Azərbaycan Müəllimlər
İnstitutunun beynəlxalq əlaqələri
Əsası 1929-cu ildə
qoyulmuş Azərbaycan Müəllimlər İnstitutu 2000-ci
ilə qədər pedaqoji kadrların ixtisasının
artırılması və təkmilləşdirilməsi
üzrə fəaliyyət göstərmişdir. 2000-ci
ildə həmin institutun bazasında ümummilli liderimiz
Heydər Əliyevin fərmanı ilə 12 regional filiala malik
olan Azərbaycan Müəllimlər
İnstitutu yaradılmışdır (Naxçıvan
filialı sonralar müstəqil instituta çevrilmişdir). AMİ-də əlavə təhsillə
məşğul olmaqla yanaşı, bir sıra pedaqoji
ixtisaslar üzrə tələbə qəbulu həyata
keçirilmiş, həmin ixtisaslara uyğun olan kafedralar
yaradılmışdır.Burada bakalavr, magistratura və
doktorantura pillələri əsasında pedaqoji kadrların
yüksək hazırlığı prosesi
formalaşmışdır.
2005-ci ilin mart ayında professor Aqiyə Naxçıvanlının instituta rektor təyin olunması AMİ-nin bütün həyatında böyük islahatların və müsbət yeniliklərin həyata keçirilməsinə səbəb olmuşdur.
İnstitutda professor A.Naxçıvanlının şəxsi təşəbbüsü ilə ümummilli liderimiz Heydər Əliyev haqqında zəngin material toplanılmış və "Heydər Əliyev Mərkəzi" yaradılmışdır. Dahi rəhbərimizin bütün həyat və fəaliyyətini öz eksponatlarında əks etdirən bu mərkəz tələbə və müəllimlərin örnək məktəbinə çevrilmişdir. İlin bütün aylarında respublikamızın müxtəlif rayon, şəhər təhsil şöbələrindən ixtisasartırma təhsilinə gələn pedaqoji kadrlar da bu mərkəzdə olur və ümummilli lider haqqında tarixi məlumatlar əldə edə bilirlər. Yaradılmış beynəlxalq əlaqələr nəticəsində institutun qonağı olan bir çox xarici ölkələrin nümayəndələri də bu mərkəzi ziyarət edir və ürək sözlərini rəy kitabında qeyd edirlər.
Burada təhsil prosesinin bütün sahələrində
müasir tələblərə cavab verə bilən
maddi-texniki baza yaradılmış, ayrı-ayrı fənn
kabinetləri, əlavə təhsil üzrə kabinetlər
müasir tipli
texniki vasitələrlə təchiz olunmuşdur. İnstitutun
yataqxanası əsaslı təmir olunaraq bütün kommunal
şəraiti olan otel tipli yataqxanaya çevrilmişdir.
Əksər sinif otaqları
İKT avadanlıqları ilə təchiz olunmuşdur.
İnstitutda ibtidai təhsilin pedaqogikası və
metodikası, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat,
informatika, fizika, xarici dillər, tarix, fəlsəfə,
coğrafiya, psixologiya, pedaqogika, idarəetmə, ekologiya,
təhsilin əsasları və s. fənlər tədris
olunur. Bu fənlərin tədrisi prosesində İKT
avadanlıqlarından geniş istifadə edilir.
Ümumiyyətlə, Azərbaycan Müəllimlər İnstitutunda təhsilin məzmununa, onun keyfiyyətinin artırılmasına son 5 ildə xüsusi diqqət yetirilmişdir. Müvafiq təhsil qanunvericiliyinə uyğun olaraq tədris plan və proqramları müntəzəm şəkildə dəyişdirilmiş, onlara təhsildə baş verən yeniliklər və yeni təlim texnologiyaları, Boloniya prosesi, kurikulum, fəal və interaktiv təlim üsulları, klinik müşahidə və s. daxil edilmişdir. 2010-2011-ci tədris ilində əlavə təhsilə aid 63 kateqoriya üzrə yeni tədris-tematik plan hazırlanaraq çap edilmişdir. Yeni hazırlanmış tədris-tematik planlar AMİ-nin 11 filialına da göndərilmişdir. Həmin tədris-tematik planlar pedaqoji sahəyə aid bütün kateqoriyaların və rəhbər kadrların ixtisasartırma təhsilini əhatə etsə də, təhsildə dinamik şəkildə baş verən yeniliklərlə bağlı onlarda ardıcıl olaraq yeniləşmə aparılır. Əlavə təhsil sahəsində dinləyicilərin arzu və istəkləri sorğu anketləri vasitəsilə öyrənilir. Onların istəklərindən irəli gələn tələbatı ödəmək üçün tədris-tematik planda 6 arzu saatı ehtiyatı nəzərdə tutulur.
