Şagirdlərin ümumtəhsil məktəblərinə
qəbulu və yerdəyişməsi
haqqında Qaydalar
Təhsil Nazirliyinin
14 dekabr 2010-cu il tarixli, 1637 nömrəli əmri ilə təsdiq edilmişdir
Bu "Qaydalar" ümumtəhsil
məktəblərinə şagird
qəbulu və ümumtəhsil
məktəb şagirdlərinin
təhsil aldıqları
müddətdə ölkə
daxilində, eləcə
də ölkədən
kənara, habelə digər ölkələrdən
Azərbaycanın məktəblərinə
yerdəyişməsi ilə
bağlı qaydaları
müəyyən edir.
I. Ümumtəhsil
məktəblərinə
şagird
qəbulu
1.1. Ümumtəhsil məktəblərinə
şagird qəbulu I və X siniflər üzrə aparılır.
1.2. Uşaqların I sinfə
qəbulunu ümumtəhsil
məktəbində direktorun
əmri ilə təşkil olunmuş komissiya həyata keçirir. Komissiyanın tərkibinə təlim-tərbiyə
işləri üzrə
direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri,
məktəbin psixoloqu
və həkimi, VMA-nın nümayəndəsi
daxil edilir. Məktəbin
direktoru komissiyanın sədri olur.
1.3. Bir qayda olaraq ümumtəhsil məktəblərinin I siniflərinə
hər il
sentyabrın 15-dək (15-i də
daxil olmaqla) 6 yaşı tamam olan əqli və fizioloji cəhətdən normal inkişaf
etmiş uşaqlar qəbul edilirlər. Ümumtəhsil məktəbinin direktoru
ərazi üzrə məktəb yaşına
çatmış uşaqların
bütünlüklə təhsilə
cəlb olunması ilə bağlı zəruri təşkilati tədbirlər həyata keçirir. ÜM-1 hesabat formasının təsdiqindən sonra I sinfə uşaq qəbuluna icazə verilmir.
1.4. "Təhsil haqqında"
Azərbaycan Respublikası
Qanununun 19.12-ci bəndinə
görə, xüsusi
istedadlı uşaqların
vaxtından əvvəl
I sinfə qəbuluna yol verilir. Bununla
əlaqədar:
1.4.1. 6 yaşı 16 sentyabr
- 31 oktyabr müddətində
tamam olmuş istedadlı uşaqların
vaxtından əvvəl
I sinfə qəbulu məktəbdə təşkil
edilmiş komissiyanın
rəyi əsasında
həyata keçirilir.
1.4.2. 6 yaşı noyabr
ayı ərzində tamam olmuş xüsusi istedadı ilə fərqlənən
uşaqların vaxtından
əvvəl I sinfə
qəbuluna Təhsil Nazirliyində yaradılmış
komissiya tərəfindən
baxılıb müvafiq
qərar qəbul edilir.
1.5. Uşaqların I sinfə
qəbulu valideynlərindən
birinin (digər qanuni nümayəndənin)
ərizəsi əsasında
aparılır. Ərizəyə uşağın sağlamlığı
haqqında tibbi arayış, doğum haqqında şəhadətnamənin
notarius tərəfindən
təsdiq olunmuş surəti əlavə olunur. Valideynin (digər qanuni
nümayəndənin) ərizəsində
uşağın təhsil
alacağı təlim
dili, öyrənəcəyi
xarici dil, məktəbə hazırlıq
mərhələsini keçib-keçməməsi
qeyd edilir.
1.6. Məktəbə hazırlıq mərhələsini
keçmiş uşaqların
sayı imkan verdiyi halda, onlar ayrı sinifdə (siniflərdə)
komplektləşdirilir.
1.7. Valideynin arzusundan
asılı olmayaraq,
I sinfi bitirmiş şagirdin təkrar I sinifdə oxumasına heç bir halda yol verilmir.
1.8. Ümumtəhsil məktəblərinin
X sinfinə qəbul şagirdin ərizəsi və ümumi orta təhsil haqqında şəhadətnaməsi
əsasında aparılır.*(İcbari ümumi orta təhsil üzrə ilk buraxılış
2016-2017-ci dərs ilinə
təsadüf etdiyindən
tam orta təhsil səviyyəsinin ilk sinfinə
- X sinfə şagirdlərin
seçim əsasında
qəbulu da həmin dərs ilindən etibarən həyata keçiriləcəkdir.)
1.9. Digər məktəbdən
gələn şagirdin
X sinfə qəbulu zamanı əvvəl oxuduğu məktəbdə
öyrəndiyi xarici dilin uyğunluğu vacib şərt kimi nəzərə alınır.
