Heydər Əliyevin təhsil strategiyası:
Sumqayıt
Dövlət Universitetinin dünəni və bu günü
XXI əsr elm, təhsil və qlobal düşüncə, Azərbaycan təhsilinin dünyaya inteqrasiyası dövrü kimi səciyyələnir, zaman və məkan müstəvisi baxımından yeni təfəkkürün formalaşması, sivilizasiyanın yeni mərhələsi kimi tarixə yazılır, əbədiləşir. Bu zaman kəsiyinin ən böyük əlamətdar tarixi hadisəsi yüz ildən bir, bəlkə də min ildən bir adını tarixin şanlı səhifələrinə yazmağı bacaran nadir şəxsiyyətlərdən biri Heydər Əliyevin adı ilə bağlı olub, onun müdrikliyi, uzaqgörən siyasəti ilə ölçülür. Dərin zəkası, zəngin biliyi, maraq dairəsinin genişliyi, qətiyyəti, ciddiliyi, daxili və xarici siyasətdəki uğurları, Azərbaycanın müstəqilliyi və bütövlüyünü qorumaq məharəti, elm, mədəniyyət, incəsənət və təhsilə göstərdiyi diqqət, qayğı Heydər Əliyevi ictimai xadim, müdrik bir şəxsiyyət kimi ürəklərdə yaşadır, dövlətçiliyimiz, həyatımız onun işıqlı ömründən nur alır.
XX əsrlə XXI əsrin qovuşuğunun fenomeni olan Heydər Əliyevin milli təhsil quruculuğu strategiyası Prezident İlham Əliyev tərəfindən ölkənin sosial-iqtisadi inkişafı strategiyasına, tərəqqi və inkişafına, müstəqillik və dövlətçilik ənənələrinin möhkəmlənməsinə, milli mənəvi və bəşəri dəyərlərin qorunmasına, təhsildə köklü islahatlar aparılmasına zəmin yaratdı.
Ulu öndər Heydər Əliyevin təhsilə verdiyi böyük qiymət Azərbaycanda demokratiyanın yaranması, formalaşması və çiçəklənməsi dövrünün inkişafında ən mühüm hadisəyə çevrildi. Elm və təhsilə böyük önəm verilməsi, bir-birinin ardınca yeni proqram və layihələrin, təhsil islahatlarının həyata keçirilməsi ölkənin elmi, mədəni və sosial-iqtisadi həyatında dönüş yaratdı. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin dediyi kimi, "Bugünkü Azərbaycan Heydər Əliyevin şah əsəridir".
"Təhsil və informasiya əsri" elan edilən
XXI yüzillikdə insan kapitalının ahəngdar
inkişafında, ölkənin iqtisadiyyatının
möhkəmləndirilməsində, ictimai-siyasi həyatda
qlobal dəyişikliklərin aparılmasında, bazar
iqtisadiyyatına keçid mərhələsində
təhsilə böyük önəm verilməsi,
infrastrukturun yeniləşdirilməsi, yeni texnologiyalardan,
innovasiyalardan istifadə edilməsinə şəraitin yaradılması
indiki qədər geniş vüsət almamış,
beynəlxalq arenada dəstəklənməmişdir.
Ulu öndər həmişə qloballaşan cəmiyyət yaratmaqla bağlı qeyd edirdi ki, buna yalnız elm, təhsil və yeni təfəkkürlə nail olmaq mümkündür. Bu gün dahi Heydər Əliyevin zəngin maarifçilik ideyalarını Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva əzmlə, uğurla həyata keçirirlər. Dövlət başçısı İlham Əliyevin böyük uzaqgörənliklə söylədiyi "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir", - konseptual müddəasının əsası da məhz həmin maarifçilik ideyalarından bəhrələnir. Bu konseptual müddəanın həlli respublikamızın digər təhsil və elm ocaqları ilə yanaşı Sumqayıt Dövlət Universitetində də uğurla həyata keçirilir.
