Səfir tələbələrin yapon dilini

öyrənmələrindən razı qalıb

 

BDU-nun rektoru, akademik Abel Məhərrəmov Yaponiyanın ölkəmizdəki səfiri Şusuki Vatanabeni qəbul edib. BDU haqqında səfirə məlumat verən rektor əsasən Yaponiya universitetləri ilə əməkdaşlıqdan bəhs edib. Bildirilib ki, bu ölkənin ali təhsil ocaqları, xüsusən Qumma Universiteti ilə BDU-nun sıx əməkdaşlığı var. 2000-ci ildən Şərqşünaslıq fakültəsində yapon dili ədəbiyyatı ixtisasının açıldığını bildirən rektor, hazırda bu dil üzrə 37 bakalavr 2 magistrantın təhsil aldığını, ümumilikdə isə indiyədək 61 bakalavr 9 magistrin hazırlandığını qeyd edib. Akademik Abel Məhərrəmov tələbələrə dərsləri fakültənin yetirmələri olan məzunların keçdiyini, BDU-da yapon dili üzrə yeni elmi məktəbin formalaşdığını səfirin diqqətinə çatdırıb. Səfirlə görüşün münasibətlərə yeni impuls olacağını vurğulayan rektor universitetlərarası əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Rektor Abel Məhərrəmovun fikirləri ilə həmrəy olan səfir Şusuki Vatanabeni Yaponiyada azərbaycanlı tələbələrin sayının artırılmasında, universitetlərarası əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu söyləyib.

Sonda səfir Şərqşünaslıq fakültəsinin yapon dili üzrə təhsil alan bir qrup tələbəsi ilə söhbət edib, onların dili mənimsəmə səviyyəsindən hazırlıqlarından məmnun qalıb.

 

Pərvanə İBRAHİMOVA

Azərbaycan müəllimi.- 2010.- 17 dekabr.- S.2.