Azərbaycanın Milli Qəhrəmanları

 

Mirzəyev Kərəm Ərşad oğlu

 

1960-cı il mayın 20-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. Kəndlərindəki orta məktəbi bitirdikdən sonra 1978-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1983-cü ildə təhsilini başa çatdıraraq Qubadlıya qayıdıb. 1983-1985-ci illərdə sovet ordusu sıralarında Arxangelsk Murmansk şəhərlərində hərbi xidmətdə olub. 1990-cı ildə Qubadlı Rayon Polis Şöbəsində sahə müvəkkili kimi işə qəbul edilib. Sonra gənc polis zabiti DİN-in göndərişi ilə Kalininqrad Ali Hüquq Akademiyasında təhsil alıb. Vətənin başının üstünü qara buludlar alanda o da torpaqlarımızın erməni işğalçılarından müdafiəsinə qalxıb. Kərəm 1991-ci ildə polis yoldaşları ilə birlikdə düşmənin Gorus rayonunun Şurnuxu kəndində yerləşən beş strateji postunu sıradan çıxarıb. "Laləzar" əməliyyatında da onun böyük xidmətləri olub.

K.Mirzəyev 1992-ci il oktyabrın 1-də Laçın rayonunun Mazutlu kəndində gedən şiddətli döyüş meydanında yoldaşlarını xilas edərkən özü qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir övladı var.

Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 nömrəli Fərmanı ilə Mirzəyev Kərəm Ərşad oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qubadlı rayonunun Xanlıq kəndində dəfn olunub. Xanlıq kənd orta məktəbi onun adını daşıyır. Hazırda həmin məktəb Binəqədi rayonunda fəaliyyət göstərir.

 

 Mirzəyev Şirin Vəli oğlu

 

1947-ci il yanvarın 5-də Xankəndi şəhərində anadan olub. N.Gəncəvi adına 4 nömrəli orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılıb. Bakıda yerləşən Daxili Qoşunlar Alayında xidmətini başa çatdırdıqdan sonra 1967-ci ildə Sankt-Peterburq şəhərində Ali Siyasi-Hərbi Məktəbə daxil olub. 1971-ci ildə təhsilini başa vurduqdan sonra təyinatla İrəvana göndərilib. Beş il orada çalışdıqdan sonra yerini Bakıya dəyişib. 1988-ci ildə Moskva Ali Siyasi Akademiyasını bitirib. Öz ərizəsinə əsasən Qarabağa-döyüş bölgəsinə göndərilən Şirin 1991-ci il oktyabrın 9-da Ağdam rayon ərazi özünümüdafiə taboruna komandir təyin edilib. O, qısa müddət ərzində ətrafına güclü döyüş kontingenti toplayıb. Qazançı kəndinin erməni işğalçılarından  azad edilməsində böyük rəşadət göstərib. Nümunəvi xidmətinə görə dəfələrlə medal döş nişanları ilə təltif olunub.

Ş.Mirzəyev 1992-ci ildə Qaralar kəndindən geri qayıdarkən minaya düşərək həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı ilə polkovnik-leytenant Mirzəyev Şirin Vəli oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Bakının Nizami rayonunda adına küçə var. Xidmət etdiyi hərbi hissənin həyətində abidəsi qoyulub.

 

Muradov Ruslan   Həmid oğlu

 

1973-cü il iyunun 27-də Mingəçevir şəhərində anadan olub. 1990-cı ildə Mingəçevir şəhər 10 nömrəli orta məktəbi bitirdikdən sonra Vitebsk şəhərində ali məktəbə daxil olub. Amma qeyri-müəyyəm səbəblər üzündən təhsilini yarımçıq qoyaraq Vətənə qayıdıb, atasının çalışdığı Mingəçevir Texniki Rezin Məmulatı Zavodunda işə düzəlib. 1992-ci il yanvarın 22-də Milli Ordu sıralarına daxil olub. 1992-ci ilin aprelində Ağdamın Papravənd kəndinə göndərilib. Orada həyata keçirilən bir çox kəşfiyyatın daha uğurlu olmasında Ruslanın da müstəsna rolu olub. 1992-ci ildə erməni işğalçıları tərəfindən vurulmuş Azərbaycan Silahlı Qüvvələrinə məxsus təyyarənin   pilotunu xilas etmək üçün bir neçə döyüşçü yoldaşı ilə birlikdə keçirilən əməliyyat zamanı mühasirəyə düşüb. Amma böyük əzmkarlıqla mühasirəni yararaq təyyarəçiləri azad edib.

