Milli TEMPUS İnformasiya
Gününə həsr
olunmuş konfrans
Dekabrın 15-də Azərbaycan
Dillər Universitetində
Milli TEMPUS İnformasiya
Gününə həsr
olunmuş konfrans keçirildi. Avropa Birliyinin TEMPUS proqramının
Bakı ofisinin və ADU-nin təşkilatçılığı ilə keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov, ADU-nun rektoru, millət vəkili, professor Səməd
Seyidov, təhsil nazirinin müavini Elmar Qasımov, Avropa Birliyinin Bakıdakı xüsusi nümayəndəsi səfir
Rolan Kobia, Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə
İcraçı Agentliyinin
(Eacea) rəsmisi,
TEMPUS proqramı üzrə
məsul şəxs Franz Steidele, eləcə də ali təhsil müəssisələrinin
nümayəndələri iştirak
edirdilər. Tədbiri
giriş sözü ilə açan professor Səməd Seyidov konfrans iştirakçılarını
salamlayaraq TEMPUS proqramının
təhsil sahəsində
mühüm əhəmiyyət
kəsb etdiyini bildirdi və ADU-nun Avropa ölkələrinin
qabaqcıl universitetləri
ilə yalnız TEMPUS
proqramı çərçivəsində
deyil, uzun illərdən bəri səmərəli əməkdaşlığa
malik olduğunu qeyd etdi. S.Seyidov TEMPUS proqramı çərçivəsində
Azərbaycandan olan universitetin Avropa Birliyi layihəsində ilk
idarəçiliyi və
Avropa universitetlərinin
Azərbaycan tərəfindən
ilk koordinasiyasını aparmasını
Azərbaycan təhsilinin
böyük uğuru kimi qiymətləndirdi.
O, bu layihənin Azərbaycanın təhsil
idarəçiliyində zəngin
beynəlxalq təcrübə
əldə edilməsinə
və təhsil sahəsində islahatların
daha da inkişafına
təkan verəcəyinə
əminliyini ifadə etdi. Bildirildi ki, layihənin
büdcəsi 1 milyon
100 min avro təşkil
edir.
Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanov Avropa İttifaqının TEMPUS proqramında
ölkəmizin iştirakından
danışdı.
TEMPUS proqramının fəaliyyət tarixinə
toxunan təhsil naziri bildirdi ki, Azərbaycan bu proqrama 1995-ci ildən qoşulub və 22 layihədə iştirak edib. Misir Mərdanov ADU-nun TEMPUS proqramının layihə
koordinatoru seçilməsini
yüksək qiymətləndirdi.
" İndiyədək
həyata keçirilən
22 layihənin idarəçiliyini
Avropa universitetləri
həyata keçiriblər.
ADU-nun layihənin koordinatoru seçilməsi
Azərbaycan təhsilinin
uğurudur. Bu, bir
daha onu göstərir ki, Azərbaycan Dillər Universiteti Avropaya inteqrasiyada, eləcə də digər məsələlərdə ölkənin
aparıcı ali təhsil ocağıdır". Təhsi naziri həyata keçirilən layihənin Azərbaycan
təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına
təkan verəcəyini
dedi. Misir Mərdanov Avropa İttifaqının Təhsil
Komissarlığı ilə
birbaşa təmasların
qurulmasının vacibliyini
də bildirdi.
Sonra çıxış
edən Avropa İttifaqının Bakıdakı
xüsusi nümayəndəsi
səfir Rolan Kobia Azərbaycanla
təmsil etdiyi qurumun əlaqələrindən
söhbət açdı.
Proqramın əhəmiyyətindən danışan R.Kobia Azərbaycanın bu layihədə iştirakını
yüksək dəyərləndirdi. Onun sözlərinə görə, proqram Azərbaycan və Avropa təhsil müəssisələri arasında
mövcud əlaqələrin
daha da inkişaf
etməsinə təkan
verəcəkdir.
Tədbirdə Milli
TEMPUS Ofisinin rəhbəri
Pərviz Bağırovun
"Azərbaycanda TEMPUS və
Milli TEMPUS Ofisinin rolu" və "Avropa Birliyinin digər proqramlarında Azərbaycan universitetləri
üçün imkanlar"
mövzularında məruzələri
dinlənildi.
2010-cu ildə TEMPUS IV-nün xüsusiyyətləri
və III təkliflərin
nəticələri, eləcə
də "TEMPUS proqramına
müraciət etmək
üçün yeni elektron qaydaları" haqqında TEMPUS proqramı
üzrə məsul şəxs, Avropa Komissiyasının Təhsil
və Mədəniyyət
üzrə İcraçı
Agentliyinin (Eacea) rəsmisi Franz Steidele konfrans iştirakçılarına məlumat
verdi.
ADU-nun Beynəlxalq
əlaqələr üzrə
prorektoru Jalə Qəribova isə çıxışında "Azərbaycan Dillər Universitetində TEMPUS layihələri"ndən
danışdı. O bildirdi
ki, layihə 3 il müddətində
həyata keçiriləcəkdir.
Prorektor Azərbaycan Respublikası Təhsil Nazirliyi, Naxçıvan Dövlət
Universiteti, Gəncə
Dövlət Universiteti,
Lənkəran Dövlət
Universiteti və Azərbaycan Müəllimlər
İnstitutunun layihədə
iştirak etdiklərini
konfrans iştirakçılarının
nəzərinə çatdırdı.
Konfrans dinlənilən məruzələr
ətrafında müzakirələrlə
yekunlaşdı.
Şakir CƏFƏROV
Azərbaycan
müəllimi.- 2010.- 17 dekabr.- S.2.