1962-ci ildən Azərbaycan Neft və Kimya İnstitutunun tədris məntəqəsi kimi fəaliyyətə başlamış bu tədris ocağı 1992-ci ildən müstəqil Azərbaycan Sənaye İnstitutuna çevrilmişdir. Bu təhsil müəssisəsinin yaradılmasında əsas məqsəd Sumqayıtın iqtisadiyyatı və sənayesinin inkişafına kömək edən texniki sahələr üzrə kadrların hazırlanmasına, ekoloji cəhətdən təhlükəli olan şəhərin sağlam bir bölgəyə çevrilməsinə, elm, təhsil və mədəniyyəti dünyada tanıtmağa istiqamətlənmişdir. 1993-cü ildən etibarən Sumqayıt şəhərinin bütün sahələrində böyük inkişaf və tərəqqinin geniş vüsət alması nəinki sənaye müəssisələri üçün, hətta digər sahələrdə də mütəxəssis hazırlığının aparılmasını vacib məsələ kimi qarşıya qoymuşdu. Belə bir dövrdə Sumqayıt şəhər əhalisinin problemləri də getdikcə artır, ayrı-ayrı sahələr üzrə kadrlara böyük ehtiyac duyulurdu. Bu problemləri aradan qaldırmaq üçün 13 iyun 2000-ci il tarixdə Prezident Heydər Əliyevin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universitetinin yaradılması tarixi bir hadisəyə çevrildi, şəhərin sosial-iqtisadi və mədəni həyatını yaxşılaşdırmaq üçün kadr hazırlığına başlandı. Az bir müddət ərzində universitetin elm, təhsil və maddi-texniki təchizi sahəsində dönüşün yaradılması Heydər Əliyevin dəstəyindən, milli təhsilimizə göstərdiyi qayğıdan sonra yüksək sürətlə inkişaf etməyə başladı, uğurlu nəticələr əldə edildi. Danılmaz faktdır ki, universitetin bugünkü inkişafı əvvəlki illərdən xeyli fərqlənir, həm maddi-texniki bazanın yeniləşdirilməsi, həm də kadr potensialı baxımından inkişafı diqqəti cəlb edir. O cümlədən tələbələrin, magistrant və doktorantların təhsilinin müasir tələblərə uyğun davam etdirilməsinə hər cür imkan yaradılmışdır. İdarəetmə sistemində dönüş yaradılması təhsilin, elmin inkişafına, demokratik prinsiplərin əməli işə tətbiqinə zəmin yaratdı.
Ali təhsil sistemində islahatların aparılması,
təlim praktikasında innovasiyaların tətbiqi ali məktəblərdə təhsil və elmi
işlərin yüksək səviyyədə
aparılmasına, elmi potensialın gücündən
səmərəli istifadə olunmasına müsbət
təsir göstərdi. Ölkə Prezidenti İlham
Əliyevin 4 may 2009-cu il tarixli Sərəncamı ilə
təsdiq etdiyi "Azərbaycan Respublikasında 2009-2015-ci
illərdə elmin inkişafı üzrə Milli
Strategiyanın həyata keçirilməsi ilə bağlı
Dövlət Proqramı"nda da elmi işlər
qarşısında ciddi tələblərin qoyulması Sumqayıt Dövlət
Universitetində də əsas fəaliyyət sahəsinə
çevrildi, Azərbaycan elminin, təhsilinin dünya
məkanına inteqrasiyası daha da sürətləndi.
SDU-nun böyük elmi-pedaqoji potensialı var.
Universitetdə AMEA-nın 6 nəfər həqiqi və
müxbir üzvü, 49 nəfər elmlər doktoru, professor,
160 nəfər elmlər namizədi, dosent, 180 nəfər baş müəllim və assistent
çalışır.
Universitetdə
7 fakültə, əcnəbi tələbələrin hazırlıq
mərkəzi, 45 kafedra və 5 elmi-tədqiqat laboratoriyası
fəaliyyət göstərir. Bu
fakültələrdə 4000-dən artıq, o
cümlədən 100 əcnəbi tələbə bakalavr
pilləsində və 50 ixtisas üzrə 270 nəfər
magistratura mərhələsində təhsilini davam etdirir. 25 doktorant və 60 dissertant elmin müxtəlif
sahələri üzrə elmi-tədqiqat işləri
yerinə yetirirlər.
Sumqayıt Dövlət
Universitetində 9 elmi istiqamət üzrə 46 mövzunu
əhatə edən elmi-tədqiqat işləri yerinə
yetirilir.
Son on ildə universitet əməkdaşlarından 11
nəfər elmlər doktoru, 56 nəfər elmlər
namizədi alimlik dərəcəsinə, 7 nəfər
professor, 62 nəfər dosent elmi adlarına layiq
görülmüşlər.
Bu dövr ərzində universitet
əməkdaşları tərəfindən 48 monoqrafiya, 106
dərslik və dərs vəsaiti, 400 metodik iş və
fənn proqramı, 1940 elmi məqalə (o cümlədən
450-si xarici jurnallarda), 1100 tezis (o cümlədən 200 tezis
beynəlxalq konfranslarda) çap olunmuşdur. 80 patent
alınmışdır, bunlardan 2-si "AvroAsiya"
patentidir. Bu müddətdə universitetdə 12
beynəlxalq, 35 respublika və 50 universitetdaxili elmi konfrans
keçirilmişdir. 2 bölmə -
"Təbiət və texniki" və
"Humanitar-sosial" elmlər bölmələri
üzrə SDU-nun "Elmi xəbərləri" nəşr
edilir.
Magistrantların respublika elmi konfransı hər il SDU-da keçirilir. Tələbə
elmi cəmiyyəti xətti ilə təşkil olunan
tələbələrin konfransları da maraqla
qarşılanır. Universitet tələbələri ali məktəblərarası fənn
olimpiadalarında da fəal iştirak edirlər.