AMİ-də bütün kateqoriyalar üzrə ixtisasartırma təhsilinin planlaşdırılmasına xüsusi diqqət yetirilir. Belə ki, hər il aprel ayında cari tədris ilində ixtisasartırmanın vəziyyəti fakültə dekanlığının və əlavə təhsillə məşğul olan kabinetlərin əməkdaşları ilə birlikdə geniş təhlil olunur. Həmin vaxt çətinliklər, nöqsanlar, problemlər araşdırılır, imkanlar, tələblər müəyyənləşdirilir və növbəti tədris ili üçün bütün kateqoriyaların ixtisasartırma təhsilini təşkil etmək məqsədilə xüsusi qrafik tərtib olunur. Hazırlanan qrafik çoxaldılaraq müqavilələrlə birlikdə ali, orta ixtisas, peşə təhsili müəssisələrinə, rayon (şəhər) təhsil şöbələrinə göndərilir. Hər il təkcə AMİ-də 4500 nəfərə yaxın təhsil işçisinin ixtisasartırmaya cəlb olunması proqnozlaşdırılır.
Azərbaycan Müəllimlər İnstitutunda əlavə təhsilin təşkili ilə İxtisasartırma və yenidənhazırlanma fakültəsinin dekanlığı, Əlavə təhsilə xidmət, Təhsildə innovasiyalar kabinetləri, Proqnozlaşdırma və araşdırmalar mərkəzi məşğul olur.
Məlum olduğu kimi, ixtisasartırma təhsilinin əsas məqsədi müəllimlərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsindən, təhsildə baş verən yeniliklərin öyrədilməsindən ibarətdir. Bu baxımdan, ixtisasartırma təhsilində mühazirə aparan professor-müəllim heyətinin tərkibinə də xüsusi diqqət yetirilir.
AMİ-də hər il pedaqoji sahədə
çalışan müxtəlif kateqoriyalar üzrə 4500
nəfər mütəxəssis ixtisasartırma və
yenidənhazırlanma təhsilinə cəlb olunur. Onların əlavə təhsili prosesini daha
yaxşı təşkil etmək üçün
ölkəmizin tanınmış akademikləri,
professorları və yüksək hazırlıqlı
mütəxəssisləri dəvət edilir.
Bütün yuxarıda qeyd
olunan məsələlərlə yanaşı, əlavə
təhsilin müasirləşdirilməsi və
yeniləşdirilməsi məqsədilə daim
axtarışlar aparılır. İnstitut
rəhbərliyi dövlətin təhsil sahəsində
apardığı siyasəti bəyənir və
müdafiə edir. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 6 sentyabr 2010-cu il tarixli qərarı ilə
"Əlavə təhsilin məzmunu, təşkili və
əlavə təhsilin hər hansı istiqaməti
üzrə təhsil almış şəxslərə
müvafiq sənədin verilməsi qaydası"
müəyyənləşdirildi. Həmin qərara uyğun
olaraq Təhsil Nazirliyinin 4 oktyabr 2010-cu il tarixli, 1297
nömrəli əmri ilə hökumətin qərarı elan
edilmişdir. Qərarın tələblərinə uyğun
olaraq Azərbaycan Müəllimlər İnstitutunda geniş
müzakirələr keçirilmiş və konkret
tədbirlər müəyyənləşdirilmişdir.
Azərbaycan Müəllimlər İnstitutunun rektorluğu beynəlxalq təhsil sisteminə inteqrasiya olunmaq üçün dünyanın bir çox təhsil müəssisələri ilə əməkdaşlığın səmərəli təşkilinə xüsusi diqqət yetirir. Dünyanın ayrı-ayrı təhsil müəssisələri ilə təcrübə mübadiləsi aparılır. Son dövrlərdə Fransa, Türkiyə, Rusiya və başqa dövlətlərin təhsil müəssisələri ilə işgüzar əlaqələr yaradılmışdır.