1.10. Şagird digər xarici dil tədris edilən məktəbin X sinfinə ərazidə əvvəl keçdiyi xarici dil öyrədilən başqa bir tam orta məktəb olmadığı halda qəbul edilə bilər. Həmin şagird qəbul edildiyi bu məktəbdə tədris olunan xarici dili, yaxud əvvəl oxuduğu məktəbdə keçdiyi xarici dili müstəqil şəkildə öyrənib orta məktəb kursu üzrə imtahan vermək barədə müraciət edərsə, ondan imtahan götürülməsinə icazə verilir. Bu məsələ məktəb direktorunun təqdimatı əsasında rayon (şəhər) təhsil şöbəsi (idarəsi) tərəfindən tənzimlənir.
1.11. Ümumi orta təhsil səviyyəsini bitirdikdən sonra orta ixtisas və texniki peşə təhsili müəssisələrinə sənəd verib daxil ola bilməyən şagirdlərin X sinfə qəbulu yalnız sentyabr ayı ərzində aparılır. X sinfə qəbul barədə ərizə ÜM-1 hesabat forması təsdiq edildikdən sonra verilərsə, həmin şagird yeni gələn şagird kimi əmrləşdirilir.
II. Şagirdlərin yerdəyişməsi
2.1. Ölkə daxilində I-IX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi aşağıdakı kimi tənzimlənir:
2.2. Övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayəndə) onun hazırda oxuduğu məktəbin direktoruna yerdəyişmənin səbəbi, yerdəyişmə nəzərdə tutulan rayon (şəhər), məktəb göstərilməklə ərizə ilə müraciət edir.
2.2.1. Məktəbin direktoru şagirdin dəyişiləcəyi məktəbin direktoruna (vəziyyətdən asılı olaraq təhsil şöbəsinin (idarəsinin) müdirinə) onun hazırda bu məktəbin müvafiq sinfində oxuması barədə məktub hazırlayır.
2.2.2. Valideyn (digər qanuni nümayəndə) həmin məktubu əlavə etməklə övladının təhsil alacağı məktəbin direktoruna ərizə ilə müraciət edir.
2.2.3. Məktəbin direktoru şagirdin təhsil aldığı məktəbin direktoruna onun müvafiq sinfə qəbul olunduğu və şəxsi işinin göndərilməsi haqda arayış verir.
2.2.4. Həmin arayış əsasında valideyn (digər qanuni nümayəndə) övladının şəxsi işini alıb təhsilini davam etdirəcəyi məktəbin direktoruna təqdim edir.
2.2.5. Hesabat dövründə (22 sentyabr-01 oktyabr) şagirdlərin yerdəyişməsinə icazə verilmir.
2.3. Lisey və gimnaziyalara, təmayüllü ümumtəhsil məktəblərinə, məktəb-liseylərdəki lisey siniflərinə, özəl məktəblərə, xüsusi tədris proqramı ilə işləyən digər ümumtəhsil məktəblərinə, eləcə də ümumtəhsil məktəblərindən həmin qəbildən olan müəssisələrə şagirdlərin yerdəyişməsi bu "Qaydalar" əsas tutulmaqla yuxarıda qeyd edilən təhsil müəssisələrinin nizamnamələrinə uyğun həyata keçirilir.
2.4. Məcburi köçkün
məktəblərində təhsil
alan məcburi
köçkün olmayan
şagirdlər yalnız
yerli məktəblərə
köçürülə bilər.
2.5. Yerli məktəblərdə
oxuyan I-XI sinif şagirdlərinin məcburi
köçkün məktəblərinə
yerdəyişməsinə icazə verilmir.
2.6. Tam orta təhsil
səviyyəsində (X-XI siniflər)
təhsil alan
şagirdlərin yerdəyişməsinə
aşağıdakı hallarda
razılıq verilir:
Şagird:
2.6.1. Yaşayış yeri ərazisindəki (kənd, qəsəbə,
rayon, şəhər) digər
ümumtəhsil məktəbinə
keçdikdə.
2.6.2. Ailəsi ilə
birlikdə başqa yaşayış yerinə
(rayona, şəhərə)
köçdükdə.
2.6.3. Müvəqqəti məskunlaşdığı rayondan
(şəhərdən) daimi
qeydiyyatda olduğu yaşayış yerinə
köçdükdə.
2.6.4. Valideynlərinin respublikadan kənara uzunmüddətli ezamiyyəsi
və müxtəlif səbəblərdən valideyn
nəzarətindən kənarda
qalması rəsmi sənədlərlə təsdiq
edildikdə.
