Mədəniyyət və
incəsənət ixtisasları
ilə bağlı təkliflər
müzakirə olunub
Dekabrın 15-də Təhsil
Nazirliyində mədəniyyət
və incəsənət
ixtisasları üzrə
mütəxəssis hazırlayan
ali məktəb
rəhbərlərinin iştirakı
ilə iclas keçirilib.
Müvafiq ali məktəblərin xüsusiyyətləri
nəzərə alınaraq
tədrisin təşkilinin
yaxşılaşdırılması ilə bağlı təkliflərin müzakirəsinə
həsr olunmuş iclasda təhsil naziri Misir Mərdanov,
Azərbaycan Rəssamlıq
Akademiyasının rektoru
Ömər Eldarov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli,
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
rektoru Timuçin Əfəndiyev, Azərbaycan
Memarlıq və İnşaat Universitetinin prorektoru Fərhad Cəfərov, Azərbaycan
Milli Konservatoriyasının
prorektoru Akif Quliyev iştirak ediblər.
Tədbiri giriş
sözü ilə açan təhsil naziri Misir Mərdanov
mədəniyyət və
incəsənət ixtisasları
üzrə mütəxəssis
hazırlayan ali
məktəblərdən verilmiş
bir sıra təkliflərə Təhsil
Nazirliyində baxıldığını
bildirib. Təhsil naziri müzakirəyə
çıxarılan təklifləri
nəzərə çatdırıb.
Bununla bağlı ali məktəb
rəhbərləri ilə
birgə müzakirələrin
əhəmiyyətli olacağına
əminliyini ifadə edən nazir müəyyən məsələlərlə
bağlı fikir və mülahizələrini
söyləyib.
Sonra kulturologiya ixtisasının ixtisas təsnifatına daxil edilməsi, qabiliyyət tələb edən ixtisaslar üzrə bakalavr təhsili almış məzunlara ali məktəbdə pedaqoji fəaliyyət hüququ verəcək müvafiq peşəyönümlü
kursun açılması,
qabiliyyət tələb
edən ixtisaslara qəbul zamanı elanlarda ixtisaslaşmaların
adlarının da qeyd olunması, ehtiyac olan ali
məktəblərə əlavə
tyutor ştatlarının
verilməsi, təhsil
üzrə dövlət
standartlarında ixtisaslaşma
peşə hazırlığı
və ixtisaslaşmalar
üzrə seçmə
fənlərə ayrılmış
saatların miqdarının
artırılması, ixtisasların
özünəməxsusluğu nəzərə alınaraq
ixtisas imtahanlarının
müxtəlif formalarda
təşkili və digər təkliflər ətraflı müzakirə
edilib.
Sonda Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsində
olan bir sıra məsələlərin
müsbət həlli,
digərləri ilə
bağlı isə aidiyyəti qurumlar qarşısında məsələ
qaldırılması qərara
alınıb.
Y.ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 17 dekabr.- S.3.