Fransa ilə əlaqələr
Azərbaycan Müəllimlər İnstitutu ilə Fransanın Versal Akademiyasının Universitet tipli Müəllimlər İnstitutu arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır. Fransanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə Sürix Müəllim İnstitutunun professoru xanım Matin Çanq Jorjun iştirakı ilə Azərbaycan Müəllimlər İnstitutunda fransız dilini tədris edən müəllimlərin təkmilləşdirilməsi üçün "Fransız dilinin kommunikativ metodla tədrisində yaradıcılıq" mövzusunda staj-kurs keçirilmişdir. Daha sonra isə "Xarici dillərin öyrənilməsində İnternetdən istifadə", "Fransız dilinin tədrisində televiziyadan necə istifadə etmək", "Fransız dilinin ibtidai məktəbdə tədrisi", "Xarici dillərin avtonom öyrənilməsi üçün kompüter proqramlarından istifadə" və digər mövzularda seminarlar təşkil olunmuşdur.
2010-cu ilin əvvəllərindən AMİ ilə
Fransanın ali təhsil
müəssisələri arasında elmi
əməkdaşlığın inkişaf etdirilməsi
istiqamətində yeni mərhələ
başlanmışdır. 2010-cu il aprel ayının 4-dən
11-dək Fransa Respublikası Versal Akademiyası İUFM
nəzdində universitet tipli Müəllimlər
İnstitutunun dəvəti ilə AMİ-nin bir qrup
əməkdaşı Fransa təhsil sisteminin strukturu, iş
prinsipi, bakalavr pilləsində təhsilin məzmunu,
təşkili, idarə olunması və
qiymətləndirmə sistemi, xüsusilə də bu
ölkənin universitetlərində pedaqoji kadrların
diplomdansonrakı əlavə təhsilinin təşkili
məsələsi üzrə iş təcrübəsi
ilə tanış olmaq üçün bu ölkədə
səfərdə olmuşdur.
2010-cu ilin iyun ayında Azərbaycan Müəllimlər
İnstitutunun dəvəti ilə Fransanın Serje-Pontuaz
Universiteti (UCP) Versal Akdemiyasının Universitet tipli
Müəllimlər İnstitutunun direktoru Jan-Pier
Şövalye və Beynəlxalq Əlaqələr
üzrə direktoru Lilian Lö Pözan institutun qonağı
olmuşlar. Səfərin sonunda hər iki təhsil
müəssisəsi arasında birgə
əməkdaşlıq haqqında müqavilə
imzalanmışdır.
Hər an inkişafa doğru sürətlə irəliləyən AMİ ilə Fransa universiteti arasında yeni bir görüş təşkil olundu. Fransa Respublikası Serje-Pontuaz Universiteti Versal Akademiyasının Universitet tipli Müəllimlər İnstitutunun (Universite de Cergy-Pontoise IUFM de lTacademie de Versailles) nümayəndə heyəti noyabrın 21-28-də Azərbaycan Müəllimlər İnstitutunun qonağı olub.
Səfərin əsas məqsədi iki ali təhsil
ocağı arasında qurulmuş əməkdaşlıq
əlaqələrinin möhkəmləndirilməsi,
inkişafı, Azərbaycan ali təhsil sisteminin strukturu,
fəaliyyət istiqamətləri, pedaqoji kadrların
fasiləsiz təhsili, əsasən də ixtisasartırma
sahəsində araşdırma aparmaq, təcrübə və
innovasiyalarla tanış olmaqdır. AMİ-nin
maraqları isə Fransa təcrübəsindən
bəhrələnərək institutda tədrisin
səviyyəsini daha da təkmilləşdirməkdən
ibarətdir.
Bu günlərdə Versal Akademiyasının nəzdində Universitet tipli Müəllimlər İnstitutunun əməkdaşları institutumuzda işgüzar səfərdə olmuşlar. Qonaqların səfərinin məqsədi əlavə təhsildə yeniliklərin qarşılıqlı öyrənilməsi və tətbiq edilməsi ilə bağlı idi.
Səfər qonaqların
öncə Fəxri xiyabanda xalqımızın ümummilli
lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim
Zərifə Əliyevanın məzarlarını və daha
sonra Şəhidlər xiyabanını ziyarəti ilə
başlanmışdır.