2.6.5. Müxtəlif səbəblərdən
özəl ümumi təhsil müəssisələrində,
xüsusi tədris proqramları tətbiq edilən lisey və gimnaziyalarda təhsilini davam etdirməsi mümkün olmadıqda.
2.7. X-XI sinif şagirdlərinin yerdəyişməsi
ilə əlaqədar bu
"Qaydalar"ın 2.6-cı bəndində nəzərdə
tutulmuş hallarla bağlı valideynin (digər qanuni nümayəndənin)
ərizəsinə bilavasitə müvafiq rayon (şəhər) təhsil
şöbəsində (idarəsində) baxılır, diqqətlə
araşdırılır və qəbul edilən qərar barədə
(2.6.1-ci yarımbənd istisna edilməklə)* (Bu bənddə
nəzərdə tutulan halla bağlı şagirdlərin
Bakı şəhəri üzrə yerdəyişməsi Təhsil
Nazirliyinin razılığı ilə həyata
keçirilir.) Təhsil Nazirliyinə yazılı məlumat
göndərilir. Yerdəyişmə barədə yekun qərar
Təhsil Nazirliyi tərəfindən qəbul olunur.
2.8. Təhsil şöbələri
(idarələri) digər rayon və şəhərlərdən
ərazilərindəki ümumtəhsil məktəblərinə
keçirilmiş X-XI sinif
şagirdlərinin dərsə davamiyyəti üçün
həmin məktəblərin rəhbərliyi ilə birlikdə
bilavasitə məsuliyyət daşıyırlar.
2.9. IX və XI sinif şagirdlərinin
ölkə daxilində yerdəyişməsi hər il
martın 1-dək həyata keçirilir.
2.10. Respublikadan kənarda
yaşayan Azərbaycan vətəndaşları Azərbaycana
qayıtdıqda onların rus və gürcü dillərində
təhsil almış övladlarının
köçdükləri ərazidə təhsillərini davam
etdirmələri aşağıdakı kimi tənzimlənir:
2.10.1. Bütün hallarda I-XI
sinif şagirdləri müəyyən
edilmiş məktəblərə valideynin ərizəsi və
əvvəl oxuduğu məktəbin direktoru tərəfindən
təsdiq olunmuş aşağıdakı sənədlərdən
birinin əsasında qəbul edilirlər:
şəxsi iş;
qiymət cədvəli;
fənlər üzrə cari qiymətlər
cədvəli əlavə olunmaqla şagirdin müəyyən
dövrə qədər oxuduğu barədə arayış.
2.10.2. Azərbaycana qayıdanadək
təhsil aldığı ölkədə ümumi orta təhsil
səviyyəsini bitirib müvafiq təhsil sənədi
almış şagirdlər həmin sənəd və
valideynin ərizəsi əsasında Azərbaycan məktəbində
X sinfə qəbul edilirlər.
2.10.3. Ölkədən kənarda
təhsil almış Azərbaycan vətəndaşlarının
XI siniflərə yerdəyişməsi yalnız dərs ilinin
birinci yarımilinin sonunadək həyata keçirilir.
2.10.4. Bu "Qaydalar"ın
2.10.1-ci bəndində nəzərdə tutulan sənədlərdən
heç biri olmadığı halda:
2.10.4.1. I-IV siniflərdə
oxuduğu iddia edilən şagirdlərin həmin siniflərin
təhsil proqramlarına (kurikulumlarına) uyğun
hazırlıq səviyyəsi
yerli təhsil orqanları tərəfindən
yaradılmış komissiya vasitəsilə yoxlanılıb
müvafiq qərar qəbul edilir. Komissiyanın rəyi əsas
tutulmaqla şagirdin müvafiq sinfə qəbulu məktəbdə
rəsmiləşdirilir və ona şəxsi iş
açılır.
2.10.4.2. V-XI
siniflərdə oxuduğu iddia
edilən şagirdlərin hazırlıq səviyyəsi yerli təhsil orqanlarının təqdimatı
əsasında Təhsil Nazirliyində xüsusi
tapşırıq və testlər vasitəsilə
yoxlanılır və yazılı yekun rəy
yerlərə göndərilir. Həmin rəy şagirdin müvafiq sinfə
qəbulu üçün əsas
sayılır.