SDU-nun beynəlxalq
əlaqələri getdikcə artır. TEMPUS
layihəsi çərçivəsində universitet
üç uğurlu layihənin iştirakçısı
olmuş və qalib seçilmişdir. Universitet eyni
zamanda 2002-2004-cü illərdə Almaniyanın Köln
Tətbiqi Elmlər Universiteti, Hollandiyanın Heerlen Tətbiqi
Elmlər Universiteti, Azərbaycanın Texniki Universiteti,
Azərbaycan Dövlət Neft Akademiyası və Mingəçevir
Politexnik İnstitutu ilə birlikdə "Müasir
mühəndis hazırlığı" layihəsinin
iştirakçısı olmuşdur. Avropa standartlarına
uyğun "avtomatlaşdırma və informatika
texnikası", "elektroenergetika" ixtisasları
üzrə bakalavr və "ətraf mühitin
mühafizəsi"
ixtisası üzrə magistr
hazırlığını uğurla başa
çatdırıb və bu proses indi də davam etdirilir. Bu günə kimi həmin ixtisaslar üzrə 75
bakalavr və magistr hazırlanmışdır.
2006-2009-cu illərdə Sumqayıt Dövlət
Universiteti Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti,
Polşanın Varşava Texniki Universiteti və Azərbaycan
Dövlət Neft Akademiyası ilə birgə neft və kimya
sənayesində "enerji menecmenti" ixtisası
üzrə magistr hazırlığını həyata
keçirib və indi də davam etdirir.
Bu iki layihə
çərçivəsində Avropadan alınmış
müasir cihaz və avadanlıqlarla təchiz olunmuş Avropa
standartlarına uyğun 5 müasir tədris laboratoriyası
yaradılmışdır. Universitetin 10
əməkdaşı müxtəlif müddətlərdə
həmin xarici ölkə universitetlərində
keçirilən seminarlarda iştirak etmiş və
əldə etdikləri təcrübəni
tələbələrə öyrətmişdir.
2010-2012-ci illərdə universitet yeni bir TEMPUS
layihəsinin-Rusiyanın Qubkin adına Rusiya Dövlət Neft
və Qaz Universiteti, Tümen Dövlət Neft və Qaz
Universiteti, Ufa Dövlət Neft Texnologiya Universiteti, Uxta
Dövlət Texniki Universiteti, Ukraynanın Poltava Texniki
Universiteti, İvanovo-Frankovsk Milli Texniki Universiteti, Belarusun
Belarus Milli Texniki Universiteti, Polotsk Dövlət Universiteti,
Böyük Britaniyanın Varvik Universiteti, Polşanın
Krakov Universiteti, İsveçin Kral Texnologiya Universiteti və
Azərbaycan Dövlət Neft Akademiyası ilə birlikdə
iştirakçısı və qalibi olmuşdur. Bu layihə çərçivəsində
Universitetlərarası innovasiya şəbəkəsinin
yaradılması prosesinə başlanmışdır.
Hazırda kanalizasiya
çöküntülərinin piroliz texnologiyasına
görə Almaniyanın BASF şirkəti ilə birlikdə
NATO-nun təhlükəsizlik layihəsinin birinci
mərhələsi udulmuş və bu layihə Sumqayıt
şəhərinin kanalizasiya sistemində yaranan
çöküntülərin
zərərsizləşdirilməsi və onlardan alternativ
enerji növlərinin alınmasına yönəldilmişdir.
Bütün bu
məsələlər Sumqayıt Dövlət
Universitetində görülən işlərin
müəyyən bir hissəsini təşkil edir. Nailiyyətlərimiz,
əldə edilmiş elmi nəticələr,
şübhəsiz, universitetin rektoru, professor
N.F.Qəhrəmanovun bacarıqlı rəhbər kimi,
elmə, təhsilə göstərdiyi qayğı və
diqqəti ilə, ulu öndərə məhəbbəti
və dövlətçiliyə sədaqəti ilə
bağlıdır. Universitetə yüksək
səviyyəli professor-müəllim kadrlarının
işə cəlb olunması, gənclərin
yetişməsinə lazımi şəraitin
yaradılması, yeni düşüncəyə,
əxlaqi-mənəvi dəyərlərə
yiyələnmiş yüksək ixtisaslı kadrlar
hazırlığı rektorluğun diqqət
mərkəzindədir. Ölkə Prezidenti İlham
Əliyevin Azərbaycan təhsilinin inkişafında
xidmətlərinə görə universitetin rektoru, professor
Nadir Qəhrəmanovun "Şöhrət" ordeni ilə
təltif olunması barədə sərəncamı kollektivin
əməyinə verilən yüksək qiymətin bariz
nümunəsidir. Bu təltifə görə
kollektivimiz möhtərəm Prezidentimiz İlham
Əliyevə minnətdarlıq edir. Universitetin
50 illik yubileyinə hazırlaşdığımız bir
zamanda bu sərəncamın verilməsi məsuliyyətimizi
daha da artırır, elmi-pedaqoji fəaliyyətimizdə
böyük uğurlar əldə etməyə zəmin
yaradır.
Yadigar HÜSEYNOV
Azərbaycan
müəllimi.- 2010.- 17 dekabr.- S.3.