Qonaqlar AMİ-nin müəllim və tələbələri ilə görüşmüş və hər iki tərəfi maraqlandıran mövzularda fikir mübadiləsi aparmışlar. Görüşdə Fransa universitetləri ilə AMİ arasında geniş əlaqələrin inkişafının zəruriliyi qeyd olunmuşdur. Proqramda qonaqların ixtisasartırma təhsilinin müəllim və dinləyiciləri, metodkabinetlərinin əməkdaşları və ixtisasartırma təhsilinə cəlb olunmuş müdavimlərlə görüş də nəzərdə tutulmuşdur. Fransalı qonaqlar ixtisasartırma və yenidənhazırlanma təhsilində dərslərdə iştirak etmişlər. Daha sonra onların AMİ-nin Gəncə və Qazax filiallarına səfəri təşkil olunmuşdur.
Gəncə səfərində qonaqlar Nizami Gəncəvinin məqbərəsini və Cavad xanın qəbrini ziyarət etmişlər. Qonaqlar hər iki filialda "dəyirmi masa" arxasında müəllim və tələbə heyəti ilə görüşmüş, fikir mübadiləsi etmiş və diskussiyalar aparmışlar.
Almaniya ilə əlaqələr
Almaniyanın ali təhsil ocaqları ilə hələ 1997-ci ildən əlaqələr saxlanılır. Alman dili müəllimlərinin təkmilləşdirilməsi məqsədilə "Almaniya dönüşdən sonra", "Alman dilinin tədrisi metodikası", "Orta ümumtəhsil məktəblərində alman dilinin tədrisi", "Orta ümumtəhsil məktəblərində kommunikativ alman dili dərsi" və digər mövzularda metodik seminarlar təşkil olunmuşdur. 2002-ci ildə isə Azərbaycan Müəllimlər İnstitutunun rayonlarda fəaliyyət göstərən alman dili müəllimləri üçün Tiflis şəhərində yerləşən Höte İnstitutu və Almaniya Federativ Respublikasının səfirliyi tərəfindən elmi-metodik seminar keçirilmişdir. Hazırda DVV-international Almaniya Xalq Universitetləri Birliyinin Beynəlxalq Əməkdaşlıq İnstitutu ilə birgə layihələr işlənilir.
ABŞ ilə əlaqələr
2008-ci ildə Amerika səfirliyinin xətti ilə AMİ-nin ingilis dili müəllimləri üçün "İngilis dilinin öyrənilməsi" mövzusunda treninq təşkil olunmuşdur. İnstitut həmçinin Beynəlxalq Təhsil üzrə Amerika Şurası (ACCELS) və ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət üzrə Bürosunun təqdim etdiyi ali məktəblərdə çalışan müəllimlərin təhsil və təcrübəsinin artırılmasına yönəlmiş JFDP (Junior Faculty Development Programm) proqramına qoşulub. Hazırda Nebraska Lincoln Universiteti ilə imzalanmış əməkdaşlıq memorandumuna əsasən birgə layihələrin həyata keçirilməsinə dair danışıqlar aparılır.
İngiltərə ilə əlaqələr
Azərbaycan Respublikası Təhsil Nazirliyi və "British Council" arasında imzalanmış qarşılıqlı anlaşma memorandumuna əsasən 2007-2008-ci illər ərzində İNSETT (müəllimlərin təkmilləşdirilməsi) layihəsi həyata keçirilmiş və bu layihəyə institutun bütün filiallarından ingilis dili müəllimləri cəlb olunmuşdur. 2009-cu tədris ilinin sonunda AMİ-də "British Council"in Azərbaycan üzrə direktoru Nikol Le Os de Lalüvye və qurumun ölkəmizdə proqramlar üzrə meneceri Gülşən Hüseynovanın iştirakı ilə İNSETT layihəsi müdavimlərinin hesabat konfransı keçirilmişdir.
AMİ ilə daim sıx
əməkdaşlıq edən "British Council"
2010-2011-ci illərdə bir sıra layihələrin həyata
keçirilməsini də planlaşdırır.