2.10.5. Azərbaycan dilini təlim dili səviyyəsində bildikləri halda, I-V sinif şagirdləri təlim Azərbaycan dilində olan siniflərə qəbul edilə bilərlər. Həmin şagirdlərin təlim dilini dəyişməsinə valideynin ərizəsinə əsasən, məktəbdə baxılır və müvafiq qərar qəbul olunur.
2.10.6. Təlim
rus və ya gürcü dilində olan
məktəblərə qəbul edilmiş
şagirdlərə əvvəl oxuduqları məktəbdə
tədris olunmayan fənlərdən (Azərbaycan
dili, Azərbaycan tarixi,
Azərbaycan coğrafiyası və s.) əlavə
məşğələlər təşkil edilir.
2.10.7. VIII-XI siniflərdə oxuyan
şagirdlər əvvəl təhsil aldıqları ölkədəki ümumi təhsilin
müddətindən asılı olmayaraq, Azərbaycan məktəbində
1 (bir) sinif aşağı qəbul edilirlər. Bu qayda digər
ölkədə 3 il və daha artıq müddətdə təhsil
alanlara şamil edilir.
2.11. Xarici ölkələrdə Azərbaycanın ümumtəhsil məktəblərindəki
təlim dillərindən fərqli hər hansı bir başqa dildə təhsil
almış Azərbaycan vətəndaşlarının
övladlarının Azərbaycandakı dövlət ümumi təhsil müəssisələrinə
qəbuluna valideynlərin və şagirdlərin
arzularına görə, yalnız uyğun
təlim dillərindən biri üzrə xüsusi hazırlıq keçib
həmin dili mənimsədikləri təsdiq
olunduğu halda Təhsil
Nazirliyi tərəfindən razılıq
verilə bilər.
2.12. Bu və ya digər səbəblərdən
respublikadan kənara gedən şagirdlərin şəxsi
işinin verilməsi üçün əsas valideynin (digər
qanuni nümayəndənin) ərizəsi
hesab olunur.
2.13. Məktəbin rəhbərliyinə
rəsmi qaydada xəbərdarlıq edilmədən şagirdin
respublikadan kənara getməsi məktəb rəhbərlərinin,
sinif rəhbərinin və aidiyyəti təşkilatların
(mənzil-kommunal istismar sahəsi, ərazi icra nümayəndəliyi) nümayəndələrinin
iştirakı ilə tərtib edilən müvafiq aktla təxirə
salınmadan rəsmiləşdirilir, şagirdin şəxsi
işi məktəbdə saxlanılmaqla onun kontingent
sıralarından çıxarılması barədə əmr
verilir.
Həmin şagirdlər müəyyən
müddətdən sonra geri qayıtdıqda onların təhsillərini
davam etdirmələri bu "Qaydalar"ın 2.10-cu bəndinə
uyğun həyata keçirilir.
2.14. Müəyyən sinfədək
təhsil alması rəsmi sənədlərlə təsdiq
edilən, lakin həmin müddətdən sonra üzrlü və
ya üzrsüz səbəbdən 2 (iki) ildən çox olmamaq
şərtilə icbari təhsildən kənarda qalan II-VIII
sinif şagirdlərinin valideynin ərizəsinə əsasən
istisna hal kimi məktəb direktorları tərəfindən növbəti sinfə qəbul edilməsinə
icazə verilir.
2.15. Şagirdin dəyişildiyi məktəbdə
onun əvvəl öyrəndiyi xarici dildən fərqli digər
xarici dil tədris olunduğu halda, şagirdin həmin xarici dil
üzrə təlimə cəlbi məsələsinə
valideynin (digər qanuni nümayəndənin) də
yazılı rəyi nəzərə alınmaqla rayon (şəhər)
təhsil şöbəsi (idarəsi) tərəfindən fərdi
qaydada baxılıb vəziyyətə uyğun qərar qəbul
edilir.
2.16. Tabeliyindən asılı
olmayaraq, ixtisaslaşdırılmış ümumi təhsil müəssisələrindən
şagirdlərin ümumtəhsil məktəblərinə
yerdəyişməsinə valideynin müraciətinə əsasən,
fərdi qaydada Təhsil Nazirliyində baxılıb müvafiq
qərar qəbul edilir.
2.17. "Təhsil haqqında"
Azərbaycan Respublikasının Qanununa görə, ümumi
orta təhsil icbari hesab edildiyindən bu təhsil bazasından
ilk peşə və orta-ixtisas təhsili müəssisələrinə
qəbul olan şagirdlərin ümumtəhsil məktəblərinin tam orta təhsil səviyyəsinə
yerdəyişməsinə icazə verilmir.
Azərbaycan
müəllimi.- 2010.- 17 dekabr.- S.6.