R.Muradov 1992-ci il avqustun 22-də Ağdam rayonunun Gülyataq kəndinin azad olunması uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə Muradov Ruslan Həmid oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Mingəçevir şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Vaxtilə  təhsil aldığı orta məktəb indi onun adını daşıyır. Məktəbdə büstü qoyulub.

 

Muradov Hikmət  Oqtay oğlu

 

1969-cu il yanvarın 23-də Bakı şəhərində anadan olub. 1976-cı ildə paytaxtdakı 190 nömrəli orta məktəbin birinci sinfinə gedib, 1986-cı ildə həmin məktəbi bitirib. Elə həmin ildə Krasnokutsk Mülki Aviasiya Məktəbinə daxil olub, 1991-ci ildə məktəbi fərqlənmə diplomu ilə bitirib. Hikmət sonra Kiyev Ali Mülki Aviasiya İnstitutunun qiyabi şöbəsinə daxil olub. O, eyni zamanda Yevlax Hava Yollarında 2-ci pilot kimi fəaliyyətə başlayib.1991-ci il oktyabrın 29-da Xocalı rayonunun Xanabad kəndi ərazisində xüsusi tapşırıqla xidməti borcunu yerinə yetirdiyi vaxt idarə etdiyi AN-2 təyyarəsi erməni işğalçılarının aramsız raket atəşləri nəticəsində ciddi zədə alıb.

H.Muradov həmin vaxt vəziyyətin gərgin olduğunu görüb təyyarəni ekipajı təhlükəsiz yerə çatdırmaq istəsə , yenidən düşmən atəşinə məruz qalaraq qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 nömrəli Fərmanı ilə Muradov Hikmət Oqtay oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Vaxtilə oxuduğu 190 nömrəli orta məktəbdə barelyefi vurulub.

 

Murtuzəliyev Sergey Murtuzəli oğlu

 

1963-cü il noyabrın 17-də Bakının Pirallahı qəsəbəsində anadan olub. Qəsəbələrindəki orta məktəbi bitirdikdən sonra təyyarəçi olmaq arzusu onu Yeysk Ali Hərbi Aviasiya məktəbinə aparıb. Sergey burada təhsilini başa çatdırdıqdan sonra bir müddət Rusiyada işləyib, daha sonra Azərbaycana qayıdaraq Kürdəmirdəki Hərbi Aviasiya alayında xidmət etməyə başlayıb. O, polkovnik-leytenant rütbəsinə kimi yüksəlib. Qarabağa - cəbhə bölgəsinə ilk uçuş edən təyyarəçilərdən biri Sergey olub. Onun idarə etdiyi təyyarə erməni yaraqlıları tərəfindən iki dəfə vurulmasına baxmayaraq, o, dəfələrlə cəbhə bölgəsinə uçuşlar edərək əhalinin təhlükəsiz yerlərə köçürülməsində böyük şücaət göstərib.

S.Murtuzəliyev 1993-cü il avqustun 30-da təlim uçuşu zamanı qəzaya uğrayaraq həlak olub.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 nömrəli Fərmanı ilə polkovnik-leytenant Murtuzəliyev Sergey Murtuzəli oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Sergey Dərbənd şəhərinin Darğuş kəndində dəfn olunub. Kürdəmir Hərbi Aviasiya alayında büstü qoyulub.

 

Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya

Mərkəzinin materialları əsasında

hazırladı: Ədalət DAŞDƏMİRLİ

Azərbaycan müəllimi.- 2010.- 24 dekabr.- S.22.