Türkiyə ilə əlaqələr
21-27 dekabr 2009-cu il tarixindən AMİ-nin əməkdaşları Türkiyənin Ankara və İstanbul şəhərlərinin ali təhsil müəssisələri - Ortadoğu Texniki Universiteti, Hacəttəpə, İstanbul, Mərmərə, Boğaziçi universitetlərində və özəl liseylərdə səfərdə olmuşlar, qarşılıqlı əməkdaşlıq əlaqələrini nəzərdə tutan bir sıra rəsmi sənədlər imzalanmışdır. Hazırda AMİ İstanbul və Ankara universitetləri ilə anlaşma memorandumu əldə edib və həmin sənədlərə əsasən əməkdaşlıq layihələri üzrə danışıqlar aparılır.
Rusiya ilə əlaqələr
AMİ həmçinin
İxtisasartırma və Təhsil işçilərinin
Peşəkarlığının Yenidən
hazırlanması Akademiyası ilə əməkdaşlıq
edir. Hazırda
Rusiya Dövlət Humanitar Universiteti ilə
əməkdaşlığa dair memorandum
hazırlanmaqdadır. Eyni zamanda AMİ-də Rus dili
mərkəzinin açılmasına dair RDHU ilə birgə
layihə işlənilir.
AMİ BMT-nin Minilliyin
İnkişaf Prinsiplərini dəstəkləyən Akademik
İmpuls proqramına qoşulmuş ilk institutlar
sırasındadır. AMİ UNEVOC-un (BMT-nin
nəzdindəki peşəkar-texniki təhsil sahəsində
mərkəz) Azərbaycandakı mərkəzi sayılır.
İnstitut UNEVOC-la birgə AMİ-nin
əməkdaşlarından mobil treninq qrupların xarici
universitetlərin təcrübəsi əsasında
hazırlanması barədə layihənin həyata keçirilməsi
üçün danışıqlar aparır.
AMİ beynəlxalq
tələbə şəbəkəsi olan ISIC ilə
əməkdaşlıq edir. AMİ-nin
tələbələri üçün
şəbəkənin fəaliyyətini əks etdirən
məlumatların təqdimatı keçirilmişdir.
AMİ-nin
tələbələri Azərbaycan Tələbələr
İttifaqının fəal üzvləridir, bu yaxınlarda
isə Avropa Tələbələr İttifaqının
üzvü olmuşlar. İttifaq tərəfindən AMİ-nin
tələbələri ilə mütəmadi
görüşlər və birgə mədəni
layihələr həyata keçirilir.
Azərbaycan
Müəllimlər İnstitutu həmçinin
ölkəmizdə fəaliyyət göstərən bir
sıra beynəlxalq təşkilatların
nümayəndəlikləri ilə də sıx
əməkdaşlıq edir. İnstitut Dünya Bankı,
Beynəlxalq Qırmızı Xaç Komitəsi, Norveç
Qadınlar Şurası, İSESKO, YUNESKO, SOROS, İREX,
Beynəlxalq Xilasetmə Komitəsi və başqa beynəlxalq
qurumlarla müəllimlərin
təkmilləşdirilməsinə yönəlmiş ortaq
layihələr həyata keçirir.
Azərbaycan
Müəllimlər İnstitutunun beynəlxalq
əlaqələri çərçivəsində
ixtisasartırma təhsilinin müəllimləri və
dinləyiciləri ilə fikir mübadiləsi
aparılması və əməkdaşlıq edilməsi
günün tələbidir. Bu əməkdaşlığın
genişləndirilməsi üçün birgə layihə
işlənilir ki, həmin layihəyə Avropanın digər
ali təhsil müəssisələrinin
də qoşulması planlaşdırılmışdır. Bu layihənin həyata keçirilməsi
üçün Azərbaycanda Milli Tempus Ofisinin rəhbəri
Pərviz Bağırovla görüş keçirilmişdir.
Bu yazıda Azərbaycan
Müəllimlər İnstitutunda son 5 ildə beynəlxalq
əlaqələr çərçivəsində
görülmüş işlərin müəyyən qismi
haqqında məlumat verildi. Gələcəkdə
dövlətimizin təhsil siyasətinin inkişafı
naminə daha mükəmməl layihələrin həyata
keçirilməsi üçün məqsədyönlü işlər
aparılacaq.
Rahim
ƏZİZOV,
Nigar SULTANOVA
Azərbaycan
müəllimi.- 2010.- 17 dekabr.- S.7.