Universitetində Azərbaycan tarixi kafedrasının açılmasını böyük uğur kimi dəyərləndirən Azərbaycanın Ştutqartdakı fəxri konsulu Otto Hauzer bunu bütövlükdə azərbaycanşünaslığın xaricdə populyarlaşdırılmasına ayrılan diqqətin təzahürü kimi səciyyələndirib.

Köln Universitetinin professoru Rza Təlabi-Dəryani çıxışında müxtəlif universitetlər arasında tələbə mübadiləsini stimullaşdıran TEMPUS proqramı barədə danışıb, Azərbaycanın bu cür mübadilə sxemlərinə əsaslanan əməkdaşlıqdan bəhrələnə biləcəyini vurğulayıb.

DAAD-ın Şərq proqramları şöbəsinin müdiri Peter Hiller təmsil etdiyi proqram barədə məlumat verib, Azərbaycanda DAAD-ın fəaliyyətinə yaradılan şəraitə və qarşılıqlı əməkdaşlığa verilən önəmə görə təşəkkürünü bildirib. O, Azərbaycan dövlətini təhsil üçün yetərincə vəsait ayırmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

Humbolt Universitetinin professoru İnqerborq Baldauf "VW-Stiftung" Folksvagen Fondunun Qafqazdan və Orta Asiyadan olan tələbələrin təhsilinə sponsorluq sahəsində işi barədə danışıb. Bu fondun digər nümayəndəsi Matiyas Nollenburq fondun fəaliyyətinin təqdimatını davam etdirib və bu təşkilatın DAAD-dan fərqli cəhətlərini göstərib.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlham Mədətov azərbaycanlı tələbələrin xaricdə təhsil almasının Azərbaycanda vətəndaş cəmiyyətinin və demokratiyanın möhkəmlənməsi istiqamətindəki rolundan söhbət açıb.

Daha sonra Bakıdakı Texniki Yardım Cəmiyyətinin nümayəndəsi Kristian Şnayder, "Youth for Understanding" təşkilatının nümayəndəsi Andre Haberset, "Avropa-Azərbaycan" təşkilatını təmsil edən Şahin Neməti-Nasab gənclərin öz gələcəyini necə qurmalı olduğu barədə fikirlərini bölüşüb, Almaniya ali məktəblərinin azərbaycanlı məzunlarının təhsillərini başa vurduqdan sonra Vətənə qayıdıb bacarıqlı mütəxəssis kimi orada işləməsi barədə məlumat veriblər.

Sonra Almaniya ali məktəblərində təhsil alan azərbaycanlı tələbə və doktorantlar tərəfindən layihələr təqdim olunub.

Foruma toplaşanlar məruzələrdə toxunulmuş mövzular ətrafında yaranmış canlı diskussiyalarda fəal iştirak ediblər.

Həmin gün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən forum iştirakçılarına axşam ziyafəti verilib.

Dekabrın 2-də Humbolt Universitetində "Azərbaycan-müxtəlif mədəniyyətlərin qovuşma nöqtəsi" mövzusunda elmi konfrans keçirilib. Elmi konfransın işində AFR, Azərbaycan və bir sıra digər ölkələrdən olan alimlər iştirak edib. Konfrans çərçivəsində İçərişəhərə və Qafqaz Albaniyasının mədəni irsinə həsr edilmiş eyniadlı fotosərginin açılışı olub.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova elmi konfransın iştirakçılarına uğurlar arzulayıb, Humbolt Universitetində Azərbaycan tarixi kafedrasının açılmasının böyük əhəmiyyət kəsb etməsini vurğulayıb. O, bu kafedranın Avropada Azərbaycanın zəngin tarixini öyrənmək üçün geniş imkanlar açdığını nəzərə çatdırıb.

Üç seksiyada davam edən konfransda AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, AMEA Tarix İnstitutunun Tarixi coğrafiya şöbəsinin müdiri Fəridə Məmmədova, Roma Sapienza Universitetinin professoru Marko Bais, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri Qoşqar Qoşqarlı, AMEA Tarix İnstitutunun elmi işçisi Ülviyyə Hacıyeva, Vyana Universitetinin İncəsənət Tarixi İnstitutunun əməkdaşı Anneqred Plontke-Lyuninq, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov, Berlin Azad Universitetinin professoru, doktor Mixael Raynhard Hess, türkiyəli professor Fatih Usluer, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin dosenti Səbinə Hacıyeva, Bakı Slavyan Universitetinin professoru Rəhilə Qeybullayeva, tarix elmləri namizədi Zaur Həsənov məruzələrlə çıxış ediblər.

Həftə çərçivəsində Azərbaycan və Almaniya ilə yanaşı ABŞ, Böyük Britaniya, İsveç, Rumıniya, Türkiyə və digər ölkələrdən gəlmiş çoxsaylı alimlərin elmi araşdırma və təhlillərinin təqdimatı keçirilib, gələcək birgə layihələr ətrafında səmərəli müzakirələr aparılıb.

Tədbirlərdə Almaniyada təhsil alan azərbaycanlı tələbələr və AFR-də yaşayıb elm, təhsil, mədəniyyət sahəsində çalışan Azərbaycan diasporunun nümayəndələri xüsusi fəallıq nümayiş etdiriblər. Bütövlükdə keçirilən tədbirlər, xüsusilə də Almaniyanın ən nüfuzlu ali məktəblərindən biri olan Berlin Humbolt Universitetində Azərbaycan tarixi kafedrasının açılması ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsinə layiqli töhfələr verəcəkdir.

Azərbaycan müəlliflərinin rəsm və foto əsərlərinin sərgisi, həmçinin Bakıdan dəvət olunmuş incəsənət ustalarının çıxışları iştirakçılar arasında ölkəmizin zəngin mədəniyyəti və musiqisi haqqında xoş təəssüratlar yaradıb. Almaniyada böyük maraqla qarşılanan həftə çərçivəsində təşkil olmuş tədbirlər elm və təhsil sahəsində əlaqələrin daha da dərinləşdirilməsi, ölkəmizin Avropada yaxından tanınması, zəngin mədəniyyət və incəsənət nümunələrimizin təbliği, avropalılarda tariximizə marağın artırılması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycan Elm və Mədəniyyət Həftəsinə "Şərq və Qərb daha ayrılmazdır" adlı Azərbaycan mədəniyyəti gecəsi ilə yekun vurulub. Gecədə xalq mahnıları, muğamlar, habelə "Berlin Classic" Kamera Orkestrinin (dirijorlar Yalçın Adıgözəlov və Uilrix Rixlem) ifasında Azərbaycan klassiklərinin - Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun və Qara Qarayevin əsərləri səsləndirilib.

 

  Azərbaycan müəllimi.- 2010.- 10 dekabr.- S.6.